Kulis.az aktyor Kamran Ağabalayevlə müsahibəni təqdim edir.
- Kamran, hüquq fakültəsini bitirmisən, təyinatın üzrə də işləmisən. Nə baş verdi ki, incəsənəti seçdin?
- Bəlkə də bəzi insanlar indi deyəcəyim sözləri köhnə fikirlilik kimi qəbul edərlər, amma mən hüquq fakültəsinə sırf anamın arzusuyla daxil olmuşam. 534 balla Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinə girdim, sonradan hüquq fakültəsinə keçdim. Tarixdən yüksək bal topladığıma görə, hətta bir ara Ziya Bünyadovun şəxsi universiteti var idi, “Ziya” universiteti, orda birinci kursda oxumuşam. Tarix müəllimlərim Nailə Vəlixanlı, İqrar Əliyev, Ziya Bünyadov, Mahmud İsmayılov olub. Ziya Bünyadov qətlə yetiriləndən sonra qayıtdım universitetə. Amma ömrüm boyu kinoman olmuşam. Filmlərə baxandan sonra ordakı süjetin davamını yazırdım. Tutaq ki, qəhrəman ölürdüsə, yazırdım ki, bu qəhrəman dirilir, ya kimsə onu dirildir. Və onunla da paralel, yəqin deyəcəklər özünü Tarantino ilə müqayisə edir, mən də onun kimi prokatdan çıxmışam, yəni öz prokatım olub. Onda filmlərə baxan adam az idi. Qazanc məqsədilə açmamışdım. Filmi izləyəndən sonra söhbət edirdik film haqda. Mən 30 yaşında gəlmişəm kinematoqrafiyaya. İlk filmim də “Mən evə qayıdıram” olub.
- Dedin ki, baxdığın filmlərin davamını yazırdın. Eləcə kağız üzərində qalırdı, yoxsa sadəcə zövq üçün yazırdın?
- Zövq üçün yazırdım. Amma əsasən də Stiven Kinqin əsərlərinin davamını yazırdım. İlk dəfə “Onlar hərdən qayıdır”, sonra “O” filmlərinin davamını yazmışam. Onda düşünürdüm ki, Kinq klounla uşaqları qorxutduğu üçün dahidir. Hərçənd, klounlara uşaqlıqdan alışımışıq, onları sevirik. Ondan sonra klounlardan zəhləm gedir. Necə ki, Conni Deppdə klounlara qarşı fobiya var, məndə də var.
- Kinqi çox sevirsənsə, triller, mistika, qorxu janrı daha çox xoşuna gəlir demək ki.
- Elədir. Kinqi çox oxumuşam. İndi səbirsizliklə “Qara qüllə”ni gözləyirəm. Kinqin elə əsərləri var ki, çox kinematoqrafikdir, amma çəkilməyib. Hazırda yaşayan yeganə ssenaristdir ki, ssenarilərinə 300-ə yaxın film çəkilib. “Misery” pis filmdir ki? Bir otaqda baş verən dramaturji hadisə çəkmək çətindir.
- Amma dünya kinosunda qapalı məkanda baş verən əla film nümunələri var.
- Razılaşıram, onun zəif əsərləri də var. Riçard Baxman təxəllüsü ilə yazırdı zəif əsərlərini. Və ümumiyyətlə Kinqi anlamaq lazımdır. Anasını incitməmək üçün başqa müəlliflərin kitablarını köçürürdü ki, bunu mən yazmışam. Bir gün anasına məktəbdə deyirlər ki, uşaq hər şeyi köçürür. Anası deyir, köçürsən də sənlə fəxr edirəm. Amma mən inanıram ki, sən bundan da yaxşısını yaza bilərsən. Və ondan sonra yazmağa başladı.
- Bir halda ki, söhbət anadan düşdü, ananın arzusu ilə hüquq fakültəsinə getdin, bəs sonda aktyorluğu seçməyinə nə dedi?
- Kinoya gələndə anam artıq həyatda yox idi. Fikirləşdim ki, anam üçün yaşadım, indi öz həyatımı yaşayım. Aktyorluğun müqəddəs sənət olduğuna inanıram. Sən kinotənqidçisən, bir sənətin var, mən cani də, professor da, manyak da, cərrah da ola bilərəm. Bir neçə həyatı yaşamaq mənim üçün maraqlıdır.
- Bir qayda olaraq səni mənfi qəhrəman kimi görürlər. Fakturanmı diktə edir bunu, yoxsa rejissor problemidir?
- Yəqin, faktura diktə edir. Hərdən özümə sual verirəm ki, rejissor olsam özümü hansısa müsbət qəhrəman obrazında çəkə bilərəm? Niyə də yox? Çəkərəm. Bəlkə yoxlamayıblar, bəlkə sadəcə görmək istəmirlər. Bizdə klişe var ki, mənfi oynadısa, başqa xarakter təklif eləmirlər, axtarış yoxdur. Əgər Xavyer Bardem müsbət qəhrəmanı oynaya bilirsə, niyə də yox.
- Bu sualı niyə verdim, ara-sıra ünsiyyətdə oluruq, daxilindən müsbət emosiyalar gəlir, rahat adamsan. Bəlkə rejissorlar aktyorun daxilini hiss etməkdə, anlamaqda çətinlik çəkirlər.
- İç dünyasından gələni axtarmaq lazımdır. “Tərkedilmişlər” filmində mənfi qəhrəman olsam da, haradasa onda müsbətləri də vermək istəyirdim. Yəni belə də ola bilirəm. Sevimli qatil obrazı olur ha, nəsə elə bir şey. Çou Yun Fatın filmi vardı, muzdlu qatili oynayırdı. O qədər sevimli idi ki!
- Çox da yaraşıqlı, xarizmatik kişidir.
- Məncə Çin kinosunun ən simpatik, xarizmatik aktyorudur. Amma Hollivudda çəkildi, zibili çıxdı.
- Kamran, kamera qarşısında sərbəstsən, necə deyərlər, əllərini qoymağa yer tapırsan. Kamera ilə ünsiyyətindəki uyumluluq rejissorla işbirliyinin nəticəsidir? Amma onu da bilirəm ki, öz üzərində işləyən aktyorsan.
- Mən bunu rejissorun adına bağlaya bilmərəm. Öz üzərimdə işlədiyimdəndir. Bir çox master klasslarda iştirak eləmişəm. Orda da birinci dərsimiz bu idi ki, əllərinizi hara soxacaqsınız. Ən asan şeydir siqaret çəkmək. Yaxud əllərini cibinə qoymaq ən primitiv yoldur. Sən A nöqtəsindən B nöqtəsinə kimi gəlirsənsə, bu nöqtədə harda nə edəcəyini bilmirsənsə, meydançaya çıxmağın yeri yoxdur. Mənim üçün rahat işlədiyim rejissor bu mənada Babək Şirinsifətdir. O, hər epizodda bilmək istəyir ki, burda neyləyəcəksiniz. Və oturub onu saatlarla müzakirə edirdik ki, kim filan məqamda nə edəcək. Rasim Cəfərin, Hikmət Rəhimovun rollarını əzbər bilirdim. İmprovizasiyalarına kimi bilirdim, çünki ona qarşılıqlı cavab verməliydim.
- Hər rejissor improvizələrə açıq olmur.
- Babək meydançaya qədər əgər xəbəri varsa izn verirdi. Meydançada artıq nəsə ola bilməz. Nəyi məşq eləmişdiksə, o olmalıdır.
- Belə bir iş şəraiti, yəni çəkilişdə improvizəyə imkan verilməsi aktyor üçün yaxşıdır ya pis?
- Rahatdır. İşlədiyim rejissorlardan Babək Şirinsifət, Cavid Təvəkkül, Faruk Teper, Korhan Uğur improvizasiyaya önəm verirlər. Xüsusən, türk rejissorları... Biz işlədiyimiz müstəqil filmlər deyil, düzdür. Zeki Demirkubuz imkan vermir amma buna. Hərçənd, improvizədə sevmədiyim bir şey var. Bəzən aktyor buna çox uyur. Bu halda rejissor gərək artıq sərhədi bilsin ki, aktyora “stop” desin. “Tərkedilmişlər”də elə yerlər var ki, bilməyiblər xətti. Baxanda özüm hiss edirəm ki, harda keçmişəm. Gərək bunu etməyəydim.
- Oynadığın obrazın atmosferinə özünü necə salırsan?
- Qeri Oldmen deyir ki, siz rola tam bürünürsünüzsə xəstəsiz, rola girmək kimi anlayış yoxdur. Babəkin filmində mənim tərəf-müqabilim Nicat Əli, Hikmət Rəhimovun tərəf-müqabili Rasim Cəfərdi. Üç ay məşq elədik, çəkilişdən on gün qabaq bir otaqda qalırdıq. Bir-birimizə alışmalıydıq. Rolu oynayanda düzgün suallar verməliyəm, qəhrəmanım kimdi, necə olub ki, bu vəziyyətə düşüb, necə ailədən gəlib, hansı mühitdə böyüyüb. Qəhrəmanımı yaxşı anlamalıyam. Ola bilsin bunlar heç ssenaridə yoxdur. Amma ailəmi tanımalıyam, necə mühitdən gəldiyini bilməliyəm ki, qəhrəmanımın özünü necə apardığını bilim və xarakterimə bağlayım. Ola bilər ki, qəhrəmanım ziyalı ailədən gələn killerdir. Bu halda o düşük killer ola bilməz. İntellektual bazası olmalıdır. Məsələn, bu adam bilməlidir ki, Madaqaskarın paytaxtı Antananarivu, Braziliyanın paytaxtı Rio de Janeyro yox, Braziliyadır. Kimliyini biləndən sonra hansı situasiyaya düşdüyünü öyrənirəm, improvizə imkanı da olur. Master-klasslarda onu öyrədirlər ki, fantaziyanız hara kimi gedirsə o qədərsiz. Yəni fantaziyamız zəngindirsə bir o qədər zənginik. Bu emosional yükdür, o yük harda bitirsə biz də orda bitirik. Emosional yük ərzaq deyil ki, torbadan hazır çıxarıb təqdim edəsən. Texnikadan istifadə edə bilərəm ki, özümü o vəziyyətə salım, bu müəyyən hallarda kömək edir, bəzən mənə musiqi də kömək edir. Məsələn, Alfred Şnitkeni dinləmək mənə çox kömək edir. Bəzən də məcbursan ki, texnika ilə işləyəsən. Kimsə Stella Adlerlə işləyir, kimsə Li Strasberqlə, kimsə Çabbakla işləyir, kimsə Erik Morris, amma Morrisonu sevmirəm. Düzdür, bunların hamısının kökü Stanislavskiyə bağlanır. Amma mənə Strasberq yaxındır.
- Morrisi niyə bəyənmirsən?
- Morris Senford Meysner kimi yalnız ssenari ilə işləyir. Buna inanmıram. Mən qəhrəmanımı tanımasam, necə oynaya bilərəm, tamaşaçını necə inandıra bilərəm. Hazırda Türkiyə aktyorları Morrison sistemi ilə işləyir. Çünki çox rahatdır. Düzdür, Türkiyənin güclü aktyorları var. Onların aktyorlarını aktyor edən montajdır. Musiqi qoydun, oyununu ört-basdır edirsən. Mən inanıram ki, bizim aktyorlar daha güclüdür. Bizim aktyorların içi var, hamısını demirəm, əlbəttə. Qurban İsmayılov türk aktyorlarınadərs keçər. Türklərdə belədir ki, mənfi qəhrəmanı mənfi mimikalar edirsən iş bitir. Mənfinin kökü hardan gəlir, niyə belə olur, hansı konfliktlərdən yaranır, səbəblər araşdırılmır.
- Hakan Şahinin “Atçalı Kəl Mehmet” filmində rol almısan. Türk rejissorları ilə əməkdaşlığından danışmağını istərdim.
- İlk işim “Tərkedilmişlər” oldu. “Qızqaçıran”, “İstanbul sokakları” serialında oynadım. Doqquzuncu bölümdə reytinqə görə dayandı. “Kara sevda”da kastinqdə son iki mərhələni keçə bilmədim.
- Niyə?
- Deyim ki, mən daha güclüydüm, yox. Seçilən aktyor da yaxşı oynayır. Sadəcə oranın vətəndaşını seçmək maliyyə baxımından daha əlverişli idi, yol, qalmaq xərcləri.... “Öylə bir keçər zaman ki” serialında da bu səbəbdən keçməmişəm. “Yox” sözünə alışmaq lazımdır. Bu da işimizin bir parçasıdır. “Yox”a lazımınca dəyər verib, sonradan üzərində işləmək lazımdır ki, az eşidəsən. “Atçalı Kəl Mehmet” qədim türklərdən bəhs edir. Cemal Ünalla oynamışıq. Vizionda olacaq. Apreldə olmalıydı, referenduma görə iyuna saldılar.
- Özün təklif göndərirsən türk rejissorlarına?
- Aktyor danışmağı bacarmalıdır. Evdə otur ki, kimsə qapını döyəcək, filmə çəkil, belə olmur. Bizim istedadımız, bədənimiz biznesdir, özünü təklif etməyi bacarmalısan. Türkiyədə bütün rejissorlar Cıhangirə yığışır, onlarla orda tanış olub danışırdım. Hər şey tanışlıqla başlayır.
- Sən Oskara nominant “Qumdan və dumandan tikilən ev” filminin rejissoru Vadim Perelmanın da kastinqlərinə qatılmısan.
- Vadim Perelmanın kastinqində zülm çəkmişəm. İki filminin kastinqində olmuşam, son iki mərhələyə qalmışam, alınmayıb. Söz verib üçüncüdə alınacaq mütləq. Dörd saata kimi çəkir, obrazı ən müxtəlif variantlarda göstərməlisən.
- Seçimi rejissor edir ya prodüser?
- Rejissor edir. Amma birində prodüser erməni idi, sonradan bildim. Mənfi qəhrəman idi, 37 yaşında azərbaycanlı, 18 yaşlı sevgilisi var, ona işgəncə verir. Biləndən sonra imtina elədim, qonorar da böyük idi. Dedim elə ermənini oynayım, dedilər ssenaridə belə düşünülüb. Sonda erməni aktyor çəkildi. Adı “Al məni”dir filmin. Çəkilişlər bitib. İmtinamdan sonra mənfi qəhrəmanı gürcü elədilər.
- Bizim seriallara dəvət alırsan ?
- İmtina edirəm. Əvvəla, yüksək qiymət deyirəm. Rejissorun gücünü bilirəm, yəni bilirəm ki, zəif bir iş qoyacaq ortaya. Səviyyə çox aşağıdır. Deyirlər, Türkiyə də 20 il əvvəl belə başlamışdı. Xeyr, Türkiyə belə başlamamışdı. Bundan daha yaxşı başlamışdı.
- Nə qane etmir bizim seriallarda?
- Dialoqlardan tutmuş aktyor oyununa kimi... Yaxşı aktyorlar da yola verir. Mən də yola verə bilərəm amma bilim ki, niyə yola verirəm. Ona görə yüksək qiymət deyirəm. Keyfiyyətsiz serialdırsa, mənim orda çəkilməyimin qiyməti olmalıdır.
- Hansı aktyorla işləmək rahatdır?
- Qurban İsmayılovla. İsmayıl Safaralının filmində oynamışıq. “Dəniz qədər sakitlik”. Omskda əsas proqramda festivaldadır. Onunla rahatdır. Qarşısındakını düşünərək oynayır, Rasim Cəfər də, Hikmət Rəhimov da elə.
- Planda nə var?
- Qan Turalı ilə bir film planı var, adı “Son dovşan”dır. Psixoloji dram janrında... Rejissorun adını açıqlamırıq. Bir də Türkiyə ilə yeni işbirliyim olmalıdır.