"İrəvanda xal qalmadı" mahnısı hansı gəlinə həsr edilmişdi? - İllərin mahnısı

"İrəvanda xal qalmadı" mahnısı hansı gəlinə həsr edilmişdi? - İllərin mahnısı
20 avqust 2021
# 09:02

Kulis.az “İllərin mahnısı” layihəsindən “İrəvanda xal qalmadı” mahnısı haqda maraqlı faktları təqdim edir.

İrəvanda xal qalmadı. Yəqin ki, hamımızın əzbərində olan mahnının maraqlı tarixçəsi var. Mahnının sözləri və musiqisinin müəllifi məşhur muğam ustası Cabbar Qaryağdıoğluya aiddir.

***
Mahnının yaranma tarixi haqda müxtəlif versiyalar var. Bir versiyada deyilir ki, Cabbar Qaryağdıoğlu İrəvan şəhərində mülkədar bir kişinin oğlunun toy məclisini aparırmış. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimov və kamançaçı Məşədi Qulu ilə bir yerdə üç gün üç gecə toyu möhtəşəm şəkildə aparmış və hamını hayıl-mayıl eləmişdi. Toylarda “Bəy tərifi” indilərdə olduğu kimi o zaman da məşhur imiş. Cabbar Qaryağdıoğlu bəy tərifi etdiyi zaman gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən?
Xanəndə gəlinin atasının sözünü yerə salmamaq üçün qızın nişanələrini soruşub. Öyrənib ki, gəlinin üzündə qoşa xal var. O zamanlar gəlini toy əhlinə göstərməzdilər. Cabbar Qaryağdıoğlu bədahətən ürəyindən gələn sözləri musiqiylə bir yerdə bəstələyərək həmin mahnını oxuyub. Təbii ki, bu bir versiyadır və çoxları da bu versiyaya inanmır. Başqa bir versiyada isə Cabbar Qaryağdıoğlunun gəlinin üzündəki qoşa xalı gördüyü və toydaca mahnını qoşduğu söylənilir. Digər versiyada isə İrəvanda bir qadının qoşa xalını görən Cabbar Qaryağdıoğlunun sonradan gəlib bu əhvalı mətnə köçürməsi, beləliklə mahnı ərsəyə gəlməsi nağıl olunur.

Cabbar Qaryağdıoğlunun qızı əhvalatı ayrı cür danışır. Deyir ki, İrəvanda toyda Cabbar əmi bir neçə ağız oxuyur və bəyin atasından alqış alır. Lakin gəlinin atası nəsə bikefmiş və Cabbar Qaryağdıoğlundan razı deyilmiş. Deyibmiş ki, ay Cabbar əmi, sən bəyi təriflədin, bəyəm mənim qızım ondan əskikdir, niyə ona tərif demirsən. Mənim gözəl-göyçək qızım var, neyçün sən kefimi pozursan, ancaq bəyi tərifləyirsən. Cabbar Qaryağdıoğlu cavabında deyib ki, bəs sən də qızını gətir, burda, toyda, bəyin yanında otursun, mən də ona baxım, tərifləyim, yoxsa görməyə-görməyə necə ona tərif deyə bilərəm. Gəlinin atası da qızın toy məclisində iştirak etməsinin adət-ənənədə olmadığını söyləyib. Cabbar Qaryağdıoğlu yumşaqqəlbli adam olduğu üçün könül sındırmayıb, deyib ki, qızın üzündəki bir nişanəni təsvir elə, mən də gəlini tərifləyim. Atası da qayıdıb ki, yanağında iki xalı var. Elə bu təsvir Cabbar Qaryağdıoğluna bəs eləyib. Deyib, a Qurban, gəl dalımca, mən başlayım mahnıya, sən də çal. Sonra gəlinin atası çox sevinib və Cabbar Qaryağdıoğlunun başından pul töküb. “Mən atamdan əhvalatı bu cür eşitmişəm.

Ehtimallara görə, təsadüfən və qəfildən yaranan bu mahnının bəxti də yaxşı gətirib. Cabbar Qaryağdıoğludan sonra ustad xanəndələr "İrəvanda xal qalmadı"nı çox şövqlə oxuyublar. Getdikcə yayılan və hamı tərəfindən sevilən mahnı öz yaradıcısının adı ilə deyil, el nəğməsi kimi məşhurluq qazanıb.

***
Bəzi tədqiqatçıların söylədiyinə görə, mahnı "İrəvanda xal qalmadı" yox, "xan qalmadı" kimi oxunmalıdır. Onu da əlavə edirlər ki, guya İrəvanda bir qənirsiz gözələ vurulmuş xanlar öz arzularına çatmadıqlarından həyatlarını həmin gözəlin yolunda qurban veriblər. Lakin bu fərziyyə yalnızca bir ehtimaldır və heç bir fakta dayanmır.

***
Başqa bir fərziyyədə isə deyilir ki, “İrəvanda xan qalmadı” mahnısı İrəvan xanlığının süqutunu və oradakı dəhşətli köçü özündə əks etdirir.

***
Kədərli faktlardan biri odur ki, mahnının səs yazısı Cabbar Qaryağdıoğlunun ifasında bu günümüzə kimi gəlib çatmayıb. Mahnını yaradan ustad muğamatçının ifası təəssüf ki, əlimizdə yoxdur.

Başqa bir maraqlı fakt isə odur ki, mahnının tərkibi, mətni və məzmunu onun daha çox duet şəklində oxunmasını tələb etsə də, əksər ifaçılar sola ifayla çıxış ediblər. İlk dəfə Baba Mahmudoğlu və Elmira Məmmədova mahnını duet şəklində oxuyublar.

***
Cabbar Qaryağdıoğlundan sonra 60-cı illərdə Xan Şuşinski “İrəvanda xal qalmadı”nı oxuyub və lentə yazdırıb. Xan Şuşinski mahnının ilkin variantına dəyişikliklər etməyib. Çünki o Cabbar Qaryağdıoğlunun tələbəsi və davamçısı idi. Başqa məşhur simalar da bu mahnıya müraciət ediblər: Bülbül, Seyid Şuşinski, Əbülfət Əliyev... Amma bu səs yazıları saxlanılmayıb. Bu günümüzə kimi qorunub saxlanmış və qızıl fonda daxil olmuş yeganə səs yazısı Yaqub Məmmədova aiddir.

“İrəvanda xal qalmadı” mahnısını daha sonra başqa məşhurlar da ifa edib: Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Qədir Rüstəmov, Eynulla Cəbrayılov, Elmira Rəhimova, Elmira Məmmədova, Qəndab Quliyeva, Səmayə İsmayılova... Gənc müğənnilər arasında bu mahnıya müraciət edənlərdən biri Röyadır. Onun ifası dinləyicilərin yaddaşında müasir, parlaq və ritmik aranjimanla qaldı. Röya mahnıya rəqs havası qatdı, lakin bu mahnıya heç bir xələl gətirmədi.

# 1669 dəfə oxunub

Oxşar xəbərlər

# # #