Sevgilisi ilə görüşdə qətlə yetirilən inqilabçı

Sevgilisi ilə görüşdə qətlə yetirilən inqilabçı
13 dekabr 2013
# 11:19

Tabutu gül-çiçəklərlə bəzədilmiş 22 yaşlı bu gəncin dəfn mərasimində iyirmi mindən çox adam olub. Polislərin qadağasına baxmayaraq, nəfəsli orkestr “Siz fəda oldunuz” havasını çalırdı. Mərasimdə Stalin, Şaumyan, Əzizbəyov, Çaparidze, Fioletov və başqa bolşeviklər iştirak ediblər. Bu, ağ terrorun qurbanı olmuş inqilabçı Xanlar Səfərəliyevin dəfn mərasimi idi.

Xanlar Həsən оğlu 1885-ci ildə Cəbrayıl qəzasının (Füzuli rayonunun) Qoçəhmədli kəndində dünyaya gəlib. İbtidai təhsilini Qarğabazar kənd məktəbində alıb. Kiçik yaşlarından gözüaçıqlığı ilə yaşıdlarından fərqlənən Xanlar, elmə maraq göstərib. O, atasının təkidi ilə kənd mollasının yanında fars dilini öyrənib. Xanlar təhsilini davam etdirmək üçün Şuşada olan realnı məktəbə ərizə verib, lakin onun ərizəsinə rədd cavabı gəlib.

Xanların atası istəyib ki, o, qohumları ilə İrana gedib mədrəsədə oxusun və ruhani olsun. Lakin oğul onun istəyinə qarşı çıxıb. O, Bakıya gəlməyi, neft şəhərində işləməyi qərara alıb. Xanlar Bakıda çox çətinliklə həmkəndlilərini tapıb.

Onun yaxın tanışları, sonralar mübarizə yoldaşları olan Bünyad Sərdarov, Səfərəli Səfərəliyev və başqaları Xanların Bibi-Heybətdə Musa Nağıyevin mədənində fəhlə işləməyinə nail olublar. İşlədiyi mədəndə baş ustanın köməyilə X.Səfərəliyevi “Naftalan cəmiyyəti” zavoduna tokar şagirdi göndəriblər. O, qısa müddətdə ən yaxşı tokarlardan biri olub. Elə bu dövrdə Xanlar fəal fəhlə mübarizəsinə qoşulub. O, 1904-cü ildə bolşeviklərin sıralarına daxil olub, fəhlələr arasında coşğun siyasi iş aparıb.

1905-ci ildə o, artıq «Hümmət» kommunist təşkilatı icraiyyə komitəsinin üzvlərindən biriydi. Xanlar müsəlman fəhlələri arasında fəal iş aparıb, bolşeviklərin orqanı olan “Hümmət”, “Təkamül”, “Yoldaş,” “Qudok” qəzetlərinin geniş yayılmasını təşkil edib.

Bakı bolşeviklərindən olan İ.Vatsek “Gizli fəaliyyət illəri” adlı məqaləsində o günləri xatırlayaraq yazıb: “Gizli mətbəədən intibahnamələri bizim rayona Xanlar yoldaş çatdırırdı. O, məndən başqa yeganə adam idi ki, mətbəənin yerini bilirdi.

Səhər tezdən mətbəəyə gedirdi. İntibahnamələri qutuya yığır, üstdən isə təzə bişirilmiş çörək düzürdülər. Gizlədilmiş “yük” yolda rast gələn polislərin diqqətini cəlb etmirdi. Xanlar intibahnamələri zavodumuza gətirir, biz isə öz növbəmizdə onları fəhlə nümayəndələri vasitəsilə rayonun başqa zavodlarında yayırdıq.”

1904-cü ilin dekabrında Bakı fəhlələrinin ümumi siyasi tətili baş tutur. 50 mindən çox fəhlənin iştirak etdiyi tətil, dekabrın 31-də «Mazut konstitusiyası»nın imzalanmasıyla nəticələnir. Bu, təkcə Azərbaycan deyil, bütün Rusiya tarixində fəhlələrin sahibkarlar üzərində ilk qələbəsiydi. Fəhlələr bir çox güzəştlər əldə edirlər. Bu tətildə Xanlar Səfərəliyev gənc təşkilatçı kimi ilk sınağından üzüağ çıxıb.

Dekabr tətilindən az sonra Rusiyada 1905-ci il Birinci Rus Burjua-Demokratik inqilabı başladı. İnqilab dövründə Bibi-Heybət mədənlərinin fəhlələri ümumi tətil etdilər. Musa Nağıyevin zavodunda işləyən fəhlələrin də bu tətilə qoşulmasına nail olan Xanların nüfuzu daha da artır. Geniş hazırlıq işləri görüldükdən sonra o, zavodun silahlı mühafizəçisi tərəfindən öldürülə biləcəyindən qorxmayaraq, zavodun fitini verib, bununla da tətilin başlandığını fəhlələrə bildirib.

1905-ci il avqustun 16-da Bakını yenidən tətil dalğası bürüdü. Təşkilatçılardan biri də Xanlar Səfərəliyev idi. Tətilçilər 8 saatlıq iş, məzuniyyət, tibbi sığorta və s. tələblərlə çıxış edirdilər. Qorxuya düşən hökumət avqustun 22-də Bakıda fövqəladə vəziyyət elan etdi. Tətil amansızlıqla, qan içində boğuldu.

Xanlar mübarizəsini davam etdirirdi. Bu dövrdə o, artıq Bakı fəhlələrinin rəhbərlərindən biri kimi Stalinin yaxın köməkçiləri sırasında idi.

İnqilabçı Əsəd Qarayevin işlədiyi dükan 1906-cı ildən inqilabçıların görüş yerinə çevrilib. M.Əzizbəyov, A.Stopani, İ.Stalin, S.M.Əfəndiyev, B.Sərdarov, İ.Fioletov və başqaları ilə birlikdə X.Səfərəliyev də polisin diqqətindən uzaq olan bu dükana gəlib.

Partiya və dövlət xadimi olmuş S.M.Əfəndiyev 1924-cü ildə yazıb: “Əsəd Qarayevin Bayıldakı xırdavat dükanı bizim toplanış yerimiz idi. Burada biz tez-tez görüşür və borc olaraq qəlyanaltı edirdik. Dükanın hörmətli sahibi indi də belə hesab edir ki, mən və yoldaş Stalin ona 1 manat 20 qəpik borclu qalmışıq”.

İşlədiyi mədəndə tətil komitəsinə rəhbərlik edən Xanlar bir dəfə yoldaşları ilə bərabər mədən müdiri Abuzər bəy Rzayevə müraciət edib fəhlələrin vəziyyətini yaxşılaşdırmağı tələb ediblər, lakin rədd cavabı alıblar. Fəhlələr isə buna etiraz edərək Abuzər bəyin işdən çıxarılması üçün tətil ediblər. Vəziyyətin nəzarətdən çıxdığını görən sahibkar qorxuya düşərək onların tələbi ilə razılaşmalı olub. Abuzər bəy vəzifəsindən azad edilib.

Xanlar Səfərəliyevin yоrulmaz inqilabı fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirib.

Sahibkarlar ondan birdəfəlik yaxa qurtarmaq üçün onu xaincəsinə öldürmək tədbirinə əl atıblar. Bu planın təşkilatçısı isə mədənin keçmiş müdiri Abuzər bəy olub.

Abuzər bəy Aşurbəyov Dağıstandan qatil çağırıb, Xanları öldürməyə görə böyük pul təklif edib. Şəmistan adlı qatil Xanları izləmiş, 1907-ci il sentyabrın 19-da sevgilisi ilə görüşərkən xaincəsinə arxadan vurmuşdu. Ağır yaralanmış Xanlar altı gündən sonra dünyasını dəyişib.

Publisist Ə.Çingizoğlu yazır: “Xanların ölümü atası Həsən kişini sızlatmış, pəjmürdə etmişdi. Qоçu Əbdül Məmmədоv dоstu Qazıməmməd Ağasıyevi götürüb Dağıstana getmişdi. Şəmistanı tоydan qayıdarkən yоlda yaxalamışdılar. Şəmistan icazə alıb arvad-uşağını evə qоyub qayıtmışdı. Şəmistanla Qоçu Əbdül yüz metr ara qоyub üz-üzə dayanmışdılar. Püşkə görə ilk atəşi Qоçu Əbdül atmalıymış. Əbdül Məmmədоv dayandığı məsafədən Şəmistanı alnın оrtasından vurmuşdu. Şəmistanın qanlı köynəyini görən Həsən kişi kəndlisi Qоçu Əbdülün alnından öpüb demişdi ki, ta elə bilirəm Xanlar ölməyib...”

Stalinin rəhbərliyi və redaktorluğu ilə çıxan “Qudok” qəzeti Xanların ölümü haqqında yazırdı: “…O, fəhlələrin mənafeyini müdafiə edirkən öz qüvvəsini və əməyini əsirgəmirdi. O, öz borcunu fədakarlıqla yerinə yetirirdi”.

RSDFP Bakı Komitəsi fövqəladə iclasında Xanların dəfnini güclü siyasi nümayişə çevirməyi qərara alıb. Bakının bütün rayonlarından fəhlələr öz nümayəndələrini göndəriblər.

Dəfn mərasiminin iştirakçılarından olmuş və 1918-ci il Bakı kommunasında maarif komissarı işləmiş N.Kolesnikova yazırdı : “Xanların dəfni mənə 1905-ci ilin oktyabrında Moskvada Baumanın dəfnini xatırlatdı; orada olduğu kimi burada da nizamla addımlayan izdiham bütün nəqliyyatı dayandırmışdır… Polis səkilərin qarşısında düzülərək sakit və dinməzcə mərasimi müşayiət edirdi”.

Yoldaşlarının qətlə yetirilməsindən hiddətlənən fəhlələr mitinq təşkil ediblər. Mitinqdə qəbul olunmuş qərarda deyilirdi: “Bütün fəhlələr Xanların dəfnində iştirak etməlidirlər!”

1920-ci il Azərbaycanda Sosialist Respublika elan edildikdən az sonra Azərbaycan Fövqəladə Komissarlığı Abuzər bəyi Xanlar Səfərəliyevi öldürtdüyü səbəbiylə, tam qanuni şəkildə ölüm hökmünə məhkum edib.

Mənbə:

M.Qazıyev, Xanlar 1944.

“Kommunist” qəzeti, 1985, 31 oktyabr.

# 6144 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #