Romanların sonunu yazmayan yazıçı

Romanların sonunu yazmayan yazıçı
30 aprel 2014
# 11:27

Çağdaş yapon yazıçısı Haruki Murakami ilə ilk tanışlığım onun dilimizə çevrilmiş “Zəlzələdən beş gün sonra” kitabı ilə başladı. Kitabda toplanmış hekayələrdəki hadisələrin sadə dillə nəql edilməsi, çox axıcı olması və yapon həyatına qeyri-ənənəvi, fərqli baxış sərgiləməsi Murakamiyə marağımı artırdı. Kitabı oxuyub bitirəndən sonra belə qənaətə gəldim ki, Murakaminin əsərlərini istənilən vaxt, istənilən şəraitdə və ən əsası da istənilən əhval-ruhiyyədə oxuya bilərəm. Çünki fikrimcə, oxucu rəfdəki kitabları əhvalına, ruh halına görə seçib oxumalıdır. Ən sevdiyin yazıçının romanını da bəzən əhvalının dəyişkənliyinə görə oxumaya da bilərsən və həmən əsər şedevr olsa belə, sənə sıxıcı gələ bilər.

Daha sonra Murakaminin bir neçə romanını oxudum. “Norveç meşəsi”, “Kafka sahildə”, “Qurma quşun gündəlikləri”, “Sərhədin cənubunda, günəşin qərbində” romanları Murakmini mənim sevimli yazıçılarım sırasına əlavə etdi. Bu qalın kitabları oxuyarkən nəinki yoruldum, əksinə, dincəlib yorğunluğumu çıxartdım, gərginliklərim əriyib yoxa çıxdı.

Bir yazıçı məndə yüksək təəssürat yaradırsa, onun yazıçı mətbəxi, yazı prosesi, yaradıcılıq sirlərinə marağım artır. Murakaminin yaradıcılıq mətbəxi ilə tanış olanda gördüm ki, o da müəllifin həyatı kimi maraqlı, fərqli və özünəməxsusdur. Yazıçı öz yazı prosesindən danışarkən belə deyir: “Adətən, ağlıma gələn bir əhvalatı yazmağa başlayıram və daha sonra nə baş verəcəyini heç təsəvvür belə etmirəm. Buna görə də sadəcə ilk yarımbaşlığı yazıram, sonra növbəti və növbətini, daha sonra elə bu şəkildə davam etməyə çalışıram. Əvvəlcədən nə baş verəcəyini bilmirəm, hər şey avtomatik axıb gəlir”.

Murakaminin romanlarında nə sujet xətti, nə hadisələrin fəlsəfi yükü, nə obraz rəngarəngliyi var. Demək olar ki, bütün romanlarda hadisələrin sonunu açıq saxlayır, nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır. Bununla yazıçı, bəlkə də onu demək istəyir ki, roman da gerçək həyat kimi olmalıdır – həyat davam etdiyi kimi, romanın da sonluğu açıq qalmalıdır.

Qəribədir ki, Murakami bütün romanlarını birinci şəxsin dilindən yazır. Yazıçı müsahibələrində bu üsluba belə aydınlıq gətirir ki, ona bu tərzdə yazmaq daha uyğundur. “Bir ara ikinci şəxsin dilindən yazmağa cəhd etmişdim, amma yaxşı heç nə alınmadı. İkinci adamın dilindən yazanda özümü bir növ Tanrı kimi hiss edirdim. Amma mən Tanrı olmaq istəmirəm. Axı dünyadakı hər şeyi bilə bilmərəm. Həm də dünyadakı hər şey haqqında da yazmaq istəmirəm. Mən sadəcə mənəm. Elə indi yazdığım kimi yazmaq istəyirəm. Özümdən baş qəhrəman düzəltmək istəmirəm, ancaq qəhrəmanlarımın nə düşündüyünü, nə hiss etdiyini ancaq mən öncədən görə bilirəm. Yazıçılıq mənə şüuraltımda seyrə çıxmağa imkan verir və mən bu prosesi əhvalatlar yaratmaq üçün istifadə edirəm. Bu mənim nə vaxtsa məşğul olduğum işlər arasında ən əyləncəlisidir”.

Murakaminin demək olar ki, bütün romanları melanxolik bir tərzdə yazılıb. Onun əksər qəhrəmanları özü kimi tənha, qapalı həyat tərzi yaşayan və kədərli insanlardır. Bəzi tənqidçilər qeyd edir ki, Murakaminin obrazları həyatda yıxılmış, amma ayağa durmağı bacaran insanlardı. Məncə, bu, çox dəqiq verilmiş tərifdi. Ən maraqlı məqamlardan biri də onun romanlarında qadınlar tərəfindən həyatı dəyişdirilən kişilərin çoxluq təşkil etməsidir. Onun romanlarında həyatda problemlərdən başı ayılmayan obrazlara həddindən artıq yer verilməsi yaponiyalı tənqidçiləri qane etmir.

Ümumiyyətlə isə tənqidçilər Murakaminin əsərlərində Qərb mədəniyyətinə aşırı dərəcədə vurğunluğu əsas qüsur hesab edirlər. Yazıçının bu hədsiz vurğunluğu Qərb mədəniyyəti və həyat tərzinə romanlarında çox yer verməsinə səbəb olur. Onun qəhrəmanları min illərdən bəri günümüzə kimi gəlib çatmış zəngin mədəniyyəti olan Yaponiya sakinləri olsa da, ənənəvi yapon insanları deyillər. Onlar caza qulaq asır, xarici romanlar oxuyur, günlərini partilərdə, pikniklərdə keçirir, Qərb brendləri olan siqaretlər çəkir, içkilər içir və geyimlər geyirlər.

Bu məsələnin kökündə onun gənclik illərində oxuduğu ABŞ və Avropa ədəbiyyatının təsirinin dayanması şübhəsizdir. K. Vonnequt, S. Fitscerald, F. Dostoyevski, F. Kafka romanları illər keçdikcə onun ənənəvi yapon mədəniyyətindən uzaq düşməsinə və Qərbə meyllənməsinə səbəb olub. Ümumiyyətlə, Qərb ədəbiyyatı Murakaminin yazıçı kimi yetişməsinə böyük təsir göstərmişdir. Bu faktı yazıçı özü də etiraf edir.

Yapon mədəniyyətini sıxıcı hesab etməsi və soyuq münasibəti yaponların yazıçıya olan yanaşmasına da təsirsiz ötüşmür. Hətta çoxları onun ölkəsini tərk edərək ABŞ-a köçməsini, uzun illər orada yaşamasını qərbə vurğunluğu ilə əlaqələndirirlər. Əslində isə bunun səbəbi başqa idi. Murakaminin “Norveç meşəsi” romanı ona Yaponiyada gözlənilməz şöhrət gətirdi. Bu şöhrət yazıçını ciddi narahat etməyə və sərbəst həyatına mane olmağa başladı. Müsahibələrində də qeyd etdiyi kimi, o məhz bu səbəbdən ABŞ-a köçməyi qərara aldı. Amma bütün bunlara baxmayaraq, yazıçı illər keçdikcə ölkəsi ilə öz arasında olan bağların daha da sıxlaşdığını az qala bütün müsahibələrində qeyd edir. “Mən əvvəllər də ölkəsindən uzaqda yaşayan bir yazıçı olmaq istəmişəm. Amma indi bilirəm ki, mən yapon yazıçısıyam. Ora mənim vətənimdi və köklərim o ölkədədir. Mən bu qənaətdəyəm ki, insan hara gedirsə getsin, sonda öz ölkəsindən kənara gedə bilmir”.

Murakamini oxuyarkən rastlaşdığım maraqlı məqamlardan biri də roman və hekayələrində pişik obrazlarının olmasıdır. Onun əsərlərində pişiklər, əsasən, qəribə hadisələr baş verməmişdən əvvəl ortaya çıxır və oxucunu sanki baş verəcəklərdən xəbərdar edir. Sonradan öyrəndim ki, yazıçı pişikləri çox sevdiyi üçün əsərlərində (əsasən, hekayələrində) onlardan çox bəhs edir. Diqqətimdən qaçmayan məqamlardan biri də Murakaminin bir vaxtlar caz barı açarkən adını “Pişik Peter” qoyması oldu.

Yazıçının bir vaxtlar caz barı işlətməyi onun bir musiqi vurğunu olmasından xəbər verir. Tələbəlik illərindən başlayıb yazıçılıq həyatına qədəm qoyan müddətə kimi Murakami caz barında sakit bir həyat tərzi keçirmişdir. Orada baş verən maraqlı hadisələr, qazandığı həyati təcrübələr sonralar yazacağı romanlar üçün materiala çevrilmişdir. Yazıçı bu haqda danışanda qeyd edir ki, bütün günü barda olurdum, özüm az danışan insan idim və işim-gücüm oradakı insanları dinləmək idi. Bu həyat tərzi sonralar yazıçıya öz təsirini göstərir. O, qeyd edir ki, bundan sonra sadəcə çox danışmaq istədiyi insanlarla danışırmış.

Müsiqi həm də Murakaminin bir yazıçı kimi ilham mənbəyidir. Yazıçı etiraf edir ki, bir çox əsərlərinin ideyası musiqi dinləyərkən ağlına gəlib. Bir yazıçı kimi həyatında musiqiyə həddindən artıq yer verməsi onun yazıçı mətbəxinə də öz təsirini göstərir. Maraqlıdır ki, Murakaminin bir çox romanlarının adı da musiqidən gəlmədir. Məsələn, “Norveç meşəsi”nin adını “Bitls”, “Dans, dans, dans” adını “Biç Boys” qrupunun, “Sərhədin cənubunda, günəşin qərbində” adını isə Net Kinq Koulun eyni adlı mahnılarından götürmüşdür. İrihəcmli romanlarından olan “Qurma quşun gündəlikləri”ni yazarkən isə Rossini, Şuman və Motsartın musiqilərindən təsirlənmişdir.

Ədəbiyyat üzrə Nobel mükafatının real namizədlərindən olan Murakami bir çox məşhur yazıçılardan fərqli olaraq hazırda da qapalı həyat keçirir, müsahibə vermir, çağırılan rəsmi tədbirlərdən boyun qaçırmağa çalışır. 65 yaşlı yazıçının gündəlik həyatı roman yazmaqdan, musiqi dinləməkdən və hər gün on kilometr qaçmaqdan ibarətdir. Artıq uzun illərdir ki, o, bu rejimlə yaşamağa davam edir və bu həyatından da məmnun olduğu görünür.

# 3022 dəfə oxunub

Müəllifin son yazıları

# # #