Bu fotolar olmasaydı uşaqlar hələ də qul idi

Bu fotolar olmasaydı uşaqlar hələ də qul idi
21 fevral 2017
# 11:45

“İki iş vardır ki, özümü onlara sərf etmək istərdim. Mən dəyişilməli və layiqincə dəyər verilməli olan bəzi şeyləri göstərməyə çalışıram.”

Tarixdə itirilmiş minlərlə insan, nəsillər bəzən təsadüfi kadrlarda, kitab səhifələrində ilişib qalır…

Amerikan fotoqraf və sosioloqu Luis Hayn (Lewis Hine, 26.09.1874-3.11.1940) Oşkoşda (Viskonsin ştatı) doğulub, yerli məktəbi bitirdikdən sonra Çikaqoda universitetdə təhsilini davam etdirir, daha sonra sosiologiya üzrə Nyu-Yorkda magistr dərəcəsinə yüksəlir.

Ali təhsilini tamamladıqdan sonra Etika Mədəniyyəti Məktəbində müəllim kimi dərs deməyə başlayır. Bu illərdə məktəb həyatı ilə bağlı həvəskar fotolar və illüstrasiyalar çəksə də, məqsəd fotoqrafiyanın sirlərinə dərindən yiyələnmək idi.

Yəhudi-slavyan gettosunda botanika müəllimi işləyərkən Luis Hayn immiqrantların Amerikada mühacir həyatı ilə yaxından tanış olur. Bu dövrdə yoxsulluq və səfaləti lentə alan fotoları əsrin əvvəllərinin real mənzərəsi və insan həyatının “dəyəri” baxımından əvəzsiz qiymətlidir. Müəllimlik fəaliyyətini dayandıran Lewis Hine “National Child Labor Committee”də (“Uşaq Əməyi Milli Komitəsi”) fotoqraf işləməyi qərara alır. Onun estetik və daha çox isə siyasi gücə malik fotoları ilə silahlanmış bu təşkilat ABŞ tarixində ilk dəfə uşaq əməyi, yeniyetməlik yaşına çatmamışların istismarına qarşı ciddi mübarizəyə qalxır.

Fotolar həm də öz həyatı idi. Kiçik yaşlarından fabrikdə çalışan Luis Hayn qədər heç kim bu çətinlikləri anlaya bilməzdi. Hər şey onun ətrafında baş verirdi. Bəlkə də ona görə uşaqlıqdan məhrum balacaların həyat faciələrinin dəhşətlərini fotolarında göstərə bilmişdi.

1908-ci ildən 10 il müddətində şəxsi qalereyasında fəaliyyət göstərir. Sosial sənədli əsərlərinin toplandığı qalereyanı lakonik “İtirilmiş nəslin qalereyası” adlandırırdılar. Luis bu fotolarla gənc işçiləri əbədiləşdirdi: kömür mədənlərində çalışan, zibil yığan qulluqçu, toxucu, satıcılar, yükdaşıyan günəmuzd “hambal”, yanğınsöndürənlər və qəzet satan küçə uşaqları.

Bir müddət sonra kömürçülərin həyatından sosioloji tənqidi araşdırma aparır. “Pitsburqu gözdən keçirərkən” rubrikasından fotolarda tibbi şərtlər və qoruyucu tədbirlərsiz iş şəraiti, sıradan sakinlərin çətinlikləri, ani sevinci və daimi narahat həyatı, hətta ölüm anlarının kadrları var.

1912-ci ildə fotoqrafın uşaq əməyinin ekspluatasiyasını (istismarını) göstərən fotolar seriyası Amerikanı sarsıtdı. Bu şəkillərdə cırıq-sökük paltarlarda, ağır işdə çalışan, yetkinlik yaşına çatmamış uşaqlar, gözlərində ümid sönmüş, vaxtından əvvəl qocalmış görkəmlər vardı. Kəskin illüstrasiyalarla müəllif amerikan uşağının həyat tərzini, amerikan tarixinin bir mərhələsini verirdi.

Təbii ki, sahibkar təbəqə oxşar növbəti fotoların çıxmasının qarşısını almağa çalışırdı. Haynı hədələyir, çox vaxt zavod və fabriklərin ərazisinə buraxmırdılar. O, isə müxtəlif yollarla – sənaye fotoqrafı, sığorta agenti, rahib cildində bu yerlərə daxil olurdu.

Hayn fotolar çəkmir, həm də ünsiyyət saxlayırdı. Uşaqlar bəzən öz həyatlarını ona danışırdı. Qeydlərində onların sağlamlığı, adətləri haqda, uşaqların boyunu gödəkcəsinin düymələri ilə necə ölçdüyünü də yazırdı.

Bir neçə foto və belə qeydlər əsasında kiçik yazılar hazırlayır:

“Yük daşıyan Ouens. 12 yaşında. Oxumağı bacarmır. Əlifbanı bilmir. Deyir: ”Bəli, mən oxumaq istəyirəm, amma mümkün deyil, bütün günü işlə məşğulam.” 4 ildir ki, fabrikdə işləyir. “

“Bəzi qızlar və oğlanlar o qədər balaca idilər ki, toxucu dəzgahının üstünə dırmaşmağa məcbur idilər.”

“İşçilərdən biri tekstil fabrikində işləyir. Bəzən gecələr işləməyə məcburdur. Bütün işləri 48 sentə günəmuzd yerinə yetirir. Ondan yaşını soruşanda başını yellədib: “Yadıma gəlmir.” cavabını verir. Sonra yenə danışır: “İşə görə kifayət qədər yaşım yoxdu, ancaq böyüklərdən pis görmürəm”. Burada 50 işçidən 10 uşaq onunla eyni yaşda olardı.”

Bu faktlar kifayət etdi ki, məhdud və uşaq əməyinin faydalı tərəfləri haqda kapitalist düşüncə tərzinin yaratdığı illüzor fikirləri alt-üst etsin. Hayn qarşısına qoyduğu məqsədinə çatdı – tezliklə uşaq əməyinin müdafiəsi ilə bağlı qanun qəbul olundu.

1909-cu ildə fotoqraf «Child Labor in the Carolinas» (“Karolinada uşaq əməyi”) və «Day Laborers Before Their Time» (“Növbədən əvvəl işçilərin günü”) kitablarını çap etdirir. Bu ilkin nəşrlər tamamilə azyaşlıların probleminə həsr olunmuşdu.

“Yeniyetmə kömürçülər kömürqırıcı maşının içində”, “Karolina toxuculuq farikindəki əyirici qız” – bu kadrlarda uzunmüddətli sağlamlığa təhlükəli sayılan sənayenin iş rejimində saatlarla çalışan 7 yaşlı uşaqlar ordusu təsvir edilib.

Tezliklə bu fotolar məşhurlaşdı, jurnallar təkrar nəşr olundu, kitabça və plakatlar hazırlandı. Bu fotoların çoxu o epoxanın simvoluna çevrildi.

“Baxmaq” əsərində dəzgahdan ayrılıb fabrikin nəhəng pəncərəsindən uzağa – Günəş işığına yorğun-yorğun baxan balaca toxucu qız təsvir olunub, bu foto uşaq istismarına qarşı mübarizənin simvoluna çevrildi.

Luis Hayn Birinci Dünya Müharibəsinin başlaması ilə Qırmızı Xaç cəmiyyətinin fotoqrafı kimi Avropaya gəlir. Fransa və Belçikada olur. Müharibədən əziyyət çəkən insanların həyat şəraitinin çətinliklərinin şahidi olur. Sülh sonrası Balkanlara gəlir. «The Children’s Burden in the Balkans» (“Balkan uşaqlarının iztirabları”) silsilə fotoları 1919-cu ildə ərsəyə gəlir.

1920-ci illərdə işçilərin texniki təhlükəsizliyi haqda qanunların yaradılması və qəbulu edilməsi kompaniyalarına qoşulur.

Fəaliyyətini 1920-30-cu illərdə Amerikada işçi sinfinə həsr edir .

Zamanında diqqətdən kənar qalan fotoqrafı ölkəsinin gələcəyi çox qayğılandırırdı.

Ömrünün son illəri çətinliklə keçirir. Fotolarından çox az qonorar qazanırdı, 1940-cı ilin yanvarı maliyyə probleminə görə evini itirir.

Əməliyyat olunduqdan sonra elə Nyu-Yorkun xəstəxanalarından birində kimsəsiz biri kimi vəfat edir.

Şərif Abde

# 1317 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #