Sarayda hərəmxana saxlayan XX əsr Avropa siyasətçisi

Sarayda hərəmxana saxlayan XX əsr Avropa siyasətçisi
16 noyabr 2013
# 08:30

Duçenin acınacaqlı sonu

«Duçe ilə görüşdükdən sonra mən hər dəfə bilinməz sevinc hiss edirəm. O möhtəşəm şəxsiyyətdir».

Adolf Hitler. Alman xalqının füreri

«Mussolini hardadı? Siz onu niyə itirdiniz?»

Vladimir Lenin. Bolşeviklərin lideri

«Bolşevizmdən fərqli olaraq faşizm insan ruhundan Tanrını qovmaq istəmir»

«Demokratiya xalqa hakimiyyətin ağası olması illüziyasını verən, ya da buna cəhd edən hakimiyyətdir»

Benito Mussoloni

1945-ci il aprelin 28-də, saat 16.10-da İtaliya «Azadlıq» Könüllü Korpusu tərəfindən Messeqr kəndi yaxınlığında, meşədə İtaliya xalqı adından, Milli Faşist Partiyasının lideri, diktator və rəhbər (duçe), İtaliyanın baş naziri Benito Mussolini və onun məşuqəsi Klara Petaççi güllələndi. Edamı həyata keçirən dəstəyə polkovnik Valerio Audizio rəhbərlik edirdi.

Edamdan sonra Mussolini və məşuqəsinin, həmçinin daha 6 faşist rəhbərin cəsədlərini maşınlara yükləyib Milana gətirdilər və Loretto meydanıda ayaqlarından asdılar. Bir qədər sonra meydana toplaşan kütlə diktatorun meyitini daşlamağa və təhqir etməyə başlayır. Hadisə yerinə 300 nəfərlik karabiner cəlb olunduqdan sonra kütləni çətinliklə də olsa, dağıdırlar. Xalq dağıldıqdan sonra bir zamanlar İtaliyaya hökm edən və dünya imperatorluğu qurmağı xəyal edən diktator Mussolinin ayağından asılmış cəsədi tanınmaz hala düşmüşdü.

Bir qədər sonra İtaliyada Mussolini Britaniyanın baş naziri Uinston Çörçilin əmri ilə edam olunması haqqında şayiələr dolaşmağa başlayır. İddialara əsasən partizanlar tərəfindən tutulan Mussolinin məhkəməyə çıxarılmasından təşvişə düşdüyünə görə Çörçil ingilis gizli xidməti olan «Intelligence Service»nin İtaliyadakı rezidentinə duçeni təcili ortadan götürmək haqqında əmr verib.

Sosialistlərin «balaca rəhbəri» faşistlərin «duçe» sinə çevrilir

1919-ci ildən başlayaraq faşizm (millətçilik) İtaliyada hakim mövqeyə çevrilmişdi. Bütün Avropada olduğu kimi İtaliyada da xalq sosialistlərlə millətçilərin arasında parçalanmışdı. İtaliya faşistlərinin lideri keçmiş sosialist Benito Mussolini italyanların böyük hissəsinin kumirinə dönür. Mussolini şəraitdə asılı olaraq tez-tez siyasi mövqeyini dəyişsə də, faşizm İtaliyanın hər yerində aparıcı hərəkata çevrilirdi.

1921-ci l seçkilərində o zamankı baş nazir liberal Colitti ilə antisosialist ittifaqda birləşən Mussolini parlamentdə 35 yer almağa nail olur. Bu Mussolinin hakimiyyətə doğru atdığı ilk addım idi. Kiçik də olsa, bu qələbədən sonra 37 yaşlı Mussolini Avropa miqyasında bir siyasətçiyə çevrilmişdi. Və artıq Mussoloni hakimiyyətə olan iddiasını bütün gücü ilə bağırmağa başlayır.

1912-ci ildən sonra Milanda yerləşən Mussolini 1922-ci il oktyabrın 24-də faşistlərin Milanda keçirilən qurultayında açıq şəkildə bildirir: «Ya hakimiyyəti bizə xoşluqla verəcəklər, ya Romaya yürüş edib hakimiyyəti ələ keçirəcəyik». Qurultayda Romaya faşist yürüşünün keçirilməsi və hakimiyyətin ələ keçirilməsi haqda qərar çıxır. Ehtiyatlı Mussolini tələsməməkdə israr etsə də, «Qaraköynəklilər»in 26 yaşlı lideri Dino Qrandi Romaya yürüş etməyin tərəfdarı kimi çıxış edir: «Mussolinin bədbəxtliyi ondadır ki, o hamının könlünü almaq istəyir, ona görə də gündə 10 dəfə öz mövqeyini dəyişərək rastlaşdığı hər kəsin könlünü alır». Qrandinin çıxışından sonra 40 minlik qurultay nümayəndələri «Roma», «Roma», bağıraraq ona dəstək verirlər.

Nasistlərin aparıcı liderlərindən olan Rem SS dəstələrini Mussolinin və Qrandinin müharibə veteranlarından və millətçi gənclərdən təşkil etdiyi «Skvadra» (qaraköynəklilər) dəstələrinə əsasən formalaşdırmışdı. Ümumiyyələ alman nasistləri bir çox qurumları və siyasi ideyaları məhz italyan faşistlərindən mənimsəmişdilər. «Skvadra» faşistlərin döyüş dəstələri idi və onlar qara köynək geyinərdilər. İtaliyanın bütün böyük şəhərlərinin demək olar ki, bütün məhəllələrində «Skvadra» dəstələri fəaliyyət göstərir və əsasən kommunistlərə hücum etdiklərinə görə hökümət onların qanunsuz fəaliyyətlərinə barmaqarası baxırdı. Mussolininin döyüş dəstələri toxunulmazlıq statusu daşıyırdı və bu təşkilat duçenin çevriliş etməsində əsas rol oynadı).

Qurultayda çevriliş planı hazırlanır və plana əsasən «Qaraköynəklilər» Romaya yürüş edərək əsas nazirliklərinin və hakimiyyət binalarını ələ keçirməli, hakimiyyəti devirməli idilər. Romaya yürüş ordu tərəfindən dağıdılacağı halda Mərkəzi İtaliyada faşist hökuməti qurulacaq və Romaya müharibə elan olunacaqdı.

Faşist qurultayı həmçinin Mussoliniyə, Milli Faşist Partiyasının Baş Katibi ünvanı vermək istəsə də, Mussolini bu ünvandan imtina edir. O özünə «duçe» (rəhbər) ünvanının verilməsinə nail olur. Bu ünvanla duçenin partiya və İtaliya üzərində diktatorluq haqqı tanınır. O artıq sosialistlərin bir zaman onu adlandırdıqları kimi «pikkolo duçe» (balaca rəhbər) deyil, bütün italyan xalqının rəhbəri idi.

Romaya möhtəşəm yürüş

Oktyabrın 27-də faşistlərin qurultayından üç gün sonra İtaliyanın hər yerindən «qaraköynəklilər»in və faşistlərin tərəfdarlarının Romaya yürüşü başlayır. Yol üstü «qaraköynəklilər» Milanda, Genuyada, Ankonda, Logerne və başqa şəhərlərdə İtaliya Sosialist Partiyasının qərargahlarına hücum edir və qərargahları talan edib yandırırdılar.

Birdən-birə faşistlərin bu qədər böyük güclə ortaya çıxması hökumətdə və orduda ciddi çaşqınlıq yaradır. 85 yaşlı baş nazir Colitti İtaliya kralı Viktor Emmanuelə faşistlərə qarşı güc tətbiq etmək üçün fövqəladə vəziyyət elan olunması ilə bağlı qanun aktı təqdim edir. Lakin kral ölkənin iqtisadi elitası ilə məsləhətləşmələrdən sonra fövqəladə vəziyyət elan olunması ilə bağlı qanun aktını imzalamaqdan imtina edir. İtaliyanın sənaye və biznes bossları ölkədə vətəndaş müharibəsinin başlamasından qorxur. Kral isə hakimiyyətini itirməkdən və ölkədə respublika elan olunmasından ehtiyat edir.

Colittinin hökumətini istefaya yollayan kral Viktor Emmanuel danışıqlar aparmaq üçün Mussolinini Milandan Romaya dəvət edir. Milandakı qərargahı ordu birliyi tərəfindən mühasirəyə alınan Mussolini oktyabrın 29-da səhər tezdən Romadan gələn telefona zənginə qısa cavab verir. Kral ona rəsmi dəvət yollamalıdır.

Duçe artıq hakimiyyətin onun ovcunda olduğunu anlayır və karabinini götürüb qərargahdan çıxaraq tanklara atəş açmağa başlayır.

Yaranan qarışıqlıq nəticəsində Mussolini az qala öz faşistləri tərəfindən öldürüləcəkdi. İkitərəfli atəş arasında qalan duçeni tez qərargaha qaytarırlar və ordu mühasirəni dayandırıb kazarmaya dönür.

«Əlahəzrət, üst-başıma görə məni bağışlayın, mən döyüş meydanından gəlirəm»

Faşistlərin Romaya yürüşü faktiki olaraq heç bir müqavimətlə rastlaşmır. Mussolini Milandakı qərargahının qarşısında bir neçə güllə atmaqla möhtəşəm dövlət çevrilişini yekunlaşdırır. Ordu birliklərinin çəkilməsindən bir neçə saat sonra Mussolini teleqram alır: «Yeni kabineti formalaşdırmaq məsuliyyətini üzərinizə götürmək üçün əlahəzrət kral sizdən təcili Romaya gəlmənizi xahiş edir. General Çittadini».

Elə həmin axşam Mussolini qatarla Romaya yola düşür. O kralın hüzuruna «qaraköynək»lə çıxır və jurnalistlərin qarşısında görkəminə görə sırtıqcasına kraldan üzr istəyir: «Üst-başıma görə məni bağışlayın əlahəzrət. Mən birbaşa döyüş meydanından gəlirəm».

Hakimiyyət Mussolinin ovcunda sıxılır

Oktyabrın 30-da dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan 38 yaşlı Benito Mussolini yeni hökumətini elan etdi. Elə həmin gün də yeni baş nazir sağa-sola dekretlər verməyə başladı. İcraedici və qanunverici dövlət qurumları bu dekretlərlə Mussolinin birbaşa idarəsinə keçir və duçeyə mütləq hakimiyyət verirdi.

Hakimiyyətini qorumaq məqsədi ilə Mussolini «qaraköynəklilər»i dövlət qulluğuna alaraq xüsusi dekretlə «faşist milisləri» yaradır və «qaraköynəklilər» rəsmi törənlə krala və duçeyə sadiq qalacaqlarına and içirlər. Hakimiyyətinin sonuna qədər Mussolini «qaraköynəklilər»dən xalqa qarşı terror həyata keçirmək və fərqli düşünənləri ortadan qaldırmaq üçün istifadə edir.

Vatikanda qəbul edilən Mussolini katolik dəyərlərini qoruyacağı ilə bağlı söz verir. Bir zamanlar ateist olan duçe həyatının sonuna qədər bu sözünə sadiq qalır. Bu onun xarakterinə uyğun deyildi. Amma hakimiyyəti illərində Vatikanı satmaq üçün şərait və səbəb olmamışdı.

Leninin dostu və alovlu sosialist Benito

Mussolini italyan faşistlərinin lideri olmamışdan əvvəl alovlu sosialist kimi tanınırdı. 1900-cü ildən başlayaraq 17 yaşlı Benito siyasətlə məşğul olmağa başlayır. Onun atası, dəmirçi və dülgər Allessandro Mussolini fanatik sosialistdi. Ata Mussolini rus inqilabçısı Bakuninin fanatı idi və İkinci Sosialist İnternasionalın üzvü seçilmişdi.

1901-ci ildə Benito doğulduğu kənddə sosialistlərin yerli təşkilatının rəhbəri seçilmişdi. Elə ilk gənclik illərində kütlə qarşısında çıxış etmək Mussolinin hobbisinə çevrilmişdi. O kütlənin diqqətini çəkmək üçün hər cür oyunbazlığa əl atırdı və ən çox sevdiyi onun nitqinə qulaq asan kütlənin alqışlarıydı.

1903-cü ildə hərbi xidmətə getmək istəməyən Mussolini İsveçrəyə qaçır. O Cenevrədə avara gəzib dolaşır və sosialistlərin dairəsində fırlanır. Həmin dönəmdə Lozannada yaşayan Vladimir Leninlə tanış olur. Dəliqanlı Benito Leninin diqqətini cəlb edir. Lenin ümid edir ki, zamanla çılğın gənc Mussolini italyan kommunistlərinin rəhbərinə çevriləcək. Çünki gənc Mussolini həmişə qəti və radikal addımların atılmasını tələb edir. 1918-ci ildə Kremldə italyan sosialistlərini qəbul edən Lenin əsəbi şəkildə nümayəndə heyətindən soruşmuşdu: «Mussolini hardadır? Niyə onu itirdiniz?»

Təqribən 6 aydan sonra italyan hökumətinin verdiyi axtarış əsasında Mussolini həbs edib orduya göndərirlər. İki illik hərbi xidmətdən sonra Mussolini doğma kəndinə qayıdıb müəllim işləməyə başlayır. Bir neçə il müəllim işlədikdən sonra Mussolini siyasi jurnalistika ilə məşğul olmağa başlayır. O həftəlik «La Lima» sosialist qəzetinin redaktoru olaraq çalışır və Colitti hökumətini, həmçinin Vatikanı davamlı olaraq top atəşinə tutur. Radikal çağırışlarına görə 1907-ci ildən başlayaraq 24 yaşlı Mussolinini sosialistlərin «balaca rəhbəri», (pikollo duçe), adlandırmağa başlayırlar. 1908-ci ildə onu həbs edirlər. Lakin 15 gündən sonra «balaca rəhbər» azadlığa çıxır.

1909-cu ildə Mussolini Trento şəhərinə gəlir. Burda o, «Zəhmətkeşlər Mərkəzi»nin katibi seçilir və özünün gündəlik «L'avvenire del lavoratore» (Fəhlələrin gələcəyi) qəzetini nəşr edir. 1910-cu ildə «Kardinalın məşuqəsi» romanını yazır. Vatikan haqqında inanılmaz iddialar olan həmin roman 1922-ci ildə Mussolini Vatikanla barışdıqdan sonra qadağan olunur.

1911-ci ildən başlayaraq Mussolini İtaliyanın müstəmləkəçi siyasətinə qarşı çıxır. Hakimiyyətə gəldikdən sonra isə o özünü Roma imperatoru elan etmək istəyəcək və Afrikada işğalçı müharibələr aparacaqdı.

1912-ci ildə Mussolini İtaliya Sosialist Partiyasının rəsmi orqanı olan «Avanti» qəzetinin baş redaktoru təyin olunur. Bundan sonra o, Milana köçür və Romaya baş nazir olana qədər bu şəhərdə yaşayır. 1922-ci ildə Roma Yürüşünün başlanğıcında isə, «qaraköynəklilər» onun çağırışı ilə «Avanti» qəzetinin redaksiyasını və nəşriyyatını yandırırlar. 1912-ci ildə İtaliya Sosialist Partiyasının qurultayında çıxış edən Mussolini kralı devirməyi tələb edir və zal ayağa qalxıb uzun müddət onu alqışlayır.

Birinci Dünya Savaşı Mussolinin sosialistlərlə yolunu ayırır

Birinci Dünya Savaşında sosialistlər İtaliyanın Almaniya ilə İttifaqının tərəfdarı kimi çıxış edirlər. Amma birdən-birə «Avanti» qəzetinin baş redaktoru Mussolini qəzetdə böyük məqalə ilə çıxış edərək İtaliyanın Almaniya əleyhinə müharibəyə qoşulmasını tələb edir. Sosialist partiyasının liderləri ondan izahat tələb edirlər. Mübahisələrdən sonra Mussolini qəzetdən uzaqlaşdırılır. Və bundan sonra Mussolini bütün İtaliyanı gəzərək sosialistlərin əleyhinə alovlu çıxışlar etməyə başlayır. Sosialistlər isə onu ingilis agenti olmaqda ittiham edirlər.

1915-ci ildə Mussolinini orduya çağırırlar. 1916-cı ildə o kapral rütbəsi alır. 1917-ci ildə minanın partlaması nəticəsində ağır yaralanan Mussolini ordudan tərxis olunur. Hakimiyyəti illərində onun cəbhədəki qəhrəmanlıqları haqqında əfsanələr uydursalar da duçenin 17 aylıq müharibə həyatının demək olar ki, 13 ayını hospitallarda və arxa cəbhədə keçirmişdi.

Müharibədən sonra sosialistlərə dəhşətli nifrətini hər addımda ifadə edən Mussolini radikal millətçi çıxışları ilə bütün İtaliyanın diqqətini özünə cəlb edir. Artıq sosialistlərin «balaca rəhbər»i olmaqdan vaz keçən Mussolini İtaliyaının «duçe»si olmaqda qərarlı idi.

Diktatura repressiya tələb edir

1924-cü ildə faşist aktivist Ameriqo Dumini Mussolinin əmri ilə sosialistlərin lideri Cakomo Matteottini oğurlayıb qətl edir. Bu qətldən sonra hökumət demək olar ki, iflic vəziyyətinə düşür. Hakimiyyəti itirmək həddində olan Mussolini çıxış yolunu Ameriqo Duminini həbs etməkdə görür. Bir il sonra duçe həbsdən çıxan və ölkədən kənarda yaşayan Ameriqoya 15 il müddətində dövlət maaşı verir.

Buna baxmayaraq düçe hakimiyyətin bütün rıçaqlarını əlində toplamaqda davam edir. O daxilivə xarici işlər nazirlikləri də daxil olmaqla hardasa 7 nazirliyə birbaşa rəhbərlik edir. Həmçinin o, Faşist Partiyasına, silahlandırılmış faşist milisinə rəhbərlik edir. «Qaraköynəklilər» həmişəki kimi hər yerdə fərqli düşünənlərə qarşı terror həyata keçirir və ancaq Mussolinin qarşısında hesabat verir. Baş nazir artıq parlamentin qarşısında cavabdeh deyil, ancaq krala hesabat verir. Bundan başqa hökumət istədiyi qanunu çıxarmaq haqqı qazanır. 1925-ci ildən sonra duçenin heç bir şeydə parlamentin razılığına ehtiyac belə yoxdur.

1928-ci ildə bütün partiyalar ləğv olunur. Ölkədə təkpartiyalı sistem elan olunur. Ölkənin ali konstitusion orqanı Böyük Faşist Şurası elan olunur və ölkənin əsas problemləri Böyük Faşist Şurasında həll olunur. Böyük Faşist Şurasında verilən qərarlar qanun xarakterli hesab olunur.

Ancaq Böyük Faşist Şurası Mussolinin vəzifəsindən ala və onun yerinə başqasını seçə bilər. Mussolini həmçinin mafiyaya qarşı müharibə elan edir və İkinci Dünya Savaşı öncəsində İtaliyada mafiyanın olmadığı elan olunur.

Çevriliş və həbs. Hitler Mussolinini azad edir

Hakimiyyətdə olduğu 23 il müddətində ona qarşı dəfələrlə sui-qəsd təşkil olunur. Lakin ona qarşı ən böyük sui-qəsdi və çevrilişi məhz faşist partiyasının liderləri həyata keçirir və Mussolinini devirməklə faktiki olaraq Faşist Partiyasının hakimiyyətini ləğv edirlər.

1943-cü ildə Stalinqrad məğlubiyyətindən sonra Almaniyanın qələbəsi artıq şübhə doğururdu və Dino Qrandinin rəhbərliyi ilə Faşist Partiyasının funksionerləri İtaliyanın müharibədən çıxmasını tələb etməyə başlayırlar. Qrandi həmçinin Böyük Faşist Şurasının çağırılmasını və Mussolininin vəzifədən alınmasını istəyir. Dino Qrandi özünü Mussolininin varisi olaraq görür.

İyulun 24-də Böyük Faşist Şurası Qrandinin sədrliyi ilə toplanır və Mussolinin səlahiyyətlərinə son verir. Orduya rəhbərlik krala həvalə olunur. Mussolini Böyük Faşist Şurasının qərarını tanımaqdan imtina edir.

Səhəri gün kral onu öz iqamətgahına dəvət edir. İqamətgahda Mussolini həbs olunur. Kral Viktor Emmanuel marşal Petro Badolonu yeni baş nazir təyin edir. Mussolininin həbs xəbərini eşidən xalq hər yerdə küçəyə çıxıb antifaşist nümayişləri keçirir. Bundan cürətlənən kral iyunun 27-də Faşist Partiyasının buraxıldığını elan edir. Badolo müharibədən çıxmaq üçün ingilis və amerikanlarla danışıqlara başlayır. İngilislər Mussolinin onlara təhvil verilməsini istəyir.

Mussolini Hitlerin marionetkasıdır

İngilis desantının İtaliyaya çıxması xəbərini alan Hitler İtaliyanın işğal olunmasını əmr edir. Faktiki olaraq bir neçə günün içində İtaliyanın böyük bir hissəsi işğal olunur. Alman desantçıları fürerin əmri ilə xüsusi əməliyyat keçirərək Alp dağlarında saxlanılan Mussolinini azad edirlər. Duçeni birbaşa Şimali Prussiyaya, fürerin qərargahına aparırlar. Hitler Mussolinidən geri dönməyi və yeni faşist rejimi formalaşdırmağı tələb edir.

Müssolini artıq heç bir şey istəmir. O faşizmin artıq bitdiyini yaxşı anlayır. Hitler Mussolininin razılaşmayacağı təqdirdə Milanı, Genuyanı və Turini dağıdacağı və qarət edəcəyi ilə hədələyir. Bundan sonra Mussolini İtaliya Sosial Respublikasını qurmağa razılıq verir.

Artıq o duçe deyil. Özünü heç də rəhbər hiss eləmir. O sadəcə Hitlerin İtaliyadakı marionetkasıdır. Sevgilisi Klara Petaççi ilə Lombardiyada yaşayan Mussolini demək olar ki, idarəetmə işlərinə qarışmır. O vaxtını memuar yazaraq keçirir. Buna baxmayaraq Mussolini onu satan və devirən faşist liderlərinin hamısının edam etdirir. Edam edilənlər arasında İtaliyanın xarici işlər naziri və Mussolinin kürəkəni Çiano da vardı. Dino Qrandi isə vaxtında İspaniyaya qaçdığı üçün onun haqqında qiyabi ölüm hökmü çıxarılır. Kral Viktor Emmanuel isə taxtdan endirilir.

Mussolinin qadınları

Mussolini 1914-cü ildə İde Dalserlə evlənir. Bir ildən sonra onların Benito adıl oğlu doğulur. Uşaq doğular-doğulmaz Mussolini arvadından ayrılır və 1910-cu ildən məşuqəsi olan Rakel Qvidi ilə evlənir. Hakimiyyətə gəldikdən sonra Mussolinin birinci kəbini gizli saxlanılır, oğlu və İde həbs olunur. Daha sonra İde Dalser dəlixanaya salınır və elə orda da ölür. Oğlu isə İkinci Dünya Müharibəsində həlak olur. Rakeldən Mussolininin 2 qızı və 3 oğlu olur.

Hakimiyyətə gəldikdən sonra Mussolini demək olar ki, hərəm saxlayır. Faktiki olaraq Rakeldən ayrı yaşayan Mussolini demək olar ki, qadınları köynək kimi dəyişir. Duçe bir çox qadınları elə kabinetində, xalçanın üstündə zorlayır. Çox vaxt o, heç şalvarını və ayaqqabısını çıxarmaq üçün özünə əziyyət belə vermir.

Duçe ilə seksual əlaqədə olan qadınlar onun sadizmə meylli olduğunu bildirirlər. Rakel xatirələrində duçenin seksual əlaqələr zamanı onu acımasızcasına döydüyünü bildirir. Fransız jurnalist Maqda Fontanj isə Mussolini ilə cinsi əlaqə zamanı duçenin onu az qala boğub öldürdüyünü deyir. Maqda xatirələrində Mussolinin onu öz şərfi ilə boğduğunu söyləyir. Bundan sonra duçe Maqdaya 15 min frank verərək onu İtaliyadan qovur.

Dövlət sarayında çalışanların bir çoxları isə yaxşı bilirdi ki, duçe bakirə qızları çox sevir. Hətta Mussolinin bəzi köməkçiləri sonradan iddia edir ki, Mussolini Dövlət sarayındakı divanında 400-dən artıq qızın bəkarətini pozub. İddialara görə Mussolini hökumət iclaslarını yarımçıq tərk edərək kabinetində sekslə məşğul olurmuş.

Həyatının son günlərini isə sonuncu məşuqəsi Klara Petaççi ilə keçirir. Gözəl Klaretta Petaççi bəlkə də Mussolininin doğurdan da sevdiyi yeganə qadın olur. Artıq 50 yaşını ötmüş duçe Klarettanın hər bir nazına dözür, ona bahalı mənzillər, villalar hədiyyə edir. Onlar ilk dəfə görüşdükləri zaman Klarettanın 20 yaşı vardı və o nişanlıydı. Duçenin əmrinə əsasən nişan pozulur və Klaretta duçenin hərəmində birinci yeri alır.

İtaliyanın sonuncu diktatorunun acınacaqlı sonu

1945-ci ilin aprelində duçe hər şeyini itirir. Müttəfiqlər demək olar ki, bütün İtaliyaya nəzarət edirlər. Almanların nəzarəti altında olan torpaqlarda isə partizanlar hökm edirlər. Aprelin sonunda Mussolini hər şeydən əlini çəkib İsveçrəyə keçmək üçün bir qrup alman əsgəri ilə yola çıxır. Onu Klara Petaççi və bir neçə faşist funksioneri müşayiət edir. İsveçrə sərhədində tərksilah olunmuş alman əsgərlərini yoxlayan partizanlar maşınların birində gizlədilmiş duçeni tapırlar. Mussolini Klarettadan onu tərk etməyi xahiş edir. Klareta etiraz edir.

Mussolini və Klaretta son gecələrini Donqo kəndində bir kəndli evində keçirirlər.

Mussolinini güllələyən polkovnik Audizionun ilk iki cəhdi isə uğursuz olur. Öncə öz avtomatından duçeyə atəş açmaq istəsə də, polkovnikin avtomatı kilidlənir. Daha sonra tapançasından atəş açsa da, tapançada açılmır. Bundan sonra yanındakı partizanının avtomatını alan Audizio yaylım atəşilə Mussolinini və məşuqəsini qətl edir.

Mussolininin cəsədinin macərası

Milanda ayaqlarından asılmış cəsədləri xalq təhqir etdikdən sonra karabinerlər ipləri kəsirlər. Cəsədlər bir neçə gün arxın içində qalır. Mayın 1-də Mussolini və Klarettanı Milanda dəfn edirlər. 1946-cı ildə bir neçə faşist Domeniko Leççizinin rəhbərliyi altında Mussolinin cəsədinin qalıqlarını mumiyalayıb oğurlayırlar. Cəsədi avqust ayında tapırlar və bundan sonra Mussolinini tam on il dəfn etmirlər. Ancaq 1956-cı ildə onu doğulduğu kənddə torpağa tapşırırlar.

2011-ci ildə İtaliyada «Duçenin cəsədi» filmini çəkiblər. Həmin filmdə duçenin cəsədinin macərasından bəhs olunur.

Mussolinin dəhşətli ölümünün xəbərini alan Hitler isə təcili intihar etmək qərarını verir. O, öldükdən sonra cəsədinin yandırılmasını əmr edir.

Mussolininin ölüm xəbərini alan Uinston Çörçil isə siqarını dişləyərək: «Axır ki, qanlı şeytan öldü», deyir.

# 7834 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #