Osmanlının zühuru -ARAŞDIRMA

Osmanlının zühuru -ARAŞDIRMA
17 oktyabr 2012
# 07:30

Qobu çölündən qopub möhtəşəm Xarəzmi yerlə-yeksan etdikdən sonra monqollar iki hissəyə bölündülər. Bir hissəsi şimala doğru getdi. Çingiz xanın əmri ilə Cəbə və Sabutay noyonların başçılığı altında 30 minlik monqol ordu ilə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddini təqib etmək üçün Azərbaycana girdilər. Bir neçə ildən sonra Cəlaləddinin ölüm xəbərini alan noyonlar işğal etdikləri torpaqları buraxaraq Dərbənddən geri qayıtdılar.

Uzun müddət qalmasalar da monqollar Azərbaycan, İran, İraq, Anadolunun daxil olduğu, Bizans qapılarına qədər uzanan Böyük Səlcuq imperiyasını sarsıtdılar. Monqolların səfərindən sonra Səlcuq imperiyası dərəbəylərə parçalandı. Cəbə noyonun səfərindən 20 il sonra isə Çingiz xanın nəvəsi Hülaki xan çətinlik çəkmədən bu ərazilərdə Elxanilər dövlətini yaratdı. Hülaki xanın Anadolu və Misir səfərləri uğurlu olsa da, monqollar bu torpaqlarda tam olaraq öz hakimiyyətlərini qura bilmədilər.


Süleymanşah oğulları


Böyük Səlcuq imperiyasını Azərbaycan və İranı Atabəylər vasitəsi ilə idarə etsələr də, Anadoluda demək olar ki, müstəqil türk bəylikləri yaranmışdı. Bu bəyliklər Səlcuq sultanlarına tabe olsalar da, demək olar ki, hər bir Oğuz boyu öz müstəqilliyini elan etmişdi. Sultanlar bu bəyliklərlə daha çox problem yaşamamaq üçün onlara Bizans sərhədlərində torpaqlar verir və bu yolla həm də öz sərhədlərini qoruyurdular.

Oğuzların Qayı boyundan olan və sonradan tarixə Osmanlılar kimi düşən Süleyman şah oğulları Səlcuqlarla Anadoluya gəlməmişdilər. Monqolların axını zamanı Xarəzəmşahın qulluğunda olan Ərtoğrul Qazi Cəlaləddinlə birlikdə Azərbaycana, buradan da Anadoluya gəlir. Cəlaləddin öldükdən Ərtoğrul Qazi Keyqubadın qulluğuna girir. Keyqubad Süleymanşahoğullarına Bizans sərhədində boğazlara doğru açılan torpaqlarda, indiki Əskişəhir yaxınlığında Söyüdlü adlanan ərazini yurd yeri verir və burda balaca Qayı bəyliyi elan olunur.

Osmanlının yaranışı barədə rəvayətlərin birində deyilir ki, Səlcuq Rum Sultanı monqollarla savaşda məğlub olanda onun köməyinə o zamana qədər Anadoluda heç kimin tanımadığı tayfa çatır və məhz bu kömək nəticəsində Keyqubad monqollara qalib gəlir. Və göstərdiyi köməyin hədiyyəsi olaraq Ərtoğrul Qazi Qərb torpaqlarını hədiyyə alır.

Osmancıq

Ərtoğrul Qazi Bəlxdən monqollardan qaçaraq Anadolunun Bizans qapısına qədər gəldikdən və Söyüdlüdə məskunlaşdıqdan sonra Osman adını verdiyi oğlu doğuldu. Hər kəsin Osmancıq adlandırdığı və sonradan ən böyük imperiyalarından birinin qurucusu olan Osman Qazi ağca qoyunların üstündə oturaraq ox atmağı öyrənir və taxta qılıncı ilə düşmənləri «öldürürdü».

Ərtoğrul Qazi 1281-ci ildə öldü. O vaxtlarda Osmancıq tez-tez Bizans torpaqlarına hücum edir və böyük qənimətlərlə geri dönürdü. Bu üzdən Qayı oğulları içində və ətraf torpaqlarda artıq Osmancığın avtoriteti açıq hiss olunurdu. Hələ atası sağ ikən o, Biləciyi, İnəgölü və Əskişəhiri Bizanslılardan alaraq öz torpaqlarına qatmışdı. Məhz bu fəthlərə görə Elxanilərə asi olduğu üçün əsir götürülərək Təbrizə, Elxani sarayına aparılan Keyqubadın yerinə Səlcuq taxtına oturdulan Qiyasəddin Məsuddan Sancaq bəyi ünvanını aldı.

«Oyun içində oyun»

Biləcəyin fəthi ilə Bizans torpaqları içinə girən Osmancıq, bu fəthini «oyun içində oyun» adlandırmışdı. Osmanın güclənməsindən və İnəgölündə bir qalanı fəth etməsindən təşvişə düşən Biləcik senyoru, Osman Qazini Biləciyə dəvət edib onu burda öldürməyi planlaşdırmışdı. Biləcik senyorundan oğlunun toyuna dəvət alan Osman bu təklifə müsbət cavab vermiş, amma yol üstündəykən Xırmanqayası senyoru, Biləcik senyorunun alçaq planlarını Osmana açıqlamışdı. Toya gələn Osman əsgərləri pusquda durmuşdular. Bizanslıların onlara qarşı hərəkətə keçdiyini biləndə pusqudan çıxıb düşməni qılıncdan keçirmişdi. Bizans qapıları önündə strateji bir qalanın taleyi bu şəkildə həll edilmişdi.

Xain sui-qəsdi Osmana xəbər verən Xırmanqayası senyoru ömrünün sonuna qədər Osmanın dostu və müttəfiqi olmuşdu.

Dərviş təkkələrinin qurduğu dövlət

Orta əsrlərdə mili ideya deyilən bir anlayış yoxdu. Böyük dövlətlərin ideoloji təməlləri dini sektaların yaratdığı ordenlər (müsəlman türklərdə təkkə) tərəfindən yaradılır və dərin dövlətlər elə bu təkkələr tərəfindən idarə olunurdu. Böyük Səlcuq Sultanlığının iflasını görən Anadolu dərviş təkkələri yeni xanədan və yeni dövlət yaratmaq istəyirdilər.

Osmanlı dövlətinin də yaranmasında belə ordenlərdən bir neçəsi iştirak etmişdi. O vaxt Osmanlı imperatorluğunun mənəvi atası və yol göstərəni Keyikli Baba deyilən bir övliya idi. Keyikli Baba Osmanın mürşidi hesab olunurdu. Osmancıq Keyikli Babanın icazəsi və məsləhəti olmadan heç bir addım atmazdı. Daha sonra isə Osman Qazinin oğlu Orxan Qazi hər zaman hər yerdə Keyikli Babanı özünün mürşidi və böyüyü olaraq göstərirdi. Orxan Qazinin Keyikli Babaya olan mənəvi bağlılığı atası Osman Qaziyə olan hörmət və izzətindən artıq idi. Bursanın fəthi zamanı Keyikli Baba Orxan Qazinin ordusuna qatılmış, Orxan Qazi ilə birlikdə Bursanın fəthində iştirak etmişdi. Bu fəthdən sonra Orxan Qazi İnəgölünü Keyikli Babaya bağışlamaq istəmiş, lakin mürşidi etiraz etmişdi: «Bizim qayəmiz Allahın rizasını qazanmaqdır. Siz bu əraziləri daha kasıb ailələrə versəniz, daha böyük savab işləmiş olarsınız».

Keyikli Baba dərviş təkkəsinin rəhbəri olmaqla yanaşı böyük bir fəzilət qapısıydı. Orxan Qazi mürşidi son dəfə ziyarət edərkən «Taxtınız Kəbə nuruna, feyz və bərəkətinə sahib olsun. Dövlətinizin təməli xalq olsun»,- söyləmişdi.

Osmanlı dövlətinin yaranmasında digər övliya Əxi təkkəsinin mürşidi, Şeyx Ədəbalıydı. Bütün Azərbaycan, İran və Anadoluda çox böyük qüdrət sahibi olan Əxi təkkələrinin köməyindən faydalanmaq üçün Osman Qazi Şeyx Ədabalının qızı Malhun Hatun ilə evlənmiş, bu nikahdan Orxan Qazi doğulmuşdu. Osmanlı rəvayətlərində bildirilir ki, bir gecə Şeyx Ədabalının dərgahına gələn Osman yuxusunda şeyxin sinəsindən çıxan bir ayın onun sinəsinə girdiyini görmüşdü. Bu yuxunu şeyxə danışdıqdan sonra Şeyx onun yuxusunu belə yozmuşdu: «Sən, Ərtoğrul Qazi oğlu Osman, atandan sonra bəy olacaqsan, qızım Malhun Xatunla evlənəcəksən. Məndən çıxıb sənə gələn nur budur. Sizin soyunuzdan çoxlu padşahlar çıxacaq, dövlətlər soyunuzun hakimiyyətini qəbul edəcək».

Şeyx Ədabalı Osmanı dövlətinin ideoloqu, Orxan Qazinin babasıdır. Əslən Qaramanlı olan Şeyx Ədabalı zamanının böyük övliyaları olan Mövlanə Cəlaləddin Rumi və Hacı Bəktaş Vəli ilə söhbətlər etmişdi. Ən ünlü şeyxlərindən biri idi. Qaramandan yola çıxan şeyx bütün Anadolunu, İran və Azərbaycanı, İraq və Ərəbi gəzərək hər yerdə əxi ordenini bir yerə toplamış və sonda Osmanlı dövlətini qurulmasına şahidlik edərək gözlərini birdəfəlik yummuşdu. Onun Əxi təkkəsinə rəhbərlik etməsi isə Osmanıların gücünə güc qatmışdı. Osmana, daha doğrusu nəvələrinə vəsiyyətində bunları söyləmişdi: «Keçmişini bilməyən, gələcəyini də bilməz. Osman, keçmişini yaxşı bil ki, gələcəyinə sağlam ayaq basasan». Şeyxin ölümündən 4 ay sonra Osman Qazi də ölmüş və xanədanı Orxan Qaziyə buraxmışdı.

Quruluş

Osmanlı dövlətinin quruluş tarixi 1299-cu ilə təsadüf edir. Xanədanın elan olunması İnəgölü fəthindən sonra baş verdi. Osman Qazi öz bəyliyinin istiqlalını elan etdi və bundan sonra kimsəyə itaət etməyəcəyini açıqladı. Artıq Səlcuqlar tarix səhnəsindən silinmiş, Elxanilərin qüdrəti isə Anadoluda tamamilə zəifləmişdi. Tək təhlükə Bizans tərəfdən idi. Anadolu bəylikləri və təkkələrinin Osman Qazinin xanədanını qəbul etməkdən savayı yolları qalmamışdı. Çünki “kafir Bizans”ın qarşısında Osmanlı əşirəti dururdu.

Osman Bizans ordusu ilə 1302-ci ildə Qoyunhisar savaşında üz-üzə gəldi. Bizans ordusu Osmanlı əşirətindən dəfələrlə güclü olmasına baxmayaraq türk atlıları bizanslıları darmadağın etdi. Savaşda Osman Qazinin əsas silahdaşlarından Aydoğdu bəy şəhid düşdü və bu itki Osmanı çox pərişan etdi.

Bu savaşdan sonra Osman Qazi fəthlərini davam etdirərək torpaqlarını istər Qərbə, istərsə də Şərqə doğru genişləndirdi. Xanədanın elan olunmasından sonra 27 il yaşayan Osman Qazi Anadoluda bir çox önəmli torpaqlara yiyələndi. 1315-ci ildə Bizanslıların ən önəmli və böyük qalalarından biri olan Bursanı mühasirəyə aldı. Sonradan xəstələnərək komandanlığı oğlu Orxan Qaziyə verdi. Bundan sonra felən Sultan olsa da bütün dövlət işlərini Orxan Qazi gördü. 1326-cı ildə Bursanın fəth olunma xəbərini aldıqda, ağır xəstə olmasına baxmayaraq oraya aparılmasını istədi. Bir neçə gündən sonra Bursada 68 yaşında vəfat etdi. Bu dünyadan rahat gedirdi, çünki Ərtoğrul Qazidən miras olaraq aldığı 4800 kvadrat kilometr torpağı 16 000 kvadrat kilometrə çatdıra bilmişdi.

Türk törəsini pozdular

1281-ci ildə Ərtoğrul Qazi Söyüdlüdə canını Allaha tapşırırkən, Osmancığın Orxan adlı bir oğlu dünyaya gəldi. Hələ ilk gənclik illərindən başlayaraq Orxan atasının ordusunda önəmli sərkərdə kimi Bizans qalalarına qarşı aparılan qazavatlarda ad çıxarmışdı. Osman xəstələndikdən sonra da xanədan Orxanın idarəsinə keçmişdi. Lakin Osman Qazi 1326-cı ildə vəfat etdikdən sonra Bursada türk oğuz boylarının qurultayı keçirilmiş və qurultay törələrə uyğun olaraq xanədanın Osman Qazının böyük oğlu Əlaəddin bəyə keçməsini doğru saymışdı.

Buna baxmayaraq Əlaəddin bəy xanədandan imtina etmişdi. İmtina səbəbi isə Orxanın hərbi sahədə çox qabiliyyətli olması, atasının Orxan bəyə dövlət işlərində göstərdiyi etimad, həmçinin əxi təkkələri ilə qan qohumluğu idi.

Zamanın çoxunu elm öyrənməyə sərf edən Əlaəddin bəy xanədanın Orxanın rəhbərliyi altında daha böyük uğurlar qazana biləcəyini önə sürmüşdü. Bu imtinadan sonra qurultay Orxan bəyi Sultan elan etmiş və Orxan da böyük qardaşını özünün baş vəziri təyin etmişdi. Əlaəddin bəy ölənə qədər qardaşı ilə birlikdə Osmanlı dövlətinin yaradılmasında müəyyən rolu olmuşdu.

Əlaəddin bəyin imtinasına baxmayaraq, kiçik qardaşı Orxan bəyin sultan elan olunması əslində əsrlərdir davam edən türk törəsinin pozulması demək idi. Törəyə görə miras yalnız nəslin böyük nümayəndəsinə mənsubdur. Sonradan bu törə digər Osmanlı Sultanları tərəfindən də pozulacaq, tax-taca sahib olmaq üçün Sultanlar ata və qardaşlarını, həmçinin oğullarını edam etdirəcəkdilər.

Maltəpə savaşı; İznik və İzmirin fəthi

Orxan Qazinin ən böyük nailiyyətlərindən biri xanədan sahibi olduqdan sonra on il ərzində öz torpaqlarını Qara dənizdən Mərmərə dənizinə qədər genişləndirməsi oldu. Bizans on il müddətində demək olar ki, Kiçik Asiyadakı bütün torpaqlarını itirdi. Dardaneli keçən Sultan Orxanın axınçıları faktiki olaraq Şərqi Romanın paytaxtı Konstinopolu qurudan mühasirəyə aldılar. Lakin dəniz yolu ilə davamlı yardım alan şəhər yüz il Osmanlı təzyiqləri qarşısında davam gətirə bildi. Buna baxmayaraq Orxan Qazi yunanların tarixi şəhərləri olan Nikeya və Nikemediyanı (türklər bu şəhərləri İznik və İzmir adlandırdılar), işğal edərək Bizansı Kiçik Asiyadan tamamilə çıxardı.

Osmanlı axınçılarının boğazları fəth etmək üzrə olduğunu görən Bizans türklərin qarşısına bütün gücü ilə çıxdı. Məqsəd türk təhdidinə birdəfəlik son vermək və Kiçik Asiyadakı Bizans hegemoniyasını bərpa etməkdi.

Sakarya çayı boyunca irəliləyən Orxan Qazi Maltəpədə düşmənlə üzləşdi. 8 min əsgəri vardı və bu qüvvə ilə Bizans ordusunu yenmək imkansız görünürdü. Çünki Bizans ordusu türklərdən dəfələrlə çox idi. 1329-cu ildə baş verən Bizans-Osmanlı savaşı bir gün sürdü. Bütün günü Bizans ordusu qarşısında güclə davam gətirən Orxan Qazi başa düşdü ki, sabah ordusu darmadağın ola bilər. Ordular öz mövqelərinə çəkiləndə bizanslılardan fərqli olaraq Orxan ordusuna istirahət vermədi. Osmanlı axınçıları gecə yarısı Bizans düşərgəsinə soxulub düşməni doğramağa başladılar.

Gözlənilməz gecə basqınından panikaya düşən Bizans ordusu qaçmağa üz qoydu. İmperatorlar yaralı bir şəkildə canını qurtarsa da, ordusunun bir hissəsi qırıldı, digər hissəsi isə əsir düşdü. Maltəpədən dönən Osman Qazi zəfərini artıq təslim olan İzmir və İznikdə bayram etdi. Qalaları təslim edən Orxan Qazi hər kəsə aman verdi. Bizanslılar cizyə vergisini verməklə dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilərdilər.

Paytaxt müvəqqəti olaraq İznikə köçürüldü və burda böyük islam abidələri inşa edildi.

İmperatorluğun memarı

Sultan Orxan qazinin ən böyük işlərindən bir Osmanlı dövlətini qurması oldu. Osman Qazinin zamanında nazir rütbələri – vəzirlik və paşalıq institutları təsis olundu. Osmanlı Divan Təşkilatı yaranmaqda olan imperiyanın dəftərxana və idarə işlərini həyata keçirməyə başladı. Fəth olunan şəhərlərin və torpaqların idarəsi isə qazılara həvalə olundu. Qazıların yanında həmçinin hərbi işləri idarə edən subaşılar vəzifə alardılar. İstər qazıları, istəsə də subaşıları Sultan təyin edərdi. Osmanlı dövlətinin təşkilindən başlayan bu təsisatlar uzun illər boyu davam etdi.

Orxan Qazinin böyük yeniliklərdən birini orduda apardı. Yaranmasından on il keçəndən sonra Osmanlı dövlətinin və ordunun əsas bel sütunlarından biri olan yeniçəri institutu da məhz Orxan Qazi tərəfindən yaradıldı. Əsasən piyada qoşun olaraq nəzərdə tutulan yeniçərilər müharibələrdə əsir götürülən, ya da qul uşaqlardan və qul bazarlarından satın alınan uşaqlardan təşkil olunurdu. Bu uşaqların ata və anaları olmur, onlar yalnız dövlət üçün xüsusi məktəblərdə yetişdirilirdilər. Əsasən xristian uşaqları bu məktəblərə cəlb edilir, onlara islamı qəbul etdirir və keçmişləri unutdurulurdu. Uzun əsrlər boyu yeniçəri məktəblərinin sirləri dövlət sirri kimi qorunur və bu məktəblərdə əsasən təkkə üzvləri yeni gətirilən uşaqlara dərs keçir, onlara döyüş sənətini öyrədirdilər. Sonradan Osmanlı dövlətinin qüdrətlənməsində və imperiyaya çevrilməsində, Osmanlı xanədanının 600 il davam etməsində yeniçəri məktəblərinin böyük rolu oldu.

Sonradan Aradıq dənizinə hakim olan osmanlı donanmasının da əsası Orxan Qazi tərəfindən qoyulmuşdu.

Orxan Qazi aldığı şəhərlərdə heç kimi incitməz, artıq qan tökməzdi. Aldığı bütün Bizans şəhərlərində müsəlman memarlıq abidələri tikərək xristian abidələrini unutdurmağa çalışardı. Lakin heç bir yerdə kilsələri dağıtmaz, boş kilsələri məscidə çevirərdi.

«Osmanlıya iki qitə üzərində hökm etmək yetməz»

Orxan Qazi Osmanlı xanədanın ən ədalətli və ən fəzilətli sultanı kimi tanınır. Hətta elmi və fəziləti ilə seçilən, bir çox hallarda ədalətin qapısı olaraq vəsf edilən Sultan Süleyman Qanuni belə onun əlinə su tökməyə layiq deyildi. Təkkələrdə yetişən və bütün ömrü boyu təkkələrlə əlaqəsini kəsməyən Orxan Qazi son nəfəsinə qədər Allahın məzlum qulu olduğunu unutmamışdı. O son dərəcə dindar, təvazökar və təbəəsinə özünü sevdirməyi bacaran birisi idi. Ölümündən öncə oğlu Sultan Murada aşağıdakıları vəsiyyət etmişdi: «Oğul, səltənətinlə məğrur olma. Dünya səltənəti keçicidir, amma bir fürsətdir. Allah yolunda xidmət üçün bu fürsəti yaxşı dəyərləndir… Rum elinin fəthini tamamla. Konstantinopolu fəth et, ya da fəthə hazırla. Anadolu bəylərinin üzərinə çox getmə. Onlar bir müddət sonra ağacdakı alma kimi ovcuna düşəcəklər. Anadolu ilə problem yaranmasa, Rumelini rahat həll edəcəksən. Cənnət məkan atam Osman Qazi xan bir ovuc torpaqlarda bəylik yaratdı. Biz o bəylikdən Sultanlıq qurduq. Səlcuqların varisi biz olduğumuz kimi, Romanının da varisi bizik… Amma Osmanlıya iki qitə üzərində hökm etmək belə yetməz… «Qurani Kərim”in buyruqlarına boyun əy. Unutma ki, gecikən ədalət ən pis ədalətdir. Sonunda ədalət yerini tapsa belə, gecikən ədalət zülmdür.»

Tarixçilər onu sarısaçlı, mavigözlü və pəhləvan cüssəli təsvir ediblər. Səltənətinin 38 il sürdüyü bildirilir. Ölüm tarixi dəqiq göstərilmir-1358-1362-ci illər arasında dünyasını dəyişdiyini yazırlar. Orxan Qazi Üsküdarı, Kadıköyü alaraq Avropa qitəsinə çıxış imkanı qazandı. Bir çox Anadolu bəylikləri onun zamanında Osmanlı xanədanına təslim edildi. Ankaranı da Orxan Qazi aldı və Anadolunun şərqinə doğru irəlilədi. Öləndə atası Orxan Qazidən aldığı 16 min kvadrat kilometr ərazini 95 min kvadrat kilometrə çatdıraraq oğlu Murada təslim etdi. Ölməmişdən əvvəl Bursaya gəldi və burda sakitcə həyat vida etdi. Atasının ayaqları altında dəfn edildi.

Azər Qaramanlı

# 6816 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #