Quyruq doğur, yoxsa donur - ARAŞDIRMA

Quyruq doğur, yoxsa donur - <span style="color:red;">ARAŞDIRMA
10 avqust 2016
# 17:00

Bu ifadəni çox eşitmişik: quyruq doğdu, yoxsa dondu? Qulağımız öyrəşib bu sözlərə, ancaq mənasını bilmirik. Nəyə görə belə deyilir, səbəb nədir? Kulis.Az bu mövzuda tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “Yayın ikinci dövrü: quyruq dondu, yoxsa doğdu” adlı məqaləsini təqdim edir.

Xalq arasında yayın ortası, yay fəslinin yarı olan günü “quyruqdoğdu” adlanır. “Quyruqdoğdu” avqust ayının 5-nə təsadüf edir. El arasında deyərlər ki, bu dövr səmada quyruğa oxşayan ulduzların görünməsinə uyğun olaraq, bu cür adlandırılmışdır. Təsərrüfatın bütün sahələrində ilin bu dövrünə uyğun olaraq, müəyyən işlər görülərdi. Ancaq onu da qeyd edək ki, maldarlıq təsərrüfatında yayın ikinci dövrü “quyruqdondu” adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruqdondu” adlandırılmasının səbəbi aşağıdakı kimi izah edilir.

Deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdə donar. Demək, ad da buna görə verilib. Onu da deyə bilərik ki, Naxçıvanın bəzi bölgələrində bu dövr “quyruqdoldu” adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Lakin toplanmış materiallardan məlum olur ki, bu nə quyruğun donması, nə də quyruğun dolması ilə bağlı deyil. Çünki bu vaxtdan təsərrüfatın digər sahələrində, atmosferdə də dəyişiklik əmələ gəldiyi müşahidə edilir.

Beləliklə, “quyruqdoğdu” ifadəsi daha çox yerinə düşür. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda (avqustun 5-i) quzu qırxımına başlayırdılar.

Nənələrimiz danışırlar ki, yaxşı pendir tutmaq üçün “quyruqdoğdu”dan, yay yarı olandan sonra bu işə başlanılmalıdır. Xalq arasında adı, dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutular. El arasında bu cür pendirlərə “payız pendiri” deyərlər. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur.

Etnoqrafik-çöl materiallarına görə, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmasına işarədir. Torpağı yayda şumlayardılar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu zaman məhsul bol olardı. Əkinçilərin dediyinə görə, “quyruq doğana” qədər ot-küləş yığılmazdı. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq “quyruq doğandan” sonra yerə şeh düşər, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar.


Mövsümi müşahidələrə görə, “quyruq doğanda” sular yerin altına batar. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz gücünü itirər. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər.


Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayır, gecələr şeh düşür. Bu durum xalq arasında işlədilən “avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir. Babək rayonunun Nehrəm kəndindən toplanmış materiallara görə, “quyruqdoğdu”dan sonra əqrəblər çoxalmağa başlayar. Bu da çox güman ki, havaların sərinləşməsi ilə əlaqədardır.
İllik turpu isə xalq təqviminə görə, “quyruqdoğdu”dan sonra, arpa-buğdanın yerinə əkərlər.


Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, “quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə turşuyar.


Son olaraq qeyd edək ki, xalqın min illərlə yaddaşına hopmuş, sınaqlardan çıxmış inamlar sistemini, məişət münasibətlərini, uzun inkişaf yolu keçmiş empirik bilikləri, xalq meteorologiyasını, feneologiyasını hərtərəfli araşdırmaq, xalqın yaddaşına yenidən qaytarmaq lazımdır. Çünki bu təqvim həm də ənənəvi təsərrüfatla məşğul olan hər bir insanın iqtisadi həyatının əsasını təşkil edir.

# 7579 dəfə oxunub

Oxşar xəbərlər

"Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı? - Nərimanovun Leninə ittihamı

"Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı? - Nərimanovun Leninə ittihamı

12:00 5 aprel 2025
Anqolanın ilk prezidenti niyə Moskvada öldü? - Tarixin kulisi

Anqolanın ilk prezidenti niyə Moskvada öldü? - Tarixin kulisi

09:00 3 aprel 2025
Mirzə Fətəli Axundov “Hacı Qara” əsərini erməni xanın sifarişi  ilə yazıb - İDDİA

Mirzə Fətəli Axundov “Hacı Qara” əsərini erməni xanın sifarişi ilə yazıb - İDDİA

11:30 2 aprel 2025
Sevgilisi ilə birgə ərini öldürən qadın - Hamamda ölü tapılan reklam qurbanı kim idi?

Sevgilisi ilə birgə ərini öldürən qadın - Hamamda ölü tapılan reklam qurbanı kim idi?

09:00 2 aprel 2025
"O heç vaxt dəyişmədi..." - Sənətdə yaxın döyüşün ustası

"O heç vaxt dəyişmədi..." - Sənətdə yaxın döyüşün ustası

12:00 25 mart 2025
Heydər Əliyevin astaralı agenti – “Alagöz” kim idi?

Heydər Əliyevin astaralı agenti – “Alagöz” kim idi?

10:45 25 mart 2025
#
#
# # #