Kulis.az Anarın “Dantenin yubileyi” əsəri əsasında çəkilimiş eyniadlı filmin təhlilini təqdim edir.
Süjet: Əsərin qəhrəmanı Feyzulla Kəbrilinski sənətində uğur qazanmayan yaşlı aktyordur. O, yastıayaq olduğundan gəncliyində müharibəyə yararsız hesab olunub. Müharibə illərində teatrda ixtisara düşüb. Bir müddət avobusda konduktor işləyib.
Əsər onun istedadsızlığına işarə edən epizodla başlayır. Gənc rejissor Səyavuş yeni bir tamaşanın məşqini edir. Tamaşada kiçik rol ifa edən Kəbirlinski bir neçə kəlmə deməlidir: “Bu gecə, bu qoca, bu ocaq”. O, bu sözləri dəfələrlə desə də, onu heç cür rejissorun tələblərinə uyğun ifadə edə bilmir.
Kəbirlinski teatrdan başqa, dublyajda işləyir, ara-sıra televiziyada çıxış eləyir, üstəlik, karamel fabrikində dram dərnəyininin rəhbəridir. İşgüzar olsa da, uzun illər teatr sahəsində çalışsa da, o, heç bir sahədə uğur qazanmağı bacarmayıb. Hətta üç ildir rəhbərlik etdiyi dram dərnəyində “Oqtay Eloğlu” əsərini səhnələşdirə bilmir.
İş yoldaşları Kəbrlinskiyə qeyri-ciddi münasibət bəslədiklərini açıq büruzə verir, ona küt, istedadsız deməkdən çəkinmirlər. Yeni tamaşa təqdim olunanda gənc tənqidçi yalnız Kəbirlinskinin oyununu tənqid edir.
Kəbirlinskinin yeganə oğlu Eldar radioda rejissor köməkçisidir. Ancaq oğul atasına hörmət edilməməsinə, məsxərəyə qoyulmasına görə xəcalət çəkir, onun övladı olduğu üçün təəssüflənir. Eldar atasının radioda səs yazılışı olanda həmin gün gözə dəymir. Oxuduğu texnikumda müəllimin atasını tənqid etməsi, resenziyalarda “Kəbirlinski yenə də rolunun öhdəsindən gələ bilmədi” cümlələrinin yazılması gənc oğlanı üzür.
Əslində Kəbirlisnki istedadsızlığının, böyük aktyor olmamasının fərqindədir.
Ailəsi ilə darısqal mənzildə yaşayan qocanın arvad sarıdan da bəxti gətirmir. Onun arvadı Həcər bütün günü deyinir, ərini bacarıqsızlıqda qınayır, təhqiramiz sözlər ünvanlayır.
Əhvalatın gedişindən bəlli olur ki, Eldar onların doğma övladı deyil. O, Kəbirlinskinin maşın qəzasında gənc ikən həlak olmuş, bacanağının və baldızının oğludur. Ər-arvad Eldara bu həqiqəti deməkdən çəkinir.
Həmişə Kəbirlinskini məsxərəyə qoyan Məcid bir gün ona Dantenin yubilieyinin keçirilən tədbirə dəvətnamə verir. Kəbrlinski arvadı ilə sevincək tədbirə tələsir. Lakin sonda aydın olur ki, Məcid Kəbirlinskiyə kələk gəlib. Tədbir bir həftə bundan əvvəl keçirilib...
“Dantenin yubileyi” (1968) böyük arzularla yaşayan, çalışıb-çarpışan, amma nəticədə uğur əldə etməyən, cəmiyyətdə autsayderə çevrilən kiçik insanın dramıdır. Kəbirlinski ortabablığın ümumilişəmiş obrazıdır. Onun özünü təsdiq cəhdlərini-nəticə əldə etməyə çalışan, fəqət sonda zəhməti uğursuzluqla sonuclanan fəaliyyətini Sizif əməyi ilə müqayisə edərdim.
Ortabab olduğu ilə barışsa da, özünü böyük sənətkarlara bir sırada qoyması, dram dərnəyindəki məşqlərdə özünü böyük rejissor kimi görməsi onun varolmaq üçün tək motivasiyasıdır. Kəbirlinski obrazı ambivalent emosiyalar doğuran şəxsiyyətdir. Yəni kiməsə iki əks hissin, fikrin eyni zamanda doğulmasını nəzərdə tuturam. Bu mənada Kəbrilinski ziddiyyətli təəssürat yaradır. Bir tərəfdən miskinliyinə acıyırsan, digər tərəfdən səmimiyyəti, şəffaflığı sayğı doğurur.
Kəbrlinskininin, digər personajların xarakteri demək olar hadisəsizlikdə açılır. Yəni əsərdə demək olar ki, hadisə baş vermir. Belə bir statik fonun seçilməsi əslində personajın həyatının inersiya vəziyyətilə üst üstə düşür, bir-birini tamamlayır. Və “Dantenin yubileyi” az əsərlərdəndir ki, teatrda kulisarxası mühit də yer alır.
Əsər 1978-ci ildə Gülbəniz Əzimzadə və Anar tərəfindən ekranlaşdırılıb. “Dantenin yubileyi” ekran işi povestin səliqəli adaptasiyasıdır. Güman edirəm ki, film eyni zamanda müəlliflərin aktyorluq sənətinə olan ehtiramını ifadə edir. Təsadüfi deyil ki, ilk səhnədə rus poeziyasının gümüş dövrünün əhəmiyyətli nümayəndələrindən biri Aleksandr Blokun, aktyorluq sənətinin çətinliyindən bəhs edən “Balaqan” şeirinə bəstələnən mahnının ifası ilə başlayır. Proloqda və epiloqda bu nəğmənin müşayiəti ilə səyyar teatrla bağlı illüstrativ görüntü verilir. Bu da personajların sənətə dərin bağlılığını, sevgisini ifadə edir.
Kəbirlinskinin (Həsənağa Turabov) əhvalatı isə rejissor Səyavuşun (Elçin Məmmədov) səhnədə “Şah Edip” tamaşasının məşqləri ilə başlayır. Epizodda çıxış edən Kəbirlinski “Təəssüf ki, deməyə söz də tükənib. Müqəddəs İokasta daha sağ deyil” replikasını heç cürə deyə bilmir.
Ümumiyyətlə, ədəbi əsərlə ekran versiyası arasında dərin fərq olmasa da, ssenaridə (ssenarist Anar) müəyyən dəyişikliklər olunub. Bu da vizual yığcamlığa hesablanıb.
Bədii mətndə gənc teatr tənqidçisi bir neçə xırda epizodda peyda olur. Filmdə isə bu obraza ad verilir, onun əsərdə iştirak ərazisi, funksiyası genişləndirilir. Beləliklə, gənc tənqidçi Yalçının (Oqtay Mirqasımov) Eldarın (Vaqif İbrahimoğlu) sevdiyi qız Sevillə (Alagoz Salahova) münasibəti başlayır. Əsərdə Eldarın sevdiyi qız Sevil yox, Rənadır və povestdən fərqli olaraq filmdə cütlüyün toyu çalınır. Yeri gəlmişkən, povestdə Eldarın normalda gizlədiyi fikirlərin içki vasitəsilə üzə çıxması, bunları Aydınla (Bəxtiyar Xanızadə) bölüşməsi səhnəsi onların ayrıca görüşdüyü restoranda baş verir. Filmdə isə rejissorlar bu səhnəni toy mərasiminə salıblar. İlk baxışdan xırda detallardır. Amma təbii ki, nəqlin atmosferi, kompozisiyası belə xırdalıqlardan hörülür. Əsərin əvvəlində yazıçı Eldarı üzdən tanıdır, o introvert, adamyovuşmaz biridir və bu, onun əslində özünü müdafiə mexanizmidir. Restoranda dostu Aydınla söhbətində yazıçı gözlənilmədən Eldarın sosial maskasını yırtır. Eldarın onu və atasını məsxərəyə qoyanları fürsət düşəndə alçaltmaq ehtirası, korrekt sadizmi üzə çıxır. Povestdə bu epziod həm linqvistik, həm vizual səviyyədə yaxşı işlənib. Eldarın düşüncəsinin gizli qatlarınn açılmasını, onun iç vəziyyətini, ovqatını həm görür, həm oxuyuruq. Filmdə isə bu epziod toy mərasiminin içində itib batır.
Yalçınla-Sevilin münasibətlərinin olduğunu göstərən xatırlama kadrlar isə artıqdır, əhvalatın axıcılığına daxil ola bilmir. Yəni belə bir sentimental təsviri bir dialoqda, lakonik situasiya ilə də həll etmək olardı.
Maraqlı epziodlarından biri Kəbirlinksinin dram dərnəyində tamaşanın məşqi zamanı Stanislavskini və Səyavuşu təqlididir. Kəbirlinskinin xüsusi rejissor ədası ilə “inanmıram” (Versiyaya görə, Stanislavski aktyor oyununda imitasiya, qeyri-təbiilik görəndə bu sözü işlədirmiş) vurğulaması, Səyavuşun məşq zamanı qəzəbli monoloqunu təkrarlaması onun böyük aktyor, rejissor ola bilməməyinin sublimasiyasıdır. Amma bu kadr sərt ironik tərzdən çox yumşaq təsvirlərlə verilir.
“Şah Edip”ə daxili baxışından sonra tamaşa haqda müzakirələrdən fraqmentlər, milli kinomuzda demək olar ki, nadir hallarda yer alan intellektual-yaradıcı mühitin təsviridir. Kəbirlinski ilə tənqidçi Yalçının tanışlığı maraqlı rakursdan işlənir. Dialoq zamanı Yalçın əsasən güzgüdən görüntülənir, gah o, gah da Kəbirlinski fokusdan kənarda təsvir olunur. Kadr elə qurulub ki, Yalçın sanki Kəbrlinki ilə üz üzə yox, arxa plandadır. Ziddiyətli təsvir həlli personajlar arasındakı fikir uçurumunu ifadə edir.
Bir epizodda Kəbrlinski yaşamasının mənasızılığından gileylənir. Həyatında məna, yerini tapa bilməməsi, ekzistensial krizi bəşəri kontekstə yox, daha lokal istəkdən- özünü şəxsiyyət və sənətkar kimi realizə edə bilməməyindən, ciddiyə alınmamasından qaynaqlanır.
Əsərdə və filmdə yer alan əhəmiyyətli movzulardan biri teatr mühitinin indi də aktual, həll olunmamış problemlərinin yer almasıdır. Bu suallar tənqidçi Yalçının dilindən səslənir: istedadsız adamlar səhnəyə necə, hardan gəlib. Səhnədən necə və haçan gedəcəklər. Niyə onlara yazğımız gəlir, amma peşəmizə yazığımız gəlmir?
Finalı müəlliflər bədii mətndən fərqli olaraq pozitiv bitirirlər. Yalçın dissertasiyasında yaşlı teatr nəsli haqda yazdığını deyir. O, Kəbirlinski ilə görüşərək faktları, xatirələrini bölüşməyi xahiş edir. Nəhayət, Kəbrlinskinin özünü faydalı duyduğu an yetişir.
Epizod Sidqi Ruhullanın, Ülvi Rəcəbin, Abbas Mirzə Şərizfadənin görüntüləri ilə zənginləşdirilir.
Son epizodlardan birində Kəbirlinski növbəti səhərini həyat eşqini ifadə edən ovqatla açır.
Nəhayət, Kəbirlinski rolunun ifaçısı Həsənağa Turabov haqda. İstər teatrda, istər kinoda parlayan Həsənağa Turabov az aktyorlardandır ki, fakturası da, daxili də obrazdan-obraza tamamən dəyişə, başqalaşa bilirdi. Və mənə elə gəlir ki, Həsənağa Turabov hər ifasında az qala hüceyrələrinədək dəyişən aktyor idi. “Yeddi oğul istərəm” filmində Gəray bəy rolunda nəhəng, əzəmətli, sərt Turabov “Dantenin yubileyi”ndə əzilir, kiçilir zavallılaşır. Turabov 60 yaşlı Kəbrlinskini 40 yaşında ifa edib.
Filmin maraqlı cəhətlərindən biri burada rejissorlar Bəxtiyar Xanızadənin, Vaqif İbrahimoğlunun, Eldar Quliyevin, bəstəkar Emin Sabitoğlunun, rəssam Toğrul Nərimanbəyovun, yazıçılar Elçinin, Anarın iştirakıdır.
“Dantenin yubileyi” mövzusuna, yanaşmasına, personaj konsepsiyasına görə kinomuz üçün bugün də əla materialdır. Onun kinoda yeni oxunuşuna, təkrar ekranaşdırılmasına ehtiyac var.