Rus bölməsində oxumağın faydası

Rus bölməsində oxumağın faydası
27 fevral 2018
# 10:39

Sevinc Elsevər

Tez-tez ziyalılar, təhsil ekspertləri mediaya açıqlama verirlər: Rus bölmələri ləğv olunsun! Və ya rusca bilməyən valideynlərin uşaqları rus bölməsinə qəbul edilməsin!

A balam, niyə? Niyə də? Niyə? Ona görə ki, rus bölmələrini də dövlət məktəblərindən sıxışdırıb özəl, pullu məktəblərinizə salasınız? Və biz uşaqlarımız başqa dili mükəmməl öyrənsin deyə ətək-ətək pul xərcləyək?! Hünəriniz var, pulsuz ingilisdilli bölmələr açın!

Qoy uşaqlarımız ingilisdilli bölmələrdə də dövlət hesabına təhsil alsınlar! Daha ingilis dilində təkcə imkanlıların uşaqları təhsil almasın. Kasıb balaları da xarici dil öyrənə bilsinlər. Böyüyüb adam ola bilsinlər. Fayda versinlər.

Əsas gətirirlər ki, azərbaycandilli ailələrdə valideynlər rusca oxuyan uşağın dərslərinə kömək edə bilmir. Gülməlidi. Guya ana dilində oxuyan uşaqlarını alim eləyib axı millətimiz. Azərbaycan dilində oxuyan uşaqlar da birinci sinifdən repetitor yanına gedir, rusca oxuyan uşaqlar da. Mənim birinci sinifdə oxuyan oğlum həm repetitorla çalışır, həm mənimlə, həm bacıları ilə. Hətta atası da bəzən dərslərinə yardımçı olmağa çalışır. Yenə də tam yarıtmır. Amma rus bölməsində oxuyan qızım ta birinci sinifdən əlaçı başlayıb. Bu gün də sinfin ən yaxşı oxuyan şagirdidir. Rusiyada doğulub, orda bağça tərbiyəsi görən, təmiz rusca danışan uşaqlar var siniflərində. Onlar zərbəçi ola bilmir. Yəni, uşağın müvəffəqiyyətli şagird olub-olmamasında dil faktoru axırıncı yerdə durur.

Azərbaycan dili dərsindən kəsilən, 2 alan nə qədər uşaq var Azərbaycan bölməsində? Yüzlərlə! Bunu rus bölməsinin müəlliminə deyəndə mat qaldı. Anlamadı məni. Dedi ki, necə olur, Azərbaycan dilində danışan uşaq Azərbaycan dilindən 2 alsın? Mən də ona təxminən öz sualına bənzər sual verdim. Sizin sinfinizdəki rusdilli, azərbaycanca çətinliklə danışan uşaqlar rus dili dərsindən necə iki alırlar, elə!

Məgər ötən əsrin əvvəllərində yaşayıb-yaradan ziyalılarımızın anaları rusca bilirdi? Axundovun anası rusca bilirdi, ya Cəlil Məmmədquluzadənin?

Böyük qızım Azərbaycan bölməsində yuxarı sinifdə oxuyur. Dərs əlaçısıdı. Bütün tapşırıqların öhdəsindən mükəmməl gəlməyə çalışır. Ona heç bir halda kömək edə bilmirəm. Çünki riyaziyyatçı deyiləm, riyaziyyatı ibtidai səviyyədə bilirəm. Onuncu sinifdən sonra da riyaziyyatı yaxşı oxumamışam (bunu ən böyük səhvlərimdən sayıram), Kimyanı ala-babat yola vermişəm, Fizikanı da 7-8-ci siniflərdə oxuyurdum, qiymətim əla idi. Amma indi bildiyimi də unutmuşam. 3-cü qrupa hazırlaşırdım məktəb illərində, Dil-ədəbiyyatdan 30 sualdan 29-a doğru cavab vermişdim. Di gəl, artıq Əfzələddin Xaqaninin doğum tarixini xatırlamıram. Bilmirəm Nizami “Xəmsə”sini dəqiq hansı illərdə yazıb. Qızımın kimyadan verdiyi suallar məni güldürür. Mən hər dəfə suallara cavab vermədikcə, ana, heçmi yadında bir şey qalmayıb deyə soruşur. Mənim riyaziyyatdan yadımda vurma, bölmə, toplama, çıxma və buna bənzər sadə şeylər qalıb. Çünki həyatım boyu mənə ancaq bu şeylər lazım olub və olacaq. Bu gün oxuduğum ciddi təsir bağışlamadısa, sabah unuduram. Yəni, bilirsiz nə demək istəyirəm? Mən hələ ali təhsilliyəm, uşaqlarıma təhsildə mükəmməl köməklik edə bilmirəm. Bircə qızımın əvəzindən inşa yaza bilərdim. Onu belə yazmıram, əlbəttə. Çünki qızım zəhmət çəkib inşalarını özü yazmalıdı, yaza-yaza öyrənməlidi!

Köməkli, ya köməksiz bir uşağın hansı dildə təhsil almasından asılı deyil təhsildəki müvəffəqiyyətləri. Uşaq öyrənməyi sevirsə, yaxud ilk rastına çıxan müəllim ona öyrənməyi sevdirə bilmişsə, özünün qabında da varsa, götürməsi yaxşıdısa, beyni çalışır, yaddaşı möhkəmdisə, o uşaq uğur qazanacaq! Belə olmasaydı, Azərbaycan bölməsindəki şagirdlərin hamısı balaca alimlər olardı. Belə də ki, məktəb illərində öyrəndiklərimizin 90 faizi onsuz da unudulur. Yəni, çox da şey eləmək lazım deyil. Amma rus, ingilis bölməsində oxuyanlar kimyadan öyrəndikləri bilgiləri unutsalar da, uzun illər danışdıqları, kitab oxuduqları, şeir əzbərlədikləri dili unutmurlar. Bu da olur onların qazancı. Heç olmasa, diplomları əllərində işsiz qalanda, şəhərin mərkəzindəki kafelərdən birində ofisiant işləyə bilirlər. Çünki o kafelərdə işə ancaq rusdilli kübar oğlanları, qızları götürürlər.

Rus dilində danışa bilmədiyimdən nə qapılar üzümə bağlanıb, mən hələ onu demirəm. İngilis dilini öyrənmək üçün isə min ildi çabalayıram. Hələ bir tərəfə çıxmamışam. Dili uşağa körpəlikdən, olmasa, məktəbə başladığı illərdən öyrətmək lazımdı. Sonra mümkün olmur, vallah olmur.

Xarici dilləri isə öyrənmək bizim uşaqların inkişafı, savadlanması, ölkəmizə başucalığı gətirməsi üçün vacib məsələlərdən biridir.

Bizim dövlət məktəblərində isə həftədə 2-3 dəfə xarici dil keçməklə dil öyrətmək istəyirlər. Həftədə 2-3 dəfə dərs keçməklə, heç Azərbaycan dilinin özünü mükəmməl öyrətmək mümkün deyil.

# 4232 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #