Tolstoyun son sözləri: "Heç kəs zəhləmi tökməsin" - Həyatı film olanlar

Tolstoyun son sözləri: "Heç kəs zəhləmi tökməsin" - Həyatı film olanlar
25 yanvar 2020
# 09:00

Kulis.az “Həyatı film olanlar” layihəsində Lev Tolstoy haqda çəkilmiş iki bədii filmi təqdim edir.

Hər iki filmdə Tolstoyun (1828-1910) son dönəmi, ailəsi ilə münasibətləri, tolstoyçuluq dini-etik, ictimai cərəyanı təsvir olunub.

Nəinki rus, dünya ədəbiyyatında yeni bir mərhələ yaradan Tolstoyu yaşa dolduqca “Nəyə görə yaşamalıyam? Nəyə görə nəsə etməliyəm? Nəyə görə nəsə arzulamalıyam?" sualları düşündürürdü. “Etiraf” əsərində o, yazırdı: “Yaxşı, tutaq ki, Samara quberniyasında 6000 desyatin torpağın, 300 baş atın oldu, bəs sonra?” Tutaq ki, sən Qoqoldan, Puşkindən, Şekspirdən, Molyerdən dünyadakı bütün yazıçılardan şöhrətli oldun, nə olsun?”. Uğurlu karyerasına və özəl həyatına baxmayaraq, həyatında məna tapa bilməyən yazıçı intihar haqda düşünürdü. Nəhayət o, həyatına məna verən həqiqəti - xalqın həyatına yaxın olmaqda, onunla həmahəng yaşamaqda tapdı. Tolstoy tədricən rahat, zəngin həyatdan imtina edir, fiziki əməklə çox məşğul olur, sadə geyinir, vegeterianlığı seçir, ədəbi əsərlərinə olan hüququndan imtina edir, mülkiyyətçi olmaq istəmədiyindən mülklərini ailəsinə verir, aclıq və ehtiyacı olanlar üçün sığınacaqlar, məktəblər tikir və s.

Gallery

O, dövlətin istənilən formasını inkar edir, kilsənin avtoritetini qəbul etmirdi. Tolstoy bu fikirlə razılaşmırdı ki, insan doğuluşdan, mahiyyət etibarilə günah daşıyıcısı və qüsurludur. Onun fikrincə, belə bir yanaşma insan təbiətindəki yaxşı olan nəsnələrin kökünü kəsir. Bu cür fikirlərinə görə kilsə ilə onun münasibətləri soyuqlaşdı.

Tolstoyun dini və əxlaqi imperativləri tolstoyçuluğun mənbəyidir: qəzəblənmə, and içmə (and içmək şərdir və zorakılığa gətirir), şərə qarşı zorakılıqla müqavimət göstərmə, düşmənlərini doğmaların kimi sev, kamilləş, sadələş (sadə həyat tərzinə geri dönmə), pasifizm və s. Tolstoyçular bir qayda olaraq, vegeteriandır, spirtli içki və siqaretdən istifadə etmirlər, hərbi xidmətdən imtina edirlər. Tolstoyun zorakılıqsız müqavimət ideyası Mahatma Qandiyə də təsir göstərib.

Gallery

Maraqlıdır ki, rejissorlar Tolstoyun son dönəmini çəkiblər. Onun haqda ilk filmi 1912-ci ildə Yakov Protazanov lentə alıb. 30 dəqiqəlik səssiz film “Böyük abidin gedişi” adlanır və burada sənədli kadrlardan da istifadə olunub. Tolstoy rolunu Vladimir Şaternikov, Sofiyanı amerikalı aktrisa Myuriel Hardinq oynayır. Film yazıçının doğmaları tərəfindən pis qarşılanır (onlara görə burada Tolstoyun doğmaları karikaturalaşdırılır) və Rusiyada prokata çıxmır. Ancaq film xaricdə göstərilir.

Sergey Gerasimovun 1984-cü ildə ekranlaşdırdığı, SSRİ ilə Çexoslavakiyanın birgə istehsalı olan “Lev Tolstoy” filmində tolstoyçuluğa daha çox önəm verilib. Almaniya, Rusiya, Böyük Britaniya istehsalı olan, amerikalı rejissor Maykl Hoffman çəkdiyi “Son dirilmə” (2009) ekran işində isə Tolstoyun (Kristofer Plammer) ailə münaqişəsinə, arvadı ilə arasında bitməyən sevgiyə fokslanır. Gerasimovun versiyasından fərqli olaraq, burada Sofya (Helen Mirren) mərkəzi fiqurlardan biridir.

Gallery

Sofyanın timsalında Tolstoy nəinki bir həyat yoldaşı, eləcə də güvənli tərəfdaş, köməkçi tapmışdı. Sofya həm evdarlıqla məşğul olur, həm də ərinin əsərlərinin qaralamalarını yenidən köçürdü.

Tolstoy öz fəlsəfəsini həyat yoldaşına təlqin etməyə çalışırdı. Sofya isə ərinin fəlsəfəsini anlamır, mübahisə edir, öncəki rahat həyatı arzulayırdı. Və hər dəfə münaqişə baş verəndə yazıçı onu atıb gedəcəyi ilə hədələyir, arvadı isə onu sevdiyindən susurdu. Qeyd etdiyim bu məqamlar “Son dirilmə”də yer alıb.

Gerasimovun Sofyası (Tamara Makarova) monoton, təkəbbürlü, soyuqdur. Təkəbbür əslində Helen Mirrenin ifasındakı Sofyada da sezilir. Ancaq Mirren obrazına bir istilik, həssaslıq, dərin sevgi qatır və eyni zamanda onu yüngül yumor qatında çatdırır. Bu səbəbdən Mirrenin traktovkası Tamara Makarovanın yanaşmasından fərqli olaraq, tamaşaçı ilə məsafəni yaxınlaşdırır, doğmalaşdırır.

Gallery

Sofyanın ərinə sevgisini-onun intihara cəhd səhnəsində (bu səhnə 1984-cü il versiyasında yer almayıb), Tolstoyun gizlicə evi tərk etdiyini biləndə, onun kədərində, xiffətində də görürük. Bütün film boyu Mirrenin Sofyası ərinə münasibətində sevgi ilə qəzəb arasında var-gəl edir. Və aktrisa obrazının sevgisinin səmimiyyətinə tamaşaçını inandıra bilir.

Gerasimovun “Lev Tolstoy”unda Vladimir Çertkov obrazı da qabardılmayıb. 1883-cü ildə Çertkovla tanışlığı yazıçıya təsir böyük təsir göstərir. Tolstoyun həyatında ən vacib fiqurlarından birinə çevrilən Çertkov onun həmfikri və köməkçisi olur. Çertkov yeganə adam idi ki, istədiyi vaxt yazıçını yoluxa bilərdi. Onun Tolstoy və Sofya ilə münasibəti “Son dirilmə”nin əsas xətlərdən biridir. Çertkov burada birmənalı təsvir olunmayıb. O, Tolstoyun səmimi tərəfdaşından çox, öz məqsədini güdən, yazıçıdan büt düzəldən, xalqın da onu ikona kimi qəbul etməsini arzulayan biridir. Çertkov Tolstoya ailəsini atmağı təklif edirdi. O, təklifini ailəsinin onun dəyişməsini, fəslsəfəsini qəbul etməməsiylə əsaslandırırdı. Bu isə Çertkovla, Tolstoyla Sofya arasında konflikt yaradırdı.

Gallery

Tolstoyun digər köməkçisi sadəlöhv, səmimi Valentin Bulqakovun (Ceyms Makevoy) tolstoyçuluğun tərəfdarlarından biri Maşa (Kerri Kondon) ilə sevgisi bir növ Tolstoyla Sofyanın sevgisinin ekvivalenti kimi verilir. Gerasimovun filmində Tolstoyun övladları təsvir olunsa da, onlar əsas perosnaj statusunda deyil. “Son dirilmə”də isə Tolstoyun övladlarından Aleksandra (Enn Meri Daff) daha çox qabardılıb. Aleksandranın atasının tərəfdaşı olması, anasıyla münasibətlərinin nahamarlığı filmdə yer alıb. Tolstoyçuluğu bir az daha arxa plana keçirən rejissor bu cərəyanı təfərrüatlı işləməyib, dediyim kimi süjeti daha çox onun arvadı ilə münasibəti üzərində qurub.

Gerasimovun “Lev Tolstoy”u iki hissədən ibarətdir: “Yuxusuzluq” və “Gediş”. Film yazıçının xatirələri, özünü analizi, həyata baxışının sınması haqdadır Gerasimov baş rolda özü oynayır və əhvalatın atmosferi, tonallığı Tolstoyun tərki-dünya həyat tərzinə uyğun susqun, sakit ritmdə çəkilib. Onun Yasnaya Polyanadan gedişi, səfəri detallı təsvir olunub.

Hər iki film yazıçının ölüm səhnəsi ilə bitir.

Kristofer Plammer və Helen Mirren rollarına görə Oskar mükafatına namizəd olublar. “Son dirilmə” filminin prodüseri rus rejissoru Andrey Konçalovskidir. Helen Mirren isə əslən rusdur. Onun babası Pyotor Mironov hərbi mühəndis olub, işiylə bağlı Londonda xidmət edib. Bolşeviklər hakimiyyətə gələndən sonra Rusiyaya qayıtmayıb.

Gallery

Ölüm ayağında Tolstoyun son sözü “İstəyirəm ki, kimsə mənim zəhləmi tökməsin” olub. 1910-cu ilin noyabrında yazıçı 83 yaşında Astapovo stansiya rəisinin evində ölür. Yasnaya Polyanada onun dəfninə bir neçə min adam gəlir.

1920—1930-cu illərdə SSRİ-də tolstoyçuların kommunaları ləğv olundu, fəalları repressiya edildi.

Tolstoyçuluğun Qərbi Avropada, Yaponiyada, Hindistanda ardıcılları var.

# 10313 dəfə oxunub

Müəllifin son yazıları

# # #