Kulis.az Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə ilə müsahibəni təqdim edir.
– Naidə xanım, son günlər gənc aktyor Cavidan Kəsəmənlinin mediada verdiyi məlum açlqlamalar sayəsində adınız çox hallandı, məsələni araşdırmadan, sizi tanıyıb bilmədən haqqınızda neqativ rəylər yazıldı. Hərçənd, belə bir tendensiya təəssüf ki, sosial şəbəkələr dönəmində yayğın, adi haldır. Ona görə, istərdim ki, öncə sizi bir qədər yaxından tanıyaq. Bidliyim qədərilə, siz bu sahədə təsadüfi adam deyilsiz, atanız incəsənət sahəsində çalışıb, özünüz İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmisiz.
– Atam Məbud İsmayılzadə İncəsənət İnstitutunu bitrimişdi. Elə həmin il Xalq Yaradıclıq Evinə direktor təyin olundu. Onun Lənkəran teatrının qurulmasında böyük rolu olub. Atam Azərbaycanda ilk teatrlaşdırılmış mahnı və məhsul bayramlarının, Aşıqlar qurultayının, Moskva şəhərində keçirilən mədəniyyət ongünlüklərinin quruluşçu rejissoru olub. Atamın Azərbaycanın tanınmış sənət xadimləri ilə dostluğu, ünsiyyəti vardı və mən belə bir zəngin mədəni mühitdə böyümüşəm. Özüm teatrşünaslıq fakültəsini bitirəndən sonra, “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Filarmoniyasında, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif aparıcı vəzifələrdə çalışmışam. Ankara Universitetinin nəzdində staj keçmişəm. Düşünürəm ki, Mədəniyyət Nazirliyinin mənim vətəndaş və peşəkar kimi yetişməyimdə böyük rolu olub. Ən əsası isə mən işi Polad Bülbüloğlu, Ədalət Vəliyev və Elmira Əliyeva kimi peşəkarlardan öyrənmişəm. Sual oluna bilər ki, niyə atanız Lənkərana getdi? Məgər şəhərdə iş yox idi. Çünki o, Azərbaycan mədəniyyətinə töhfə vermək istəyirdi. Bunun üçün isə Bakı şəhərində işləmək heç də vacib deyil.
– Naidə xanım, son günlər məlum məsələylə bağlı, öncə bu məqamı aydınlaşdıraq. Bir qayda olaraq, teatrlarda aktyorların seçimi necə baş verir və proses kimlərin iştirakı ilə aparılır?
– 2018-ci ildə bu vəzifəyə təyin olunanda, ilk işim teatra gəncləri cəlb etmək oldu. Çünki bu, Gənclər Teatrı statusuna gəlib çıxan bir teatrdır və bura gənclər cəlb olunmalı, müəyyən dəyişikliklər baş verməliydi. Bunun üçün biz kastinq keçirdik. Bizə 25-ə yaxın gənc ərizə ilə müraciət elədi. Müraciət edənlər əsasən məzunlar idi. Komissiya yaradıldı. Mən həqiqətən istəyirdim ki, teatra hərtərəfli, istedadlı insanları cəlb edək, teatrın düşüncəsini, tamaşaların yozumunu dəyişək, səhnəyə yeni nəsil gəncləri gətirək. Çünki gənclik özü yenilikdir, inkişafa doğru atılan bir addımdır. Lakin təəssüf ki, kastinqdə iştirak edən gənclər bizim profilə uyğun gəlmədilər. Onların intellekti, həyata, yaradıcılığa baxışları bizi qane etmədi. Çünki bu gün aktyor mütaliəyə, fərqli dünya baxışına malik olmalıdır. O, Cavidi, Mirzə Cəlili, Çexovu, Tolstoyu, Markesi nəinki tanımalı, mətnlərini bilməlidir. Ümumiyyətlə, burda işləyəndən gənclərlə çox görüşmüşəm, tanış olmuşam. Və bu gün məni gənclər arasında bu teatra marağın artması çox qane edir. Böyük əksəriyyətin bu teatrda çalışmaq istəyi artıq bir göstəricidir. Və mən əslində Cavidanın hisslərini başa düşürəm. Görün, onun bu teatrda işləmək istəyi nə qədər yüksəkdir. Sadəcə, onun münasibəti düzgün deyil.
– Gəlin, onda Cavidanın sizə qarşı səsləndirdiyi konkret fikirlərdən başlayaq. Onlardan biri budur ki, siz ona işə götürməyi söz versəniz də, ştata başqa adamı götürmüsüz.
– Cavidan iş üçün mənə zəng edəndə dedim ki, hazırda boş yer yoxdur. Ümumiyyətlə, mən heç kəsə boş vədlər vermirəm, reallıq nədirsə onu deyirəm. Bu ilin yanvarın sonunda Cavidan gəldi, biz görüşdük, onunla normal söhbət elədik. Ona dedim ki, sizə heç nə söz vermirəm, amma gələcəkdə nələrsə etməyə çalışacam. Biz belə də ayrıldıq. Hətta özüm üçün bəzi qeydləri elədim.
Bu zaman kəsiyində (söhbət 2022-ci ildən gedir) yalnız bir aktyor işlə təmin olunub. İşə götürdüyüm aktyor 2018-ci ildən bizim teatrın repertuarında olan “Bremen musiqiçiləri”, “Sindbad”, “Oqtay Eloğlu”, “Dəli yığıncağı” tamaşalarında oynayıb. Artıq repertuarda gedən dörd tamaşada o var idi. Birinci növbədə onu götürdüm. Çünki dörd il öncə bu barədə onunla söhbət aparılmışdı. Onu işə götürməməyim ədalətsizlik olardı. Gənclərə dəstək olmaq, onlara əl uzatmaq lazımdır. Ümumiyyətlə, bu vəzifəyə təyin olunandan sonra 13 gənci işlə təmin etmişəm. Bilmirəm, başqa teatrlarda belə bir rəqəm varmı.
– Başqa bir fikir odur ki, hərbi xidmətdən yayınanları işə götürmüsüz.
– Bizdə Hilal Dəmirov adlı gənc işləyir. Hərbi xidmətdə olub, Suqovuşanda vuruşub, onun da təltifləri var. Çox da dəyanətli bir insandır. Bəhruz adlı gəncimiz Moskvada təhsil alıb, o da hərbi xidmətdə olub. Nicat Kazımovun oğlu, həqiqi hərbi xidmətdədir. Cavidanın bu mənada dedikləri yanlışdır. Bunlar əsassız ittihamlardır. Həm də kimin hərbi xidmətdə olub olmamasını araşdırmaq teatrın vəzifəsi deyil. Bununla hərbi komissarlıq məşğul olmalıdır. Əgər Cavidanın əlində belə faktlar varsa, müvafiq idarələrə müraciət eləsin. Amma mən düşünmürəm ki, Azərbaycanda hərbi xidmətdən yayınan gənclər var. Çünki müharibə başlayanda biz bu gənclərin hərbi komissarlığın qarşısındakı növbəsini görmüşük. Bu ittihamları irəli sürəndə məsuliyyətli olmaq lazımdır.
– Daha sonra deyir ki, onu bir neçə dəfə yarıyoldan qaytarmısız, görüşməmisiz.
– Bilirsiz, mənim teatr rəhbəri kimi işim çox olur. Saatlarla kabinetdə oturub kimisə gözləyə bilmərəm. Onunla görüşməmişəmsə obyektiv səbəblər olub. Mən də deyə bilərəm ki, onu bir neçə dəfə dəvət etsəm də, gəlməyib. Onun sübutu varmı? Amma mənim dediklərim faktlara dayanır.
– Cavidan teatrın baş rejissoru Mehriban Ələkbərzadə ilə görüşübmü, aktyor kimi yoxlanılıbmı?
– Mehriban xanım onu dəvət edəcək və öz fikrini bildirəcək.
– Nazirlikdən münasibət bildirdilərmi? Çünki Cavidan bununla bağlı nazirliyə müraciət elədiyini, onların bu məsələni araşdırdığını deyib.
– Zənnimcə, münasibət Cavidana bildirilməlidir.
– Naidə xanım, ştatda yer olmasa belə, onu hansısa formada işlə təmin etmək mümkündürmü? Müqavilə yoluyla məsələn.
– Biz bu barədə Mehriban xanımla söhbət etmişik. Təklif olundu ki, bundan sona işə götürəcəyimiz hər bir aktyor öncədən tamaşaya dəvət olunacaq, rol alacaq, onun yaradıcılıq potensialı öyrəniləndən sonra işə götürüləcək. Bilirsiz, bu otaqda saatlarla söhbət etmək, sənətdən və sənətkarlıqdan danışmaq olar, amma səhnənin şərtləri və tələbləri başqadır. Həqiqi istedad özünü səhnədə göstərəcək.
– Yeri gəlmişkən, aktyorların yaş həddi məsələsinə toxunmaq istəyirəm. Təqaüd yaşına çatmış hər aktyoru işdən çıxarmaq doğrudurmu? Çünki elə aktyor var ki, təqaüd yaşına çatsa da formadadır, tələb olunandır, səhnəyə lazımdır. Bu nə qədər ədalətli münasibətdir?
– Çox doğru qeyd elədiz. Mənim fikrim odur k, yaradıcı insanlara yaş həddi qoyulmamalıdır. Çünki dünyada təqaüd yaşında səhnəyə çıxan aktyorlar var ki, onların tamaşaları anşlaqla keçir. Elə aktyor var ki, 30 yaşı olsa da, səhnəyə lazım deyil, potensialı yoxdur. Əgər 70 yaşı varsa və hələ də formadadırsa niyə də səhnədə olmasın? Başqa məsələ ki, aktyorun yaşla bağlı müəyyən problemləri yaranıb. Bu barədə artıq özü ciddi düşünməlidir.
– Naidə xanım, mövzumuza qayıdaq. Cavidan sizin onu işə götürməməyinizlə bağlı hansısa şəxsi maraqlarınızın olduğunu da deyib.
– Bu, əsla qəbuledilməzdir. Mən sonuna qədər bu məsələni araşdıracam. Nə uzun müddət işlədiyim Mədəniyyət Nazirliyində, nə heç bir teatrda mənim haqqımda bu sözü deməyə kiminsə hüququ, faktı yoxdur. Əgər bu iddia varsa, onda buyursunlar, ortaya fakt qoysunlar. Belə bir şey olmayıb, olmayacaq. Bunu hər kəs bilir. Mən Cavidanın dediyi çox şeyi onun gəncliyinə, keçdiyi yola bağışlayıram. Onu müəyyən mənada anlayıram da. Amma onun mənim vətənpərvərlik, dövlətçilik hisslərimi şübhə altına almasını və bu haqda ictimai danışmasını bağışlamıram. O deyəndə ki, teatr rəhbərliyi isti yataqda yatıb, mən müharibədə vuruşmuşam, haqlıdır. Amma kaş ki mən cavan olaydım, müharibədə döyüşəydim, soyuq səngərdə yataydım, Cavidan isə mənim yerimdə... İnsan həyatı tükənir, vəzifə də əbədi deyil. Amma qürur, ləyaqət və vicdan hər zaman bizimlədir. Bu məsələni hər kəsin vicdanına buraxıram.