“Soyuq günəş” bədii filmi son vaxtların trendidir, sosial şəbəkələrdə müzakirə olnur, təriflənir və s.
Vəziyyət elə gətirib ki, cəmiyyət az hallarda hansısa filmi geniş müzakirə edir. Axırıncı belə müzakirə, yanlımıramsa, Emil Quliyevin “Pərdə” filmiylə bağlı olmuşdu.
Məxsusi olaraq yutub platforması üçün çəkilmiş işləri nəzərdə tutmuram.
Hərçənd, bunun özü sualdır ki, pandemiya səbəbindən kinoteatrlarda göstərilməyən “Soyuq günəş” kassa topalaya bilərdimi?
Çünki film yutub kanalında xeyli izlənib.
Ümumiyyətlə isə kinoteatrlarda nümayişə girən kommersiya filmləri arasında komediya janrı üstünlük təşkil edir və bu janrdan melodrama, drama keçid hələ ki alınmır. Yəni komediyalar arasında kassa toplayan filmlər olsa da, ara-sıra çəkilən melodram janrı az izləyici toplayır. Və “Soyuq günəş” mövzu, hekayə etibarilə geniş auditoriyanı laqeyd qoymursa, bu, o zaman ölkədə kino sənayesini formalaşdırmaq marağında olan prodüserlər, istehsalçılar üçün presedent ola bilər. Ki, melodram janrında necə bir hekayə tamaşaçını ekrana bağlaya bilər.
Filmin rejissoru Elşən Zeynallı təcrübəli rejissordur, istedadlıdır, keyfiyyətli sənədli filmləri var. Hərçənd, bədii filminə rastlamamışam. Elşən Zeynallıdan Kulis.az üçün çoxdan aldığım müsahibədən bir passajı qeyd edim:
“Filmlərim çox səliqəlidir, vergülü, nöqtəsi yerindədir, kinematoqrafik qanunlara əməl olunur”.
Bu mənada “Soyuq günəş” Elşən Zeynallının imkanlarından aşağı səviyyədədir. Film sifarişdir (ssenari müəllifi və prodüser Sədaqət Kərimova) və görünür, bu səbəbdən prodüserin çəkiliş prosesinə çox müdaxiləsi olub. Ona görə nəticədə klip, 90-cı illər türk serialı və etnoqrafik film estetikasının hibridi alınıb.
Tənqidi məqamlara keçməzdən öncə, bir neçə əsas müsbət cəhəti deyim. Kastinq uğurludur. Baş rolun ifaçıları İranə Kərimova, Mirsənan Kazımov, ikinci planda oynayan Aygün Fətullayeva, Şəhla Məmmədova, Niyaz Qasımov kino üçün uyğun, çəkici simadırlar və rollarının öhdəsindən, demək olar, gəliblər.
İkinci məsələ, ləzgi xalqının mədəniyyətinin, adət-ənənəsinin, məişətinin bədii ekran işində əksidir.
Üçüncüsü, melodram janrına uyğun uğurlu musiqi (bəstəkar Sədaqət Kərimova) seçimidir. Çox təəssüf ki, film haqda bundan artıq müsbət nəsə deyə bilməyəcəyəm...
Filmin səs konsepsiyası qüsurludur, səsləndirmə, səs effektləri qulaqda narahatlıq yaradır. Gülüşmə, ağlaşma səsi pinti, keyfiyyətsiz işlənib, belə təəssürat yaranır ki, səs və aktyor, səs və təsvir bir-birinə yaddır, biri digərini tamamlamır.
Üstəlik, bu qüsurlara rəğmən, ilk epizodda qızların qeyri-təbii gülüşməsi dramaturji zərurət olmadan uzadılır. Yaxud bir neçə səhnədə Yarqunatın göstərişli, süni ağlamasının əvəzinə, kədərinin təsviri üçün başqa ifadə vasitələri tapmaq mümkün idi.
Ümumiyyətlə, dialoqların aktyorların plastikasına, hərəkət trayektoriyasına uyğunsuzluğu təsəvvürü yaranır.
“Soyuq günəş”in çatışmayan digər məziyyəti təsvirin olmamasıdır. Təsvir deyəndə əlbəttə ki, kameranın gördüyünü necə çəkməsini nəzərdə tuturam. Yəni söhbət hər hansı vəziyyətin bədii-estetik həllindən, uyğun rakursların tapılmasından gedir.
Misalçün, iki sevgilinin bir neçə dəfə təkrarlanan görüş səhnəsi sadəcə klip kadrıdır. Hətta müasir kliplərdə belə, bəsit, düz kadrlara yer verilmir. Toy epizodu sanki “Banu” verilişindən bir fraqmentdir. Paralel səhnələrdə - şadyanalıq və Yarqunatın çarəsizliyi arasında kontrastın, dramatik effektin yaranması üçün montaj, mizan və rakurs imkanlarından istifadə olunmayb.
Filmin solğun rəng konsepsiyası 1940-cı illərin ab-havasını xatırlamaqdan çox texniki keyfiyyətsizlik təəssüratı yaradır.
Final epziodlarından birində yaşlı Yarqunat (Firəngiz Babayeva) və Yarmətin (Füzuli Hüseynov) uzun ayrılıqdan sonra görüş səhnəsinin gözlənilməzliyi, kinematoqrafik dəyəri yoxdur, elə bil, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişini izləyirsən.
Firəngiz Babayevanın Hökumə Qubranova pafosunda və manerasında uzun monoloq-şərhindənsə mümkün qədər az söz, çox bədən dili uyğun idi. Kədərin, qüssənin, daxili hayqırtının yeganə ifadəsi söz, ağlaşma deyil axı.
Misalçün, Daniel Quliyevin “Bic” filmində oğluyla münasibətlərində problem yaşayan ana obrazının ifaçısı Zülfiyyə Qurbanova ağrısını bir jestdə, duruşda, baxışda dolğun, həssaslıqla ifadə edir...
Başqa bir qüsur musiqinin təsviri udmasıdır. Demək olar ki, bütün film musiqi ilə yüklənib və tamaşaçıya emosional toxunması da buna görədir. Musiqi bolluğu alınmayan təsvirləri ört-basdır edib. Kino təbii ki, sintetik sənətdir. Amma bütün hallarda onun baza gücü təsvirdədir. Musiqi vizualın tərkib hissəsi kimi çıxış eləmir və bir qədər manipulyativ xarakter daşıyır.
Yuxarıda etnoqrafik sözünü təsadüfən yazmadım. Yarqunatın anası ilə ağır söhbətindən sonra nədənsə ləzgi xanımların milli çörək bişirilməsi və ardınca Yaruqnatın pirdə dua etməsi göstərilir ki, sözügedən epizodlar biri digərini əsaslandırmır. Anladığım qədərilə prodüser rejissora təkid edib ki, milli məişət mütləq filmə salınmalıdır və rejissor onu harda, necə yerləşdirməkdə çətinlik çəkib.
Ata obrazı (Ədalət Əbdülsəməd) qeyri-müəyyəndir, onun təyinatı aydın deyil. Bir tərəfdən o, qızının Osmana (Elçin Əfəndi) verilməsinə asanlıqla razılaşır. Digər tərəfdən arvadına təpinir ki, sən məni Yarqunatı Osmana vermək üçün yoldan çıxardın. Halbuki, ər-arvad arasında bu mövzuda fikir ayrılığı baş vermir. Müəllif göstərmək istəyir ki, ata ilə qızı bir-birinə bağlıdır. Amma niyəsə bir damın altında yaşayan qız ataya dərdini demək üçün fürsət tapa bilmir.
Süjetin inkişafı zamanı baş verən hadisələr, vəziyyətlər çox asan, rahatlıqla, dramaturji gedişlər olmadan başa gəlir: Yarqunatın oğlunun Türkiyədə Yarmətin qızına rastlaması, Yarqunatla Yarmətin görüşü, Həmdullanın evdən getməsi və s.
Kadrarxası mətn də təhkiyəni asanlaşdırmaq məqsədilə düşünülüb.
Beləcə, musiqi bolluğu, montaja, kadrların qurulmasına texniki yanaşma, yanlış rəng həlli və s. nəticəsində “Soyuq günəş” illüstrativ alınıb.