Təkamül nəzəriyyəsini qəbul etməyənlərin yalanı

Təkamül nəzəriyyəsini qəbul etməyənlərin yalanı
10 may 2016
# 16:29

Kulis.Az “Yaşıl Elm” bloq-səhifəsinin admini İlkin Cəfərovun “Təkamül nəzəriyyəsi niyə mənimsənilmir?” məqaləsini təqdim edir.

Təxminən 2000 il bundan öncə, Roma İmperatorluğunun Misir əyalətinin İskəndəriyə şəhərində yaşamış Ptolemey, “Almagest” adlı əsərində Yer mərkəzli kainat modelini təqdim etdi. Bu model, əvvəlcə gündəlik müşahidələrlə, sonra isə kilsənin dünya haqqındakı “səmavi” fikirləri ilə üst-üstə düşdüyü üçün mənimsənilmiş, insanın yaradılış planının mərkəzində olduğu, hər şeyin insan üçün yaradıldığı fikrini dəstəkləmiş və Kopernik, Bruno, Qaliley kimi elm insanlarına müxtəlif dərəcəli problemlər yaratmağa və elmin inkişafına mane olmağa zəmin təşkil etmişdir. Orijinal adı “Riyazi sintakslar” olan Ptolomeyin əsəri ərəb dilinə “Almagest” (“Ən böyük”) başlığı ilə tərcümə edilib daha geniş coğrafiyaya yayıldı və astronomiyada hakim model qəbul edildi.

Bu modelin hegemonluğu Kopernikə qədər davam etdi və Kopernik geosentrik düşüncənin əksinin doğru olacağını irəli sürdü.

Amma Kopernik sonradan qəbul ediləcək modelinin mənimsənilməsini görmədən öldü. Ondan öncə də bir çox filosof Ptolomeyin modelindəki yanlışları fərq etmiş, lakin hakim inanışa qarşı çıxmadan bu yanlışları necə şərh edəcəkləri barəsində tərəddüdə düşmüşdülər. Məsələn, planetlərin və ulduzların izlədikləri trayektoriyada ortaya çıxan problemləri (planetlərin müşahidə olunan “geriyə doğru” hərəkətləri) o zamankı astronomlar sadəcə görünüşü xilas edəcək həndəsi arqumentlərlə həll etməyə çalışmışdılar (episikllər, dairələr üzərində dairələr vasitəsiylə).

Bugünkü heliosentrik modelə əsaslanaraq, Ptolomeyi yanlış modelinə görə günahlandırmaq doğru deyil. Elmlə məşğul olmaq, prosesləri müşahidə etmək və əlimizdə olan faktlarla uyumlu açıqlama ortaya qoymaqdır. O zamanlarda Ptolomey əlindəki bütün vasitələrdən istifadə edərək müşahidə etdiyi prosesləri ona doğru görünən şəkildə açıqlamağa çalışmışdı. Günahkar olan isə, modelə teolojik doğruluq qazandıran, onu dəyişməz həqiqət kimi təqdim edib sorğulanmasına mane olan doqmatizm idi. Eyni doqmatizm, bu gün də fəaldır və hələ ki, fəaliyyətlərini “uğurlu” saymaq mümkündür, çünki elmin özünü düzəltmə mexanizmi hələ də geniş kütlələr nəzdində təqdir görmür.

Televiziya kanallarında, internet televiziyalrında, Facebook səhifələrində, hər gün yaxşı geyinmiş şəxslər, alim ədasıyla sanki müqayisəli morfologiya, biokimya, fiziologiya üzrə dərin biliyə sahibmişlər kimi, təbiət və canlı aləmin tarixi muzeylərini qurmuş, laboratoriyada canlıları analiz etmiş, kainatın sirlərini araşdırmış və bütün bunlar həyatlarının yeganə məqsədi imiş kimi ağızdolusu danışırlar, yazırlar. “İlk insan” Adəmin harada yerə endiyini, Homo sapiensmi, Homo neandertalmı olduğunu müzakirə edir, fosillərin xüsusiyyətlərindən elmlə dinin vəhdətinə qədər geniş mövzularda ciddi-ciddi ağıl öyrədirlər.

Din və elm bir-birindən tamamilə ayrı olan düşüncə formalarıdır. Bu gün belə dinlə bağlı olan bir çox fəlsəfəçinin elmin ortaya qoyduğu bütün müşahidələri, məlumatları və sübutları görməzdən gəldiyini, dinin öyrətdiyi məlumatlara zidd olan bütün elmi irəliləyişləri rədd etdiklərini görürük. Günümüzdə "Ağıllı dizayn" adlanan yaradılışçılıq cərəyanının nümayəndələrinin elmin bir qolu olan təkamül nəzəriyyəsinin açıqlayıcı gücünə qarşı fəaliyyətləri elm tərəfindən gülünc qarşılanıb ciddiyə alınmır. Bu insanlar tez-tez onların "elmi arqumentlərinin” Təkamül nəzəriyyəsini keçərsiz etdiyini önə sürüb Riçard Dokinz kimi məşhur təkamülçü bioloqları müzakirəyə dəvət etməkdə və Təkamülə sübut gətirən insanlara 10 trilyon türk lirəsi vəd etməkdədirlər. Əlbəttə ki, bu insanları ciddiyə almaq ciddi elm insanları üçün sadəcə vaxt itkisidir. Yerin düz və ya 6000 il yaşında olduğunu iddia edənlərlə eyni düşüncə tərzinə sahib bu şəxslər heç bir elmdə iştiraka, paya malik deyillər. Elm müstəvisində olmanın əsas şərtlərindən biri elmi çərçivədə düşünmək, şübhəçi olmaq, doqmalara yer verməməkdir. Sizin yeni, cığır açacağını düşündüyünüz elmi hipoteziniz varsa bu fikir elmi metodlarla mütləq sınanmalıdır. Əgər siz bu parametrlərdən heç birinə cavab vermirsinizsə elm dünyasında yeriniz yoxdur və heç bir zaman da olmayacaq.

Təkamül: fərziyyə, yoxsa nəzəriyyə?

“Fərziyyə və nəzəriyyə nədir?” sualına cavab vermək üçün elmin təbiətinə bələd olmaq lazımdır. İddia edilir ki, Təkamül nəzəriyyə deyil, sadəcə fərziyyədir. İlk öncə, bir düşüncənin fərziyyə olması üçün onu sınaya, test edə bilməliyik və elmi həqiqətlərə tamamilə uyğun gəlməlidir, yəni əgər bir fikir fərziyyə belə olsa tamamilə elmi sayılır. Fərziyyənin irəli sürüldüyü andan sonra fərqli elmi strukturlar və elm insanları tərəfindən sınana bilməsi lazımdır. Təkamül düşüncəsi isə Darvindən öncə fərziyyə xarakterli olsa da “Növlərin Mənşəyi”nin nəşrindən sonra 150 ildir davam edən sınaqlardan tamamilə üzüağ çıxmış nəzəriyyədir. Bu müddət ərzində təkamül nəzəriyyəsinin özü belə təkamül etdi, dəyişdi, bir çox boşluğu doldu, suallara cavab verildi və tamamilə elmin təbiətinə uyğun bir şəkildə yeni boşluqlar və suallar ortaya çıxdı. Bəli, elmi nəzəriyyələrdə bir sıra boşluqların olması qaçılmazdır. Çünki əgər cavab veriləcək sual, doldurulacaq boşluq olmasa, heç bir dəyişiklik olmasa elmdən söhbət belə gedə bilməz. Elm hər zaman suallar ortaya qoyub onlara cavab verməklə məşğuldur. Sadəcə Təkamül nəzəriyyəsində deyil, Böyük Partlayış nəzəriyyəsində də bu boşluqlar var: kainatın yaranmasına dair qəbul edilən nəzəriyyə olsa da kainatın düzlüyü, istilik yayılması və təkqütblülük kimi məsələləri izah edə bilmir. Təkamül nəzəriyyəsi isə Böyük Partlayış nəzəriyyəsindən daha böyük əminliklə qəbul edilir. Çünki bütün genetik materiallar, fosil qeydləri, canlıların müşahidə edilmiş struktur dəyişiklikləri və laboratoriya təcrübələri Təkamül nəzəriyyəsini Yer üzərindəki həyatın çeşidliliyini izah edən yeganə və elmi nəzəriyyə olduğunu isbat edir. Əgər boşluqlara görə nəzəriyyələrin bizə təqdim etdiyi həqiqətlərə göz yumub onları fərziyyə statusuna geri qaytarsaq işimiz çox çətin olacaq, yaxşı ki, elm belə işləmir. Əgər bir müddət sonra elm bu tərzdə işləməyə başlasa, yəni hər bir boşluğu olan nəzəriyyə fərziyyə sayılsa əmin olun ki, “Yaradılış” fikrinin özü üçün təməl aldığı hər şey bir anda yox olacaq.

Elm dairələrində psevdoelm (saxta elm) sayılan, amma yaradılışçılar tərəfindən nəzəri və elmi don geyindirilən “Yaradılış nəzəriyyəsi” fərziyyə olmaqdan belə uzaqdır. Çünki ilk yaradılış inancının ortaya çıxmasından bu yana heç bir şəraitdə elmi olaraq müşahidə edilməmiş və sınaqdan keçirilməmişdir. Əlbəttə, hər kəs inanmaq istədiyinə inana bilər və bu onun haqqıdır. İnanc müstəvisində bizim bütün bunlara deyəcək tək kəlməmiz belə yoxdur. Lakin elm müstəvisində irəli sürülmüş fikirlərin sınanması, müşahidə edilməsi, sübuta yetirilməsi gərəklidir. Elm müstəvisində inanc azadlığına yer yoxdur, faktlar, müşahidələr və məlumatlar vardır. Əgər yaradılışçılar elm müstəvisinə daxil olmaq istəyirlərsə öz düşüncə axınlarını elmi olaraq sübut etməlidirlər. Əks halda voleybol oynamaq üçün meydana girib lakin sadəcə ayaqla topa zərbə endirmək istəyən oyunçu kimi meydandan qovulacaqlar. Və bu hər zaman baş verir. Çox zaman yaradılışçıların təkamülçü alimlərin hegemonluğundan danışıb təkamülü qəbul etməyən bioloqların işdən azad edildiyindən şikayətləndiklərini görə bilərsiniz. Bu başqa bir yaradılışçı axın olan Gənc Dünya Yaradılışçısı (Yerin 6000 il yaşı olduğuna inanırlar) olan bir insanın geoloji tapıntıları rədd etdiyi halda geoloq işləmək istəməsinə bənzəyir. İşlərə bu baxış bucağı ilə baxdıqda hər şey fərqli görünür, elə deyilmi?

Mənə ara keçid formalarını göstər!

Fosillər keçmişdə yaşamış hər hansı canlının qorunmuş qalığı, daşlaşmış formasıdır. Fosilləşmə təsəvvür ediləndən daha çətin bir prosesdir və fosilləşmə üçün ətraf mühitin buna uyğun olması lazımdır. Mühitdə hər hansı bir faktorun artıq və ya əksik olması buna təsir edir. Məsələn, çürüməməsi üçün oksigenlə təmasının kəsilməsi lazımdır ki, bu da təbii mühitdə ölən hər hansı bir canlı üçün nadir olaraq reallaşacaq bir prosesdir. Bu kimi faktorlara görə günümüzdə az sayda fosilə rast gəlməkdəyik.

Ara keçid fosili isə təkamül nəzəriyyəsinin açıqlaması ilə özündən əvvəlki və sonrakı növlərin xüsusiyyətlərini ehtiva edən canlılardır. Əslində, ara növ deyə bir anlayış Təkamül Biologiyasında yoxdur. Bu, Təkamül əleyhdarı olan insanların Təkamül nəzəriyyəsinə hücum etmək üçün və xəyalları daxilində canlandırdıqları yanlış Təkamül imicini nümayiş etmək üçün uydurduqları və daha sonra elm insanlarının onların bu iddialarına cavab vermək üçün onların dilindən danışmaları nəticəsində hazırkı anlayışın elm dilinə yerləşməsiylə ortaya çıxan bir haldır. Təkamül əleyhdarları yanlış Təkamül imicini bir pillə daha davam etdirə bilmək üçün "ara növ" anlayışını irəli sürmüşlər. Onlara görə hər iki canlı arasında bir ara növ olmalıdır. Məsələn bir ördək ilə bir timsah arasında, "örsah" ya da "timdək" kimi bir canlı olmalıdır. Bir aslanla bir insan arasında bir "aslsan", bir ayıyla bir dəvə arasında bir "ayvə", bir ördəkburun ilə bir hippopotam arasında "ördburtam" olması lazım olduğu düşünərək sәhvlәrә yol verirlər.

İki canlı düşünək: Onları A və C deyə adlandıraq. Bunlar arasında bir keçid növü axtarırıq (bunlar, bir-biriylə qohum canlılar olsun, məsələn, "Hominoidea"dən olan Homo habilis ilə müasir insanlar Homo sapiens). Minlərlə alimin səyi nəticəsində və illərlə davam edən araşdırmalardan sonra yaradılışçıların qəribə xəstə bir sevgi bəslədikləri və böyük bir arzu ilə istədikləri və alimlərin dә maraqlandıqları bir B "ara növü" (Homo erectus kimi) tapılmış olsun. Ancaq onlar dayanmayacaqlar: A və B arasındakı vә B və C arasındakı keçid növünü də istəyəcəklər. Onlardan bir qismini tapdığınızda yeni açılan boşluqlara əsaslanıb daha yeni keçid növləri istənməyə başlanacaq. Bu sonsuza qədər belə davam edəcək.

Bu iddia sahiblərinin düşüncələrinə əsasən, mutasiya keçirib fərqli xüsusiyyət qazanmaq gözləri alnında, qulaqları boyunlarında olan insanlar kimi qəribə məxluqlar olmaq deməkdir və zamanla gözlər və qulaqlar hərəkət edərək müasir insandakı yerini almalıdır. Üstəlik, bütün bu proseslərin sübutu olaraq fosillər tapılmalıdır. Lakin iddia edildiyi üzrə ara keçid canlıları assimmetrik və patoloji xüsusiyyətlər daşımırlar. Bu, Təkamül nəzəriyyəsinin mexanizmləri ilə belə ziddir. Belə anormal strukturlara sahib canlıların həyatda qalma və törəmə şansları yoxdur. Çünki Təkamül nəzəriyyəsinin mexanizmləri daxilində ara keçid canlıları tək-tək fərdlər deyil, bütün bir populyasiyadır (Populyasiya-müəyyən bir yerdə və müəyyən zamanda yaşayan, bir-biriləri ilə cütləşib nəsil artıra bilən, eyni növ canlılardan ibarət olan fərdlər birliyidir). Lakin eyni mexanizmlərə görə bu nadir fərdlər mövcud olsa belə nəsillərini artıra bilməyəcək və məhv olacaqlar. Yəni bu fərdlərlə eyni xüsusiyyətə və genetik struktura malik populyasiyalar yaranmayacaq. Təkamül nəzəriyyəsi daxilində ara keçid formalarının bu kimi xüsusiyyətlərə sahib olması barədə heç bir iddia yoxdur və əksinə olaraq hər bir ara keçidin tamamilə normal bir fərd olduğu və bu fərdlərin populyasiyanın bir üzvü olduğu deyilir. Eynilə sizin babanızla sizin aranızda ortaq xüsusiyyətlərinizi daşıyan atanız kimi bütün ara keçid canlıları tamamilə normal canlı strukturlarına malikdirlər. Əgər sizin qohumlarınız arasında tək bir şəxs bu kimi anormal xüsusiyyətlərə sahib olsa evlənib nəsil artırması olduqca çətin olacaq və böyük ehtimalla baş verməyəcək. Burada ağla bir sual gələ bilər: Bu kimi xüsusiyyətə sahib insan fərdinin nəsil artırma şansı varsa təbiətdəki hər hansı bu kimi canlıya niyə rast gəlinmir? Cavab sadədir: Biz təbii mühitdə yaşamırıq və bizim həyatımıza təzyiq göstərən faktorlar təbii mühitdə yoxdur və əksinə təbii mühitdə təzyiq göstərən faktorlar bizim həyatımızda aktiv deyil. Məsələn, əlilliyi olan bir insan evlənib övlad sahibi ola bilər. Amma təbiətdə axsaq bir maral ovçudan qaça bilmədiyi üçün məhv olar və nəslini artıra bilməz.

"Fliogenetik ağac" terminini anlamayan insanlar hər bir canlı arasında bir keçid növü axtarırlar. Bu yanlış düşüncənin təməl qaynağı təkamülü bir "zəncir" olaraq düşünməkdir. Hər canlının daha əvvəlkilərə bir zəncir kimi xətti bir şəkildə bağlandığı düşünülür, daha doğrusu, yaradılışçılar tərəfindən vəziyyət belə izah edilir və belə önə sürülür. Bu doğru deyil. Təkamül bir "ağac" şəklində təsvir edilir, növlər bir-biriylə bir "zəncir" şəklində deyil, bir "ağac" şəklində əlaqələndirilir.

Bir-birindən müxtəlif maneələrlə və ya üsullarla ayrılan, ayrılmadan öncə də eyni növə aid olan fərdlər (daha doğrusu, fərd qrupları) ayrılmadan sonra məruz qaldıqları fərqli ekoloji faktorların təsiri altında fərqli istiqamətlərə doğru təkamülləşərək növləşirlər və artıq bir-birləriylə cütləşə bilməyəcək qədər fərqliləşdiklərində "təkamül keçirmiş" olurlar. Ancaq bu yoldakı hər atdıqları addım onsuz da təkamülün özüdür. Beləcə, növlərə aid populyasiyalar az əvvəl açıqladığımız ayrılmalardan ötəri zaman içərisində iki və ya daha çox növə ayrıldığından ötəri budaqlanan bir ağac fiquru şәklindә qarşımıza çıxır, bir zəncir deyil. Müəyyən populyasiyaların ayrılması nəticəsində daim budaqlanaraq genişlənən vә böyüyәn bir ağac.


Bu insanların yanıldığı nöqtə fosilləşmə şərtlərini bilməmələri və əslində təməldə təkamülü qəbul etmək istəməmələridir. Bəli, hər iki nöqtə arasında bir keçid növü vardır, ancaq geologiyada istifadə edilən bu statistika unudulmamalıdır:

Təxminən hər 1 milyon fərdi olan bir populyasiyanın statistik olaraq yalnız bir fərdi fosilləşir. Yəni keçmişdə yaşamış hər 1 milyon canlıdan statistik olaraq yalnız 1 ədədi fosil halındadırr. Sadəcə canlının fosilləşməsi önəmli deyil, bizim bu fosilləri kəşf etməyimiz də lazımdır. Həmçinin bu fosillər günümüzə qədər öz formalarını qoruyub saxlamalıdırlar. Bu faktorlar da hesaba alındıqda bir fosil tapmaq, xüsusilə, spesifik olaraq tələb olunan bir fosili tapmaq riyazi baxımdan çətin və bəzən də qeyri-mümkündür. Əgər iddia edildiyi kimi bütün canlılar eyni anda və əksiksiz var olmuşlarsa bunu isbat etmək çox asandır: qədim bir geoloji təbəqədən təkamül nəzəriyyəsinə görə orada olması imkansız olan bir canlının fosilini tapmaq. Təkamülə qarşı çox güclü bir dəlil ancaq və ancaq yanlış coğrafi təbəqədә tapılmış bir fosil ola bilər. J.B.S. Holdeynə təkamülə qarşı ən güclü dəlili soruşduqda "Kembri dövrü öncəsindən fosil dovşanlar! " -deyə cavab vermişdi. Hələ ki, belə bir "dovşan" tapılmayıb.

Mutasiyalar

Ara keçidlər bir sonrakı və bir öncəki canlının xüsusiyyətlərini ehtiva etdikləri üçün yeni canlı növlərindən ibarətdirlər. Əslində, ara keçidlərin atası olan canlılar da onlardan əvvəlki canlılarla arakeçidlər arasında bir ara keçiddirlər. Eyni misalla izah etsəm, sizin ulu babanızla sizin aranızda yaşamış bütün fərdlər ara keçiddir və bir-birlərindən fərqləndikləri qədər ortaq xüsusiyyətlərə də sahibdirlər. Hər nə qədər bənzəsələr də yeni bir fərddirlər. Eynilə ara keçidlər də belədir. Hər bir canlını özündən bir öncəki canlıdan kiçik fərqliliklər ayırır, lakin bu birdən-birə, bir nəsil müddətində deyil, uzun zaman ərzində baş verir. Yəni yeni bir növ bir ara keçiddir və bir anda siçanın filə çevrilməsi və ya dənizdə yaşayan canlının quruya çıxıb qaçmağa başlaması bir anda baş vermir. Növləşmə Bioloji Növ Tərifi daxilində sonradan "ortaq əcdad" olaraq xatırlanacaq olan bir qrup canlının müxtəlif mexanizmlər daxilində bir-birləriylə cütləşə bilməyəcək qədər dəyişmələri nəticəsində, öz içlərində cütləşə bilən ancaq digər canlı qruplarıyla məhsuldar döllər verə bilməyən, iki və ya daha çox yeni canlı qrupunun meydana gəlməsi deməkdir. Bu növyaranma mexanizmlərinə Allopatrik növləşmə (fiziki baryerlərlə ayrılma), Simpatrik növləşmə (mühit xüsusiyyətlərinə görə fərqliləşmə - çox xromosomluluq (polyploidy) deyilən yanlış kopiyalanma kimi genetik bir faktordan qaynaqlanır), Peripatrik növləşmə (köç etmək), Parapatrik növləşmə (heterozigot fitness kimi səbəblərdən qaynaqlanan populyasiyaların qarışmaması) daxildir. Daha spesifik olaraq yeni növlərin əmələ gəlməsində isə Təbii Seçmə, Süni Seçmə, Cinsi Seçmə, Qohum Seçməsi, Qrup Seçməsi, Gen Axışı, Genetik Sürüklənmə, Mutasiyalar, Xromosomal Gen Dəyişikliyi, Transpozonlar, Plazmidlər, Üfiqi Gen Köçürülməsi kimi 20-dən çox təkamül mexanizmi məsuldur. Lakin nədənsə bu mexanizmlərdən xəbərsizmiş kimi sadəcə mutasiyalar üzərində durulur və “Baxın, təkamülçülər hər şeyin təsadüf olduğunu deyir!”, “Təkamül mutasiya deməkdir!” kimi boş iddialarla öz fikirlərincə Təkamül nəzəriyyəsini “çürüdürlər”. Bilməniz lazımdır ki, mutasiyalar təkamül prosesinin çox kiçik bir hissəsini ehtiva edir və təkamül nəzəriyyəsi sadəcə mutasiyalara bağlı deyil, mutasiyalardan daha funksional mexanizmlər vardır. Mutasiyalar təkamülə səbəb olmurlar, sadəcə, çeşidlilik yaradan mexanizmlərdən biridir. Digər mexanizmlər isə Genetik sürüklənmə və Gen axışıdır. Mutasiyaların qısavədəli ən böyük təsiri müşahidə olunan fakt isə variyasiyadır. Mutasiyalar, xromosom rekombinasiyaları və krosingover(Krosingover-meyoz bölünmə zamanı xromosom hissələrinin dəyişməsidir) variyasiyanın səbəbləridir. Variyasiya isə öz növbəsində təkamül üçün xammal sayılır. Mutasiyalar neytral (70-90%), zərərli (8-25%) və xeyirli (2-5%) olmaq üzrə üç yerə bölünür və fərdin mühitə uyğunlaşma müvəffəqiyyətinə təsir edir. Bir çox mutasiya neytral olsa belə zamanla bu neytral mutasiyalar yığılaraq fərdlərdə dəyişiklərə səbəb olur. Yararlı mutasiyaların adətən, 5-10%-lik təsiri olsa da faydalarının sərhəddi yoxdur, zərəli mutasiyaların bir sərhəddi var: ölüm. Yararlı mutasiyalar 1600%-lik təsirə malik ola bilsə də zərərli mutasiyalarda bu maksimum 100%-dir ki, bu da ölümlə nəticələnir. Mutasiyaların populyasiya daxilində təsiri və yayılması Herdi-Veynberq tənliyi ilə riyazi olaraq modellənir. Hər nə qədər mutasiyaların 90%-nin zərəli olduğu fikri ilə yanaşı çox nadir olaraq baş verdiyini eşitsək də bu ifadə doğru və tam deyil. Doğru ifadə “Nukleotid sayına uyğun baş verən mutasiya sayı çox azdır” formasındadır. İnsanda milyonlarca hüceyrə və bu hüceyrələrin daxilində nukleotidlər (3200000000 ədəd) vardır. İnsanlarda tək nukleotid üzərində mutasiya baş verməsi üçün hüceyrənin 4000000 dəfə mitoz bölünməsi lazımdır. Halbuki, bir insanda bu say 10 katrilyondur. Hesablamar göstərir ki, bir insanda ortalama ömür müddəti boyunca 100 milyon – 10 milyard arası sayda mutasiya baş verir. Bunların çoxu gen düzəltmə mexanizmləri vasitəsi ilə düzəldilsə də bəzi mutasiyalar gözdən qaçır və dəyişikliklərə səbəb olur. Dəyişiklərin nəsildən-nəsilə ötürülməsini isə kəpənək efekti kimi ələ ala bilərik. Bir nukleotiddə baş vermiş və gen mexanizmləri tərəfindən gözdən qaçırılmış mutasiya digər baş verəcək mutasiyalarla birlikdə uzun zaman dilimində dəyişikliklərə səbəb olur. Yəni ani bir mutasiyaya uğradığımız anda 5 başımız, 8 ayağımız çıxmayacaq. Valideynlərimizdən 56-160 mutasiya qədər fərqlənirik və bu, heç də baş vermiş kimi görünmür. Əgər mutasiyaların çoxu zərərli olsaydı, bu gün insan deyə canlı növü yaşamazdı. Faydalı mutasiya olaraq isə tetraxromasiyaya malik olaraq digər insanlardan daha çox rəng çalarını görməyi arzu edə bilərsiniz.

Bəs mutasiyaların təsirlərini zamanda geriyə doğru baxaraq necə təyin edirik? Məsələn, bizi şimpanzelərlə, qorilllarla, neandertallarla ortaq atamızdan ayıran mutasiyalar hansılar idi? Bunun üçün molekulyar saat adlı metod istifadə edilir. Molekulyar saat müəyyən edilmiş bir protein ailəsinin (məsələn, ribosom) içində sabit nisbətdə amin turşusu yaranmasından yola çıxır və iki növ arasındakı dissosiasiya dərəcəsini müəyyən etmək üçün istifadə edilən molekulyar təkamül analizi üsuludur. Zülalları yaradan amin turşularının genlərdəki kodlarına baxaraq baş vermiş mutasiyalardan qaynaqlanan genetik fərqliliklərə əsaslanaraq bir növün digər növdən nə zaman ayrıldığı, bu növlərin nə qədər fərqləndiyi və oxşar olduğu müəyyən edilir.

Misal üçün, genlər alfa-qlobin zülalını (hemoqlobinin bir komponenti) kodlayır və hər milyard ildə hər bağ cütü (DNT və RNT üzərində olan və bir-birlərinə hidrogen rabitəsi ilə bağlanan nukleobağlar) 56 dəyişikliyə məruz qalır. Bu nisbəti və genetik kodlamadakı dəyşiklikləri nəzərə alaraq növlərin nə zaman ortaq atadan təkamül etdiklərini, yəni ayrıldıqlarını deyə bilərik. Təsəvvür edin ki, hər hansı iki növdə olan DNT zəncirində ümumilikdə 4, hər bir növün DNT zəncirində isə 2 fərqli bağ var və bu genlərin üzərində aparılmış genetik araşdırmalar nəticəsində bilirik ki, bir bağın dəyişmə müddəti 25 milyon illik zaman dilimində baş verir. Bu o deməkdir ki, bu DNT-lər 100 milyon illik təkamül prosesi nəticəsində formalaşıb, fərqliləşiblər və onların ortaq atası 50 milyon il öncə yaşayıb.

“Mükəmməl” kainat, təbiət, canlılar və strukturlar

Adətən kainatın, canlı aləmin mükəmməlliyi haqqında çox danışılır. Mükəmməllik o “təsadüflə” izah edilməyəcəyi üçün onun yaradılmış olduğu qənaətinə gəlinir. Məsələn, "Hüceyrəyə baxın! Gözlə görünməyəcək qədər kiçik olmasına baxmayaraq bir bu qədər orqanoid ehtiva edir. Qarmaqarışıq bir sistemi var. Bu, birdən birə ortaya çıxa bilməz, yaradılmışdır. Yaxud "Kainatda çox incə nizam, dəyərlər var. Bu dəyərlər başqa qiymətlərə malik olsaydı kainat var olmazdı və biz də yaşamayacaqdıq." Halbuki, müasir elm sayəsində hər bir strukturun da yaxşı formada ola biləcəyini bilirik. Məsələn, 20-30 il öncə məkanın yükünün 0 olduğu düşünülürdü, çünki yaşamaq üçün əlverişli olan kainat belə bir dəyərə malik olmalı idi. Lakin bu gün bu yükün 0 olmadığı və kanatımızın yaşamaq üçün ən pis kainatlardan biri olduğunu bilirik. Nümunələri artırmaq mümkündür. Bu kimi ifadələr standart şablonlar üzərində qurulur. Görə biləcəyiniz üzrə hamısı eyni və aşağıdakı formadadır:

1) Bir X faktor nəzərdə tutulur (hüceyrə, canlı, kainat, qalaktikalar və s.)

2) X faktorunun daxil olduğu sistem nəzərə alınır (hüceyrənin iş forması, canlıların sistemləri, kainatın quruluşu, qalaktikaların hərəkətləri və s.) X faktorunun iş qabiliyyəti, müəyyən bir mürəkkəblik səviyyəsində olduğu və işini bu komplekslikdə davam etdirə bildiyi üçün mükəmməl olaraq adlanır. Elmdən azacıq olsa belə anlayışı olan hər kəsin görə biləcəyi üzrə burada totoloji bir məntiq səhvi var: Mövcud bir sistem o andakı iş qabiliyyətinin mürəkkəbliyindən dolayı nümunə olaraq verilir və eyni mürəkkəblik səbəb göstərilərək qüsursuz olduğu iddia edilir. Bu arqument qarşısında ediləcək hər etiraza "Necə olursa olsun, bu şəkildə işlədiyi üçün mükəmməldir." - deyə bir cavab alacaqsınız. Və maraqlısı da odur ki, bu kimi arqumentlərdə hər zaman son nəticə ələ alınır. Məsələn, təkamül nəzəriyyəsi daxilində canlının o formaya necə gəldiyi gözardı edilib son halı - günümüzdəki forması önə sürülür. Ya da kainatın, spesifik olaraq isə öz Günəş sistemimizin son halı nəzərdə tutulur. Yaxşı, bəs bu sistemlərin son hala, yəni bizim yaşadığımız zamana görə nəticə olaraq adlandıracağımız proseslərin işləyiş şəkli, xaotikliyi, xaosu necə olsun? Həqiqətən də hər şey gördüyümüz kimidir? Kainatda qüsursuz olan heç bir struktur yoxdur. Bu bəlkə çaşdırıcı gələ bilər. Ancaq qüsursuzluq və mükəmməllik bir anlayış olaraq insanın mədəni təkamülü əsnasında inkişaf etdirdiyi bir xarakteristikadır. Mükəmməllik şəxsdən-şəxsə fərqli olan, subyektiv bir xarakteristikadır və universal, ümumi bir mənası ola bilməz. Üstəgəl, demək olar ki, insanların hamısı proseslərin xaotik işləmə prinsipini görmədiyi üçün hər şeyi nizam olaraq anlayır. Məsələn, Yer Günəşdən bəlli bir məsafədən uzaqdadır, əgər bu məsafə daha yaxın və uzaq olsaydı həyat var olmayacaqdı, deməli, Yer burda bizim yaşamağımız üçün dizayn edilib. Platonun Yer mərkəzli kainat ideyasının günümüzdəki adaptasiyası olan bu düşüncədə bəlli bir səbəb-nəticə xətası var. Doğurdanmı, biz burada yaşayaq deyə bu yaşıl planetimiz bu kosmik mövqedə dizayn edildi? Bəlkə tərsinə düşünüb Yer burada yarandığı, həyat üçün lazım olan şərtləri 5 milyard illik xaotik proseslər sayəsində qazandığı üçün həyat yaranmış və təkamül etmiş, nəticədə bu arqumentləri təbiətin işləyiş formasından anlamayan və bu arqumentləri önə sürən bizlər var olmuşuq? Hadisələrə düzgün tərəfdən baxdığımızda olan da budur. Yerdən başqa Kepler teleskopu ilə kəşf etdiyimiz və həyata yararlı olan sahələrdə var olan minlərlə planetin var olduğunu bilir və bu planetlər son illərdə teleskopların müşahidə gücünün artırılması ilə kəşf edilib. Təsəvvür edin, kainatda 300-500 milyard nəhəng qalaktika var və bu rəqəmə kiçik qalaktikalar daxil deyil. Biz 10-larla qalaktikaya baxıb minlərlə həyata yararlı sahədə olan planet kəşf etmişik və hələ milyardlarla qalaktikada nə qədər bu kimi planetlərin olduğunu bilmirik. Demək, sadəcə bir planetin həyata yararlı bölgədə olması həyat var olacaq demək deyil. Çünki düşündüyümüzn əksinə olaraq bir nəticənin (bu halda həyat) yaranması üçün sonsuz deyilə biləcək sayda xaotik səbəblər vardır və günümüzdə bunu fizika və riyaziyyat xaos nəzəriyyəsi ilə ortaya qoyur və sübut edir. Məsələn, Günəş sisteminə baxdıqda həqiqətən də "nizamlı" və " qüsursuz şəkildə işləyən" bir struktur, mexanizm görürük. Lakin elə buradaca ilk səhvi edərək bir şeyi gözdən qaçırırıq: zaman. Günəş sistemi kainatdakı istisnasız hər fakt kimi daimi dəyişən və bu günə qədər də hər zaman fasiləsiz dəyişmiş bir sutrukturdur. Günəş sistemi (və ya hər hansı bir sistem) kainatın var olduğu andan bəri olduğu halda və formada deyildi. Hətta kainat var olduqdan 9 milyard il sonra Günəş sisteminə dair heç bir iz də yox idi. 4.5 milyard il qədər əvvəl başqa bir ulduzun ölməsi ilə yaranan Günəş sistemi min bir xaotik proseslərdən keçərək zaman içərisində enerjinin paylanması ilə birlikdə daha sabit hal aldı və milyardlarla qalaktikada milyardlarla günəş sistemi, milyardlarla planet kainat var olduqdan bu yana eyni astronomik təkamül prosesindən keçib və keçməkdədir. Milyardlarla planetdən birində həyatın olması dizaynı deyil, xaotik proseslərin öngörülməz nəticələrini göstərir. Hər şeyi bir kənara qoyaq, ulduzlar ölməsəydi bu gün biz var olmazdıq. Bir gün bizim Günəşimiz də öləcək və bəlkə də başqa bir planetdə həyatın yaranması üçün lazımi xammala çevriləcək və bizim yaşıl yuvamız məhv olacaq. Bütün bunların dizaynla uzaqdan-yaxından əlaqəsi yoxdur. Tamamilə, içində bolca ehtimal ehtiva edən təbii proseslərdir. Bunlar elmdən anlayışı olmayan insanların təbirincə təsadüf adlanır, amma bütün bu proseslər bağda yemək yediyiniz zaman düşəcək o qədər yer olduğu halda yeməyinizə düşən yarpağın düşüşü qədər təsadüfidir. Bu, öngörə bilmədiyimiz bir nəticə - təsadüf olsa da tamamlə fiziki qanunlar daxilində baş verir. Buna Yerdə həyatın olması da daxildir. Milyardlarla planetdə milyardlarla xaotik proseslərin nəticəsində Yerdə həyatın olması sadəcə şansdır (amma qanunlar çərçivəsində mikyardlarla faktorun təsiri nəticəsində baş verən şans) və biz bir hüceyrədən təkamül etmiş ağıllı varlıqlar olaraq bu prosesləri anlamadan hər şeyi ilahiləşdirməyə meyilliyik. Hal-hazırda "fırtına öncəsi sakitlik" dövrümüzdəyik. Çünki Kainatda heç bir şey nizamlı olaraq daimi qala bilməz, hər şey nizamsızlığa məhkum olacaq. Ən nizamlı və sabit sistem belə kainatın ən yaxşı ehtimalla "buz kainat" halına keçməsiylə, yəni temperaturun mütləq temperatur olaraq adlanan olan -273 dərəcəyə çatmasıyla birlikdə "mükəmməllik" xüsusiyyətini itirəcək. Çünki bu gün "mükəmməl" deyə xarakterizə edə bildiyimiz heç bir funksiyasını davam etdirə bilməyəcək. İnsan orqanizmini nəzərə alsaq heç bir orqanın mükəmməl olmadığını və mükəmməlliyin tamamilə subyektiv olduğunu görərik. İnsan ürəyi "mükəmməl" görünsə də süni olaraq yaradılmış və daha yaxşı olan ürəklər mövcuddur. Və ya bir insan fiziologiya sahəsində araşdırma edib böyrəkləri araşdırarkən "çox düzgün işlədiyi üçün mükəmməl" bir orqan olduğunu düşünə bilər. Eyni böyrəyi araşdıran bir başqa elm insanı isə yalnız "vəziyyətdən xilas olmaq üçün" əlavə olunmuş bir orqan olduğunu düşünə bilər. Çünki böyrəklər digər bütün orqanlar düzgün işləsəydilər (məsələn, su itkisinin qarşısını ala bilsədilər) tamamilə gərəksiz orqanlar olacaqdı. Mükəmməlik iddialarına daha çox mikroölçülərdə rast gəlmək olur. Məsələn, zülal yaranma hesabları, mexanizmləri tamamilə mükəmməl hesab edilərək yaradılışa dəlil göstərilir. Bir hüceyrə ələ alınır və deyilir: “Baxın, bu hüceyrənin bir orqanoidi olmasa hüceyrə funksiyasını itirər.” Bu iddia hər nə qədər doğru görünsə də elmdən anlayışın olmaması hər zaman elmdən kənar olub elmi müstəvidə iddia edənlər üçün dezavantaja çevrilib. Götürək elə hüceyrə nümunəsini. Bu gün müasir genetik araşdırmalar nəticəsində hüceyrənin əsas orqonoidlərdən biri olan və hüceyrədə olmayacağı zaman hüceyrənin enerji qaynağının kəsiləcəyi mitoxondrinin özünəməxsus ribozom, RNT və DNT-si olduğunu ortaya qoymuşdur. Və bunlar tamamilə bir bakteriyanın genetik quruluşuna bənzəyir. Bu o demekdir ki, mitoxondri əslində bir bakteriyadır, yəni bizim hüceyrələrimiz eukariot, mitoxondri isə prokariot hüceyrəsidir. Bunu təkamül nəzəriyyəsinin daxilində yer alan və həyatın ilk mərhələsini izah edən nəzəriyyələrdən biri olan Endosimbioz nəzəriyyəsi açıqlayır. Bu nəzəriyyəyə hüceyrə orqanoidləri olan mitoxondri və plastitlərin mənşəyini izah edir. Nəzəriyyəyə əsasən eukariot hüceyrələri birgə davranan prokariot hüceyrələrindən yaranmışdır və mitoxondri ayrı yaşamış bir bakteriya olaraq zamanla hüceyrə içinə nüfuz edərək onun enerji mənbəyinə çevrilmişdir. Yaradılış düşüncəsinin mitoxondrinin hüceyrə içinə daxil olmadan öncə hüceyrənin o mükəmməl qurluşunu izah etdiyini kimsə görə bilməz və görməyi də ümid etməyin. Çünki bir qayda olaraq yaradılışçılar hər zaman hər hansı bir strukturun son halını ələ alaraq bu strukturun təsadüfən yaranmadığını təkid edirlər. Əlbəttə ki, onların anladıqları formada olan təsadüflə yaranmadı! Çünki yaradılış düşüncəsindəki təsadüflər kimi yaranış (hüceyrənin bütün son halda olan orqanoidlərinin bir anda bir araya gəlməsi) sadəcə yaradılışçıların var olduğunu iddia etdikləri dizaynerə malikdir. Təkamül nəzəriyyəsinə görə isə hər bir struktur zamanla pilləli olaraq təkamül etdi. Siz hüceyrəni alıb, mitoxondri çıxardığınız zaman hüceyrənin məhv olması təkamül nəzəriyyəsinə qarşı dəlil deyil. Çünki onsuz da təkamül nəzəriyyəsi bütü orqanoidlərin zamanla qarşılıqlı təkamül etdiyini önə sürür, yəni mitoxondrinin təkamülünü nəzərə almaq bəs deyil, bütün hüceyrə arqonoidlərinin təkamülü nəzərə alınmalıdır. Sadəcə bunlar da deyil. Arqumentlərdə daha irəli gedərək DNT, RNT və zülalların mükəmməl quruluşda olduqları, yenidən yaradıla bilinməyəcəkləri və əvəz edilə bilinməyəcəkləri ortaya atılır. Üstəgəl, bütün bunlar təsadüfə bağlanılır və 1/2 üstü 500 kimi bir rəqəm ehtimal olaraq ortaya atılır. Təbii ki, bu hesablamaları edib iddiaları irəli sürən insanlar nə qədər savadlı görünməyə çalışsalar və orta məktəb riyaziyyatı və digər fənn bilikləri ilə akademik bir səviyyədə olan nəzəriyyələrə qarşı heç bir şansları yoxdur. Əlbəttə, bu kimi insanların iddiaları cansız maddələrdən at, inək kimi canlıların laborotoriya şəraitində yaradılmasını tələb edəcək qədər gülünc olmanın sərhəddini aşa bilmir. Bu gün laboratoriyalarda hüceyrənin DNT-i çıxararaq tamamilə sintetik DNT ilə əvəzləyib, RNT molekulunun lazımlı şərtlər altında yarandığını (yaranma ehtimalı bir meymunun təsadüfi düymələrə basaraq bir cümlə yazmasına bərabərdir) və təkamülləşdiyini təcrübələrlə isbat edib, cansız molekullar istifadə edərək təbii şərtlər daxilində üzvi molekullar əldə edib onların zülal sintezi kimi mexanizmləri idarəsiz olaraq icra etdiyini və okeanlarda sualtı bacalarda üzvi strukturların təbii mühitdə yarandığını müşahidə edə bilirik.

Xülasə

Təkamül Nəzəriyyəsi illərin sınağından çıxmış, elm dünyası tərəfindən qəbul edilmiş və çoxlu sayda və növdə, həmçinin müxtəlif elm sahlərində elmi dəlillərlə dəstəklənən bir nəzəriyyədir. Bu nəzəriyyə yaradılıçıların önə sürdükləri əsassız “ Mükəmməl Dizayn” fikirləri kimi sadə və əsassız fikirlər bütünü, bir canlının ən son halına baxaraq “Baxın, necədə mükəmməldir!” kimi baş aldadıcı, lakin elmi arxaplanı olmayan şüarlara əsaslanaraq ortaya qoyulmuş bir saxta elm cərəyanı deyildir. Təkamül Nəzəriyyəsi 150 –li ildən çoxdur ki sınanır və bütün sınaqlardan uğurla çıxır. Günümüzdə Tibb sahəsində, Genetika elmində, Molekulyar Biologiya sahəsində, dərmanların istehsalında Təkamül nəzəriyyəsi geniş istifadə olunmaqdadır. Elmin məqsədi və qayəsi də məhz insanlığa xidmət, dünyanın sirlərinə vaqif olmaqdır. Lakin elm bütün bunları kənardan obyektiv olmayan müdaxilələrə mane olaraq həyata keçirir. əsassız iddialarla süni şəkildə elmi təhrif edərək, ortaya “fikir yığını” ataraq elmi bir şeylər etdiyini düşünən insanlar sadəcə cahilliklərindən belə xəbəri olmayan insanlardır və tarix boyunca bu kimi insanlar bəşəriyyətin inkişafı üçün sadəcə mane olmuş və ən sonda elm qalib gəlmişdir. Saf elm özündə gözəllik, harmoniya, vəhdət, dəlillər, test etmə qabiliyyəti ehtiva edir. Bu irearxiyanı pozmaq mümkün deyildir. Onsuz da elm hələ cavandır və öz çiçəklənmə dövrünü yeni-yeni yaşayır. Özünü bərpa funksiyasına sadiq qalaraq inkişaf edir. Elmi təhrif edərək bir şeylərə nail olmaq istəyən insanlar sadəcə öz məqsədlərini güdürlər. Təkamül nəzəriyyəsi də saf elmin bir parçasıdır və günü-gündən daha da təkmilləşir. Yuxarıda sayılan bütün elmi dəlillər, elmi faktlar bu nəzəriyyəni təsdiq edir və irəli götürür. Təbii ki, bu kimi tək və qısa yazılarla elmi bir nəzəriyyəni anlatmaq və bütün mexanizmlərini izah etmək mümkünsüzdür. Lakin ən azından insanların beynində olan yanlış təkamül imicini düzəltmək olar. Təkamül hər zaman var olub və olacaq. İnanmayaraq və qəbul etməyərək bu həqiqəti dəyişməyi bacaracaqlarını düşünənlər isə digər nəzəriyyələrə inanmayaraq təbiət qanunlarını “alt-üst” etməyə cəhd edə bilərlər.

# 2121 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #