Qərblə müqayisədə bizim cəmiyyət mərhəmətlidir

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

15 aprel 2022
# 11:00

Dünyada hadisələrin sürətlə dəyişən dinamikası fonunda, xüsusən, iki məsələ haqda bəzi qeydlərimi bölüşəcəm. Bunlardan biri gecə klubunda partlayış nəticəsində yaralanan və ölən qadınların sosial şəbəkələrdə ənənəvi namus rakursundan təhqir olunmasıydı.

“Gecə klubu” anlayışının orta statistik azərbaycanlının təsəvvüründə əxlaqsızlıq yuvasıyla assosiasiya olunması bir normadır. Bu “normallıq” mentalitet, adət-ənənə, eyni zamanda şəhər təfəkkürümüzdəki “gecə klubu mədəniyyəti” anlayışının formalaşmamasına bağlıdır. Halbuki gecə klubu məhz seks işçilərinin əyləndiyi məkan anlamı daşımır. Üstəlik, gecə klublarının fəaliyyəti qanunla qadağan da olunmayıb. Xarici ölkələrdə istənilən sosial statusdakı şəxs gecə klublarına baş çəkir, əylənir. Yaxud sevdiyiniz türk serial ulduzlarının gecə klubu əyləncəsi onların gündəlik həyatının bir hissəsidir. Ümumilikdə, cəmiyyətimizin adi həqiqətləri dərk etməsindən, ona apokalipsisin zühuru kimi baxmamasından ötrü görünür ki, çox inkişaf mərhələlərindən keçməliyik.

Gecə klubunda əylənən qadınların virtual dünyada təhqiretmə kampaniyasına gəlincə, indi elə dövrdə yaşayırıq ki, kültləvi linçləmə prosesi dünyanın hər yerində mövcuddur. Sadəcə, coğrafiya, mədəniyyət fərqlilikləri motivləri dəyişir. Tutalım, gecə klubunda partlayış Qərbdə baş versə, orda ölən qadınları qınamaq kiminsə ağlına gəlməz. Amma sonuncu Oskar mükafatının təqdimetmə mərasimində Uill Smitin arvadı ilə aparıcı qeyri-etik şəkildə (üstəlik, xəstəliyi ilə) zarafatlaşırsa və ər emosiyalarını cilovlaya bilməyib ona yumruqla etiraz edirsə, bu halda, məhz Smit cəmiyyətdən qovulmaya məruz qalır. Bizim cəmiyyətdə analoji hadisə baş verərsə, şübhə yoxdur ki, Smiti müdafiə edənlərin sayı çox olardı.

Lakin bütün hallarda linçləmə ibtidai davranışdır, barbar təfəkkürdür. Bununla belə, bizim cəmiyyətdə linçlənmə, əsasən, sosial şəbəkələrlə məhdudlaşır, həmin adamın həyatına praktiki təsirini göstərmir. Sadəcə, sosial şəbəkələri bağlayır və ya etinasızlıq göstəririsən, məsələ bitir, unudulur. Dediyim mənada bizim cəmiyyət Qərblə müqayisədə daha demokratik və mərhəmətlidir.

Qərb isə amansızdır. Xüsusən, Linç məhkəməsinin yarandığı Amerikada. Uzun illərdir, linçləmənin ləğvinə baxmayaraq, bu akt hazırda başqa formada təzahür edir: boykot və ya ləğv mədəniyyəti şəklində. Özəlliklə də, sosial şəbəkələrdə yayılan ləğv mədəniyyəti tendensiyası fərdin səhvetmə haqqını tanımır. Gender, feminizm, homoseksual, heyvan haqları və s. məsələlərə alternativ fikir, sosial normalara zidd söz və ya davranış nəticəsində kimsə cəmiyyətdən qovulur, ənənəvi və sosial mediada davamlı psixi təzyiqlərə məruz qalır, işindən məhrum olur. Bunu son günlərdə Uill Smitə münasibətdə bir daha gördük. Hardansa komanda verilir və kinoşirkətləri onunla işləməkdən imtina edir, aktyoru psixoloji təzyiq altında saxlayırlar.

Hadisənin ən pis yanı onun məhz sənət aləmində baş verməsidir. Fərdin ekstremal vəziyyətlərdəki davranışını, reaksiyasını təhlil edən, görünməyənləri göstərən və suallar qoyan kino sənətinin başbilənləri Smiti dinləmədən, o andakı vəziyyətini anlamadan, bəraət fürsəti yaratmadan həyatı haqda qərar verərək icrasına başladılar. Əsərlərində həyatın sadəcə ağ və qaradan ibarət olmadığını önə çəkən yaradıcı kino adamları qorxudan bu faşist münasibətə susur.

Beləcə, formalaşan totalitar mədəniyyət yaradıcılığa, azad sözə təhlükə yaradır. Hərçənd, adda-budda nüfuzlu adamların etiraz səsləri eşidilir. Mislaçün, Nobel mükafatçısı, yazıçı Kazuo İşiquro müsahiblərinin birində gənc yazıçıların sosial mediada inkar və trollinq qorxusundan özünüsenzura ilə məşğul olduğunu deyir: “Linçlə məşğul olan anonim istifadəçilər sosial şəbəkədə sizə hücum edə və həyatınızı göy əskiyə bükə bilərlər. Bu vəziyyətin təhlükəli olduğunu düşünürəm”.

Lakin bu təhlükəni öncədən duyan və ona etiraz edənlərin səsi, təəssüf ki, getdikcə daha az eşidilir.

# 3091 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #