Amerikalı rejissor Klint İstvudun “Snayper” filmi ekranlara çıxandan sonra Amerikada yaşayan müsəlmanlara qarşı aqressiya çoxalıb. Bu haqda Müsəlmanların Hüquqları Müdafiə Komitəsi bəyanat yayıb.
Diskriminasiya ilə mübarizə aparan Amerika Ərəb Komitəsi filmin rejissoru Klint İstvuda və baş rolun ifaçısı Bredli Kuperə müraciət edib.
Komitə İstvuddan və Kuperdən hədələrin yayılmasına qarşı çıxış etməyi xahiş ediblər.
“Sizin məşhurluğunuz, nüfuzunuz icmalara diqqəti yönəltməyə və təhlükəni aradan qaldırmağa kömək edər”.
Film 2003-2009-cu illərdə İraqda xidmət etmiş amerikalı snayper Kris Kaylın hekayətini anladır.
Bu filmdə müsəlmanların mənfi göstərilməsindən sonra Feysbuk və Tvitterdə onlar ünvanlarına yüzlərlə hədə dolu mətnlər gəlib.
Filmin istehsalçısı olan Warner Bros şirkətinin nümayəndəsi Cek Horner deyib ki, şirkət istənilən zorakılığa, antimüsəlman bəyanatlarına qarşıdır.
“Nifrət, mənfi rəy yaratmaq bu mübahisədə yersizdir, film müharibəni görən veteranın şəxsi təcrübəsi, yaşantılarıdır”.
İstvud və Kuper hələ müsəlmanların çağırışına cavab verməyib.
“Snayper” Amerikada ekranlara çıxdığı ilk həftələrdə artıq 90 milyon dollar gəlir əldə edib. Və “Oskar” mükafatına altı nominasiyada namizəddir.
Amma bununla belə film ziddiyyətli təəssüratlar doğurub. Bəzilərinə görə Kayl əsl qəhrəman kimi göstərilib. Bəziləri isə rejissoru zorakılığın mədhinə və qəhrəmanın hərəkətinə heyranlığa görə tənqid edib.
Kris Kayl İraqda 4 il xidmət edib, 160 adam öldürüb və bundan sonra məşhurlaşıb.
Film onun “Amerikalı snayper” kitabı əsasında çəkilib. O, İraqdakı fəaliyyətinə görə təəssüf etmədiyini deyib. Kayl 2013-cü ildə Texasda təlim meydanında həlak olub.