Sevda Sultanova
1990-cı illərin ortalarıydı. Nəşriyyatların vəziyyəti ilə bağlı material hazırlayırdım. “Yazıçı” nəşriyyatına baş çəkdim. Əkrəm Əylisli onda nəşriyyatın direktoruydu.
İsti aylar idi, hava da bürkü. Birdən gözüm açıq pəncərənin arasına qoyulmuş kitaba sataşdı. Kitabı götürdüm. Tanınan, amma ortabab şairlərdən birinin kitabıydı. Məni gülmək tutdu, mənalı tərzdə soruşdum:
- Əkrəm müəllim, kitabı niyə bura qoymusuz?
O, halını da pozmadan gülümsündü:
- Onun yeri elə oradır...
...Zaman-zaman etiraz forması kimi kitabları yandırmaq məsələsi gündəmə gələndə, nədənsə bu vəziyyəti xatırlayıram. Kitabları yandırmağın əleyhinəyəm. Bunun əvəzinə yeni, kreativ etiraz formalarının tapılmasının tərəfdarıyam.
Amma hər şeydən əvvəl ona görə əleyhinəyəm ki, kitab yandırmaq ekologiyanı korlayır. Onsuz da Bakının havası təmiz deyil, duş alırsan, təmiz paltar geyinirsən, havaya çıxandan az sonra dərində rahatsızlıq hiss edirsən, qiyafətlər də qoxuyur. Yəni bu qədər çirkli havayla nəfəs almalı oluruq.
Ümumiyyətlə isə, zavallı təbiətə bu şəkildə ziyan vurmaqdansa lazımsız kitabları funksionallaşdırmaq lazımdır.
Gərəksiz, faydasız, oxunaqsız kitab nəşr etdirən, bununla da təbiətə ziyan vuran adamlara qarşı mən öz etiraz formamı çoxdan tapmışam. Həm etiraz edirəm, həm də ana təbiətə fayda verməyə çalışıram.
Məşhur sənət adamlarından biri dörd-beş qalın kitabını hədiyyə eləmişdi. Hər kitabdan bir neçə səhifə oxumağa çalışdım, amma hiss elədim ki, mənəvi ürəkbulanmam fiziki ürəkbulanmaya keçir. Axı, niyə bu cür istedadlı adam özü haqda tərif, sənətlə heç bir əlaqəsi olmayan kitab yazdırmalıdır, bu qədər kağızı korlamalıdır?
İşləyəndə olur ki, ehtiyatsızlıqdan qəhvəni, çayı, ya suyu döşəməyə dağıdıram. O anda əlaltda salfet olsa da, ona qıymıram. Həmin kitabların vərəqlərini qopardıb mayeni quruduram. Həm kağız salfetə qənaət edirəm, həm puluma.
Otağımın qapısı yaxşı örtülmədiyindən, həmin kitablardan birini qapının ağzına qoyuram.
Bir dəfə də otağımın lampasını dəyişmək lazım idi. Tavan da çox hündür. Stula çıxsam da lampanı dəyişməyə boyum çatmadı. Birdən gözüm Lars fon Trier haqda yazılmış qalın kitaba sataşdı. Amma onu ayağımın altına qoymağa ürəyim gəlmədi, hədiyyə olunmuş həmin kitablardan bir neçəsini stula düzüb, lampanı dəyişdim.
Əgər bu cür kitablardan evdə çoxdursa, onları ədəb-ərkanla ayrıca torbaya yığıb zibil qutularının yanına qoyuram ki, yenidən emal olunsun.
Bir də oxuyandan sonra evdə saxlamağa lazım bilmədiyim kitablar var. Onları birdəfəlik kitablar adlandırıram. Belə kitabları ya kiməsə hədiyyə edirəm, ya da metroda, səkidə, skamyada qoyuram.
Sevdiyim, stolüstü kitablarım var ki, bəzən onlardan da başqa məqsədlər üçün yararlanıram. Hər gün idmanla məşğulam. “Təsviri sənətin 1000 şedevri” kitabından qantel kimi yararlanıram. Çünki idman mənim üçün meditasiya olduğundan müsbət, yaradıcı emosiyaların ötürdüyü kitabı əlimdə tutmaq vacibdir.
...Əkrəm müəllimin o kitabı pəncərə arasına qoyması daha çox ortabablığa etirazıydı. Və deyim ki, pəncərə qarşısına qoyulmuş dibçəklə o kitab eyni zamanda estetik görüntü yaradaraq natürmorta bənzəmişdi.