Rəqib ata və oğul – dahi Ştrauslar

Rəqib ata və oğul – dahi Ştrauslar
16 iyun 2014
# 07:45

Ata Ştraus

Məşhur nəslin məşhur nümayəndəsi ata I İohan Ştraus... 1804-cü ildə Vyanada dünyaya gələn Ştraus Avstriyanın ən məşhur romantik bəstəkarlarından biridir. O, əsasən valsları ilə məşhurdur. I İohann Ştraus Frans Borgias Ştraus ve Barbara Dollmannın övladıdır. Babası İohann Maykl Ştraus isə dinini dəyişərək katolik olan avstraliyalı yəhudidir. Ştraus anasını 7 yaşında ikən xəstəlikdən, atasını isə 12 yaşında ikən Tuna çayında boğulması səbəbilə itirib. Atasının intihar etdiyi də deyilir.

Yaradıcılığı

Gənc Ştraus o zamanlar İohann Polisşanskidən skrikpa və violonçel dərsləri almağa başlayır. Sonra Ştraus Maykl Pamerin yaratdığı orkestrə üzv olub və bu orkestrdən o zamanın məşhur qrupu “Lanner Quartet”ə keçib. Qrup bir müddət ancaq Vyana valsları və alman rəqs musiqiləri ifa edib, 1824-cü ildə isə, kiçik orkestr halında birləşiblər. Ştraus orkestrin qurucusu Cozef Lannerin köməkçi, orkest şefi, sonra isə bu orkestrin köməkliyi ilə yaradılan ikinci orkestrin şefi olub.

1825-ci ildə maddi sıxıntılardan xilas olmaq və Lannerin uğuruna çata biləcəyinə inandığı üçün orkestrdən ayrılan Ştraus öz orkestrini yaratmaq qərarı verir. Bu səbəbdən Lanner və Ştraus arasında meydana gələn rəqabət onları tez-tez qarşı-qarşıya gətirir və Vyana valsının inkişafına böyük töhfə verir.

1826-cı ildə keçirilən bir festivalda orkestrini xalqa tanıtmaq fürsəti qazanan Ştraus qısa zaman içində böyük məşhurluq qazanır və Almaniya, Hollandiya, Belçika, İngiltərə kimi ölkələrdə tez-tez konsertlər verməyə başlayır. Ən məşhur valsı “Lorelei Rhine Klenge op. 154”-dür.

Övladlarının bəstəkar olmasını istəmirdi

Ştraus 1825-ci ildə Anna Streimlə evlənir. Amma bu evlilik Ştrausun tez-tez iş səfərlərinə getməsinə görə bir müddət sonra boşanmaya gətirib çıxarır. O, üçü də bəstəkar olan – II İohann Ştraus, Yozef Ştraus və Eduard Ştrausun atasıdır. Bundan əlavə onun Anna və Teresi adlı qızları da olub. Daha bir oğlu Ferdinand isə hələ on aylıq ikən vəfat edib. Ştraus oğlanlarını intizamla böyüdüb, onların hərbçi, bank işçisi və siyasətçi olmalarını istəsə də, hər üç oğlu ataları kimi bəstəkar olmağı seçib. Əsasən də oğlu II İohann Ştrausla arasında böyük rəqabət yaranıb. Amma II Ştraus hər zaman atasının bəstələrinə heyran olduğunu dilə gətirib.

Ata Ştrausun ölümü

Ştrausa imperator I Ferdinand tərəfindən yüksək rütbə verilib. O, 1849-cu ildə, 45 yaşında qızılca xəstəliyi səbəbindən Vyanada həyata göz yumur. Doblinger məzarlığında yaxın dostu və ən əsas, rəqibi Jozef Lannerin yanındakı məzarlıqda dəfn edilir. Ancaq hər ikisinin tabutu 1900-cü illərin əvvəlində Zentralfriedhofa gətirilir və Doblinger məzarlığı ikilinin xatirəsinə “Ştraus-Lanner” parkı adlandırılır. Hektor Berlioz Ştrausun ölümündən sonra onu “Vyana tərzli valsın atası” adlandırıb və “Ştraussuz Vyana eynilə Tuna çayı olmayan Avstriya kimidir” deyib.

Oğul Ştrausun uşaqlıq həyatı

II İohan Ştraus XIX əsr “Vals kralı” kimi tanınıb. Musiqiçi ailənin beş uşağının ən böyüyü olaraq 25 oktyabr 1825-ci ildə Vyanada dünyaya gəlib. Anası Anne ilk skripkanı alaraq onu musiqiçi olmağa həvəsləndirib. O, atasından gizli skrikpa çalır və ilk valsını 6 yaşında bəstələyir. Bu əsərini o, 15 yaşında olarkən səsləndirib. 1841-ci ildə ali məktəbdə mühasibatlığa qəbul olunsa da, iqtisadiyyatla maraqlanmırdı və iki il sonra, 1843-cü ildə təhsil aldığı ali məktəbdən yaxşı oxumadığı və düzgün davranış göstərmədiyi üçün xaric edilir. O, kiçik yaşlarından atasının orkestrində skripka çalan Frans Amondan gizlin dərs almağa başlayıb. Atası bunun fərqinə varanda aralarında qalmaqal yaşanıb. 1842-ci ildə atasının evi tərk etməsindən sonra onun musiqi ilə məşğul olması üçün heç bir əngəli qalmır və anasının dəstəyi ilə musiqi həyatında sürətlə irəliləyiş başlayır. Atasının evi tərk etməsindən sonra tamamilə musiqiyə yönələn gənc Ştraus ailəni dolandırmaq yükünü öz üzərinə götürür. O, səhnəyə çıxmaq üçün Vyananın nüfuzlu şəxslərindən icazə aldıqdan sonra kiçik orkestrini yaradır. İlk konsertini 19 yaşında verir və alqış sədaları altında 19 dəfə səhnəyə çağırılır.

Günlərin birində ata və oğul Ştrauslar bir-birinə rəqib olur və 5 il müddətinə Vyana rəqs dünyasını yan-yana yönəldirlər. Bir müddət sonra o, atasının məşhurluğunu kölgədə qoyur.

Bəstəkarın yaradıcılığı

Oğul Ştrausda böyük istedadın olduğunu fərq edən müəllimi Jozef Dreçsler ona dəstək verirdi. Skripka müəllimi Anton Kollmann Vyana Sarayı Operasında ifa edirdi və Ştrausun inkişafında onun böyük rolu vardı. O, ilk illərdə çətinlik çəksə də, sonralar musiqisevərlərin diqqətini çəkməyi bacardı. Gənc İohannın “Freiheitslieder op. 52”, “Burschenlieder op. 55” və “İnqilabçı Marşı op. 54”’ valsları inqilabçıların tərəfindəydi. Bu, onun Avstriya zadəganları tərəfindən rədd edilməsinə səbəb oldu. Xalqa fransız marşı çaldığı üçün Vyanada tutulan Ştraus sonra sərbəst buraxılıb. Bəstələdiyi “Geibelhiebe Polka op.60” valsında bu hadisələr yer alıb.

Onun rəqibləri çox idi. 1860-90-cı illərdə ən çox rəğbət görən bəstəkar II İohann Ştraus idi. Karl Maykl Ziehrer, Emilye Valdteufel ve Filip Fahrbaç onunla rəqabətdəydi. Rəqiblərindən başqa gənc bəstəkarı məşhurlar içərisində bəyənən və dəstəkləyənlər də var idi. Onlardan Riçard Vagner “Vein, Veib und Gesang op. 333” valsını çox bəyəndiyi etiraf edirdi. Ştrausun yaxın dostu İohan Brams da onun əsərlərini bəyənirdi. Ştraus “Seid umschlungen Millionen op. 443” valsını ona ithaf edib. Eyni soyadı daşısalar da, heç bir qohumluq əlaqəsi olmayan Riçard Ştraus da onun əsərlərini bəyənir və təqdir edirdi.

Oğul Ştraus 1849-cu ildə atasının ölümündən sonra öz orkestri ilə atasının orkestrini birləşdirir. Çox zaman bir gecə içərisində bir neçə kafe və restoranda çalışan Ştarus bir yerdən digərinə qaçaraq gərgin iş rejimində çalışırdı. Bu gərgin iş rejimi onun səhhətinə mənfi təsir etdiyi üçün 1853-cü ildə həkimlərin qadağası ilə işlərinə 6 ay ara vermək məcburiyyətində qalır. Bu müddətdə gəlirli konsert təkliflərindən imtina etməmək üçün memar və musiqiçi qardaşı Jozefi öz yerinə konsertlərə göndərməyə başlayır. Öz işindən əlavə bacarıqlı musiqiçi olan qardaşının uğurlarını gördükcə İohann xarici səfərlərinə daha rahat getməyə başlayır.

1870-ci ildə qardaşı Jozef dünyasını dəyişir. Polşa turu zamanı orkestri idarə edən zaman özünü pis hiss edən və səhnədən yıxılan Jozef tez evə gətirilir. Həkim onun çox yorulduğunu və mütləq dincəlməli olduğunu deyir. Yatdıqdan bir neçə saat sonra yaxınlıqda yerləşən rus postunun əsgərləri sərxoş halda Jozefin olduğu evin yaxınlığına gəlir. Yiyəsizlikdən istifadə edən əsgərlər onun otağına daxil olur. Bu zaman səsə oyanan Jozef əsgərlərdən kim olduqlarını soruşur. Əsgərlər otaqda olan alətlərdən Jozefin musiqiçi olduğunu anlayır və musiqi ifa etməyini tələb edirlər. Bu istəyi rədd etdikdən sonra isə onların Jozefi ölənədək döydüyü, sonra güllələdiyi iddia edilir. Ştraus qardaşının ölümündən sonra uzun zaman özünə gələ bilmir və bu, onun həyatının ən ağır itkilərindən biri olur.

1871-ci ildən operettalar bəstələməyə başlayan Ştrausun ilk uğurlu çıxışı “Qırx quldur” və “Min bir gecə nağılları” operettaları ilə oldu. 1874-cü ildə ən uğurlu operettası olan “Yarasa”nı (“Die Fleidermaus”) bəstələyir. Hər ikisinin ilkin göstərişi uğursuz olan “Mavi Dunay” və “Yarasa” onun məşhurluğunun Avropanın sərhədlərini aşmasına səbəb olan əsərləridir. Ştraus ABŞ İstiqlaliyyət Bəyannaməsinin qəbul edilməsinin 100 illiyi səbəbilə dəvət aldıqdan sonra 1876-cı ildə ABŞ-a gedir və orada mindən çox konsert verir.

Bəstəkarın qadınları

II İohan Ştraus ilk dəfə 1862-ci ildə müğənni Cet Treyzi ilə evləndi. Onun menecerliyi ilə məşğul olan həyat yoldaşının səyləri ilə musiqi bəstələməyə başlayır. Ən məşhur əsəri “Mavi Dunay” əslində xor üçün yazılmış vals idi. Vyana kişi xorunun şefindən aldığı sifarişdən sonra ona verilən şeirə mahnı bəstələyən Ştrausun əsəri xor tərəfindən səsləndirildikdə gözlənilən uğuru qazanmır. Bundan sonra şeiri kənara qoyub, əsəri yenidən orkestr üçün işləyən bəstəkar böyük uğur qazandı və 400 valsı içində ən məşhuru olan “Mavi Dunay”ı yarandı.

1878-ci ildə həyat yoldaşı Cetin ürək tutmasından ölür. Çox sarsılan Ştraus onun dəfnində belə iştirak etmir. Həyatını tək davam etdirə bilməyəcəyini görən Ştraus Cetin ölümündən 50 gün sonra özündən 25 yaş kiçik olan Lili adıyla tanınan musiqiçi Angeliya Ditriçlə evlənir. Bu evlilik 4 il sonra Angeliyanın evi tərk etməsi ilə bitir. Onun üçüncü və sonuncu həyat yoldaşı isə Adelya Deutsiç olur. Angeliya ilə boşanmaları kilsə tərəfindən qəbul edilmədiyi üçün uzun müddət rəsmi nikaha girə bilməyən cütlük birlikdə yaşamağa başladı. Ştrausun evinə köçən Adelya Cetin ölümündən sonra evdə yaranan boşluğu doldura bildi. Onların rəsmi nikahı 1887-ci ildə oldu. Ştraus “Venesiyada bir gecə”, “Çingənə baron”, “Vyana qanı” operettalarını Angeliya ilə yaşadığı dövrdə bəstələmişdi. Daha sonra yenidən valslara qayıdan bəstəkar ən gözəl əsərlərindən biri olan “İmperator Valsı”nı bəstələyir.

Bəstəkarın ölümü

73 yaşlı bəstəkar 1899-cu il 3 iyunda sətəlcəmdən dünyaya göz yumur. O, Vyanada İohan Brahms, Frans Şubert və Lüdviq van Bethovenin yanında dəfn edilib. Ştraus ailəsinin orijinal əlyazmalarını ən kiçik qardaş Eduard Ştraus 1907-ci ildə Vyanada dostunun mebel fabrikində yandırıb. Amma əsərlər dünyadakı Ştraussevərlər tərəfindən bir araya gətirilib.

Ştraus Avstriyanın ən görkəmli musiqiçilərindən biridir və həyatı boyunca yazdığı əsərləri ilə ölkə valsının inkişafında böyük rol oynayıb. 1868-ci ildə Vyananın “Statpark”ında verdiyi konsertdən sonra onun xatirəsinə parka Ştrausun qızıl heykəli qoyulub. 1953-cü ildə yaradılan və böyük məşhurluq qazanan “Tom və Cerri” cizgi filmində İohann Mouse xarakteri Ştrausun xatirəsinə yaradılıb. Cizgi filmində bəstəkarın “İmperator Valsı” əsərindən istifadə olunub. Başqa bir çox filmlərdə də onun əsərləri, melodiyaları yer alıb. 1938-ci ildə həyatından film çəkilib. Filmdə Ştrausu Fernand Gravey canlandırıb. Alfred Hitçkok da 1933-cü ildə sənətkarın həyatından bəhs edən “Waltzes from Vienna” bioqrafik filmini çəkib.

Ştrausun musiqiləri hər il Vyana Filarmoniya Orkestrinin məşhur “Yeni il Konsert”ində çalınır. Bu adət 1929-cu ildə Vyana Dövlət Orkestrinin Ştraus proqramı hazırlayan avstraliyalı orkestr şefi Klemens Krausun səyləri ilə yaranıb və 1941-ci ildən bu yana hər il davam edir.

# 8714 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #