Gözəllik salonu qarşısında bədii-fəlsəfi düşüncələr

Gözəllik salonu qarşısında bədii-fəlsəfi düşüncələr
29 iyun 2015
# 14:30

Bərbərim məşğul idi. Əlinin altında adam vardı. Dedi ki, istəyirsən burda otur, gözlə, ya da çıx çöldə bir siqaret çək, beş dəqiqəyə qurtarıram. Beş dəqiqə deyibsə azı on dəqiqə çəkəcək. Başının üstündə dayanıb adamı təntitmək, tələsdirmək istəmədim. Həm də televizorda şit bir veriliş göstərirdilər. Zəhləmgetmişin biri verilişdə qanmadığı mətləblərdən danışırdı. Bayıra çıxdım. Kişi salonunun qapısına yazılmışdı:

Üz

Baş

Uklatka

Burda hər şey çox sadədi. Bu üç xidmətdən kişilər nə vaxt istifadə edir bəllidir. Toya-nişana, məclisə gedəndə gəlib üzlərini-başlarını qaydaya salırlar. Bəziləri isə bərbərə artıq vaxt-vədə yetişəndə gəlirlər. Boyunlarının ardı o qədər tüklənir ki, bərbərə gəlməyə məcbur olurlar. Qadın salonunun qapı və pəncərələrinin üstündə böyük bir həngamə vardı. Qapı və pəncərələrin üstünə o qədər şeylər yazılmışdı ki, yer çatmamışdı. Divarlardan da istifadə olunmuşdu. Gəlin o yazılarla, xidmətlərlə tanış olaq.

1. Saç kəsimi model
2. Saçların təbii keratinlə düzləşdirilməsi. 4-6 aylıq
3. Saç qaynağı. Muncuq, mikro, gel ...

4. Kosmetoloji xidmətlər (çiska, maska, massaj, pilinq, liftinq, darsanval, parafin, mezo-iynə ilə, iynəsiz), botoks ( iynə ilə iynəsiz)

5. Saçların boyanması

6. Saçların zədələnmədən asvitleniyası
7. Saçların saçqıranlardan təmizlənməsi
8. Brondirovanie
9. Ombre
10. Refle
11. Ziyafət saç düzümləri
12. Professional vizaj
13. Gəlinlərin bəzənməsi
14. Manikür-pedikür
15. Kimyəvi zavivka
16. Boyalı saçların zədələnmədən rənginin yuyulması
17. Qaş-üz alınması

18. Lipuçka ...

Açığı deyim ki, bu yazılanların hamısını başa düşmürəm. Nəyin nəyə xidmət etdiyini bilmirəm. Ora çox şey yazılmışdı. Məsələn, deyilirdi ki, filan xidmətdən istifadə olunanda filan xidmət pulsuz edilir. Qiymətlər də kifayət qədər yuxarı idi. Öz-özümə düşündüm, gör qadınlar gözəllik salonlarında nə qədər vaxt keçirirlər. Nə qədər orda pul xərcləyirlər. Özü də hələ bir kişilərə də minnət qoyurlar ki, bütün bunları sizin üçün edirik. Bütün bu əzablara sizin üçün dözürük. Onlar salonlara girib orda çox dəyişirlər. O qədər çox dəyişirlər ki, axşam bir adamla yatıb səhər tamam başqa adamla oyanırsan.

Gözəllik salonu görəndə həmişə hərbi hissə, konkret desəm silah anbarı yadıma düşür. Gözəllik salonu məndə həmişə silah anbarı ilə assosiasiya olunur. Mənə elə gəlir ki, qadınlar gözəllik salonuna girib orda silahlanırlar. Sonra ordan çıxıb rənglənmiş saçlarını yazıq və bədbəxt insanların boğazına keçirib onları amansızcasına, xüsusi qəddarlıqla sürüyürlər. Onlar öz pedikürlü-manikürlü dırnaqlarını yazıq adamların ürəyinə batırıb vampir kimi qan içirlər. Bunu o qədər ustalıqla edirdilər ki, biz elə bilirik bu sevgidi, bu məhəbbətdi, bu xoş anlar keçirməkdi. Əslində isə bütün bu proseslər bir ifritənin, bir cadugərin yazıq bir insanı qram-qram öldürməsidir.

Dünən metroda bir cütlük gördüm. Oğlan ərimişdi. Ona elə gəlirdi ki, həyatının xoş anlarını keçirir. Ona baxanda çox qorxdum. Dedim bu yazıq indi xoşbəxtlikdən əriyib tamam yoxa çıxacaq. Qızın isə sifətindən ifritəlik yağırdı. Bir az həyat təcrübəsi olan adam ona baxanda gülüşün, nazın, ədaların altında necə bir ifritəliyin yatdığını asanlıqla görərdi. Görərdi və bilərdi ki, bu ifritənin azı on qurbanı olacaq. Bəzi ifritələrdə qurbanların sayı daha çox olur. Əlbəttə bizə elə gəlir ki, kiminsə ürəyini fəth edirik. Əslində isə biz heç bir ürək zad fəth etmirik. İcazə verilməsə biz kimik ürək fəth edək. Bütün bunlar qadın salonlarında hazırlanan planlar və tələlərdi.

Sən həyata çəhrayı eynəklə baxırsan. Elə bilirsən həyatının ən xoş anlarını yaşayırsan, amma əslində isə həyatının ən bədbəxt günlərinə doğru iri addımlarla addımlayırsan. Bəziləri bunu sonra dərk edirlər, bəziləri isə ömrünün sonuna qədər qurban olduğunu dərk etmir. Şəkillər var. Çox görmüsünüz. Qız pələngin yanında oturub, uzun dırnaqları ilə pələngin başını qaşıyır. Siz bu cür şəkilləri çox da bayağı hesab etməyin. Tələsməyin. Bir az düşünün.

Ovçu insaf eylə keçmə bu düzdən

O çöllər qızını ayrıma bizdən.

Bu misraların mövzuya heç bir dəxli olmasa da yazının tempinə uyğun gəlirdi deyə yazdım. Həyatda bu cür şəkillərin necə reallığa çevrildiyini çox görmüşəm.50-55 kilo çəkisi olan bir ifritə pələng kimi bir oğlanın boynuna saçını dolayıb ora-bura sürüyür. Pələng çevrilib olur pişik. Əsl çevrilmə budur.

Digər tərəfdən biz gözəllik salonlarının mövcud olmasına, fəaliyyət göstərməsinə sevinməliyik. Çünki bu gözəllik salonlarında ifritələrin mahiyyəti üzə çıxır. Onlara elə gəlir bəzənirlər. Diqqətlə baxdıqda biz bu prosesin bəzənmək olmadığını görərik. Onlar bəzənmək adı verdikləri proses nəticəsində öz mahiyyətlərinin rəsmini üzlərinə çəkirlər. Buna görə biz gözəllik salonlarına öz təşəkkürümüzü bildirməliyik. Xüsusən yaşlı qadınlar. Qadınlar yaşlananda çox həyəcanlanırlar. Bu mövzuda “Bir gözəlliyin qürubu” adlı hekayə yazmışam. Yaşlanmaq onlar üçün ağırdı. Həyəcandan özlərini itirirlər. Müxtəlif vasitələrlə təbiətə müqavimət göstərmək istəyirlər. Beləliklə özləri özlərini təkərə salıb əsl ifritə sifəti alırlar. Məsələn, o gün televizora baxırdım. Yaşlanmaqda olan və özünü guya fərqli hesab edən, intellektual söhbətlər aparan bir aparıcını gördüm. Ona elə gəlirdi ki, bəzənib. Xalis ifritə idi. Hətta az əvvəl içdiyi qanın izləri dodaqlarının ətrafında qalmışdı. Oturmuşdu studiyada, danışırdı. Ona xeyli baxdım və düşündüm: İlahi, necə qorxulu adamların əhatəsində yaşayırıq.


Bu yazıda heç bir cinsi ayrıseçkilik filan yoxdur. Sadəcə müxtəlif xalqlar, müxtəlif cinslər tarixin müxtəlif inkişaf mərhələsindədirlər. Bu barədə ayrı bir yazıda daha geniş söhbət açarıq. Qısaca onu demək istəyirəm ki, qadınlar səs versinlər, işləsinlər lakin dahiliyə filana iddia etməsinlər. Ciddi söhbətlər onlar üçün deyil. Oskar Uayld “Dorian Qreyin prortreti” əsərində Lord Henrinin dilindən yazır: “Mənim əziz dostum, qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər. Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl deyirlər. Qadın materiyanın ruh üzərində qalibiyyət mücəssəməsidi.”

Bu söhbətdən bir az əvvəl isə Lord Henrinin arvadı ledi Henri musiqi haqqında söhbət edərkən musiqiyə münasibətini belə ifadə edir: “Mən Vaqnerin musiqisini sevirəm. Onunku o birilərinkindən daha yaxşıdı. O qədər səsli-küylü musiqidir ki, adam teatrda bütün gecəni bir-biriylə söhbət edər və kənar adam da o söhbəti eşitməz. Bu da çox böyük üstünlükdür, elə deyilmi, Mister Qrey”?

# 2220 dəfə oxunub

Müəllifin son yazıları

# # #