“Beşinci gün gəlsəydiniz...” – Xudafərin ziyarətgahından reportaj - Fotolar

Cəbrayıl rayonu, Xudafərin körpüsü

Cəbrayıl rayonu, Xudafərin körpüsü

18 oktyabr 2021
# 14:18

Kulis.az Samirə Əşrəfin doğulduğu Cəbrayıl rayonu ilə bağlı yazdığı reportajın ikinci hissəsini təqdim edir.

Evimizin dağıntıları arasından çıxıb maşına əyləşirik. Getdikcə viran qalmış, dağıdılıb məhv edilmiş məhləmizdən uzaqlaşırıq. Ağlım dumanlı, fikirlərim qarışıq, sinəmdə inanılmaz nisgillə qarşıma çıxan hər bir dağıntını, tanış yerləri yaddaşıma köçürməyə çalışıram.

Vaxt az olduğundan, hava işıqlı ikən növbəti çəkilişə çatmalıyıq. Bu səbəbdən günü yollarda, iş başında keçən iş yoldaşlarıma “Bir az yavaş sürün, siz bilmirsiniz, buralarda, bu sürətlə ötüb keçdiyiniz yollarda mənim, əzizlərimin, dünyadan köçənlərimin ayaq izləri var” – demək istəyirəm – “Buranın hər qarışı mənim uşaqlığım, keçmişim, xatirələrimdir.”

Təəssüf ki, onlara heç nə deyə bilmirəm. Zaman itib, insanlar yox olub. Bu qədər dağıntının içərisindən indi bir insan səsi çıxıb mənim səsimə səs verə, məni haylayıb çağıra bilməz. Heç nəyin daha əvvəlki kimi olmadığını yaxşı bildiyimdən reallıqla barışıram.

Həm də qarşıda bizi Xudafərinlə görüş gözlədiyini düşünüb toxtayıram.

Xudafərinlə ilk tanışlığım 1988-ci ildə olub. O vaxt 8 yaşım vardı. Yadıma gəlir, atam iki gecə evə gəlmədi. Üçüncü gün gecə yarısı anamın pıçıltısı ilə bərabər otağı qatı ocaq, his qoxusu bürüdü. Bu qoxu getdikcə uşaqların otağına, sonra məni yatdığım çarpayıya yaxınlaşdı. Atamın soyuq tütün qoxuyan və hisli nəfəsini saçlarımın arasında, üzümdə hiss etdim. Yanağıma toxunan buz kimi soyuq öpüşdən sonra onun gur, ipə-sapa yatmayan səsi getdikcə məndən uzaqlaşdı:

- İnanmazsan, minlərlə insan axışıb gəlmişdi. Zəngilan, Qubadlı camaatı da bizə qoşulmuşdu. Arazın o tayındakı insanlar az qalırdılar, setkaları aşırıb bəri üzə keçsinlər. Bütün dünya Xudafərindəki azadlıq mitinqindən yazır.

Çox sonralar bildim ki, söhbət 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri hadisələrə görə etiraz olaraq Xudafərin ətrafında təxminən on dörd gün davam edən mitinqdən gedir.

Xudafərinlə ikinci tanışlığım Yaqub Zurufçunun 1989-cu ildə səsləndirdiyi “Ayrılıq” mahnısı ilə oldu.

"Ayrılıq" mahnısına ikinci ömür bəxş edən və ona siyasi məna verən Yaqub Zurufçu...

Gülağa Məmmədovun dəvəti ilə Bakıya gələn Zurufçu Milli Hərəkat zamanı "Azadlıq" meydanında "Ayrılıq" mahnısını dizi üstə çöküb oxuyur.

Baxmayaraq ki, ovaxtkı Sovet rejimi onu Azadlıq meydanına çıxmaması üçün xəbərdar edir. Hətta yüngül formada hədələyir. Amma Yaqub səhnəyə çıxır. Həm də bayaq qeyd etdiyim kimi, dizlərini yerə qoyaraq...

Xudafərinlə növbəti canlı tanışlığım isə indi, tutduğumuz bu yolun qurtaracağında baş tutacaq. Həyəcanla ətrafıma boylanıram. Körpüyə yaxınlaşdıqca Arazın köpükdən ağaran suları da görünməyə başlayır. Bu tayda dağıdılan, viran qalan evlər, o tayda illərdir ürəyi həsrətlə, nisgillə döyünən insanlar var.

Bizim maşın körpüyə yaxınlaşdıqca o tayda yolun kənarlarında iki-bir, üç-bir adamlar gözə dəyir.

Yadıma ötən il Xudafərinə bayraq sancan əsgərlərimizlə səsləşən, bayatılaşan güneylilərimiz, onların sevincdən axan göz yaşları düşür.

Qürurdan ürəkləri çırpınan əsgərlərimizin bu taydan dedikləri “Azərbaycan var olsun” sözlərinə güneylilər “İstəməyən kor olsun” sözləri ilə cavab verirdilər.

