Gedirəm, bəlkə də daha gəlmədim – Şəhid şairdən ürək parçalayan misralar

Gedirəm, bəlkə də daha gəlmədim – Şəhid şairdən ürək parçalayan misralar
8 dekabr 2020
# 15:02

Əsəd Əjdər oğlu Əsgərov Laçın rayonunun Budaqdərə kəndində dünyaya gəlib. Uşaqlığı Bakıda keçən Əsəd orta məktəbi Bakıda bitirib 1987-ci ildə hərbi xidmətə yola düşüb. 1989- cu ildə hərbi xidməti başa vurub Baş serjant olaraq vətənə qayıdıb. 1990- cı ildə Bakıda törədilən qanlı 20 Yanvar faciəsi ona olduqca təsir edib. Bu səbəblə də Əsəd əynindən hərbi formanı çıxarmır. 1991-ci ildə Qarabağda müharibə başlayanda Əsəd cəbhəyə yola düşür. İlk günlərdə kəşfiyyatçı olan Əsəd düşmənin bir çox planlarını pozaraq onlara sarsıdıcı zərbələr endirib. Düz bir il Laçın dağlarında vuruşur. 1992-ci ilin mayında ordu Laçından çıxandan sonra da Əsəd iki döyüşçü yoldaşı ilə qalıb sona qədər Laçında döyüşüb. Drambonun, Sırxavəndin azad olunmasında xüsusi igidlik göstərmişdi. 1993-cü ildə Ağdama yola düşən Əsəd 4 gün düşmənlə Paprəvənd kəndində ölüm-dirim mübarizəsində olur. Düşmənin iki tankını və onlarla canlı qüvvəsini məhv edir. Əsəd düşmənin üçüncü tankını məhv etmək istəyərkən minamyot qəlpəsindən aldığı yaradan qəhrəmancasına şəhid olub.

Əsədin şairlik qabiliyyəti vardı. Əziz xatirəsi ilə yanaşı çoxlu şeirləri də bizə yazdigar qalıb. Kulis.az həmin şeirlərdən bir neçəsini təqdim edir.

Gallery

Bəsimdir

Ay gözəl, qəlbimi alanda kədər
Püstdə dodağını büzsən bəsimdir
Vüsalın uzaqdır ulduzlar qədər
Xəyalən mənimlə gəzsən bəsimdir

Sevən sevgilisin anması xoşdur
Bülbülün gül üstdə qonması xoşdur
Ürək mənimdirsə yanması xoşdur
Təkcə istisinə dözsən bəsimdir

Səni görmək üçün bulbul olaram
Sizin zəminizdə sünbül olaram
Bilsəm bağçadasan bir gül olaram
Qoxlayıb xoşlayıb üzsən bəsimdir

Əsədəm, aşiqəm ürəyim qandır
Qoyma nakam öləm, gözəl, amandır
Demirəm həyatın mənə dərmandır
Qara gözlərini süzsən bəsimdir.

Cavanlıq

Bəzən şair kimi fikrə dalaraq
Kağız üstdə misra düzər cavanlıq
Bircə dəfə gözlərimə baxaraq
Nə düşünsən doğru sezər cavanlıq

Nə danışım, nə söyləyim mən sənə
Düşündükcə qəlbim dönür al qana
Hərdən-hərdən xoşu gələn insana
Asta-asta göz də süzər cavanlıq

Zalım fələk eşq oxunu atanda
Müjgan oxu ürəyimə batanda
Görüş vaxtı yaxınlaşıb çatanda
Hər bağçadan bir gül üzər cavanlıq

Məhəbbətin kövrək dinən simi var
Məhəbbətin hər zaman bir dəmi var
Məhəbbətin əzabı var, qəmi var
Hər möhnətə durub dözər cavanlıq

Zaman ötür sakir-sakit axaraq
Hər ömürdən qopararaq bir bahar
Qocalana həsrət ilə baxaraq
Qocalığa doğru gedər cavanlıq

Ayrılıq anı

Gedirəm, çatıbdır ayrılıq anı
Deyirsən, ürəyim səninlə qalsın
Gedən bir quruca canımdır, ancaq
Hər arzum diləyim səninlə qalsın.

Gedirəm, bəlkə də daha gəlmədim
Yaş axan gözümü yadigar saxla
Bəlkə camalını bir də görmədim
Bu sadə sözümü yadigar saxla

Gözlə sən yolumu bir sevgilitək
Bəlkə tale güldü qayıtdım yenə
Əgər qayıtmasam başqasını sev
İndidən xoşbəxtlik dilərəm sənə

Gallery

Görüş yerimizdən yolun düşəndə
Yenə də orada sanarsan məni
Ərinlə olanda danış da, gül də
Təklikdə olandan anarsan məni

Doymadım məhəbbət ətirli sözdən
Deməmiş nə qədər sözlərim qaldı
Doymadım sevdiyim o qara gözdən
Gözündə yaş dolu gözlərim qaldı

Səxavətin səsində

Neçə gözəl adı var
Neçə vüsal dadı var
Neçə eşqin odu var
Səxavətin səsində

O səsə vurulmuşam
Onsuz qanadsız quşam
Həyatımı tapmışam
Səxavətin səsində

Bir günəş parıltısı
Şəlalə şırıltısı
Bir bulaq pıçıltısı
Səxavətin səsində

Bağlarımın barı var
Dağlarımın qarı var
Qartalın vüqarı var
Səxavətin səsində

Kimsə laylay söyləyir
Kiçik körpə dinləyir
Bülbül susur dinməyir
Səxavətin səsində

Keçən qışın həsrəti

Hər kəsin sevdiyi bir fəsil vardır
Mən fəsil görmədim keçən qış kimi
Fəqət tez ayrıldı köçdü ömrümdən
Fəsildən fəsilə köçən quş kimi

Bu qış keçən qışa bənzəmir artıq
Çünki sənsiz yağır qar da, yağış da
Gecə həmin gecə, qar həmin qardır
Kaş geri dönəydi həmin o qış da

Ürəyim inciyib məhəbbətindən
Sənsiz kövrəlirəm, uşaqlaşıram
O qışdan ayrılıq uzaqlşdıqca
Elə bil həyatdan uzaqlaşıram

O görüş yerimiz söyüd ağacı
Şaxtadan donubdur, qırovlayıbdır
Əlinin istisi toxunsun deyə
Saçım da ağarıb buz bağlayıbdır

Ümidim hələ də üzülməyibdir
Bəlkə də keçən qış qayıtdı yenə
Yatmış xatirəni, donan günləri
İsti nəfəsiylə ayıltdı yenə

Yaman darıxmışam sizinçün, dağlar!

Bir zaman necə də xoşbəxt idik biz
Dünyaya sığmırdı gülüşlərimiz
İndi sən kimsəsiz, mən də ki sənsiz
Bir də qayıdarmı, o gözəl çağlar
Yaman darıxmışam sizinçün dağlar!

Siz arzum, pənahım, diləyim mənim
Siz həm bərəkətim, çörəyim mənim
Dözmür ayrılığa ürəyim mənim
Düşdükcə yadıma vücudum ağlar
Yaman darıxmışam sizinçün dağlar!

Hacıxanlı, Daşlı, Budaqdərəsi
Bir cənnət bağıdır hər mənzərəsi
Hər çiçək üstündə bir bülbül səsi
Hər daşın altından bir bulaq ağlar
Yaman darıxmışam siznçün dağlar!

Sənin görüşünə gəlmək istərəm
Axan göz yaşını silmək istərəm
Gəlib qoynundaca ölmək istərəm
Düşmən silah çəkib yolumu bağlar
Yaman darıxmışam sizinçün dağlar!

Əsədin çəkdiyi qəm yetər daha
Bağlar ümidini qadir Allaha
Ey Laçın övladı sarıl silaha!
Gözləyir yolunu o uca dağlar
Qoyma kədərlənə o qoca dağlar!

# 4531 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #