Yaza bilməmək əslində ağır xəstəlik imiş

Yaza bilməmək əslində ağır xəstəlik imiş
21 iyun 2013
# 11:00

Kulis.Az Aleksandr Novikovun litkritika.by saytında çap edilmiş "Qrafomaniya və Qrafomanlar" məqaləsini Svetlana Turanın tərcüməsində təqdim edir.

Kiminsə haqqında deyilmiş “O qrafomandır” sözlərini həmsöhbətlərimizdən tez-tez eşidirik. Lakin “Qrafoman kimdir?” sualına, demək olar ki, heç kim cavab verə bilmir. Yaxşı bəs qrafomanlar kimlərdir və qrafomaniya nə deməkdir? Bu anlayışların mənasını tam olaraq necə izah etmək olar?

Əvvəlcə “qrafomaniya”dan başlayaq. Bu termin dünya ədəbiyyatında çox geniş istifadə olunur. Onun yaranmasına iki yunan sözü işarə edir: grapho – yazıram, şəkil çəkirəm və mania – dəlilik, mübtəlalıq, meyil. “Psixiatriya terminlərinin izahlı lüğəti”ndə bu söz belə izah olunmuşdur:

Qrafomaniya (yunan. grapho – yazmaq, cızmaq, təsvir etmək və mania – mübtəlalıq, dəlilik, meyil) – ədəbi nəşrlərdə dərc olunmağa iddia edən əsərlərin, psevdo-elmi traktatların və s. yazılmasına olan patoloji meyl. Bu özünü daha çox mübahisəyə meyilli psixopatlarda göstərir.

Bundan başqa erotoqrafomaniya termini də vardır:

Erotoqrafomaniya (eroto və qrafomaniya) – Qrafomaniyanın bir növü olub psixi cəhətdən xəstə insanların erotik hekayələr, sevgi məktubları yazmaq meylidir.

Belə çıxır ki, qrafomaniya psixi pozğunluqdur. Deməli, qrafoman psixi cəhətdən xəstə insandır. Başqa bir izahlı lüğətdə bu sözün mənası belə göstərilir: “Qrafomaniya – bədii istedadı olmayan birinin yazıçılığa meyili ilə müşayiət olunan psixi xəstəlik”.

Qrafoman el arasında cızmaqaraçı adlanır. Lakin onu da bilmək vacibdir ki, qrafomanlar arasında da dahilər ola bilər. Məsələn, Fyodor Dostoyevski də qrafomaniyadan əziyyət çəkirdi.

Qrafomaniyanın xəstəlik olaraq göstərilməsi isə bu xəstəliyə düçar olanların patoloji şəkildə yazmağa meyilli olması ilə əlaqədardır.

Lakin qrafomanlar və cızmaqaraçılar arasında həqiqi istedada malik adamların sayı çox azdır, ona görə də onlar çox vaxt zövqsüz, mənasız və qalın əsərlər yaradırlar. Buna görə də internet və kitab mağazalarında aşağı səviyyəli əsərlər günü-gündən artmaqdadır. Çünki qrafomanlar əsərlərini çap etməyə meylli olurlar. Çox maraqlıdır ki, nə mənfi oxucu rəyləri, nə də tənqidçilərin tənqidi onları yazıçılıqdan əl çəkməyə vadar edə bilir. Qrafomanlar birliklər yaradır, müsabiqələr keçirir, bir-birlərinin əsərlərini tərifləməklə məşğul olurlar.

Qrafomanı ayırd etmək o qədər də çətin deyil. Əksər qrafomanlar, az qala, iki aya yazılmış “həyatımın kitabı” adlanan qalın kitablarla debüt etməyi sevirlər. Digərləri yaradıcılığa avtobioqrafik əsərlərlə başlayır (sanki onların həyatı kiməsə maraqlıdır). Poeziya ilə məşğul olan qrafomanlar qırılmış qəlblər, gecələr, ulduzlar, ayrılıqlardan yazır, heç bir məna ifadə etməyən qafiyələr tapırlar. Durğu işarələri heç vaxt yerində olmur. Savadlı yazan qrafoman, sadəcə, yaxşı təhsil almış biridir.

Təcrübə göstərir ki, qrafomaniya ilə mübarizə mənasızdır. Onlar tənqidə reaksiya vermir, daha çox öz hesabına və internetdə çap olunurlar.

Yazmaq, əlbəttə ki, lazımdır. Amma əsas odur ki, bu zaman çox ehtiyatlı olub qrafomaniya virusuna yoluxmayasan.

# 7745 dəfə oxunub

Müəllifin son yazıları

# # #