Osmanlı baş vəzirinin atası olmuş kürdəmirli şeyx

Osmanlı baş vəzirinin atası olmuş kürdəmirli şeyx
28 noyabr 2013
# 09:00

Seyid Ramin yazır

Sufiliklə azdan-çoxdan maraqlanan adamlar yəqin ki, “icazət”, “izacətnamə” kimi ifadələrə ara-sıra rast gəlirlər. “İcazətnamə” sufilikdə bir növ diplom mahiyyəti daşıyır. Müridlik yoluna qədəm qoyan insan mənəvi göstəricilərindən asılı olaraq üzvü olduğu təriqəti dərindən mənimsədikdən və mürşidinin yüksək etimadını qazandıqdan sonra əsasən öz məmləkətində təriqətini insanlara irşad etmək üçün şeyxi tərəfindən icazətnamə alır. Bundan sonra müridlikdən mürşidliyə layiq olmuş şəxs öz təriqətinin şeyxi kimi fəaliyyət göstərməyə başlayır.

İcazətnamə təsəvvüfi baxımdan mühüm və başlıca sənəddir. Təriqətin sağlam əsaslar vasitəsilə irşad edilməsi, saxta şeyxlərin meydana çıxmasının qarşısının alınması və ən əsası, müridin mürşidliyə layiq olduğunu sübut edilməsi baxımından icazətnamə çox əhəmiyyətli vəsiqədir.

Tarixə nəzər saldıqda görərik ki, təriqət yoluna qədəm qoymuş hər mürid izacətnamə ala bilməmişdir. Bu da sufilikdə icazətnamənin necə mühüm mahiyyət daşıdığını önə çıxardır. Amma elə müridlər də olmuşdur ki, öz mürşidindən bir yox, bir neçə təriqəti irşad etmək üçün icazətnamə almışdır. Sufilik tarixində belə müridlərin sayı çox az olmuşdur. Bu şəxslərdən biri də Kürdəmirli İsmayıl Siracəddin Şirvanidir.

Elm Çində olsa belə...

Mövlanə İsmayıl Siracəddin 1782-ci ildə Şirvan xanlığının Bölükət mahalının Kürdəmir kəndində Şeyx Əhməd Şirvanın ailəsində dünyaya göz açmışdır. O, ilk təhsilini Şamaxıda fəaliyyət göstərən Məhəmməd Nuri Əfəndidən almış, Molla Caminin “Kafiyə şərhi”nə qədər elmi biliklərə yiyələnmişdir.

İsmayıl Şirvani bundan sonra 1800-cü ildə Şirvandan Ərzincana yola düşür. Ərzincanda dövrünün tanınmış alimlərindən olan Övliyazadə Əbdürrəhman Əfəndinin yanında təhsilini təkmilləşdirərək ondan icazətnamə alır. Ərzincandan Tokata yollanan İsmayıl Şirvani bir müddət burada qalaraq elmi biliklərini dərinləşdirir. Bundan sonra o, Bağdada yola düşərək orada Şeyx Yəhya Mərvəzi əl-İmadidən hədis elmini, Molla Məhəmməd ibn Adəmdən isə hikəmiyyə elmini öyrənir. 1805-ci ildə isə Burdura gedərək orada fiqh elmindən dərs alır.

İsmayıl Şirvani bu illər ərzində məmləkətləri diyar-diyar dolaşıb bir çox dini elmlərə yiyələndikdən sonra nəhayət, 1806-cı ildə doğma vətəni Şirvana qayıdıb burada elmi-dini fəaliyyət göstərərək həmyerlilərinə xidmət edir.

1813-cü ildə Həcc ziyarətinə yollanır, Məkkə, Mədinə və Qüdsü ziyarət etdikdən sonra İstanbula üz tutur.

Mənəvi yüksəlişlərə doğru

İsmayıl Şirvani yetərincə elmi-dini biliklərə yiyələnmiş, bu məqsədlə vətənindən ayrılıb bir çox şəhərləri gəzmiş, zamanının məşhur müəllimlərindən dərslər almışdı. Amma bütün bunlar onu qane etmir, elmi biliklərdə yüksək zirvələri fəth etsə də, mənəvi elmlər sahəsində öz iç dünyasında boşluqlar görürdü, bu da onu ciddi narahat edirdi. Bu məqsədlə o, mənəvi elmlərdə yüksəlmək üçün kamil mürşid axtarışına çıxır. Bir gün röyasında İsmayıl Şirvaniyə belə ilham olundu: “Sən özünü alimlərindən və şeyxlərindən dərs alacağın yerə - Dehliyə istiqamətləndirməlisən. Allah sənə Şeyx Abdullah əd-Dəhləvinin ardıcılı olmaq imkanını ehsan edə bilər”. O, vaxt itirmədən Hindistana yola düşməyi, oraya yetişib zəmanənin tanınmış övliyalarından olan Şeyx Abdullaha mürid olmağı qərara alır.

İsmayıl Şirvani bu məqsədlə İstanbuldan piyada yola düzələrək Bəsrəyə qədər gedir. Bu səfər zamanı röyasında müridlik şərəfinə nail olmaq istədiyi Şeyx Abdullahdan mənəvi işarət alır: “Sənin Şeyx Xalidlə sirlərin var, onu təqib edəcəksən”. Buna görə də, Bəsrədən geriyə qayıdıb Bağdada gəlir, dövrünün çox məşhur vəlilərindən və təriqət şeyxlərindən olan Mövlanə Xalid Bağdadinin müridi olmaqla şərəflənir.

Yazıçı Mahmud bəy Mahmudbəyov Şeyx Xaliddən bəhs edərkən yazır ki, onun yanına hər tərəfdən müridlər toplanmışdı. Bu müridlər içərisində öz dövrünün məşhur ilahiyyatçı alimi Şamaxı qəzasına aid olan Kürdəmirdən İsmayıl Əfəndi də vardı. Ehtimal etmək lazımdır ki, Şeyx Xalidin çox çalışqan və istedadlı müridlərindən olmuşdur. Belə ki, Şeyx Xalid, İsmayıl Əfəndinin Şirvanda təriqəti təlim etmək üçün şeyxliyinə etimad göstərir. Şirvanın Çar Rusiyası tərəfindən qəti istilası ərəfəsində İsmayıl Əfəndi nəqşibəndilərin həqiqi başçısı olur.

İsmayıl Şirvani 1813-cü ildən 1817-ci ilə kimi Mövlanə Xalidin müridi olur, ondan mənəvi tərbiyə alaraq özünü yetişdirir. Bundan sonra Mövlanə Xalid Şirvanda nəqşibəndi təriqətini irşad etmək üçün İsmayıl Şirvaniyə 1817-ci ildə şifahi, 1821-ci ildə isə yazılı icazət verir.

Mövlanə Xalidin minlərlə müridi olduğu halda, yalnız bir neçəsinə icazətnamə vermişdir. Bu mürşidlərdən də biri İsmayıl Şirvani olmuşdur. Mövlanə Xalidin sevgisini qazanan və öz mənəvi istedadı ilə yüksəlişlərə qalxan İsmayıl Şirvani tarixdə azsaylı şəxslərdəndir ki, mürşidindən beş təriqəti irşad etmək üçün icazət almışdır. Halbuki mürşiddən bir təriqət icazəsi almaq bir çox müridə nəsib olmamışdır. İsmayıl Şirvaninin Nəqşibəndiyyə, Qadiriyyə, Kübrəviyyə, Sührəverdiyyə və Çiştiyyə təriqətlərini irşad etmək üçün icazəti olmuşdur. Amma bunlardan yalnız Nəqşibəndiyyə təriqətini irşad etmişdir.

Şirvandakı irşad fəaliyyəti

1817-20-ci illərdə İsmayıl Şirvani vətəninə dönərək burada irşad fəaliyyətinə, ətrafına xeyli mürid toplayıb nəqşibəndi təriqətini ilk dəfə Azərbaycanda yaymağa başlayır. O, müridlərinə təriqətinin qayda-qanunlarını, dünya malından çəkinməyi və Allah yoluna bütün varlığı ilə qoşulmağı təlim edir, “əgər kimsə özünü Allaha həsr edərsə, hər şeyə qadir olan uca Allahdan alacağı ilk fayda onu insanlara möhtac etməyəcəyidir” deyə müridlərinə tövsiyələr edir.

İsmayıl Şirvaninin adı və təlim etdiyi təriqət haqqında xəbərlər tezliklə bütün regiona yayılır, onun ziyarətinə Qafqazın hər yerindən gəlməyə başlayan insanların sayı getdikcə çoxalır, şeyxin müridi olmaq istəyən müridlərin sayı artırdı. Bu müridlərdən Kürdəmirli Hacı Mahmud Baba, Külüllüdən Hacı Əhməd Əfəndi, Cəylidən Hacı Məhəmməd Nəbi Əfəndi, Zərdabdan Molla Əhməd, Qutqaşından Yəhya bəy və Yaraqlıdan Xas Məhəmməd mürşidlərinin xəlifələri səviyyəsinə yüksəlmiş, öz yaşadıqları ərazilərdə sonralar islami biliklərin, habelə nəqşibəndi təriqətinin təbliği və yayılması yolunda xüsusi fədakarlıqlar göstərmişlər.

İsmayıl Şirvani şeyxliklə bərabər, sadə və zəhmətkeş həyat yaşamış, hər bir kürdəmirli kimi öz bağında çalışıb, təsərrüfat işləri ilə məşğul olmuş, baramaqurdları bəsləmişdir. Şeyxin evinin və tut bağının qalıqları onun Şirvanı tərk etməsindən sonra yerli camaat tərəfindən xüsusi diqqətə layiq görülərək “Mövlanə bağı” deyə ziyarət yerinə çevrilmişdir və bu günə kimi öz dəyərini qoruyub saxlamışdır.

Şeyxlərin repressiya dövrü

1825-ci ildə azərbaycanlı təriqət şeyxlərinin repressiya dövrü başlayır. Bu repressiya küləkləri İsmayıl Şirvaninin bir çox müridlərinin başı üzərindən əsir. Çar imperiyasının Qafqaz canişini olmuş Yermolov Qazıqumuğlu Aslan xandan Azərbaycandakı mürşidləri həbs edərək Tiflisə gətirməyi əmr edir. Aslan xanın bu həbsləri yerinə yeritmək üçün təyin etdiyi Harun bəy hərəkətə keçir və Molla Məhəmməd Yaraqlını həbs edir. Lakin müridlərinin yardımı ilə şeyx həbsdən azad olur və gizlin yollarla Tabasarana gedib orada gizli şəkildə yaşamağa başlayır.

Çar məmurlarına məlum olur ki, şeyxlərin mürşidi İsmayıl Şirvanidir və o Şirvan əyalətində yaşayaraq orada irşad fəaliyyəti göstərir. İlk növbədə mürşidin nəzarət altına alınmasına və müridlərin kütləvi həbsinə başlanır. Şeyxin iki tələbəsi Hacı Məhəmməd Nəbi Əfəndi və Molla Əhməd həbs edilərək imperiyanın mərkəzi diyarlarına sürgün edilir.

İsmayıl Şirvaninin həbs etmək işini Yermolov knyaz Mədətova tapşırır. Amma o, şeyxin Qafqaz hüdudlarını aşmış böyük nüfuzundan və Mustafa xanın həyat yoldaşı Fatma bəyimin xüsusi xahişindən dolayı İsmayıl Şirvanini həbs etmək fikrindən daşınır.

Bu hadisədən az sonra Şirvan komendantı öz şamaxılı dostları vasitəsilə xəbər göndərib məsləhət görür ki, şeyx Çar Rusiyası sərhədlərini xoşluqla tərk etsin. Bundan sonra İsmayıl Şirvani vətənini birdəfəlik tərk edərək Osmanlı sərhədini keçib Axısxaya yerləşir.

Osmanlıda davam edən ömür

İsmayıl Şirvani Axısxaya gələndən sonra burada da islami biliklərin təlimi ilə və nəqşibəndi təriqətinin irşadı ilə məşğul olmağa başlayır. Qısa zaman ərzində öz ətrafına xeyli mürid toplayan şeyxin nüfuzu tezliklə Axısxa hüdudlarını aşmağa başlayır. Az keçmir ki, İsmayıl Şirvaninin azərbaycanlı müridləri olmuş Molla Əhməd və Hacı Əhməd Qiyasi də gəlib şeyxlərinin ətrafına yığışırlar.

Osmanlı hökuməti 1828-ci ildə Axısxanı Çar Rusiyasına güzəştə getməli olur. Bu səbəbdən İsmayıl Şirvani bir sıra səbəblərdən dolayı Axısxadan ayrılıb Amasiyaya köçməli olur. Bu zaman şeyxin xeyli müridi də mürşidləri ilə bərabər Amasiyaya köçüb orada yerləşərək İsmayıl Şirvaniyə həm xidmət göstərməyə, həm də mənəvi dərslər almağa davam edirlər.

İsmayıl Şirvani 1832-ci ildə Sivasa gələrək burada doqquz il yaşamağa başlayır. Amasiyada olduğu kimi, Sivasda da şeyxin nüfuzu geniş yayılır, ətrafına xeyli mürid yığışıb ondan mənəvi tərbiyə alırlar. Bu ərəfələrdə qarabağlı Mir Həmzə Seyid Nigari gəlib Sivasa yetişərək İsmayıl Şirvaniyə mürid olur.

1841-ci ildə şeyx yenidən Amasiyaya qayıdır və ömrünün sonuna kimi burada yaşamalı olur. 1848-ci ildə İsmayıl Şirvani vəba xəstəliyinə tutularaq vəfat edir. Şeyxin yaxınları onu Amasiya yaxınlığındakı Şamlar qəbiristanlığına torpağa tapşırırlar.

Osmanlı hökumətində baş vəzir rütbəsinə qədər yüksəlmiş Şirvanizadə Məhmət Rüşdi Paşa 1869-cu ildə atasının qəbri üzərində türbə və məscid tikdirir. Türbənin bayır divarındakı metal lövhədə şeyxin tərcümeyi-halı və Mövlanə Xalidin ona verdiyi icazətnamə asılmışdır.

İsmayıl Şirvani hələ Kürdəmirdə yaşayarkən ailə qurmuş və bu evlilikdən beş övladı olmuşdur. Bunlar Əbdülhəmid Əfəndi, Şirvanizadə Əhməd Hülusi Əfəndi, Şirvanizadə Məhmət Rüşdi Paşa, Mustafa Nuri bəy və Hacı Şərifə Fatma xanımdır.

Sonda bir şeyi də qeyd edək ki, Qafqazın igid oğullarından olan İmam Şamil nəqşibəndi təriqətinə qoşulmuş, İsmayıl Şirvaninin xəttinə bağlı olmuşdur.

Kürdəmirdə İsmayıl Şirvaninin izləri

İsmayıl Şirvaninin doğulduğu Kürdəmir kəndi sonralar bir neçə xırda kəndlərə ayrılmışdır. Şeyxin yaşadığı həyəti və bağı Kürdəmirin indiki Şıxımlı kəndində yerləşir. Bu kənddə yaşayan Məmmədli nəsli şeyxin “Mövlanə bağı”na sahib çıxmış, onun adını daim yüksək tutmuşlar. Məmmədli nəslinin hazırkı nümayəndələri iddia edirlər ki, İsmayıl Şirvaninin bir çox əşyaları, papağı və təsbehi nəsildən-nəslə keçmiş, onlar tərəfindən əzizlənərək uzun illər ərzində qorunub saxlanır. Araşdırmaçı-alim Mehmet Rıhtım İsmayıl Şirvani ilə bağlı Kürdəmirdə təhqiqat apararkən bu əşyalara şeyxin nəslindən hesab olunan Hacıbala kişinin evində rast gəlmişdir.

Məqalədə Mehmet Rıhtım Fariz Xəlillinin “Mövlanə İsmayıl Siracəddin Şirvani” (2003) kitabının materiallarından istifadə olunmuşdur.

# 14451 dəfə oxunub

Müəllifin son yazıları

# # #