Onun yem verdiyi heyvanlar ölümə məhkum idi

Onun yem verdiyi heyvanlar ölümə məhkum idi
7 noyabr 2013
# 15:18

Kulis.Az Svetlana Turanın tərcüməsində 2013-cü ilin Nobel mükafatı laureatı Alis Munronun “Əziz həyat” hekayəsini təqdim edir.

Uşaqlıqda mən uzun bir yolun qurtaracağında yaşayırdım, ya da o yol, sadəcə, mənə çox uzun gəlirdi. İbtidai məktəbdən, sonra isə orta məktəbdən evə qayıtdıqda mənim arxamda öz səs-küyü, səkiləri və gecələr yanan fənərləri ilə əsl qəsəbə qalırdı. Meytlənd çayı üzərindəki iki körpü şəhərin sonunda yerləşir və onu tamamlayırdı: biri maşınların narahat hərəkət etdiyi, bəzən hansının kənara çəkilib, hansının sürməli olduğu davaları ilə yadda qalan ensiz dəmir körpü, digəri isə taxtalarından bəzilərinin olmadığı və insanın düz parlaq, sürətlə axan çayın içinə həmin dəliklərdən baxa bildiyi piyadalar üçün nəzərdə tutulmuş taxta körpü. Taxta körpünün bu xüsusiyyəti mənim xoşuma gəlirdi, amma boş yerlərə tez-tez yeni taxta qoyurdular.

Bundan başqa, çox da dərin olmayan vadi də vardı ki, orada yerləşən bir cüt sınıq-salxaq evi hər yaz su basırdı, oranın sakinləri isə – qəribə adamlar – yenə də həmin evlərə qayıdır və orada yaşamağa davam edirdilər. Bir körpü də ensiz, amma insanın asanlıqla boğulacağı dərinlikdə olan dəyirman novunun üzərində idi. Ondan o yana yol iki yerə ayrılırdı, biri cənuba doğru, təpəyə sarı gedir, çayın üstündən aşıb əsl magistral yola çevrilirdi, digəri isə əvvəllər yarmarka təşkil olunan yerlərin eniş-yoxuşundan keçərək qərbə doğru burulurdu.

Qərbə gedən yol mənimdi.

Şimala aparan bir yol da uzanırdı, onun qısa da olsa, əsl səkisi var idi və kənarında şəhər evləri kimi yanaşı duran bir neçə ev yerləşirdi. Onların pəncərələrindən birindən asılmış “Salada çayı” yazısı orada bir vaxtlar ərzaq dükanının olmasından xəbər verirdi. Bundan əlavə, orada həyatımın iki ilini keçirdiyim və bir daha görmək istəmədiyim məktəb də vardı. Həmin illərdən sonra anam atamı yola gətirdi ki, o, qəsəbədə köhnə anbar alsın və bu səbəbdən qəsəbəyə vergi ödəsin, o zaman mən qəsəbə məktəbinə gedə bilərdim. Lakin aydın oldu ki, anamın atamı yola gətirməsinə ehtiyac yox imiş, çünki qəsəbə məktəbinə gedəcəyim elə həmin il, həmin ay Almaniya ilə müharibə başladı.

Sanki bir sehr baş verdi və köhnə məktəbdə güllələr mənim qəlyanaltımı darmadağın etdikdən, mənim özümü dəhşətli dərəcədə qorxutduqdan sonra, lakin hələ də heç kəsin bu səs-küydən bir nəticə çıxara bilmədiyi bir vaxtda, bir otağı və bir müəllimi olan məktəb ortadan bölündü. Ola bilsin ki, o, böyük tənəffüs zamanı qapını bağlamağı unutmuşdu. Məlum oldu ki, məni adətən ritorik suallarla qorxutmağa çalışan oğlanlar, onların böyük qardaşları orduya getdikləri üçün işə düzəlməyə ürəkdən razı imişlər. Bilmirəm, o vaxtdan bəri məktəb ayaqyoluları düzəlib, ya yox, amma həmin vaxt onlardan daha dəhşətli bir şey görməmişdim. Əlbəttə, biz öz evimizdə də həyətdə yerləşən ayaqyoluna gedirdik, ancaq ora çox təmiz idi, hətta yeri linoleumla döşənmişdi. Həmin məktəbdə ya belə yerə nifrət dolu münasibət, ya da başqa bir səbəbdən heç kəsi o dərə maraqlandırmırdı. Əslində, mənim üçün heç qəsəbə məktəbində də asan deyildi, çünki məndən başqa, hamı bir-birini birinci sinifdən tanıyırdı, üstəlik, mənim bilmədiyim çox şey vardı, lakin yeni məktəbimin tərtəmiz oturacaqlarını görmək və ayaqyolunun unitazında axan suyun şırıltısını eşitmək çox xoş idi.

İbtidai məktəbdəykən bir qızla dost oldum. Diana adlandıracağım həmin qız mənim o məktəbdə təhsil aldığım ikinci ildə sinfimizə gəldi. Mənimlə, demək olar ki, yaşıd idi, səkisi olan o evlərdən birində yaşayırdı. Bir gün o məndən Haylənd flinq rəqsini edə bilib-bilmədiyimi soruşdu, mən bacarmadığımı dedikdə o mənə həmin rəqsi öyrətməyi təklif etdi. Bu məqsədlə biz dərsdən sonra onların evinə getdik. Anası öldüyü üçün o, nənə və babasının yanına köçüb gəlmişdi. Haylənd rəqsini öyrənməkdən ötrü o mənə taqqıldayan ayaqqabıların lazım olduğunu dedi, təbii ki, mənim elə ayaqqabım yoxdu, ancaq bizim ayaq ölçülərimiz, demək olar ki, eyni olduğundan o mənə dərs keçməyə çalışan vaxt onun ayaqqabılarını geyinə bilərdim. Bir az məşq etdikdən sonra biz susadıq və onun nənəsi bizə su verdi, lakin su, eynilə məktəbdəki kimi, bellə qazılmış quyudan çıxan çirkli su idi. Mən ona evimizdə qazma quyudan daha təmiz suyun çıxarılmasından danışdım, nənəsi qətiyyən incimədən elə bir quyuya sahib olmağı istədiyini dedi.

Amma çox keçmədən məni məktəbdə tapmayıb harada olduğumu öyrənən anam gəlib çıxdı. O, maşının siqnalını basaraq məni səslədi və Diananın nənəsinin dostyana əl yelləməsinə heç bir reaksiya vermədi. Anam elə də tez-tez maşın sürməzdi, əgər sürərdisə də, demək ki, onu əsəbiləşdirəcək bir şey baş vermişdi. Yolda o mənə həmin evə bir daha girməyi qadağan etdiyini dedi. (Bu qadağaya əməl etmək elə də çətin olmadı, çünki bir neçə gün sonra Diana daha məktəbdə görünmədi – onu harasa göndərmişdilər.) Mən anama Diananın anasının öldüyünü dedikdə o bundan xəbərdar olduğunu bildirdi. Ona Haylənd flinqi haqqında danışdım, lakin o dedi ki, mən bunu nə vaxtsa başqa bir yerdə öyrənə bilərəm, amma o evdə yox.

Həmin vaxt mən bilmirdim ki, Diananın anası fahişə imiş və o, fahişələrin tutulduğu hansısa xəstəlikdən ölüb. O arzu edibmiş ki, öz yurdunda basdırılsın, kilsəmizin rəhbəri də onun bu arzusunu yerinə yetirmişdi. Onun bu qərarının üstündə mübahisələr başlamışdı. Bəziləri elə hesab edirdilər ki, o bunu etməyə də bilərdi, ancaq anam onun düz hərəkət etdiyini düşünürdü.

Günahın bədəli ölümdür.

O bunu mənə çox sonra dedi, bəlkə də, bu mənə çox sonra imiş kimi görünürdü, özü də bunu elə bir vaxtda dedi ki, həmin vaxt o nə deyərsə-desin, onun söylədiklərinə nifrət edirdim, əsasən də, o əsməcəli, hətta həyəcanlı, günahlandırıcı, əvvəlcədən planlaşdırılmış olsa da, olmasa da, getdikcə daha tez-tez istifadə etdiyi titrək səslə danışdıqda.

Mən Diananın nənəsinə vaxtaşırı baş çəkirdim. O məni həmişə qırışlı təbəssümlə qarşılayardı. Mənim məktəbə davam etməyimi təqdir edirdi, bu haqda Dianaya da xəbər vermişdi. O da – çıxıb getdiyi yerdə - mənim qədər olmasa da, daha bir müddət təhsilini davam etdirmişdi. Nənəsinin dediyinə görə, o, sonradan Torontoda restoranların birində özünə iş tapmışdı və üzərində parlaq daşlar olan forma geyinirdi. Həmin vaxt mən oranın həm də parlaq daşlı paltarın soyunulan yer olduğunu anlayacaq qədər böyük idim.

Mənim məktəbdə uzun müddət təhsil aldığımı düşünən təkcə o deyildi. Evə gedən yolun üstündə qəsəbədəkindən fərqli olaraq, bir-birindən bir qədər aralı yerləşən evlər vardı, ancaq onlar mülkiyyət baxımından elə də qiymətli deyildilər. Onlardan biri təpəciyin üstündə tikilmişdi və Birinci Dünya Müharibəsinin təkqollu veteranı Veyti Sritsə məxsus idi. O, qoyun saxlayırdı. Evli idi, mən onun arvadını bircə dəfə - o, nasosun yanında dayanıb su qabını su ilə doldurarkən görmüşdüm. Veyti mənim məktəbdə neçə il oxuduğum və imtahanlarımı verib başa çıxmadığım üçün hələ də oxumağa davam etməyim barəsində zarafat etməyi xoşlayırdı.

Mən onun zarafatlarını təbəssümlə qarşılayaraq özümü o, düz deyirmiş kimi aparırdım. Onun, əslində, hansı fikirdə olduğunu bilmirdim. Yolüstü tanıdığın insanlar haqqında, onların da sənin barəndə bundan artığını bilməsi mümkün deyil. Sən salamlaşırsan, onlar da salamını alır, hava haqqında bir-iki söz deyirsiz, maşınları varsa, sizi getdiyiniz yerə qədər aparırlar, vəssalam. Bura hamının bir-birinin evini içini özününkü qədər yaxşı tanıdığı və hamının yaşayışının yuxarı-aşağı eyni olması ilə səciyyələnən əsl kənd kimi deyildi.

Mən istənilən bir şagirdin orta məktəbi bitirmək üçün keçdiyi tam beş sinfi oxumuşdum, bundan daha artıq deyil. Lakin bunu çox az sayda şagird etmişdi. Heç kəs gözləmirdi ki, doqquzuncu sinfə başlayanların hamısı başını biliklə doldurub düz on üçüncü sinfə qədər oxusun. Uşaqlardan bəziləri özünə günün yarısını əhatə edən iş tapmışdılar, onlardan bir qismi sonradan bütün günlük işə çevrildi. Qızlardan bir çoxu ərə gedib uşaq doğdular. On üçüncü sinifdə sinfin ancaq dörddə biri qalmışdı, bu mərhələdə savad, ciddi nailiyyət, ya da sadəcə, gələcəkdə başına nə gələcəyindən asılı olmayaraq, bir növ açıq-aşkar təcrübəsizlik əldə etmiş olurdun.

Mənə elə gəlirdi ki, nəinki birinci sinif, hətta doqquzuncu sinifdə birlikdə oxuduğum yoldaşlarımdan bir ömür aralı düşmüşdüm.

Mən döşəməni təmizləmək üçün Elektrolüksü çıxardıqda bizim nahar otağının küncündəki bir şey məni həmişə təəccüb içində qoyurdu. Bunun nə olduğunu bilirdim – içində qolf çubuqları və topları olan lap yeni kimi görünən qolf çantası. Mənə, sadəcə, maraqlı idi ki, onun bizim evdə nə işi vardı. Mənim oyunun özü haqqında təsəvvürüm olmasa da, onu oynayan insanlar haqqında öz düşüncələrim vardı. Həmin adamlar mənim atamın sviterlərindən geyinmirdilər, hərçənd atam qəsəbəyə gedərkən əyninə başqalarından fərqli olaraq, daha yaxşı şalvar geyinərdi. Mən, müəyyən dərəcədə, anamı idman geyimində, boğazına şərf dolamış halda təsəvvür edə bilirdim, ancaq onun topa vuraraq onu dəliyə salmasını yox. Əminəm ki, belə bir yüngül hərəkət onluq deyildi.

Bəlkə də, o nə vaxtsa fərqli fikirlərə sahib imiş. Ola bilsin, düşünürmüş ki, özü də, atam da bir qədər dəyişiləcək, asudə vaxt keçirməyi sevəcək insanlar olacaqlar. Qolf. Şam yeməyi partiləri. Bəlkə də, özünü əmin edib ki, qarşısında heç bir sərhəd yoxdur. O yaşadığı çöllük Kanada Qalxanında yerləşən fermadan - atamın gəldiyi fermadan daha ümidsiz bir yer – canını qurtarıb hətta öz yaxınlarını belə rahatsız edəcək dərəcədə qəribə tərzdə danışan məktəb müəlliməsi olmağa nail ola bilmişdi. Bəlkə də, ona elə gəlirdi ki, bu qədər cəhddən sonra o, istənilən yerdə yaxşı qarşılanacaq.

Atamın düşüncələri isə bir az başqaydı. O heç vaxt elə fikirləşməyib ki, qəsəbə, ya şəhər adamları ondan daha yaxşıdırlar. Onun fikrincə, onlar özləri haqqında belə fikirdə idilər. Və o onlara bunu hiss etmək fürsətini heç vaxt vermirdi.

Deyəsən, qolf məsələsində məhz atam qalib gəlmişdi.

O, valideynlərinin onların sadə fermalarına sahib çıxmasını gözləmələri ilə qane olmamışdı. Onunla anam öz el-obalarını tərk edib qəsəbə yaxınlığındakı yolun qurtaracağında yerləşən bu torpaq sahəsini əldə etdikdə onların fikrində gümüşü xəzli tülkü və norka saxlayaraq varlanmaq idi. Gənc vaxtı atam ferma işlərinə kömək etmək, ya da orta məktəbi bitirmək əvəzinə, tələ qurmaqla özünü daha xoşbəxt hiss edirdi. Bu ideya onun ağlına gələndə onu həyata keçirmək niyyətinə düşdü, atam həyatı boyunca bu işi görəcəyini düşünürdü. O öz yığdığı bütün pulları və anamın müəllimlik fəaliyyəti ilə qazandığını bu işə qoydular. O, heyvanların yaşayacağı damları tikdi, onların əsir həyatını əhatə edəcək dəmir torlar çəkdi. Yonca tarlası və inəklərimizin, həm də tülkülərə yem olacaq qoca atlarımızın otarılması üçün kifayət qədər yer olan beş akrlıq torpaq sahəmizin ölçüsü kifayət qədər böyük idi. Otlaq düz çaya qədər uzanırdı və ona on iki qarağac öz kölgəsini salırdı.

Ağlım kəsən vaxtdan orada xeyli heyvan öldürüldüyünü görürdüm. Atlar ətə çevrilir, xəzli heyvanlardan isə hər payız yalnız bala verənlər qalırdı. Lakin mən buna alışmışdım və özümü hər şeydən xəbərsizmişəm kimi aparırdım, çox vaxt sevdiyim kitablar olan “Yaşıl mezoninlərdən olan Anna”, “Gümüş kolun xışıltısı”ndan olan bəzi səhnələri gözümün önünə gətirirdim. Bu işdə mənə qarağacların otlağa və çaya düşən kölgəsi, otlağın sahilindən qalxan yaz, ölümə məhkum atlara, inəklərə və mənə su verən çay və tapdığım bir nağara kömək edirdi. Ətrafda həmişə təzə təzək vardı, lakin mən bunu, lap yaşıl mezoninlərdən olan Annanın edəcəyi kimi, görməməyə çalışırdım.

Həmin dövrdə mən atama kömək etməyə məcbur idim, çünki qardaşım hələ kömək edəcək qədər böyük deyildi. Mən tövlələri bir-bir gəzir, heyvanların su qablarını təmizləyir və onları təzə su ilə doldururdum. Bu işdən xoşum gəlirdi. İşin vacibliyi, əsas da tez-tez tənha qala bilməyim xoşuma gəlirdi. Daha sonralar mən evdə qalıb anama kömək etməli olurdum, həmin vaxt acıqlı olur və atmacalı sözlər deyirdim. Bunun adı etiraz etməkdi. Anam deyirdi ki, mən onun duyğularını incidirəm və nəticədə, o, anbara gedib atama məndən şikayət edirdi. Atam da işinə məcburən ara verməli olub məni kəmərilə döyərdi. Hər dəfə belə olduqdan sonra mən öz yatağımda göz yaşları içində uzanıb qaçmaq haqqında planlar qurardım. Lakin həyatımın o dövrü də ötüb keçdi və mən asan idarə olunan, hətta qəsəbədə, məktəbdə baş verən hadisələri öz təbirimcə nəql edən şən bir qıza çevrildim.

Evimiz kifayət qədər böyük idi. Biz onun dəqiq tikildiyi tarixi bilməsək də, onun yaşının bir əsrdən az olacağını düşünürdük. İndi yoxa çıxmış Bodmin adlanan yerə 1858-ci ildə ilk sakin ayaq basmış, özünə qayıq düzəldərək çayla üzüaşağı gəlmiş və torpağı ağaclardan təmizləmişdi, sonra həmin yer bötüv bir kəndə çevrilmişdi. Əvvəlki kəndin taxta-şalban zavodu, mehmanxanası, üç kilsəsi və mənim ilk əvvəl getdiyim, çox qorxduğum həmin o məktəbi vardı. Sonradan çayın üzərindən körpü atıldı, bundan sonra insanlar arasında çayın o üzündə, daha hündür yerdə yaşamağın necə rahat olacağı düşüncəsi baş alıb getdi. Bununla da əvvəlki kənd ayrılaraq bəhs etdiyim özünəməxsus bir yarı-kəndə çevrildi.

Bizim evimiz kəndin ilk tikilən evlərindən ola bilməzdi, çünki kərpiclə örtülmüşdü, ilk evlər isə tamamilə taxtadan olmuşdular, ancaq yəqin ki, elə də gec tikilməmişdi. Evin arxası kəndə tərəf idi, ön tərəfi isə qərb istiqamətində üzüaşağı uzanan tarlalardan çayın Böyük Burma adlanan görünməz qalan burulmasına sarı idi. Çayın o biri sahilində həmişəyaşıl ağaclar, uzaqdan göründüyü qədəri ilə, yəqin ki, sidr ağaclarının olduğu kiçik torpaq sahəsi vardı. Həmin yerdən daha da aralı olan təpənin üstündə başqa bir ev yerləşirdi, uzaqdan çox kiçik görünürdü, bizim evlə üz-üzə idi, lakin biz nə o evə baş çəkmişdik, nə də sahiblərini tanıyırdıq, o sanki bir cırtdanın evi idi. Amma biz o evdə yaşayan, bəlkə də, lap çoxdan yaşamış, indiyə ölüb getmiş o adamın adını bilirdik. Adı Roli Greyn idi və o bu yazıda bir daha yer almayacaq, çünki bu hekayə deyil, yalnız həyatdır.

Məndən qabaq anam iki uşağını düşürmüşdü, odur ki mən 1931-ci ildə doğulduqda nisbi ailədə rahatlıq yaranmalı idi. Özü də uğur əldə etmək şansının getdikcə daha da azaldığı bir dövrdə. Məsələ belə idi ki, atam xəz biznesinə çox gec başlamışdı. Onun əldə etməyə ümid bəslədiyi uğur daha çox iyirminci illərin ortalarında onun üzünə gülə bilərdi, çünki həmin vaxt xəz yenicə dəbə düşmüşdü və camaatın onu almaq üçün imkanı vardı. Lakin o, işinə həmin dövrdə başlamamışdı. Bununla belə, biz sağ qala bildik, bütün müharibəni keçdik və hətta müharibənin sonunda xoş külək əsmiş olmalıydı ki, atam evimizi təmir edə və ənənəvi qırmızı kərpici qəhvəyi rəngə boyaya bilmişdi. Yəqin ki, evimizin kərpic və taxtalarının yerləşdirilməsi ilə bağlı problemlər vardı, belə ki, onlar gözlənildiyinin əksinə olaraq, evi isti saxlamırdılar. Atam elə düşünürdü ki, onların rənglənməsinin xeyri olacaq, lakin mən bunun nə vaxtsa təsir etdiyini heç xatırlamıram. Hamam düzəldildi, istifadəsiz qalmış dolab mətbəxdə qab-qacaq dolabına çevrildi, məhəccərsiz pilləkənli nahar otağı isə məhəccərli pilləkəni olan oturma otağına çevrildi. Son dəyişiklik mənə qəribə bir rahatlıq gətirdi, çünki alçaldıldığım üçün utancdan hər dəfə ölmək istədiyim döyülmə atam tərəfindən məhz bu otaqda baş verirdi. Həmin mühit isə indi tamam yox olmuşdu. Elə bir şeyin həmin otaqda baş verdiyini təsəvvür etmək belə çətin idi. Mən artıq orta məktəbin son siniflərində idim və paltarımın ətəyini toxuyaraq uzatmaq ilə xəttim yaxşı olsun deyə, mürəkkəbli qələmlə yazmaq kimi fəaliyyətlər daha arxada qalmışdı, Sosial Elmlər fənni Tarixə çevrilmiş və latın dilini öyrənmək imkanı yaranmışdı.

Həmin dekorasiya dəyişmə mövsümünün optimizmindən sonra biznes yenidən öldü və bir daha dirilmədi. Atam əvvəl bütün tülkülərlə norkaların dərisini soydu və onların satışından təəccübləndirəcək qədər az pul əldə etdi, sonra isə bu təsərrüfatın yarandığı və öldüyü anbarları sökməyə düz bir gün vaxt sərf etdi, sonda dəmir sexində beş saatlıq işə düzəlmək üçün evdən çıxıb gecəyarı döndü.

Həmin vaxt mən qəsəbə məktəbinin son sinfində idim. Məktəbdən evə gələn kimi mən atam üçün qəlyanaltı hazırlamağa başlayırdım. Mən iki dilim çörəyi qızardıb onların üstünə çoxlu ketçup yaxır, atamın termosunu tünd qara çayla doldururdum. Bunların da yanına cemli keks, ya da ev piroqundan bir parça əlavə edirdim. Bəzən mən şənbə günləri piroq bişirirdim. Bəzən anam da bişirirdi, onun bişirməyinə inamımın qalmamasına baxmayaraq.

Bizim bəxtimizə gəlirimizin kəsilməsindən daha gözlənilməz və dağıdıcı olacaq başqa bir şey düşmüşdü, ancaq bizim bundan hələ xəbərimiz yoxdu. Bu, Parkinson xəstəliyinin ilk əlamətləri idi. Xəstəlik anam qırx yaşlarında ikən özünü büruzə verməyə başladı.

Lap əvvəl vəziyyət elə də pis deyildi. Onun gözləri nadir hallarda başının içinə doğru çevrilir və ağzının kənarları tüpürcəklənirdi. O, müəyyən kömək vasitəsilə səhərlər paltarını geyinə bilirdi və evdə bəzi işləri görməyə hələ qabil idi. Anam hamını təəccübləndirəcək dərəcədə uzun müddət içindəki hansısa gücə tutunurdu.

Hər şey üst-üstə gəlmişdi. Biznesin məhvi, anamın xəstəliyi. Bu bədii ədəbiyyata heç uyğun deyil. Lakin ən qəribəsi odur ki, mən həmin dövrdə bizim bədbəxt olduğumuzu xatırlamıram. Evimizdə acınacaqlı durum havası yox idi. Bəlkə də, həmin vaxt biz hələ də anamın yaxşılaşmayacağını, əvəzində daha da ağırlaşacağını dərk etmirdik. Atama gəlincə, o, güclü idi və gücü hələ uzun müddətə yetəcəkdi. O, dəmir sexində onunla birlikdə işləyən adamları xoşlayırdı.

Onlardan çoxu elə atam kimi, nədəsə uduzan, ya da yaşayışlarına artıq xərclər əlavə olunan biriləri idi. Axşamlar etdiyi gözətçilikdən əlavə yerinə yetirdiyi ağır iş onun ürəyincəydi. İş ərinmiş metalın konkret şəklə salınmasından ibarət idi. Dəmir sexində bütün dünyada satılan köhnə sobalardan düzəldirdilər. Bu, təhlükəli iş idi, lakin atamın təbirincə desək, hər şey adamın özündən asılı idi. Bu işə görə o, ortabab pul alırdı, bu isə atam üçün bir yenilik idi.

Ardı var…

# 2445 dəfə oxunub

Müəllifin son yazıları

# # #