Akasiyanın başına hava gəlib - Yeni şeirlər...

Akasiyanın başına hava gəlib - Yeni şeirlər...
7 iyun 2022
# 19:20

Kulis.az Zaman Piriyevin yeni şeirlərini təqdim edir.

Günahlarım çoxalıb dağlar boyda olunca,

Nəfsim nəşələnirdi, ləzzətlərin içində.

Dumanlar yox olunca,

heyrətlərin içində,

gördü qorxunc boşluğu,

Doldura da bilmədi bu qocaman yoxluğu.

O dağın başındaca nəfsim intihar etdi.

Şeytanla yarışırdım,

Küsürdüm, barışırdım.

Bax beləcə oynayıb, oyuna alışırdım.

Sonra gördüm bu meydan,

bu şeytanın əlində,

Oyun qurub dağıdan bu ilanın əlində.

Başımı almaq üçün,

Vurur bir-bir daşlara,

Qoşmaq üçün başlara.

Bu oyunun sonunda, şeytan mələk donunda,

Məni qurban eylədi hamının əvəzinə,

Hey qışqırdım, bağırdım adamların üzünə,

İçimdə boğulunca, səsim intihar etdi.

Ədalət divanını evindəki divanla

dəyişik salan hakim,

hökm oxudu yalanla.

Böyük bir həyəcanla dinləyəndə hakimi,

Qolumdakı qandala mən tökəndə hirsimi,

Ağrısına dözməyib qolum intihar etdi.

Həyat mənə içirdi apacı zəhərini taleyimin əliylə,

Sonra məşum gecənin

ölü səssizliyində,

Könlüm bu intizarın

sağlığına son dəfə

ayrılığın qanını içib intihar etdi.

Saçını qarışdıran əllərim boş qalanda,

Üşüyən yatağımda yuxularım donanda,

Ayrılıq qapısının əlcəyi olmayanda,

Çarəsizcə uyuşub yanımda uzananda,

Qısalanda əllərim o gün intihar etdi.

Gözlərim kor quyunun

vaxtsız düşdü dibinə,

ümidim ip salladı, işıq gəldi gözümə.

Qaranlıq quyuların üstündən daha nurlu,

Torpağın altının da üzərindən onurlu olduğunu görüncə,

ipi boynuna salıb gözüm intihar etdi.

Nəfsi kəsən qılıncım daş qəlbimə dəyəndə,

İti dilim kortalıb, ağzımda böyüyəndə,

xəcalətdən qınında dilim intihar etdi.

Şer yazdım bilmədi heç kəs qədir-qiymətin,

Lakin ağzı göyçəyin sözünü bəzədilər,

yazdılar hekayətin.

Şerimin son nöqtəsin qoyub ayaq altına sözüm intihar etdi.

Dəlisov bir gözəlin qəlbini almaq üçün, xərclədim gəncliyimi.

Amma ömrüm çatmadı, sındırdım mənliyimi.

Mənliksiz məni o qız, sevmədi heç bir zaman,

üzümə də baxmadı qəlb oxşayan baxışla,

Dedim ölsəm, bağışla!

Bəlkə baxıb üzümə, bağışlayar deyərək, üzüm intihar etdi.

***

Gir çətirin altına,

yağış yağacaq.

Gizlən lüt ağacların arxasında.

Küçələr yağışla sevişəcək.

İstəmir görsünlər onu lüt üryan.

Axı sən də utanırdın küçələrdən.

Yadındadır,

çırpınırdın qollarımda.

Görən olar deyirdin.

– Bu boş küçədə kim görəcək bizi?

– Yox, yox! ayıbdır küçədən.

Sən də qaç, gizlən,

ayıbdır!

Yağış yuyacaq küçələrin şişmiş üzünü.

Tənbəllikdən nə vaxtdır üzünü yumur.

Yağış isladacaq

qurumuş dodaqlarını qoşa iydənin.

Sonra külək qarışdıracaq saçlarını,

Şam işığında sevgilisini gözləyən

tənha küçənin.

Qaç, gizlən!

Şimşək çaxacaq,

Buludlar çəkəcək şəkillərini

Sinəsi təzəcə qabarmış sütül küçənin.

Sonra damcılar öpəcək

bədənini dəlilər kimi.

Qaç, gizlən!

Çalış sən düşmə obyektivə.

Tez qaç evə!

Yoxsa saçlarını,

Öpə bilmədiyim dodaqlarını,

Alar əlimdən.

Doldurub çuxuru qara sularla,

yuyar zifaf gecəsində ayaqlarını.

Sinəndə gəzdirər soyuq əlini,

Qaç, gizlən!

Yolar saçlarını qısqanc küçələr.

Sürüyər asfaltda səni.

Qaç, gizlən!

***

Bakıdan tər iyi gəlir.

Ağaclar da tərləyib...

Ağaclar da iylənib...

İstidən akasiyanın başına hava gəlib.

Öz kölgəsində də otura bilmir.

Adamlar isti çay içib buğlanırlar,

Şit gülüşlər yarpaqlarını yolur bir-bir.

Domino daşlarını çırpır

arıq kişi kölgəsinə,

Akasiya diksinir,

ürəyi düşür külqabının içinə.

Sümürür çarəsizliyini kötüyünəcən

arıq kişi.

Arvadının baxışları külü tökür başına.

Hamı ağac altında deyinir hökumətə,

Təkcə işıq dirəyi otura bilmir,

Çiban çıxıb gündəyməzinə.

Hardasa buludların irinləyən yarası deşilib.

Mavi yağışlar yağır qırmızı dənizlərə.

Amma Bakıdan tər iyi gəlir.

Səhər geydiyi köynək yapışıb bədəninə.

Neftli suda yuyur ayaqlarını.

Sahildə balıq ölüb.

Üstünə qəzet sərib qağayılar.

Manşetdə müharibə...

Bombalar atılır xəbərlərdə

okeanın üstündən.

Ölkələr viran olur.

Dünyanın ağzından qan iyi gəlir.

Xəstəliklər qəzetin rəngini də saraldıb.

Ölü balıq yoluxmaqdan qorxub dənizə qaçır.

Qəzet utanır xəbərlərindən,

Gəmi düzəldib vərəqələrindən

gedir neft daşımağa.

Neft iyi daşıyır xəyal quran kasıb komalarına.

Xəcalətdən Bakının tər axır dabanından.

Açıklama yok.

# 2587 dəfə oxunub

Oxşar xəbərlər

Bir qadın da sevmədik... – Günün şeiri

Bir qadın da sevmədik... – Günün şeiri

11:00 7 iyun 2024
Çəkərəm ciyərlərimə öpüşlərini... - Emin Pirinin yeni şeiri

Çəkərəm ciyərlərimə öpüşlərini... - Emin Pirinin yeni şeiri

12:48 11 yanvar 2023
Bilirsən də, mən darıxan adamam - Günün şeiri

Bilirsən də, mən darıxan adamam - Günün şeiri

18:39 2 yanvar 2023
Cibim pullarımın qəbrinə dönər - Günün şeiri

Cibim pullarımın qəbrinə dönər - Günün şeiri

11:20 28 dekabr 2022
Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Günün şeiri

Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Günün şeiri

12:40 5 dekabr 2022
Səni and verirəm, uşaq doğa bilməyən qadınların... - Səbuhi İmanovun yeni şeirləri

Səni and verirəm, uşaq doğa bilməyən qadınların... - Səbuhi İmanovun yeni şeirləri

17:00 14 noyabr 2022
# # #