Orta yaşlı bir kişinin əlləri ilə üzünü tutaraq ağlaması, “Allah, sənə çox şükür” deyib hönkürməsini unutmaq mümkün deyil.

Körpünün yaxınlığına çatıb maşından düşürük. Operator kamerasını sazlayır. Aparıcı İlahə Vəliyeva o tərəf-bu tərəfə gəzinərək hazırlayacağı reportajın məşqlərini edir. Arada mənə yaxınlaşıb “Samirə, yazıçı adamsan, düşün, görək başqa yaradıcı nələr edə bilərik?” deyir.

İlahənin saatlardır gözlədiyi çəkilişə görə həyəcanlanmasına cavab olaraq gülümsəyirəm:

- Göyərçin olsa, uçurardıq,

O, sevincək maşına tərəf qaçıb, çantasını eşələyir.

Ola bilməz, deyə öz-özümə düşünürəm. Yəni İlahə Bakıdan bura göyərçin gətirib?

Saatlarla yol gəlmişik, mən bu göyərçini niyə görməmişəm bəs?

Bir az keçəndən sonra o, kağızdan düzəltdiyi ağappaq gəmini əllərimə tutuşdurub ardınca əlavə edir:

- Göyərçinimiz yoxdur, haqlısan, amma ağ gəmimiz var. Bunu Arazın sularına buraxacam. Qoy, üzüb getsin uzaqlara. İnsanlara sülh, əmin-amanlıq aparsın.

Onun bəyaz gəmisi qədər saf, təmiz fikirləri, uşaq kimi işıldayan gözləri məni də təsirləndirir.

- Əla fikirdir. Bayaqdan ideya axtarırdın. Ən gözəl ideya elə sənin çantanda imiş...

Gözümü Arazın o tayında artan adamlara sataşır.

O taydan bizə tamaşa edənlərin sayı altı nəfərə çatır.

Nə qədər əl yelləsək də, bizə reaksiya vermirlər, amma duruşlarından, baxışlarından həsrət yağır.

Körpünün yaxınlığında duran bir neçə hərbçi bizə yaxınlaşır:

- Beşinci gün gəlsəydiniz onlarla əlaqə qura bilərdiniz.

- Niyə beşinci gün?

- Həmin gün onların körpünü ziyarət etmə günüdür.

Duyğulanıram. Otaylıların körpünü bu qədər müqəddəsləşdirməsi ağlıma gəlməzdi doğrusu. Axı bizdə ocaqlar, pirlər müqəddəsdir deyə ziyarət olunur.

Bizim 28 illik həsrətimiz də onların həsrətinin üstünə qalanıb. İllərlə üst-üstə yığılan qəm, kədər və nisgil Xudafərin körpüsünü müqəddəs yerə, ziyarətgaha çevirib.

Çəkilişlər başlayır. Mən körpünün tağlarından birinə yaxınlaşıram. Şəkillərdən fərqli olaraq Xudafərin körpüsü çox əzəmətli görsənir.

Yadıma torpaqlarımızın işğal olunduğu dövrlər düşür. Araz kənarı rayonlar işğala məruz qalanda canını erkəndən götürüb qaçan insanlardan fərqli olaraq Arazın yaxınlığında yerləşən kənd sakinlərinə yenə elə Xudafərin körpüsü kömək olmuşdu. Həmvətənlərimiz bu körpü vasitəsi ilə düşmən mərmisindən xilas olub o taydakı bacı-qardaşlarının yanına keçmişdilər.

Qarabağ müharibəsi zamanı gəncliyini, təhsilini yarımçıq qoyub gələn könüllülər, döyüşçülər, ailəsindən, sevdiklərindən uzaqda qışın oğlan çağında bu körpünün tağlarına söykənib qızındılar. Ürəklərindən keçənləri Arazın bulanıq sularına söylədilər.

O, arzular bir də 28 ildən sonra boy verib cücərdi.

İndi çin oldu.

O taydakılar bizə baxmaqdan doymurlar. Amma bizə cavab da vermirlər. Tez-tez ətrafa boylansalar da, getmək fikirləri yoxdur. Kənardan yaxınlaşan hərbçilərin müdaxiləsindən sonra yol kənarında saxladıqları maşınlara əyləşib uzaqlaşırlar.

İlahə əlində tutduğu gəmiyə ürəyinin məhəbbətini yükləyib suya buraxır. Gəmi ləngər vurur, əvvəl irəli gedir, sonra geri çəkilir. Yavaş-yavaş üzüb bizdən uzaqlaşır... Qarşısına çıxan ilk insanı sülhə səsləməyə.

Başımın üzərində isə üçrəngli bayraq dalğalanır.

Xudafərindən ayrılanda hava yavaş-yavaş qaralır, o taydakı evlərin işıqları yanmağa başlayır. O evlərin işığından bizim ürəyimizə də pay düşür. Gələn ilin bu günündə viran qalmış evlərimizin yerində işığı gur saçan evlər tikmək arzusu ilə Xudafərinlə sağollaşırıq.

# 6001 dəfə oxunub

Oxşar xəbərlər

# # #