#

Bizim məhəllədəki çadralı oğlanlar – Tahir Tahiroviç yazır

Bizim məhəllədəki çadralı oğlanlar – <span style="color:red;">Tahir Tahiroviç yazır
10 avqust 2016
# 12:11

Məhəlləmizdə İmamqulu adlı rəngsaz yaşayırdı. 75-80 yaşı olmasına baxmayaraq hələ də rəngsazlıq edirdi. İmamqulu həmişə qara paltar geyinərdi, bununla belə bizim gözümüzdə rəngbərəng görünərdi. Onun bir xasiyyəti vardı. Həmişə işdən qayıdanda əllərini fırlada-fırlada “belə da, bela da” deyə mızıldanırdı. Sanki kiminləsə danışırdı.

Rövşən adında bir oğlu varıydı. Ona “Cını” deyirdilər. Məhəlləmizin dəlisov uşaqları yığışıb İmamqulunun qapısını daşlayardılar. Bilmirəm niyə, elə bil onların qapısını daşlamaqdan zövq alırdılar. Yazıq kişi də Cınını qapının ağzında pusquda saxlayardı. Çeşmədən su gətirəndə görərdim ki, yazıq Cını günün istisində yorğun-arğın uzanıb qapının arxasında.

Günlərin bir günü aşağı məhəllədə toy varıydı. Məhəllə uşaqları toyda oynayıb yorulandan sonra dedilər ki, gedək Cınıgilin qapısını daşlayaq. Futbolist Zəif xırda daşlar, İncə Əsgər isə kubik götürmüşdü. Cınıgilin evinə yaxınlaşanda həyətdən səs gəldi: “Ay arvad tez gəlin çörəyimizi yeyək, indi qurumsaqlar başlayacaq.”

İmamqulu idi, işdən təzə gələnə oxşayırdı.

Bunu eşidən Zəifi gülmək tutsa da vaxtı itirmək istəməyib özü ilə götürdüyü xırda daşları Cınıgilin evinin damına tolazladı. İncə Əsgər kubiklə qapını qırmaq istəyirdi. Elə əlindəki kubiki qapıya tərəf tullamaq istəyəndə qapıya Cını cıxdı. Yazıq Cını kubiki göydə tutdu və ağırlığından özünü saxlaya bilməyib içəri aşdı və kubiklə bərabər həyətboyu aşağı dığırlandı.

Günlərin bir günü qapını daşlayanı Cını yaxaladı. İçəri qatıb əllərini bağladı. “Ataaaaa, tez gəl tutmuşam birini ” deyə bağırdı. İmamqulu bir banka qırmızı boya gətirdi. Oğlanın paltarını rəngləyib buraxdı.

Axşam məhəlləmizdə müzakirə başladı. İmamqulunu necə cəzalandıraq. Dedilər, gəlin qapısını sındıraq. Səhəri gün uşaqlar əllərində iri daşlar qapını kütləvi atəşə tutdular. Cınının qapıdan çıxmasına imkan verməyincə evlərinin damına tullandı. Yüksək səslə “Ata, yaz”- Nemes Erikanın oğlu Becan, xaladennik qayıran Sadıxın oğlu Qudan, dəmir yolu Cavadın oğlu Heydər. Qalanlarının adını deməkdə çətinlik çəkdi. Çünki qapıdan uzaqlaşmışdılar.

İmamqulu əlində dəftərcə bayıra çıxdı. Bir başa milis idarəsinə. Sahə müvəkkili məhəlləmizə gəldi. Evlərdə uşaqların çıxırtısı eşidildi. Becan, Qudan, Heydər döyüldü.

Ertəsi gün xüsusi toplantı oldu. Bir saatdan sonra matarenli (motosiklet) gətirildi. Aşağı məhəllədən araba və matarenliylə kubiklər daşındı. Məhəllə uşaqları Becanın, Qudanın, Heydərin acığını İmamquludan xüsusi qəddarlıqla çıxmaq istəyirdilər. Evlərindən ana və nənələrinin güllü çadralarını gətirdilər. Çadraları başlarına saldılar, məsciddən gələn nənələrə bənzəyirdilər. Uşaqların çadraya bürünmələrinin səbəbi sadə idi. Cını bayıra çıxıb adlarını yazmaq istəyəndə onları tanımasın. Yarım saatdan sonra kubiklər İmamqulunun qapısına tuşlandı. Təxminən ona yaxın kubik İmamqulunun qapısını yerindən çıxardı.

Həyətdən səs gəldi: “Cınııııııı, tez de yazım.” Bu zaman uşaqlar çadralarını bərkidib yeriyə-yeriyə uzaqlaşırdılar. Cını damın üstünə çıxanda gözlərinə inanmadı. Heç kəsi tanıya bilmirdi. Çığıra-çığıra ağlama başladı: “Dədə, evimiz yıxılddııı, dədəəəəəəəə”. İmamqulu hələ nə olduğunu bilmədiyi üçün oğluna acıqlanırdı: “Ə köpəkoğlu, tez adlaırnı de.” Cını əllərini gah torpaq damlarına, gah da başına vuraraq ağlayırdı: “Dədə, evimiz yıxıldı, eee. İndi də qancıqlar başladııııı”.

İmamqulu küçəyə çıxıb artıq uzaqlaşmaqda olan qara çadraları görəndə əlindəki dəftəri cırmağa başladı. Sonra... sonra isə əlini yenə həmişə kimi “belə da, belə da” deyə-deyə sınıb-dağılmış qapıdan həyətə keçdi.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

# # #