Bizim din xadimlərimiz

Bizim din xadimlərimiz
18 fevral 2013
# 16:35

Seymur BAYCAN

Tale və iş elə gətirib ki, bir neçə dəfə xristian din xadimləri ilə ünsiyyətdə olmuşam. Ermənistanın Yexednazor rayonunda gözəl, balaca bir universitet fəaliyyət göstərir. Mən orda olan vaxt universitetdə cəmi 150 tələbə təhsil alırdı. Əyalətdə yerləşən bu kiçik, son dərəcə gözəl, tələbələr üçün hər cür şərait yaradılmış universiteti yepiskop Abraam Mkrtıçyan xaricdən maliyyə mənbələri taparaq açıb. Bir din adamının elmə bu qədər önəm verməsi məni maraqlandırdı. Onunla görüşmək istədiyimi bildirdim. Əslən Yexadnazordan olan bir jurnalist görüşü təşkil etdi.

Beləliklə Abraam Mkrtıçyan bizi otağında qəbul etdi. Çox xarizmatik görünüşü vardı. Elə bil romandan təzə çıxmışdı. Belə din xadimlərini Avropa romanlarında dul, varlı qadınlar dəlicəsinə sevirlər. Bizi qəhvəyə qonaq etdi. Yepiskop Abraam Mkrtıçyan o vaxt başqa regionlardan oxumağa gələn tələbələrin rahat yaşaması üçün öz hesabına tələbə yataqxanası tikdirirdi. Onunla xeyli söhbət etdik. Hətta müsahibə də aldım ondan. Kifayət qədər səliqəli, ağıllı müsahibə verdi. Mən ondan universitet acmağının səbəbini soruşdum. Dedi ki, Ermənistanın paytaxtı Yerevan şəhərində təhsil almaq hər adama qismət olmur. Ona görə burda balaca bir universitet acmaq qərarına gəldim. Əsas məqsədimiz tələbələrə dünya standartlarına uyğun təhsil verməkdi. Yepiskopdan aldığım müsahibəni “18,6 sm” romanına əlavə etmişəm. Söhbətdən sonra biz yepiskop Abraaam Mkrtıçyanla universitetin siniflərində gəzişdik. Onunla şəkil çəkdirmək istəsəm də razı olmadı. Erməni kilsəsi din xadimlərinə mülki geyimdə şəkil çəkdirməyə qəti qadağa qoyub. Yepiskop həmin gün qara kostyum geyinmişdi.

Bir dəfə də qatarda bir keşişlə yol yoldaşı olmuşam. Demirəm, super biliyi vardı, amma onu da obyektivlik naminə qeyd etməliyəm ki, bizdə onun səviyyəsində din xadimi tapmağın özü çox çətin məsələdir. Daha bir maraqlı keşişlə Batumidə tanış olmuşam. Biz bir layihə çərçivəsində icmalarla işləyirdik. Getdik kilsəyə, orda cavan bir keşişlə tanış oldum. Başladıq söhbətə. Xeyli ədəbiyyatdan danışdıq. Mat qaldım, adam dizin qatlayıb kitab oxuyub əməlli-başlı. Klassika, rus, Avropa ədəbiyyatı... Hətta kilsənin sevmədiyi müəlliflərin də adın çəkdim. Məlum oldu ki, onları da oxuyub. Özü də təmkinlə, gülə-gülə danışırdı.

Bir dəfə də bir keşişin moizəsini dinlədim. İki saat danışdı. Bəlkə də çox. Bir qram da darıxmadım. Düzdü civilər demişkən bəzi məqamlarla razı deyildim, amma o adam öz moizəsinə elə bir yekun vurdu ki, adamlar dərindən nəfəs aldı. Mən özümü quş kimi yüngül hiss edirdim. O səviyyədə ədəbiyyat bilgisi bizdə nəinki din xadimlərində, heç yazıçılarımızda, tənqidçilərimizdə belə yoxdur. Azərbaycanda şair var ön dörd kitab müəllifidir, amma ön dörd şairin adını sadalaya bilmir. Bizim ədəbiyyat adamlarının böyük çoxluğu yaddaşlarda lətifə qəhrəmanları kimi qalırlar. Qərəz, vəziyyət ağırdı. Bəlkə dünyanın heç bir yerində bizdəki kimi bu qədər qeyri-ciddi ədəbi mühit yoxdu. Nəsə, keçək mövzumuza.

Ondan başlayaq ki, rus və Avropa ədəbiyyatında xeyli müsbət din xadimi obrazı var. Müsəlman xalqlarının ədəbiyyatında biz bu obrazları görmürük, əgər varsa da sünidir, həqiqətə uyğun deyil. Nə qədər ki din terror mərhələsini keçməyib və nə qədər ki din fikrə, yazıya tapançayla, bıçaqla, bombayla cavab verir, qələm və fikir adamlarının həmin dinlə dost olması, həmin dini yaradanları sevməsi bir az çətin məsələdi. Elə götürək Azərbaycanı. Ölkədə oxunan yazarların çoxu ateistdi. Dinə xoş münasibət göstərən və yazıları yaxşı oxunan yazar yox dərəcəsindədi. Bir məsələ də önəmlidi. Azərbaycanlılar bəlkə də dünyada yeganə xalqdır ki, bu xalqın fikir tarixi ateist Mirzə Fətəli Axundovla başlayır.

Xristian fikir adamlarının, yazarlarının İsa peyğəmbər, xristianlıq sevgisi din və kilsə kifayət qədər gücdən düşəndən sonra başladı. Kilsə terrorla məşğul olanda yazarlar bacardıqları qədər dini gözdən salmağa çalışırdılar. Viktor Hüqo Volterin ölümünün yüzilliyində söylədiyi çıxışda bu məsələyə çox dəqiq aydınlıq gətirib.

Hеç vaхt, mən bunu iddia еdirəm, hеç vaхt hеç bir müdrik, cəmiyyətin iki müqəddəs sütununu – ədalət və ümidi yıхmağa çalışmaz. Hakim ədaləti təmsil еdirsə, hamı ona hörmət еdəcək, rahib ümid vеrirsə hamı ona inanacaq. Amma işgəncənin adı məhkəmə olanda, inkvizisiyanın adı din olanda, insanlıq hakimin üzünə diqqətlə baхıb dеyir: Sənin qanunun mənə lazım dеyil! Rahibin üzünə baхıb dеyir: Sənin dinin mənə lazım dеyil! Mənə sənin yеr üzündəki tonqalın və göylərdəki cəhənnəmin lazım dеyil! Və bu vaхt qəzəblənmiş filosof ayağa qalхaraq, hakimi ədalətin, rahibi Tanrının qarşısında ifşa еdir.

Yəni, əgər din adamları istismar edəcəksə qələm adamları da mütləq bu dini ifşa etməyə və gözdən salmağa çalışacaqlar.

İkincisi, xristian dinində xeyli reformalar getdiyindən sərbəstlik din xadimlərinin davranışlarına da öz təsirini istər-istəməz göstərir. Artıq dünyanın bir çox ölkələrində keşiş sadəcə bir sənətdi. Necə ki, biri avtobus sürür, biri yemək bişirir, biri paltar tikir, bir adam da dəfn mərasimində iştirak edir.

Bizim ədəbiyyatımızdakı molla obrazı insanların beynində hələ uzun müddət qalacaq. Üstəlik ölkə balacadı. Biz din adamlarının necə yaşadığından, nə əməllərlə məşğul olduqlarından zaman-zaman müxtəlif vasitələrlə xəbərdar oluruq və eşitdiyimiz söhbətlər ədəbiyyatdan gələn molla obrazının yaddaşımızda təzələnməsində müstəsna rol oynayır. Məhz biz bu janrda əhvalatları eşidəndə Mirzə Cəlilin “Ölülər”ini, Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”nı, Sabirin satirik şeirlərini istər-istəməz xatırlayırıq. Bu obrazın dağılması məhz bizim din xadimlərimizin üzərinə düşür. Onlar isə çox təəssüf ki, standartlara cavab verə bilmirlər. Savadları aşağıdı, maddi nemətlərə bağlıdırlar, kinlidirlər, bağışlamağı bacarmırlar, asketik həyat keçirməyə meylli deyillər, Tanrının yaratdıqlarını geyiminə, vəzifəsinə, mal-dövlətinə görə fərqləndirirlər... Əlbəttə istisnalar var, amma nə etməli istisnalar hələ ki, vəziyyəti dəyişmək gücündə deyillər.

Əgər bir din xadimi Tanrının yaratdıqlarını puluna, vəzifəsinə, statusuna fərq qoymadan həqiqətən ürəkdən sevsə, əlbəttə ki, həmin din adamı göylərdən güc alacaq, onun daxili sifətində əks olunacaq, sifəti nurlanacaq, adamlar istər-istəməz ona hörmətlə yanaşacaq. Bu isə çox böyük ürək genişliyi, yola həqiqi və səmimi bağlılıq tələb edir.

Ən böyük problemlərdən biri bizim din xadimlərinin mütaliəsinin bir xətli olmasıdı. Onların böyük çoxu dini mətnləri oxumaqla öz işlərini bitmiş hesab edirlər. Öz üzərilərində işləmirlər, oxumurlar, baxmırlar, zəhmət çəkmək istəmirlər. Ona görə də onlar yalnız öz ətraflarındakı adamlar üçün maraqlı olurlar. Bir balaca kənara çıxan kimi onlar insanlarla ünsiyyətə girə bilmirlər, danışmağa mövzu tapmaqda çətinlik çəkirlər və çox vaxt da danışdıqları sadəcə ironik reaksiyaya səbəb olur. Nəticədə onlar özlərini heç cür ifadə edə bilmirlər.

Bu günün din xadimi insanları elmə, kitaba, məktəbə, mədəniyyətə səsləməlidi. Yalnız bu yolla onlar mənsub olduqları dini xilas edə bilərlər. Fikrə, yazıya bıçaqla, tapançayla, bombayla cavab verən din heç vaxt yaxşı reputasiya qazana bilməz. Yalnız dünyəvi bir dövlətdə din insanlar tərəfindən səmimi olaraq sevilə bilər. Bu günün din xadimi insanları 14 əsr əvvələ aparmalı deyil, insanları reallıqları dərk etməyə, elmin, kitabın, təhsilin tanıdığı, tarixin dəstəklədiyi dəyərləri qiymətləndirməyə, inkişafın insanlara bəxş etdiyi rahatlıqları mənimsəməyə səsləməlidi. Çünki qaydalar dəyişə bilər, prinsiplər isə dəyişməzdi.

P.S. Bu günün din xadimi heç olmasa, minimum bu əsərləri oxumalıdı. Ki öz ətrafından bir balaca kənara çıxanda adamlarla danışmağa mövzu tapa bilsin. Siyahı subyektivdi, hər hansı əsər siyahıdan çıxarıla və ya hər hansı əsər siyahıya əlavə oluna bilər.

1. Dostoyevski – “İdiot”, “Cinayət və cəza”, “Karamazov qardaşları”, “Ölü evdən qeydlər”

2. Lev Tolstoy – “Sergi ata”, “Dirilmə”, “İki qoca”

3. Viktor Hüqo – “Səfillər”

4. Stefan Sveyq – “Dünənin dünyası”, “Roterdamlı Erazmın qələbəsi və faciəsi”

5. Volter – “Kandid”

6. Çexov - ”6 nömrəli palata”

# 7390 dəfə oxunub

Müəllifin son yazıları

# # #