15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı

15 dəqiqəlik məhkəmə - Məxfi göstərişlərin qurbanı
16 fevral 2025
# 10:00

Kulis.az Bəşir Şəriflinin "1937-ci ilin vahiməli gecələri - Repressiya qurbanları" yazısını təqdim edir.



1937-ci ilin vahiməsi: qorxu və xof



Əslində, o illərdə elə gündüzlər də gecələrə bənzəyirdi: adamların canında vahimə, qorxu, şübhə və izi silinməyən xof vardı.
Bəs bütün bunlar nədən yaranmışdı? O illərin tədqiqatçıları yazırlar ki, 1937-ci ilin radiasiya zolağı adamların ruhunu, zövqünü, iradə və azadlığını zədələmişdi, onları ən məhdud çərçivədə saxlamışdı...

37-ci ilin acısını, ağrısını, köndələn zədəsini görənlərdən biri də Məhəmməd İsmayıl oğlu Cuvarlinski idi. Əslən qarabağlıdır, Qaryagində (indiki Füzulidə) doğulub. Özü demişkən, ruhu, canı ilə elinə, obasına bağlı adam idi. Partiya və dövlət xadimi kimi yüksək vəzifələrdə çalışmışdı. Sonuncu dəfə Partiya Komitəsinin Nuxa (indiki Şəki) şəhəri üzrə katibi olub.
Bəs günahı nə idi?





Məhəmməd Cuvarlinski: Dostluq və İnam

Əslində, bircə günahı vardı - Ruhulla Axundovla dostluq əlaqəsi saxlayırdı. Nə qədər cəhd etsələr də, onu bu əqidəsindən döndərə bilmirdilər. Adına terrorçu təşkilatın üzvü də deyirdilər, əks-inqilabçı da, hətta “Müsavat”çı da. Amma bütün bunların heç biri Məhəmməd Cuvarlinskinin əməllərinə zərrə qədər də uyğun gəlmirdi. O, əqidəcə yenilməz, dönməz bir adam idi. Onu hədə-qorxu ilə, açıq və ya gizli ittihamlarla amalından, ideyasından döndərmək olmazdı.

Məhəmməd Cuvarlinski Ruhulla Axundovla əlaqələrini qətiyyən inkar etmir, əksinə, bu münasibətləri daha da gücləndirirdi. Bütün bunlar isə Mir Cəfər Bağırovun xoşuna gəlmirdi. Cuvarlinski ən ağır cəzaya - güllələnməyə məhkum edilir.
Səbəbi bilinməsin deyə, sənədlərdə göstərilir ki, guya Cuvarlinski Nuxada terrorçu təşkilata rəhbərlik edib, rayonun kənd təsərrüfatına, sənayesinə külli miqdarda ziyan vurub.

Repressiyanın qurbanı: Məhəmməd Cuvarlinski

Yenə sual olunur: nə səbəbdən böyük bir rayona rəhbərlik edən adam terrorçuluqla məşğul olur, rəhbərlik etdiyi rayonun inkişafına mane olur. Əslində, bütün bunlar heç bir məntiqə sığmır. Sağlam təfəkkürlə düşünəndə bütün bunların arxasında qisasçılığın dayandığı açıq-aydın hiss olunur. Belə uydurma yalanları yalnız 37-ci ilin “troykası” təşkil edə bilərdi. Məhəmməd Cuvarlinskini ittiham edən məhkəmə iclası cəmi 15 dəqiqəyə başa çatıb, tərəddüd etmədən ölüm hökmü oxunub.

Tədqiqatçıların yazdığına görə, onu da 37-ci ilin vahiməli bir gecəsində aparıblar. Onda o dəhşətli ilin qara kabusu belə fırlanırdı. Hesablayıblar ki, təkcə Azərbaycandan 100 min nəfərə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, şair, yazıçı və müstəqil təfəkkürü olan digər adamlar uzaq Sibirə, Qazaxıstan çöllərinə, Rusiyanın insan ayağı dəyməyən yerlərinə göndəriliblər. Bu sərt qərara etiraz edənləri yerindəcə güllələyiblər.
Elə Məhəmməd Cuvarlinski kimi! O illərdə repressiya çarxı fəlakətlər yarada-yarada fırlanırdı, vahiməli gecələr davam edirdi...

Əslində, bu günahsız adamlar “məxfi” göstərişlərin qurbanı olurdular. Gecə qapısı döyülən adamlar sabahı uzaq diyarlarda açmalı olurdular, ya da güllələnirdilər.

Bu da belə bir tale idi. Mübarizə aparmaq istəyənləri daha ağır cəzalar gözləyirdi: işgəncə, zülm və digər vəhşiliklər... Adamlar nə qədər dözüm göstərsələr də, onların müqaviməti özlərinə doğru yönəlirdi.


37-ci il: cəmiyyətin hədəfi

Elə bil həmin illərdə hamı bir-birindən çəkinirdi, “üçlüyün” qəzəbinə tuş gəlməkdən qorunurdular. Belə yaşamaq nə qədər çətin olsa da, repressiyanın qanunları başqa seçim tanımırdı. Güllələnmək qorxusu adamları xof içərisində saxlayırdı və uzun illər bu qorxu davam etməkdə idi...

Nəhayət, 1960-cı illərdən başlayaraq cəmiyyətdə sosial təmizləmə geniş vüsət almağa başladı. Hər kəs öz düşüncəsini dilinə gətirə bilirdi. Hətta yazarlar sətiraltı eyhamları da açıq ifadə edirdilər. Bütün bunlar 37-ci ilin sərt ayrılığının başlanğıcı idi. Amma o illərin yaraları, ağrıları qısa zaman kəsiyində sağalan deyil.

37-ci ildə məhv olan əxlaqi dəyərlər, miqdarı bilinməyən sərvətlər fiziki ölümdən qat-qat çox olub. Qolu-qanadı qırılan, əli-ayağı qıc olan yalnız Sibirdə donanlar deyildi.

Ən böyük iflic, sosial ədalət cəmiyyətdə pozulurdu, mənəviyyata zərbə dəyirdi.

Bəzən 37-ci ilin donosları o qədər gizli saxlanılırdı ki, bu məxfi sənədləri araşdırmaq üçün xeyli vaxt sərf olunurdu. Amma tarixi vərəqlədikcə qaranlıq məqamların bütün guşələri aydınlaşır.

O illərin inzibati zorakılığı ilə üz-üzə qalan Məhəmməd Cuvarlinski öz tərcümeyi-halında belə yazır: “Mənim valideynlərim çörək bişirən olub. Özüm də ali təhsil almamışam, inqilabdan əvvəl gözətçi, fəhlə işləmişəm. Sonra partiya sıralarına qəbul olub, kurslar bitirmişəm. Elə o vaxtdan mənim həyatım və inkişafım partiya işi ilə bağlı olub. Müxtəlif vəzifələrdə çalışmışam, sonuncu dəfə Nuxada (indiki Şəkidə) işləmişəm. Həyatımın ziddiyyətli cəhətləri də bundan sonra başlayıb. Kiçik mükafatlarla böyük işlər görən adamlar bizi ləkələmək üçün məqam gözləyirdilər. Və belə məqamlar çatanda fürsəti əldən vermirdilər...”


Məhəmməd Cuvarlinski o qədər də çox yaşamayıb. Amma dostluqda sədaqəti tarixin yaddaşına düşüb, nəsillərə nümunə olub. Onu tanıyanlar elə bu gün də haqqında xoş söz deyir, az yaşasa da, mənalı, məzmunlu bir ömür başa vurub. O, mənəvi-əxlaqi dəyərləri ilə güllələnmək kimi ağır cəzaya meydan oxudu. Sübut etdi ki, onu heç bir cəlladın hikkəsi əqidəsindən döndərə bilməz.

Belə yaşamaq nə qədər çətin olsa da, Məhəmməd Cuvarlinski axıradək öz seçimində yanılmadığını sübut etdi. İllər ötür, o dəhşətli dövrdən xeyli uzaqlaşırıq. Amma ruhumuza, nəslimizə dəyən yaralar yaddaşımızdan pozulmur.

37-ci ilin bir hədəfi də gələcəyi məhv etmək olub. Ən işıqlı zəkaları soyuq Sibirdə dondurmaqla qisas üçün sonuncu hədəf seçirdilər. Amma əqidəsi, amalı dönməz olanlar bu gün də nəsillərin yaddaşında yaşayır və bundan sonra da yaşayacaqlar.

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

Stalinin “güllələnəcəksən”, “türmədə öldürəcəm” dediyi bakılı necə sağ qaldı?

12:00 19 fevral 2025
Bicar -  Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

Bicar - Güney Azərbaycandan ayrı düşən şəhərimiz - Araşdırma

13:03 18 fevral 2025
97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

97 nəfəri xilas edən pilot – Yusif Səmədoğlu nədən qorxurdu?

09:00 18 fevral 2025
Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

Hər şeyin düzü var xatirələrdə... - Azər Turan

10:00 9 fevral 2025
Məşhur cazmen Vaqif Mustafazadə haqqında nə demişdi? - Tale əkizləri

Məşhur cazmen Vaqif Mustafazadə haqqında nə demişdi? - Tale əkizləri

13:12 6 fevral 2025
Qorxulu günlər, yuxusuz gecələr... - Onun haqqında niyə nalayiq məqalə yazılmışdı?

Qorxulu günlər, yuxusuz gecələr... - Onun haqqında niyə nalayiq məqalə yazılmışdı?

09:00 31 yanvar 2025
#
#
# # #