Oğlu ilə bacanaq oldu, 18 yaşlı övladı özünü tapançayla vurdu – Tağıyevin faciəvi həyatı

Hacı Zeynalabdin Tağıyev, milyonçu, mesenat

Hacı Zeynalabdin Tağıyev, milyonçu, mesenat

25 yanvar 2022
# 21:00

Bu gün Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.

***

Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara sahib olur.

Gallery

1873-cü ildə iki nəfərlə şərik olub Bibi Heybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və fəhlələr tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümidlərini itirir öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində böyük bir saray tikdirir.

***

Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. Onun birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.

Gallery

İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz Sona xanımla evlənməklə Hacı Zeynalabdin Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. Belə ki, general Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi.

***

Bəzi mənbələrin məlumatlarına görə, Sona xanım Ərəblinski H.Z.Tağıyevdən çox cavan olduğundan, aradakı yaş fərqini azaltmaq məqsədilə milyonçu özünü sənəddə “cavanlaşdırmaq” qərarına gəlir və doğum tarixini dəyişdirtdirir.

***

Sona xanımla evlilikdən onların Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas adlı övladları dünyaya gəlir. Məhəmmədin qısa həyatı faciəli sonluqla bitir. Hacı əvvəlcə, cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. O da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır. Cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin Lənkərandakı “Dikaya dviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdü. İlyas isə xəstəliyə tutularaq vəfat edir.

Gallery

Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O, hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanıb. Bu mərhəmətli şəxs fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri fərqlənib.

***

H. Z. Tağıyev sağlığında inqilabdan öncəki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi özlərinin fəxri sədri seçmişdi.

Gallery

Sankt-Peterburq Texnoloji İnstitutunda mühəndislik peşəsi üzrə təhsil alan Lütfəli bəy Behbudovla Tağıyev arasında dövrün səs-küyünə səbəb olan məhkəmə işi baş verib. Topçubaşovun tövsiyəsi ilə Tağıyev bu gəncə sponsorluq etməyə razı olur və 1904-cü ildə məzun olduqdan sonra Behbudov öz havadarının yanında işləmək üçün Qafqaza qayıdır. O, öz sahəsində tezliklə yüksəlir və Tağıyev özünün biznes imperiyasının əhəmiyyətli bir hissəsini, o cümlədən zavod, vətəgə, dəyirman, fabrik və hətta şəxsi evlərinin idarəçiliyini də Behbudova həvalə edir. Lakin bir müddət sonra Tağıyev Behbudovu evinə çağırır və onu arvadı Sona xanıma yaxınlaşmaqda ittiham edib altı nəfərə döydürür. Bu altı nəfər Tağıyevin qohumları və rütbəli şəxslər olur. Behbudov şərəf və ləyaqətini qorumaq üçün məhkəməyə müraciət edir.

***

Tağıyevin növbəti qarşıdurması isə dövrün ən məşhur aktyoru Hüseyn Ərəblinski olub. Deyilənlərə görə Ərəblinskinin də Sona xanımdan xoşu gəlib və Sona xanım aktyora həm maddi, həm də mənəvi yardımlar edib. Ərəblinskinin yaxın qohumu tərəfindən mütriflikdə günahlandırılaraq qətl olunmasında Tağıyevin əl izlərinin olduğunu deyənlər də az deyil.

Gallery

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Tağıyev də məhz o vaxt bütün var-dövlətini itirir. Bir sözlə, Sovet Hökuməti H.Z.Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir.

***

Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır.

Gallery

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub. Onun dəfni böyük izdihamla müşayiət olunub.

***

N.Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edilib.

Gallery

Hacını özünün vəsiyyətinə əsasən, Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn ediblər. Bəzi məlumatlara görə, onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdi: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...”.

Hacı Zeynalabdin Tağıyevin ölümündən sonra arvadı Sona xanım da vəfat edir. Qızı Sara xanım isə sonralar çox əzab-əziyyətlər görür. Valideynlərinin vəfatından sonra Sara xanım Rusiyanın Leninqrad şəhərinə köçür. Orada milliyətcə tatar olan Nikolay Sarayevlə evlənir və iki uşaqları doğulur. İkinci dünya müharibəsi başlayanda Nikolay cəbhəyə gedir, 1942-ci ildə ölüm xəbəri gəlir. Sara iki övladını da götürüb Bakıya qayıdır... Amma vətəndə çox çətin həyat sürür, övladlarını internata verməyə məcbur olur. Sara Tağıyeva 1991-ci ilin dekabrın 15-də ehtiyac içində dünyasını dəyişir. Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları - nəticələri hazırda Amerikada yaşayırlar.

# 51663 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #