Müəllimini, atasını, oğlunu və qolunu itirən sənətkarımız - O, tarın futlyarında nə saxlayırdı?

Müəllimini, atasını, oğlunu və qolunu itirən sənətkarımız - O, tarın futlyarında nə saxlayırdı?
22 oktyabr 2024
# 17:00

Kulis.az Nadir Yalçının Əhsən Dadaşovun həyat və yaradıcılığı haqqında "Tarın Əhsən pərdəsi" adlı yeni yazısını təqdim edir.

Bir dəfə ürəklənib, yaşıma uyğun olmayan bir ərklə ustad tarzən Ağasəlim Abdullayevdən soruşdum ki, bir tərəfdə böyük sənətkar Əhmədxan Bakıxanovun rəhbərlik etdiyi ansambl var idi, bir tərəfdə də sizin də üzvü olduğunuz Baba Salahovun rəhbərlik etdiyi ansambl. Bəs niyə Əhsən Dadaşov dövrünün ən mükəmməl ansamblını yaratdı və bu ansamblın tayı-bərabəri olmadı?

Ağasəlim müəllim öz nəcib sənətkar ədası ilə gülümsəyib dedi: “Oğlum, çünki Əhsən Dadaşovun ürəyi heç kimdə yox idi”.

Bəlkə də, nə vatxsa bu cümləni eşitməsəydim, bu yazını da çox ütülü və Əhsən Dadaşov isminin böyüklüyünün təlatümü, daha dəqiq desəm, jurnalist soyuqluğu ilə yazardım. Musiqimizin Əhsən Dadaşov fenomeni barədə yazarkən beyin və faktlar kifayət etmir, gərək onun ifasının tonuna – ürəyinə uyğunlaşasan...

Əhsən Dadaşovun rəhbərlik etdiyi ansambl 1960-cı ildə Ramiz Mustafayevin rəhbərliyi ilə xor kollektivinin tərkibində yaradılmışdı. 1964-cü ilə qədər bu cür fəaliyyət göstərən ansambl xor kollektivinin hüdudlarına sığa bilməzdi. Çünki bəstəkarlar bu fərqli səslənməni, böyük mənada, bu fərqli ürəyi hiss etmişdilər. Nəhayət, Əhsən Dadaşovun ansamblı da müstəqilliyini qazandı – 1964-cü ildən xalq çalğı alətləri ansamblı kimi fəaliyyətə başladı.

Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın xor kollektivinin tərkibindən ayrılması təsadüfi deyildi. Əhmədxan Bakıxanovun ansamblı, əsasən, xalq rəqsləri, xalq mahnıları, dəramədlər, diringilər, rənglər ifa edirdi. Amma notlu, bəstəkarlarla işləyə biləcək bir ansambla ehtiyac var idi. Fikrət Əmirov başda olmaqla, görkəmli musiqi xadimlərinin təşəbbüsü ilə Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı dövrün musiqi pasportuna çevrildi.

Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın özünəməxsusluğundan söhbət açmazdan əvvəl, onun tarzən kimi spesifik yaradıcılıq xüsusiyyətləri barədə danışmaq lazımdır.

Əhsən Dadaşov bu sənətə musiqi peyğəmbərimiz olan Üzeyir bəyin xeyir-duası ilə gəlib. Özü də “Əhsən, sənə əhsən!” ifadəsi ilə!

O, Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alarkən 1-ci kursların konserti təşkil olunur və Üzeyir Hacıbəyli də konserti izləməyə gəlir. Yeniyetmə ifaçıların çıxışından sonra Üzeyir bəy səhnə arxasına keçərək cavanlarla tanış olur. Əhsən Dadaşovun ifasından təsirlənən görkəmli bəstəkar bu gəncin adını xəbər alır. Aldığı cavabdan sonra şairanə bir intonasiya ilə “Əhsən, sənə əhsən!” deyir.

Əhsən Dadaşovun gələcək yaradıcılığı da elə “bəy” kimi keçib. Onun hər mizrabında, hər çalğısında bir əsilzadəlik, bəylik sanbalı var – Üzeyir nəfəsi var.

Əhsən Dadaşov hələ on altı yaşında olarkən Səid Rüstəmovun dəvəti ilə xalq çalğı alətləri orkestrinə dəvət olunur. Böyük bəstəkar deyir ki, Əhsənə yaşı çatmır deyə, hələ vətəndaşlıq pasportu verməsələr də, artıq sənətdə pasportunu qazanıb.

Əhsən Dadaşov özündən əvvəlki tar ifaçılığı ənənəsi ilə öz dövrünün tələbini uzlaşdıran ilk tarzənlərdən olub. Əhsən Dadaşovdan əvvəlki nəsil tarzənlərin çalğısını nə qədər böyük ehtiramla dinləyiriksə, onun ənənəyə sığınıb yeni ruh, yeni ifa naminə mizrab çırpınışlarına bir o qədər heyrətlənirik.

Hər şeydən əvvəl, mütəxəssislərin rəyi, dinlədiklərimiz və nəzəri biliklərdən aldığımız məlumatlar onu sübut edir ki, Əhsən Dadaşov Azərbaycan muğamını iliyinə qədər dəqiq bilirdi. Onun Qızıl fondda qorunub saxlanılan və onlayn platformalarda dinləyicilərə təqdim olunan muğam ifaları bu böyük sənətkarın peşəkarlığı barədə söz demək üçün kifayət edir.

Mizrabın telə toxunuşu... Əhsən müəllim hər nota, hər simə toxunuşuna və ifa etdiyi muğamın hər bir hissəsinə tam bələdliklə çıxış edir. Tar üstə danışır, simlərlə, səslərlə danışır. Sanki o notun, o pərdənin, o hissənin heç kimə agah olmayan dilini bilir. Əhsən Dadaşovun çalğısında “növbəti hissədə nə olacaq?”, “bundan sonra nə gələcək?” məqamı barədə düşünmək mümkün olmur. Dinləyicini bütünlüklə həmin ana – mizrabın simə dəydiyi məqama kökləyir. Onun dinləyicisi fərəqət komandasında sırada dayanan intizamlı əsgərə çevrilir.

Əhsən müəllimin bu peşəkar ifası onun sənətdəki təyinatını müəyyənləşdirir. Bəlkə də, bənzərsiz istedadına görə bu məsuliyyət İlahi qüvvə tərəfindən ona həvalə edilir: dövrün musiqi inkişafına istiqamət vermək!

Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı dövrün mənzərəsinə tamamilə ayrıca rəng qatır.

Bəli, Ağasəlim Abdullayev demiş, bu ansamblın digərlərindən fərqlənməsinin ən ümdə səbəbi Əhsən Dadaşovun ürəyi idi. Amma başqa əlahiddə səbəbləri də gözardı etmək olmaz.

Bu ansamblda qarmon, qoşanağara, gitara, elektron alətlər səslənməyib. Bu məsələdə nə qədər milli təəssübkeşlik, ansamblın adındakı “xalq” sözünün təyinatı rol oynayıbsa, bir o qədər də səslənmə, alətlərdən gələn səslərin uyğunlaşması əsas götürülüb. Əhsən Dadaşov deyirmiş ki, qarmon açılarkən başqa, bağlanarkən başqa səsləndiyinə görə sinxron avaza xidmət edə bilməz.

Ümumiyyətlə, Əhsən müəllimin ansamblının vahid səslənməsi ən maraqlı və vacib nüanslardandır. Bütün alətlər ritmə, ritm isə bütün alətlərə xidmət edir, özgə bir ögey səs qulağa dəymir. Əhsən Dadaşov məhz bu ögey səslərdən kənar kollektiv yaratdığına görə bütün musiqi qədri bilənlərin doğmasıdır.

Bəli, bütün prinsipiallığa rəğmən, onun ansamblında klarnet olub. Amma həmin klarnetin ansambldakı vəzifəsi tütəkdən, dəmkeşdən fərqlənməyib. Ansamblın ifalarında qətiyyən klarnetin solo ifasına, qabarıq səslənməsinə rast gələ bilməzsiniz, yalnız asta tonla müşayiət qulağınıza dəyə bilər.

Əhsən Dadaşov öz ansamblında pianoya çox geniş yer verir. İfalarda pianonun səsi bəzi məqamlarda qabardılır. Hətta xanəndələrin hansısa mahnının ortasında ifa etdikləri qısa muğam parçaları bəzən pianonun müşayiəti ilə təqdim edilir. Pianoda milli akkordların təşəkkül tapmasında Əhsən Dadaşovun rolu böyükdür. Ansamblın ilk pianisti Gülarə Əliyeva ilə milli akkordları, keçidləri dönə-dönə məşq edən Əhsən müəllimin ansamblında daim painonun səsi fərqləndirilir. Hətta qısa zaman kəsiyində Ramiz Zöhrabov da ansamblda piano çalır. Hamının xalq mahnısı kimi tanıdığı “Tel oynasın” mahnısının müəllifi olan Ramiz Zöhrabov Əbülfət Əliyevin ifası və Əhsən Dadaşovun ansamblının müşayiəti zamanı unikal performans göstərir.

Ansamblda qanun alətinin səslənməsi üçün böyük təmkin nümayiş etdirən Əhsən Dadaşov kamança ifaçısı Vəcihə Səfərovaya qanun alətində ifa etməyi tam mənimsəmək üçün zaman verir və ansambla bir qanun səsi qazandırır.

Bir az əvvəl Əhsən müəllimin prinsipallığı barədə qeyd etmişdim. Ud alətini milli musiqi səslənməsinə qazandırdığına görə onun ruhuna bir ayrı cür minnətdar olmalıyıq. Udun Sovetin qadağa etdiyi alətlərdən biri olmasına baxmayaraq, Əhsən Dadaşov Türkiyədən ud alır və muğamlarımızı, xalq mahnılarımızı udda səsləndirir. Onun sənətkarcasına ifasından sonra udun səslənməsinə icazə verilir. O, öz sənətkarlığı ilə udu repressiyadan azad edir.

İndiki dillə desək, Əhsən Dadaşov o dövrün ən mükəmməl aranjımançısı olub. Onun, bəstəkarlarla razılığa gəlmək şərtilə, mahnılardakı improvizələri əvəzsizdir. Ansamblın bütün mahnı müşayiətlərini dinləsəniz, sonuncu bənddən öncə müqəddimə təkrar olunmasın deyə, dəyişikliklər edildiyinin, xüsusi çalarlarla fərqli ifa nümayiş olunduğunun fərqinə vara bilərsiniz.

Əhsən Dadaşov iyirmiyə yaxın rəngin müəllifidir. Onun sağlığında bu rənglərdən üçünə ölməz sənətkarımız İslam Rzayevin təşəbbüsü ilə söz yazılıb. Onlardan biri “Peyman etdik” mahnısıdır. Əhsən müəllimin ansamblının incilərindən olan gözəl sənətkarımız, kamança ifaçısı Şəfiqə Eyvazova deyir ki, İslam Rzayev Bəhram Nəsibova müraciət edib Əhsən müəllimin “Segah” rənginə söz yazdırır və məşqdə bunu oxuyanda Əhsən müəllim ağlayır, elə onunla bərabər ansamblın bütün üzvləri sözlə musiqinin vəhdətinə göz yaşı tökür.

“Məhəbbət nəğmələri” də İslam müəllimin təşəbbüsü ilə yaranıb. Əhsən Dadaşovun üç rənginin birləşməsi ilə ərsəyə gələn bu sənət əsəri dahiyanə bir kompozisiyadır.

...Və nəhayət, “Biri sənsən, biri mən...”. İslam Rzayev yenə də dostu Bəhram Nəsibova müraciət edir. Əhsən Dadaşovun “Şur” rənginin melodiyasını zümzümə edir. Bəhram Nəsibov deyir ki, bu melodiyanın sözləri artıq yazılıb, Bəxtiyar Vahabzadənin filan kitabının filan səhifəsini aç, o sözlər bu rəngindir. Beləliklə, növbəti ölməz şedevrin taleyi həll olunur...

Bir rəng isə Əhsən müəllimin ölümündən sonra nəğməyə çevrilir. Onun bəstəsi olan “Çahargah” rənginə də İslam Rzayevin təşəbbüsü ilə söz yazılır.

Dövrün çox talantlı gənc bəstəkarları yeni əsər yazan kimi Əhsən Dadaşova üz tuturlar. Əhsən müəllim isə həmin mahnıları təqdir etdiyi müğənnilərə təqdim edir. Əhsən Dadaşov müğənnilərin peşəkar ifası üçün əlindən gələni əsirgəmir. Hər oxuyan üçün ayrıca repertuar formalaşdırır. Ona görə də, heç şübhəsiz, dövrün ən populyar, ən sevilən və ən gözəl səslərinin şah əsərləri Əhsən Dadaşovun ansamblının müşayiəti ilə səs yaddaşımıza yazılır.

Tar ilə orkestr üçün yazılmış ilk konsertin ifaçısı da məhz Əhsən Dadaşov olur. Ölməz Qara Qarayevin sinfini bitirən bəstəkar Hacı Xanməmmədov müəlliminin təşəbbüsü ilə tar ilə orkestr üçün konsert bəstələyir və Əhsən Dadaşova təqdim edir. Sonrada bəstəkarlar arasında bu, ənənəyə çevrilir və bir çox tar üçün konsertlərin ilk ifaçısı Əhsən Dadaşov olur.

Bu yazılanlar Əhsən Dadaşovun yaradıcılıq və peşəkarlıq xüsusiyyətlərinin çox cüzi hissəsinin ifadəsidir. Ömrünü, sağlamlığını tar sənətinə qurban verən sənətkar haqqında yığcam danışmaq qeyri-mümkündür. Amma Əhsən müəllim öz yığcam ömründə üç-dörd ömrə sığmayan nəhəngliyi ehtiva edib.

Taleyi üzünə gülməyən sənətkarın atası Əliabbas Dadaşov repressiya qurbanı olur. Qardaşı Mürsəl Dadaşovla bir ay növbə ilə təcridxananın qarşında dayanırlar ki, atalarının üzünü görsünlər. Nəhayət, günün birində atalarının çoxdan sürgün olunduğunu uşaqlara deyirlər...

Onun həyatının ikinci zərbəsi qəlbən bağlı olduğu müəllimi Ənvər Mansurovun İkinci Dünya müharibəsində həlakı ilə bağlıdır. Əhsən müəllimin oğlu dünyaya gələndə o, Ənvər Mansurovun atası Mirzə Mansurun icazəsi ilə nakam müəlliminin adını oğluna verir. Ancaq Ənvər doqquz yaşında vəfat edir. Əhsən müəllimin sonradan qızı dünyaya gəlir və ardınca bir oğlu da olur. Yenidən Mirzə Mansura üz tutan Əhsən müəllim bu övladının da adını Ənvər qoymaq istəyir. Mirzə Mansur deyir ki, bir dəfə adını Ənvər qoydun, sonu faciə oldu, bu dəfə başqa ad qoy. Əhsən müəllim isə fikrindən daşınmır, bu oğlunun da adını Ənvər qoyur. Ənvər Dadaşov indi də həyatdadır...

Balaca oğlunun vəfatı onun üçün böyük qubar olur. Sənətkarın qızı Xanım Məhərrəmova müsahibələrinin birində danışır ki, atam öləndən bir müddət sonra tarının futlyarını açdım, sim qutusunun içində balaca parça gördüm. Həmin parça rəhmətə gedən qardaşımın şərfindən bir hissə idi...

Bu keşməkeşli həyatın iztirablarından tara sığınan sənətkarın ömrü sənətinə olan sevgisinin qurbanı olur. Hər biri altı saat olmaqla, həftədə iki dəfə qızğın məşq edən, dayanmadan səs yazılarında, konsertlərdə, qastrollarda olan Əhsən Dadaşovun mizrab tutan – sağ qolunun dirsək hissəsində xərçəng aşkarlanır. Xəstəlik şiddətləndikcə tar Əhsən müəllimdən perik düşür. Ölməz sənətkarımız 1976-cı ildə əbədiyyətə qovuşur.

Anadan olmasını 100-cü il dönümündə o sehrli barmaqların sahibini - Azərbaycan SSR Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əhsən Dadaşovu həm sevgi ilə, həm də kədərlə yad edirəm, bu yazını isə müsabiqədən daha çox, dinlədiyim möhtəşəmliklərə vəfa borcum kimi redaksiyaya yollayıram.

QEYD: Bu yazı Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.

# 264 dəfə oxunub

Oxşar xəbərlər

Oğlunu sellofana bükdürüb basdırmışdı ki, üstünə yağış yağmasın... -  Bir qəzanın anatomiyası

Oğlunu sellofana bükdürüb basdırmışdı ki, üstünə yağış yağmasın... - Bir qəzanın anatomiyası

15:00 22 oktyabr 2024
"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?

"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?

09:00 22 oktyabr 2024
"Məni ən çox həyat yoldaşım ağladır" - Məmməd İlqarın yeni müsahibəsi

"Məni ən çox həyat yoldaşım ağladır" - Məmməd İlqarın yeni müsahibəsi

17:00 17 oktyabr 2024
"Bir köynəkdə çıxarmışam mən qışı..." - Anasının qatarda dilənçi bilib çörək verdiyi şair

"Bir köynəkdə çıxarmışam mən qışı..." - Anasının qatarda dilənçi bilib çörək verdiyi şair

11:30 16 oktyabr 2024
"Çay və qəhvə: məğlubiyyətin sadə nişanları" - Müsəlmanlar niyə mədəniyyət yarada bilmədi?

"Çay və qəhvə: məğlubiyyətin sadə nişanları" - Müsəlmanlar niyə mədəniyyət yarada bilmədi?

15:00 10 oktyabr 2024
Nəbi Xəzrinin oğlu:  "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə

Nəbi Xəzrinin oğlu: "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə

09:00 30 sentyabr 2024
# # #