Əbədi əsgər - Tərlanə Yaqubqızı

Əbədi əsgər  - Tərlanə Yaqubqızı
25 iyun 2024
# 16:00

Kulis.az Tərlanə Yaqubqızının "Əbədi əsgər" adlı yeni yazısını təqdim edir.

Bugün Azərbaycan xalqının igid, say-seçmə oğullarından biri olan Seyidağa Mövsümlünün haqq dünyasına qovuşmasından yeddi il ötür. Yaşasaydı, bu il yetmiş yaşı olacaqdı. Amma ömür vəfa etmədi.


Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının yüz illiyinə bir gün qalmış bu fani dünyaya gözlərini əbədi yumdu. O günü həyəcanla gözləyirdi. Xəstə olsa da, mütləq hərbi parada gedəcəkdi. Əvvəlcədən döyüş paltarını, təltif olunduğu medal və nişanları da çıxarıb hazır etmişdi. Öz silahdaşları ilə, dostları ilə danışıb bu günü birlikdə qeyd edəcəklərini bildirmişdi. Vətənə, xalqa məhəbbət hissi ilə döyünən ürəyi bu gözəl bayram günündə bir də qürur, fəxarət hissi ilə döyünəcəkdi. Amma sən saydığını say, gör fələk nə sayır...


Azərbaycan televiziyasının ilk hərbi operatoru idi Seyidağa Mövsümlü. Xalqımızın qan yaddaşına ağrılı-acılı gün kimi yazılan Xocalı faciəsini ilk dəfə kamerasına əlləri əsə-əsə, ürəyi ağrıya-ağrıya köçürmüşdü. Buna qədər də ən qaynar yerlərdə olmuş, 1988-ci ilin noyabrından başlamış təlatümlü meydan hərəkatını, 1990-cı ilin məşum 20 yanvar gününü lentə almışdı. Hər dəfə də həyatını riskə ataraq əsl qəhrəman kimi işinin öhdəsindən layiqincə gəlmişdi.


Bəli, Seyidağa Mövsümlü əsl qəhrəman idi. Uzaqdan baxana döyüş asan gəlir. Amma Seyidağa döyüşə uzaqdan baxanlardan deyildi. O, ən qızğın döyüşlərin içində idi. Qarabağ müharibəsi başlayanda bir əlində kamera, o biri əlində silah düşmənə qarşı vuruşurdu. Bu məqamda ölməz şairimiz Səməd Vurğunun məşhur misralarını xatırlamaq yerinə düşür:

Bilsin ana torpaq, eşitsin Vətən!
Müsəlləh əsgərəm mən də bu gündən...

Deyirlər, insanlar anadan qəhrəman doğulmurlar. Bəzən elə bir hadisə, elə bir an yaranır ki, başqalarından heç nəyi ilə fərqlənməyən adi bir insan birdən-birə hünər meydanına atılıb gözlənilmədən öz sözünü deyir. Amma Seyidağa elə təpədən-dırnağa pəhləvan cüssəli bir adam idi. Mənə elə gəlir ki, o, elə anadan qəhrəman doğulmuşdu. Onun üçün heç bir qadağa, heç bir əngəl ola bilməzdi. O, qarşısını kəsən stereotipləri bir-bir uçurub özünə yol açan cəngavər misalında idi. Onun üçün nə qədər çətin olsa da, o, həmin çətinliyin üzərinə getməyi bacarırdı. Bu gün ürək ağrısı ilə baxdığımız, hətta çoxumuzun ürək edib baxa bilmədiyi kadrları Seyidağa öz kamerası ilə xalqımızın qan yaddaşına köçürüb. Başı üstündən yağdırılan güllələrə, oda-alova məhəl qoymayıb. Amma bütün bunlar damla-damla, zərrə-zərrə onun sağlamlığına təsir edib. Ömrünün son iki ilində ağır xəstəliyə düçar olub. Bu qədər qanlı döyüşlərə, qurban gedən şəhidlərə baxmayaraq, Vətən torpaqlarının hələ də işğal altında qalması Seyidağanı incidirdi. Bəlkə bu səbəbdən vaxtilə ona verilən Milli Qəhrəman adından imtina etmişdi. Onun dediyi "Məğlub xalqın qəhrəmanı olmaz" ifadəsini qız övladı, əməkdaşımız Ellada Mövsümlüdən eşitmişəm. Ellada xanım danışır ki, atam məğlubiyyətlə barışmır, son nəfəsinədək qalib gələcəyimizə inanırdı. Ali baş komandanımız İlham Əliyevin və müzəffər ordumuzun sayəsində qələbə çaldığımız o möhtəşəm bayram günündə neçə-neçə insan Ellada xanıma zəng edib "Atanın ruhu şad olsun" söyləyib.


Bakının Buzovna kəndindəki qəbiristanlıqda bir məzar var. Özünün dediyi kimi, peyğəmbər yaşında öləcəyini deyən və düz 63 yaşında haqqın dərgahına qovuşan, seyid-peyğəmbər nəslindən olan Seyidağa Mövsümlünün məzarı. Öz vəsiyyətinə görə anasının yanında dəfn olunub. Ruhu şad olsun! Vətəni də anası kimi sevmişdi. Burada Vətənin əbədi əsgəri uyuyur. Allah qəni-qəni rəhmət eləsin.

# 1608 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #