Kulisin beş yaşı və dağılmış bütlər

Kulisin beş yaşı və dağılmış bütlər
5 aprel 2016
# 11:54

Kulis mənim üçün yaradıcı fürsətlər verən saytdır.

Bir qayda olaraq, Kulisi ədəbiyyat saytı kimi daha çox dəyərləndirirlər, ədəbi mühitdəki canlanmadakı rolunu önə çəkilər. Bu, faktdır.

Amma bu da faktdır ki, ötən beş ildə Kulisdə milli teatr, kino kimi vizual, plastik sənət növlərindən, bu sahədəki problemlərdən sistemli şəkildə, həm də peşəkarcasına çox məqalələr yazılıb.

Bu illər ərzində kino, teatr siyasəti ilə bağlı ən sərt, arqumentli tənqdilər Kulisdə işıqlandırılıb, həmin sahələr məsul olan məmurları yazılarla hesablaşıblar da.

Düşünürəm ki, (haqlı olduğuma da inanıram) İncəsənət Universitetinin müəllimlərinin, sənətşünas alimlərinin dilinə gətirməyə ehtiyat elədiyi, deməyə cəsarəti çatmadığı ciddi problemlərdən kompromisə getmədən yazmışıq.

Hətta sənət kuluarlarda yazılarımıza haqq qazandırsalar da, onların, (yəni bizim) onsuz da itirəcəkləri bir şey yoxdur deyirlər.

Doğrusu, o tənqidi yazıların müəlliflərindən biri kimi sevinirəm ki, itirəcəyim nəsə yoxdur, hətta olsaydı belə, yenə tərəddüd eləmədən kinodakı problemlərdən yazmaq azadlığını seçərdim. Çünki sənəti sevib, amma nələrisə itirmək qorxusuna görə bu haqda söz demək azadlığını əldən vermək azad düşüncənin yanında olan sənətə riyakar münasibətdir.

Yazılarıma görə təşəkkür gözləmirəm, istəmirəm, heç maraqlı da deyil. Sadəcə normal, sivil insan kimi istəyirik ki, ölkədə keyfiyyətli sənət olsun, kinoya, teatra merkantil münasibət göstərilməsin, şəxsi ambisiyalar yox, cəmiyyətin, insan ruhunun katarsisi olan sənət qalib gəlsin...

Kulis ədəbiyyatda, kinoda, teatrda formalaşmış çox mifləri, bütləri, doqmaları da alt-üst elədi. Çünki ədəbiyyat, sənət doqmaların yox, fərqli, yenilikçi, alternativ düşüncələrin üzərində qurulur. Kulis sənət, ədəbiyyat vasitəsilə cəmiyyətin məhək daşı olan alternativ fikri, azad sənəti təbliğ elədi. Və dəfələrlə çox adamdan Kulisdəki yazılardan maarifləndiklərini, bilgi aldıqlarını duymuşam.

Bu cür yazmaq imkanını tanıdığına görə Kulisə, redaktorlara və ən əsası, anlayışına, peşəkarlığına, iş prinsiplərinə görə Vüsalə Mahirqızına təşəkkür edirəm.

...Cəbhə xəttində baş verənlərdən öncə Turalla Kulis hada söhbətimiz oldu. Kulisin mənim üçün yerinin əvəzsiz olduğunu, indiyə kimi özümü ən çox rahat hiss elədiyim sayt olduğunu dedim. Tural dedi ki, bəlkə bu haqda nəsə yazasan.

Son günlər cəbhədə baş verənlərdən sonra əlim ayağım hər şeydən soyuyub. Hətta oxumaq üçün planlaşdırdığım kitablardan, izləmək istədiyim filmlərdən belə. Çoxu kimi günümü inandığım mənbələrdən xəbərləri oxumaqla keçirirəm. Və bu fonda ədəbiyyat, sənət əhəmiyyətini itirir.

Amma bu qaynar, sürətli xəbər axını içində facebookda təsadüfən Nərmin Kamalın “Kartof qızartması haqqında” şeirinə rastlaşanda, barış, sülh şəraitində yaşamağın, həyatın bəsit formulunu bir neçə misrada təsirli, effektiv inikasını görəndə ədəbiyyatın gücünü yenidən hiss elədim:

“Nə uzadım,

Istəyirəm biləsən ki,

kartof qızartması

tək kartof qızartması deyil ki...

Daha məsud yaşamağın qoxusudur”.

# 1529 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #