Dədə Qorqudun doğum ilinə dair daha bir sübut - Akif Azalp

Dədə Qorqudun doğum ilinə dair daha bir sübut - Akif Azalp
7 noyabr 2023
# 12:43


Kulis.az filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Maddeyi-tarixin möhürü, yaxud Dədə Qorqudun inanılmaz yaşı öz dilindən" adlı elmi məqaləsini təqdim edir.



Qorqud Atanın anadan olmasının 1430 illiyinə

Hər şeydən öncə, “Kitabi-Dədə Qorqud” müəllifinin tərcümeyi-halına dair “Maddeyi-tarix”lər müjdəsi (Yaxud Dədə Qorqudun doğum ili öz dilindən)” adlı məqaləyə (“Mədəniyyət/Culture”, 2023-cü il, 1-ci say, s.14-17) ciddi diqqət yetirdiyinə və onun ayrıca müzakirəsini təşkil etdiyinə görə (31.07.2023) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyinə bir müəllif kimi öz dərin təşəkkürümü bildirirəm.

Müzakirədə iştirak edən alimlərin, xüsusən, Məhərrəm Qasımlı kimi görkəmli bir mütəxəssisin minnətdarlıqla dinlədiyim qiymətli fikirlərinə, eləcə də, mübahisəli mülahizələrə cavablarımı aşağıdakı bir neçə maddədə ümumiləşdirmək daha məqsədəuyğundur:

“Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə onun müəllifi Qorqud Atanın və ya Dədə Qorqudun anadan olmasının 1430 illiyi (594 – 2024) arasında heç bir ziddiyyət yoxdur. Müqayisə üçün xatırladıram: “Şahnamə”nin və ya “Xəmsə”nin yubileyləri ilə onların müəlliflərinin yubileyləri tamamilə başqa-başqa məsələlərdir. Üstəlik, “Milli varlığımızın mötəbər qaynağı” əsərində Ulu Öndər Heydər Əliyev dərin həssaslıq və dahiyanə uzaqgörənlik nümayiş etdirərək, 20 aprel 1997-ci il tarixli Prezident Fərmanının ən mühüm cəhətini vurğulayanda məhz həmin incə məqamı nəzərdə tuturdu: “Fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, o, “Kitabi-Dədə Qorqud” dastanının ən azı 1300 il (kursiv bizimdir – A. A.) yaşı olduğunu dünyaya nümayiş etdirdi.” (1, s.12)

Bəzi iştirakçıların “Dədə Qorqudun özü haqqında “bir ər qopdu”, yaxud “tamam bilicisi” sözlərini deməyi təvazökar və inandırıcı çıxmır” kimi iradlarına cavab olaraq, bir tutarlı misalı gətirməklə kifayətlənməli olacağıq. Biz nəyə görə Nizaminin özü haqqında dediyi fəxriyyə tərzindəki kifayət qədər mübaliğəli misraları (“Şeirdən ucalıq umma dünyada, / Çünki Nizamiylə qurtardı o da!”) haqlı olaraq təbii qəbul etdiyimiz və inandığımız halda, Qorqud Atanın öz tərcümeyi-halı ilə bağlı “maddeyi-tarix”ləri, daha doğrusu, adi həyati faktları özünün səsləndirməsini qeyri-təvazökarlığa yozub, ona şübhə ilə yanaşmalıyıq?! Demək istəyirik ki, bu, hər şeydən öncə, fərdi üslub və bədii sənətkarlıq məsələsidir.


Dədə Qorqudun ərəb dilini haradan bilməsi ilə bağlı suallara və şübhələrə gəlincə, bir daha vurğulayırıq ki, Həzrət Məhəmmədin məktubuna cavab olaraq, Mədinəyə Oğuz-türk xaqanlığından məhz gənc Qorqud göndərilmiş və peyğəmbərin təklifi ilə bir neçə il orada qalıb, ərəb dili və islam dəyərləri ilə birgə əbcəd hesabını da dərindən mənimsəmişdir (2, s. 14-17).

Dəstxəti bizə qədər gəlib çatmasa da, orta yaşlarından ilk böyük ozanımızın özü tərəfindən yaradılan və onun yetirmələri olan başqa “qorqudçu”lar (akad. T. Hacıyev – 5, s.8), yaxud “qorqud”lar (prof. M. Qasımlı – 9, s.84-87) ifasında xalq arasında yayılan dastan boylarının ömrünün axırında ilk dahi yazarımızın özü tərəfindən də yazıya alınması şübhəsizdir. Əsərdə bunun kifayət dərəcədə danılmaz izləri vardır.
Əfsus ki, çoxumuzun klassik poetikanın bəzi sirlərindən, xüsusən, örtülü tarix maddələrindən xəbərsizliyimiz “Kitabi-Dədə Qorqud”dakı gizli tarixi gerçəklərin doğru-düzgün qəbul edilməsində və üzə çıxarılmış yeniliklərin mərdi-mərdanə etiraf olunmasında ciddi maneə yaradır.
Bu məqalədə əsər müəllifinin tərcümeyi-halı ilə bağlı və birinci məqaləmizdəki nəticələrlə bir nöqtədə kəsişən başqa bir örtülü “maddey-tarix”i diqqət mərkəzinə çəkmək istəyirik. “Kitabi-Dədə Qorqud”un hər cəhətdən öz üstünlüyü ilə seçilən Drezden nüsxəsinin müqəddiməsində dinləyicilərə qoca ozanın öz dilindən söylənən çoxsaylı xeyir-dualar sırasında oxuyuruq:
Gerçəklərin üç otuz on yaşını toldursa yeg!
On otuz on yaşınız tolsun! (7, s.4;6, s.36,617)


Eposun professorlar Fərhad Zeynalov və Samət Əlizadə tərəfindən hazırlanan sadələşdirilmiş mətnində bu xeyir-dualar aşağıdakı kimi verilir:
Doğrucul adamlar yüz yaşasa yaxşıdır.
Üç yüz on yaşına çatasan! (8, s. 173)


Əlyazmada sonluğu son dərəcə oxunmaz hala düşmüş “yaşınız” sözü görkəmli mətnşünas Şamil Cəmşidov tərəfindən “yaşın da” şəklində oxunur:
On otuz on yaşın da tolsun! (3, s.280)


Yaş ilə bağlı birinci sətirdəki müraciətin ikinci şəxsin təkinə ünvanlanması Ş. Cəmşidov variantının düzgünlüyünü bir daha təsdiq edir. Bizim bu incəliklərə dərindən diqqət yetirməyimizin ciddi səbəbi var. Çünki birinci sətirdə “yüz yaşını” deməyin yerinə dolayı yolla “üç otuz on yaşını” işlətməyin incə bir işarə ilə dinləyici, yaxud oxucu diqqətini ikinci sətirdəki örtülü “maddeyi-tarix”ə (“on otuz on yaşın da”) yönəltməkdən başqa heç bir bədii funksiyası yoxdur. Digər tərəfdən, mətnin məntiqindən çıxış etsək, əsər müəllifinin dilindən onun pirani yaşında səslənən “Üç yüz on yaşına çatasan!” (Niyə yuvarlaq olaraq “üç yüz” yox, məhz “üç yüz on”?!) diləyi dolayı yolla “Mənim yaşıma da çatasan!” xeyir-duasından başqa bir şey deyildir. Beləliklə, əlyazmadakı yazılışı əsasında hərfbəhərf yuxarıda vurğulanan örtülü “maddeyi-tarix”in (“On otuz on yaşın da”) əbcəd hesabını çıxarırıq: “əlif (1)” + “vav (6)” + “nun (50)” + “əlif (1)” + “vav (6)” + “te (400)” + “ze (7)” + “əlif (1)” + “vav (6)” + “nun (50)” + “ya(10)” + “əlif (1)” + “şin (300)” + “ya(10)” + “nun (50)” + “dal (4)” + “əlif (1)” = 904.

“Kitabi-Dədə Qorqud” müəllifinin özü tərəfindən məqsədli şəkildə və böyük ustalıqla yaradılmış bu “maddeyi-tarix” nəticəsinin ən maraqlı və son dərəcə qiymətli cəhəti ondan ibarətdir ki, 904-cü ildən 310 yaşlı pirani ozanın yaşını ayıranda alınan nəticə (904 – 310=594) Qorqud Atanın doğum ili ilə bağlı onun yenə də öz dilindən səslənən və birinci məqaləmizdə diqqət mərkəzinə çəkilən “madeyi-tarix”lərin (“bir ər qopdı” və “tamam bilicisi”) ortaq nəticələri ilə üst-üstə düşür. Artıq tam əminliklə deyə bilərik ki, ən mükəmməl şahmat kombinasiyalarında, yaxud ən etibarlı riyazi düsturlarda hər hansı təsadüfilik və ya qeyri-dəqiqliyə yer olmadığı kimi, bir neçə “maddeyi-tarix”in bir-birilə kəsişən ortaq nəticəsində də heç bir halda və heç bir zaman ola bilməz! Yəni, Qorqud Atanın miladi təqvimlə 594-cü ildə doğulduğu artıq şəkk-şübhəsizdir.

Dədə Qorqudun 300 ildən artıq ömür sürməsi məsələsinə gəlsək, buna qarşı bildirilən etiraz və şübhələrə baxmayaraq (4, s. 7-8), Qorqud Atanın özü tərəfindən yaradılmış “maddeyi-tarix”in göstəricisi (310 il) bizi inanılmaz olduğu qədər də danılmaz tarixi fakt qarşısında qoyur. Bizim indiki qarışlarımıza və təsəvvürümüzə sığmayan bu faktı, fikrimizcə, yalnız Böyük Britaniya tarixçisi Arnold Jozef Toynbinin metatarix konsepsiyasındakı bir tezislə (“Yerin çağrısına Göyün cavabı və Göyün çağrısına Yerin cavabı”) izah etmək mümkündür (12, s. 113-119) və lazımdır.
Burada yeri gəlmişkən, səmavi kitablarda, o cümlədən, Qurani-Kərimdə öz əksini tapmış bəzi faktları (Nuh peyğəmbərin 950 il ömür sürməsini, Mağara qardaşlarının 300 ildən artıq yuxuda olub, sonra oyanmalarını və s.) xatırlatmaq məqsədəuyğundur (11, s.162, 219). Əgər bu faktlara inanaraq, onları qəbul ediriksə, demək, öz şahidliyi ilə Qorqud Atanın 300 ildən artıq ömür sürməsinə, necə deyərlər, dünəndən inanmalıyıq və qəbul etməliyik. Çünki Dədə Qorqud da bir övliya kimi mənsub olduğu millətin tarixini və mədəniyyətini üzə çıxarmaq və gələcəyə çatdırmaq yolunda ilahi missiyanı yerinə yetirən seçilmişlərdən olub. Artıq başqa bir məqalənin mövzusu olduğu üçün bu məsələyə burada da nöqtə qoyuruq.

Qorqud Atanın öz əsərində bu və ya digər tarixi hadisələri dahiyanə uzaqgörənliklə məhz örtülü “maddeyi-tarix”lərlə əks etdirməsinin baş səbəbi isə, hər şeydən öncə, onların gələcəkdə türk tarixi və mədəniyyətini gözü götürməyənlər tərəfindən təhrif olunması və “it-bat”a salınmasının qarşısını almaq olmuşdur. Türk tarixi və mədəniyyətinin əzəli və daimi rəqiblərinə isə tanınmış mədəniyyətşünas Fazil Mustafanın “Dədə Qorqud Bayındurlu mədəniyyətinin açarı” məqaləsində kifayət dərəcədə aydınlıq gətirilir (10, s.21-22).

Nəhayət, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət tariximizin bu taleyüklü məsələsinə dərin marağını və geniş elmi müzakirə təşəbbüsünü minnətdarlıq hissi ilə bir daha vurğulayaraq, nazirlik rəhbərliyinə bu xeyirxah işi axıra çatdırmaq, lazım gəlsə, məsələni aidiyyəti olan bütün qurumların və mətbuat orqanlarının gündəminə gətirməklə son nəticədə 2024-cü ildə Qorqud Atanın (Dədə Qorqudun) anadan olmasının (594) 1430 illiyinin il ərzində və ən yüksək səviyyədə keçirilməsinə nail olmaq yolunda böyük uğurlar diləyirik.


Ədəbiyyat:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev. Milli varlığımızın mötəbər qaynağı// Kitabi-Dədə Qorqud Ensiklopediyası, iki cilddə, I cild, Bakı, Yeni Nəşrlər Evi, 2000, s.5-12
Azalp A. “Maddeyi-tarix”lər müjdəsi (Yaxud Dədə Qorqudun doğum ili öz dilindən), “Mədəniyyət/Culture” jurnalı, 2023, say 1, s. 14-17
Cəmşidov Ş. Kitabi-Dədəm Qorqud, Bakı, Elm, 1999, 680 s.
Elxan E. M. Mən Dədə Qorqud, Bakı, Səda, 2010, 184 s.
Hacıyev T. “Dədə Qorqud kitabı” ilk yazılı yaddaşımızdır // Kitabi-Dədə Qorqud, Bakı, Öndər, 2004, s. 4-16
Kitabi-Dədə Qorqud Ensiklopediyası, iki cilddə, I cild, Bakı, Yeni Nəşrlər Evi, 2000, 624 s.
“Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin faksimili, AMEA-nın Əlyazmalar İnstitutunun hədiyyələr fondu, 304 s.
Kitabi-Dədə Qorqud (əsl və sadələşdirilmiş mətnlər), Bakı, Öndər, 376 s.
Qasımlı M. Ozan-aşıq sənəti və ədəbiyyatı, Bakı, AAB, 2023, 544 s.
Mustafa F. Dədə Qorqud-Bayundurlu mədəniyyətinin açarı, “Yazıçı” qəzeti, 2017, say 1, s.21-22
Oxu (Quran açıqlaması, Nəriman Qasımoğlu), Bakı, Təhsil, 2018, 360 s.
Toynbi A. J. Postijenie istorii (İzbrannoe), Moskva, Ayris Press, 2008, 640 s.

# 4185 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #