Televiziyadakı özbaşınalıq - Vəkillər kollegiyası hara baxır?

Televiziyadakı özbaşınalıq - Vəkillər kollegiyası hara baxır?
11 aprel 2022
# 15:00

Uzun zamandır Azərbaycan teleməkanında baş verən heç nəyi izləmirəm. Mən deyim, beş, siz deyin yeddi il. Ümumiyyətlə efir, televiziya anlayışı mənim üçün öz əhəmiyyətini tamamilə itirib. Burada bir çox amillər var, amma əsas məsələ odur ki, televizoru açanda efirlərdə nələrlə qarşılaşacağımı çox yaxşı bilirəm.

İki cüt, bir tək yerli kanallarımızda üç cür fəaliyyət növü mövcuddur. Səhərlər qazan asdı məclislərini aparan noxud qaynadan aparıcılar verilişlərdə əməlli başlı restoran açırlar, ta günortaya qədər. Kasıb-varlı efirdəki qazan yeməklərinə baxıb ağızlarının suyunu siləndən sonra başlanır hüquq mühafizə orqanlarının “gözündən qıraq” istintaq verilişləri. Üzü axşama doğru da bildiyimiz sazlı-sözlü, öz təbirlərincə desək, əyləncəli proqramlar.

Söhbətdi də edirik, bunu qoyum, ona gedim.

Bu Novruz bayramında qıçımı qatlayıb evdə oturmaq istədim. Tez-tez də evdəkilərlə mübahisə edirdim ki, bayram vaxtıdır, televizoru açıq qoyun, görək nə var. Dünyasını çoxdan dəyişmiş Azərbaycan kinosu anlayışının goruna and içirəm ki, bayramın on gününün onunda da, kanallarda gözümüz görməkdən yağır olmuş beş, altı müğənnidən başqa heç nə görə bilmədim. Allah saxlamışlar elə bil hər kanalın yanında bir ev icarəyə götürüblər. Bu kanaldan çıxıb o birinə, o birindən çıxıb bu birinə girirlər.

Allah yenə rəhmət eləsin Həsən Seyidbəyliyə, Hüseyn Seyidzadəyə, Tofiq Tağızadəyə, Adil İskəndərova ki , “O, olmasın, bu olsun”, “Arşın mal alan”, “Əhməd Haradadır?”, “Qayınana” kimi filmlər çəkib qoyublar. Yoxsa, bu telekanallar nə edərdilər, nə yayımlayardılar bayram günlərində? Qanlarının arasına kim girərdi?

Xalqımızın şouya, müğənnilərimizə, Manaf Ağayevə, Nadir Qafarzadəyə olan sevgisini bildiyimdən bu mövzuda çox dərinə getmirəm. Canımdan bezməmişəm.

Günün ikinci yarısında efirlərimizi bəzəyən istintaq xarakterli verilişlərimizdən isə danışmağa dəyər. Adbaad sayaq ki, oxucu söhbətin kimlərdən və nədən getdiyini anlasın. Zaur Baxşəliyev, Lalə Azərtaş, Xoşqədəm Baxşəliyeva, Elgiz və başqaları. Bu aparıcıların söz sahibi olduğu verilişlər bir qayda olaraq günün ikinci yarısından sonra başlanır.

Başlanır sözü burada yerinə oturmur, onlar məhkəmə qururlar, istintaqa başlayırlar desək daha doğru olar. Özüm də ixtisasca hüquqşünas olduğumdan bu sayaq hadisələrin pərdə arxasını ancaq təcrübəyə getdiyim məhkəmə salonlarında, dəhlizlərində görmüşəm. Bəli, bizim efirlərimiz və aparıcılarımız məhkəmə dəhlizlərindəki qırğın-qiyaməti, söyüşü, təhqiri efirlərə, evimizin içərisinə qədər gətirib çıxarmaq qüdrətinə malikdirlər.

Adlarını yuxarıda çəkdiyim aparıcılar evindən qaçanı, perik düşəni, ən qatı cinayətkarları tapıb efirə gətirirlər, adamların şəxsi həyatına birbaşa müdaxilə edirlər, “zakon” xırdalayırlar. Dərdi olan, əli hər yerdən üzülən, polisdən, hüquqşünaslardan kömək ala bilməyən insanlar bu kimi verilişlərə pənah gətirirlər, inanırlar. Nəticədə isə heç bir şəxsi anonimlik qalmır. Artist təfəkkürlü aparıcılar bu dərdli, problemli adamları öz efir şöhrətlərinin çarxına qurban verirlər. Ta ki, həmin adamlar cəmiyyətin, insanların gözündə heç nəyə çevrilənəcən.

Efirdə istintaq xarakterli verilişlər, yəni bu cür tendensiya səhv etmirəmsə, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişi ilə başladı. Digər aparıcılar da bu xanımın “cəsarətindən” ilhamlandılar. Hətta o qədər ilhamlandılar ki, özlərini süddən çıxmış ağ qaşıq hesab etdilər.

Mövzu çox dərin və çoxşaxəli olduğu üçün genişləndirmək fikrim yoxdur. Çünki bu mövzuda 100 səhifəlik yazı da yazsaq, dərdə çarə olmayacaq. Ancaq ötən gün “Elgizlə izlə” verilişində vəkil Şəfiqə Nağıyeva və müğənni Şəbnəm Qəhrəmanova arasında baş verən qalmaqaldan bəhs etməyi lazım bilirəm.

Belə ki, verilişin ən şıdırığı yerində Elgiz müğənni Şəbnəm Qəhrəmanovanı mahnı oxuması üçün səhnəyə çağırır. Şəbnəm xanım gəlir. Elgiz onun oğlundan söz açır, xeyli tərifləyir. Bura qədər hər şey yaxşı gedir.

Sonra Elgiz, səhv etmirəmsə, şəxsi həyatı ilə bağlı hansısa əhvalatı xatırlayır, mütəəssir olur, kövrəlir. Vəkil Şəfiqə Nağıyeva həmişəki kimi dinc dayanmır, yerindən replika atmağa özünü borclu hesab edir. Elgizdən haqqında bəhs etdiyi hadisənin nikahdankənar məsələ ilə bağlı olub olmadığını soruşur.

Allah üçün deyim ki, Elgiz həssas insandır. Hərdən insanların dərdinə hörmətlə yanaşmaq damarı tutur. Həmin məqamda da söhbəti çox qurtdalamayaq, dərinə getməyək deyir. Şəfiqə xanım dirəniş göstərir, şəxsi, açıb ağardılması uyğun olmayan yerdə dediyim dedikdir müstəvisində yanaşma edir. Necə deyərlər, öz klassik “mövqe”yini ortaya qoyur. Bu yerdə müğənni Şəbnəm dözmür, vəkilə cavab verir. Kiminsə nikahdankənar övlad dünyaya gətirməsinin ona adiyyatı olmadığını deyir. Bu cür hadisə Şəbnəmin şəxsi həyatında da baş verdiyi üçün hiss olunur ki, müğənni xanım mövzuya qarşı həm gərgin, həm də həssasdır.

Beləcə aləm qarışır. Veriliş bir dəqiqənin içərisində tamaşaya çevrilir. Yeri gəlmişkən, mən bir çox teatrlarımızda ad davası edən, illərdir yerində sayan, səhnəyə səhnə kimi yox, yola vermək, pul qazanmaq yeri kimi baxan aktyorlarımıza məsləhət görərdim ki, arada gəlib bu kimi verilişlərdə göstərilən təbii hoqqalara baxsınlar. Görsünlər ki, məşhur vəkil bir dəqiqənin içərisində necə Stanislavski sisteminin qanunlarına uyğun davranır, yaşanıtının ən alisini yaşayır. Anidən necə qəddar qayınanaya, əli qılınclı qanun namus keçikçisinə çevrilə bilir.

Əziz və istedadsız aktyorlar, sizi inandırıram ki, Xoşqədəm Hidayətqızınıın, Lalə Azərtaşın, hər iki Zaurun və nəhayət Şəfiqə Nağıyevanın efirdə beş dəqiqəlik keçdiyi master-klassları siz dünyanın heç bir aparıcı teatrlarında görə bilməzsiniz.

Qayıdaq efirdəki şər-şəbədəyə. Beləliklə, Şəfiqə Nağıyeva nikahdankənar uşağın dünyaya gətirilməsinə Azərbaycan qadını kimi qarşı çıxdığını deyir. Bunu pisləyir. Bura qədər hər şey aydındır. Əlbəttə, mən də bir qələm adamı və qadın olaraq ailə tərəfdarıyam. Keçənlərdə Həmid Herisçi APA TV-yə müsahibə verərkən azərbaycanlılar barədə təxminən belə fikirlər işlətdi ki, azərbaycanlılar ailə tərəfdarıdırlar, ailə sevirlər, ocaq qurmaq onlara xasdır.

Yəni Şəfiqə xanım qırx gün o verilişdə qışqırsa da, ailə quran ailəsini də qurur, toyunu da edir, dünyaya qanuni uşaqlar da gətirir. Amma heç kim heç nədən sığortalanmayıb axı. Bu, həyatdır. Həyat isə bəzən çox amansız olur.

Əgər kimsə dünyaya nikahdankənar uşaq gətiribsə, bu o deməkdir ki, cəmiyyət onu linç etməlidir? Axı biz şəriət ölkəsində yaşamırıq. Necə olur dünənə qədər bəyənmədiyimiz bir müğənni bu gün efirdə Şəfiqə Nağıyeva kimi odlu-alovlu “əjdahaya”, onun linçləməsinə qarşı çıxır, bu cür qadınları müdafiə edir? Ancaq özünü vəkil hesab edən, illərdir insanların hüququnu qoruduğunu deyən vəkil köməksiz insanları linç edir?

Şəfiqə xanımın dosyesində 32 ildir vəkillik fəaliyyəti ilə məşğul olduğu yazılır. Bu təfəkkürlə insanların hüquqlarını necə müdafiə edib, çox maraqlıdır. “Hərə bir kişidən uşaq doğub gətirəcək” sözlərini efirdən heç bir etik qaydalara sığışmayan intonasiya ilə qışqıran vəkilin üzv olduğu vəkillər kollegiyası hara baxır? Nə işlə məşğuldur?

Ümumiyyətlə, ölkədə Şəfiqə Nağıyevadan başqa vəkil yoxdurmu? Kimlərə sərf edir onun hər gün efirləri “bəzəməsi” Şəbnəm Qəhrəmanovanın sözü olmasın, min ildir oturduğu divandan niyə düşmür bu xanım?

Niyə ona elə gəlir ki, insanların yatağına, intim həyatlarına qədər qarışa, burun soxa bilər? Kim verib ona bu haqqı? Bayaqdan insanların haqqını müdafiə etdiyini deyən bu xanım həyatında acı təcrübə yaşamış bir müğənninin sözü ilə niyə bu qədər özündən çıxır? Hara yoxa çıxır onun vəkillik missiyası?

Bu xanımın qonaq olduğu bir neçə verilişə baxdım. Bu kimi situasiyalarda vəkillik statusu qəfildən harasa yoxa çıxır, onun yerinə qəlbinin dərinliklərində gəlin mənim süpürgəmdir deyən, gəncliyində, gəlinlik çağında, ər evində gün görməyən qadın travması gəzdirən əzazil qadın, ana, qayınana peyda olur. Süpürgəsi ilə birlikdə.

Ancaq Şəfiqə xanım nəzərinizə çatdırım ki, indi süpürgə vaxtı deyil. Süpürgə erası çoxdan ötüb keçib. O, vecinə almasa belə tez-tez onun qarşısında Şəbnəm Qəhrəmanova kimi müğənnilər, artistlər çıxacaq və efirdə onu biabır edib gedəcək. Çünki həmin Şəbnəmləri də onların qonaq olduğu efirlər yetişdirib, formalaşdırıb.

Bir məsələni də vurğulayıb söhbətin əl-ayağını yığmağa cəhd edəcəm. Haqqında bəhs etdiyim vəkil tək bu verilişdə yox, bir çox verilişlərdə qadınlara qənim kəsilir.

Yenə hanısısa istintaq xarakterli verilişlərin birində də evindən baş götürüb qaçmış bir qadını məcbur edir ki, evinə geri qayıtsın. Kifayət qədər yaşı olan, ağlı başında qadın isə dəfələrlə deyir ki, mən o ailədə yaşamaq istəmirəm. Ona dəfələrlə bu sözləri deməyə məcbur edirlər.

Mən verilişdə olmaya-olmaya həmin qadının çarəsizliyini, əlacsızlığını ekranın bu tərəfindən hiss edirəm, amma Şəfiqə xanım ağbirçək insan, təcrübəli adam və hüquq işçisi, üstəlik də qadın qarşısındakı qadının çarəsizliyini anlamır.

Bir qadın istəmədiyi kişi ilə, ailə üzvləri ilə yaşaya bilməməyini izah etməsi üçün mütləq özünü yandırmalı, damarlarını kəsib doğramalı, özünü pəncərədən atmalı, xlor içməlidir? Ya əri onun başını vurub parlatmalıdır, qanına qəltan etməlidir?

Bütün bunlar təsəvvür edin ki, bizim gözlərimizin qarşısında baş verir. Efirdəki bu cür ləyaqətsizliklərə, vəkilin özünü hərəm ağası kimi aparmasına, aparıcının hüquq mühafizə orqanlarının əməkdaşı kimi aparmasını Audiovizual Şura da görür. Bəs görürsə, niyə bu özbaşınalıqlara son qoymur? Təbii ki, onların baxdığı baxış bucağı ilə bizimki üst-üst düşmür. Bunu da bilirik ki, bizim baxışımız Audiovizual Şura-ya sərf etmir.

Nəhayət yazımı oxuyub “Şəfiqə Nağıyeva yaşca səndən böyükdür” deyib mənə irad tuta biləcək adamlar və “vəkil”imiz üçün bir təklifim var.

İtalyan kinorejissor Eduardo de Filipponun “Filumena Marturano” adlı əsəri var. Yaxın günlərdə eyniadlı əsər Akademik Milli Dram teatrında səhnəyə qoyulub. Əsərin qəhrəmanı Filumena yüngül həyat tərzi keçirən qadın olur. Ömrünün müxtəlif illərində fərqli adamlardan dünyaya üç oğlan uşağı gətirir. Zəngin bir ailədə qulluqçuluq edən Filumena Şəfiqə xanım deyən kimi nikahdankənar doğulan övladlarının heç birini tələf etdirmir, əksinə onları dünyaya gətirir, qulluqçu pulu ilə oğlanlarını böyüdür, iş və ailə sahibi edir. Şüari isə belə olur: Övlad satın alınmır, doğulur. Əsər isə İtaliyada 1946-cı ildə İkinci dünya müharibəsinin bitməsindən cəmi iki il sonra çap olunub. Yəni dünyanın ən qarışıq, ac-yalavac dövründə.

Şəfiqə xanıma məsləhət görərdim həmin tamaşaya gedib baxsın. Aprel ayının 19-da teatrda yenidən nümayiş olunacaq.

# 18075 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #