Sevda Sultanova
8 Mart ərəfəsində kişi olmağın çətinliyindən danışmaq istəyirəm.
Biz qadınlar adətən emosional, hissi müstəvidə yaşayırıq. Ağrıdan, qəzəbdən, əsəbdən ağlaya, boşala bilirik, problemlərimizi bir-birimizlə rahatlıqla paylaşa bilirik, hətta bəzən ən özəl, sakral duyğularımızı belə. Rahatlanmaq üçün çox danışırıq və israf etdiyimiz saysız sözlər bizi hardasa xilas edir.
Kişilər isə adətən çox şeyi içinə atır, susur, itkiləri, problemləri içdə yaşayır, çox vaxt da tək yaşayır, emosiyalarını sıxır, yaşantılarını bizim qədər rahat anlada bilmirlər.
Mövcud çətin şərtlərdə, üzləşdiyimiz mürəkkəb, ziddiyyətli bir dönəmdə məsuliyyəti ən çox hiss edən də, daşıyan da onlardır.
Bir qayda olaraq, qadının məsuliyyəti (bizim cəmiyyətdə) daha çox ailə çərçivəsində məhdudlaşır. Kişinin isə ailədən başqa min cürə məsuliyyəti var: ictimai-sosial məsuliyyəti, mənəvi məsuliyyəti, siyasi məsuliyyəti, peşə məsuliyyəti və s.
Bəlkə bu səbəbdən - kişi ağır məsuliyyəti daşıya bilmədiyindən əzilir, kiçilir və statistikaya görə ən çox intihar edən də kişilərdir...
Kişi dostlarımın ciddi sorunlarından təsadüfdən–təsadüfə xəbər tuturam. Halbuki gündəlik ünsiyyət zamanı onlar bunu qətiyyən hiss elətdirmir.
Zavallı kişinin ailədə indiyədək arxetipik statusu qalmaqdadır: oğul düşmən çəpəridir, evin dirəyidir, arxasıdır, ailəyə o baxmalıdır, o qazanmalıdır.
Ədəbi əsərlərdə, filmlərimizdə ailə konfliktinin açar fikirlərindən də biri bu olur: Öz ideyalarına sadiq, amma yaxşı qazanc gətirməyən kişinin qadın tərəfindən alçaldılması.
Məsələn, “Bizim Cəbiş müəllim” filmi, “Kökdən düşmüş piano” tamaşası bu fikri vizuallaşdıran əsərlərdəndir...
“Oğul düşmən çəpəridir” düşüncəsi isə ən çox məişət konflikti səviyyəsini nəzərdə tutur. Özəlliklə də, toxunulmaz ana-bacı sərhədlərini keçəndə kişi qabağa düşməlidir, ailənin namusunu qorumalıdır. Tək bir söyüşə görə ailənin namusunu qorumağın, qanla həllinin vacibliyi elə bir öhdəlikdir ki, onun hüquq müstəvisində həllini kişiyə bağışlamır toplum.
...Arxetipik düşüncə altşüurumuzda elə dərindir ki, intellektual ailələr belə oğlan doğulanadək dünyaya uşaq gətirirlər. Gətirirlər ki, onun üzərinə o statusu yükləsinlər...
Vaxtaşırı kişi zorakılığına məruz qalan qadınlar haqda yazılır, deyilir, müzakirə olunur. Amma qadının kişiyə göstərdiyi psixoloji təziyiq, dediyi təhqir, atdığı şər müzakirə mövzusu olmur.
Qadın zorakılığından söz düşmüşkən, rastlaşdığım bir şeyi deyim. İctimai nəqliyyatda ayaqda qalan qadınlar oturan kişilərlə elə davranır ki, sanki onların, onun qarşısında yer vermək kimi öhdəçiliyi mövcuddur. Yer verəndə isə təşəkkürü belə rəva bilməyən qadınlar var. O qadın düşünə bilmir ki, bəlkə, o kişinin fiziki problemi var, ya yorğundur, ya harasısa sızıldayır, ya o qədər yüklənib ki, qarşısındakını fərq eləmir....
Həyatlarını riskə atan - müharibəyə gedən də, həbsə düşən də kişilərdir.
Müharibə xronikasındakı bir kadrda, kəşfiyyatçı, şəhid Cəlal Rüstəmovun səmimiyyətlə, çılğınca dediyi sözləri tez-tez xatırlayıram: “Oğlum Elçinin 2 yaşı var. Evdən çıxanda oğluma dedim ki, mən sənin azadlığın üçün gedirəm. Əgər mən qayıtmasam, bil ki, sənin azadlığında, bizim, millətin ən qeyrətli övladlarının payı var”.
Bizə görə həyatlarını itirən, təhlükəyə atan kişilərə bir borcumuz var...
8 Martda qadınlar kişilərdən diqqət istəyir, bir şəkildə onlara öhdəliyini xatırladır. Kişilərdən əl çəkin, bunsuz da onların öhdəliyi yetərincədir.