Antalyanın Manavqat bölgəsinin Gündoğdu şəhərciyi sanki Türkiyədən qopmuş tənha adadır. Daim qaynayan ölkədə hər gün baş verən insan dramlarının, faciələrinin Gündoğduya dəxli yoxdur.
Onun özünəməxsus sakit, rahat ritmi var.
Güvənliyi, səssizliyi, xoş təbiəti ilə bu şəhərcik xudmani, isti, hər cürə rahatlığı olan ev ortamını xatırladır.
Gündoğduda yerli əhali azdır. Türklər bağçalı, səliqə ilə tikilmiş iki mərtəbəli sadə, xudmani evlərdə yaşayır. Burda kitab dükanı, kinoteatr yoxdur.
Dar, təmiz küçələrini portağal, limon, xurma, palma ağacları, cürbəcür dekorativ güllər bəzəyir.
Şəhərcikdə otellərin sayı evlərdən, turistlərin sayı yerli əhalidən çoxdur. İl boyu bura turistlər gəlir. Xüsusən almanlar və ruslar. Axşam 11-dən sonra şəhərcikdə həyat dayanır, insanlar evlərə çəkilir. Hətta gündüz və axşamüstü belə küçədə az adam gözə dəyir. Ara-sıra yalnız velosiped sürən, dənizə gedən, qaçan, gəzən bir-iki turistdən başqa.
Otel sahiblərindən biri dedi ki, almanlarla ruslar yola getmədiyi üçün eyni oteldə qalmamağa çalışırlar.
Məsələn, almanlar rusların yemək mədəniyyətindən şikayətlənir. Onları otelin kafesində rusların çox yemək alması, yeməməsi, zay etməsi, siqareti boşqabda söndürməsi qıcıqlandırır.
Buna görə də Gündoğduda yalnız ruslar üçün bir neçə otel fəaliyyət göstərir.
Dükanlarda, marketlərdə məhsulların üzərindəki qiymətlər avroyla yazılıb. Lirə və dollar da keçərlidir. Salonların, dükanların lövhələri alman və rus dillərindədir. Satıcıların demək olar ki, hamısı onlara lazım olduğu qədər alman, rusca və ingiliscə bilir.
Manavqata görə burda mallar iki dəfə bahadır.
Gündoğdunun təbiəti əsrarəngizdir. Oksigen o qədər boldur ki, çirkli havaya alışmış biri kimi bu təmizlikdən başım fırlanır.
Ərazinin bir tərəfi Ağ dəniz, digər tərəfi dağlar, meşəlikdir.
Ağ dəniz bizim Xəzər kimi pis qoxumur, təmizdir.
Turistlər ən çox dənizə görə buranı seçir. Dənizin sahilində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb: kafelər, parklar, ekzotik bitkilər, konsert salonu.
Rəfiqəmlə Ağ dənizin sahilində çiynimizdə çanta, əlimizdə fotoaparat şəkil çəkdirəndə birdən kompleksə girdim. Umberto Ekonun Facebookda dayanmadan şəkil paylaşanlar haqdakı yazısından parçanı xatırladım: “Beyin əvəzinə gözü işlətmək mədəni insanları da dəyişdirib. Bu insanlar qatıldıqları məclisdən bir neçə kadr çəkirlər, amma nəyə şahid olduqlarını anlamırlar. Və təxmin etdiyim kimi, gördükləri hər şeyin şəklini çəkərək dünyanı gəzirlərsə, bir gün əvvəl çəkdiklərini səhəri gün unutmağa məhkumdurlar”.
Doğrusu, mən də tez-tez foto çəkdirməyi, obyektiv qarşısında poz verməyi sevmirəm. Fotoaparatın qarşısındakı an mənim üçün işgəncə və saxtacasına gülümsəmək anıdır daha çox.
Amma bəzən içimdəki latent burjua qadın dilə gəlir.
Dərhal ətrafa baxdım ki, görüm bizdən başqa kiminsə əlində fotoaparat varmı? Turistlər çimərlik paltarında ya qaçır, ya da dənizdə üzürdü.
Amma az sonra bir neçə əcnəbinin də foto çəkdiyini görüb toxtadıq.
Ümumiyyətlə isə turistlərin əlində mobil telefon, planşet görmədim. Hamısı mümkün qədər səyahətdən zövq almağa çalışırdı.
Gündoğdu turistlərin hesabına yaşayır. Qışı sərt keçmədiyi üçün işıq, qaz az işlənir.
Antalyanın məşhur yeməklərindən yalnız fasulya piyazını dada bildim. Bu, türk mətbəxinin başlıca salatlarından biridir. Əsas inqrediyenti quru lobyadır. Həmçinin soğan, cəfəri, yumurta, zeytun, sumax, limon, sirkə, duru yağ da əlavə edilir.
Satıcılar Azərbaycandan olduğumuzu biləndə istisnasız olaraq, qiymətlərdə endirim edir, mədəni davranırdılar. Balıqqulağı və suvenir satan dükanlardan birinin sahibi bığıburma azərbaycanlı idi. Həmvətən olduğumu biləndə şit zarafatlar etməyə başladı. Rəfiqəmlə heç nə deməyib, sakitcə oranı tərk etdik. Düşündüm ki, Cem Yılmazı, Okan Bayülgeni, Beyazı, Ata Demireli, Gokhanı olmayan ölkənin sakininin banal zarafat etməsi tamamilə təbiidir.
Bununla özümüzə təsəlli verib ovqatımızı pozmadıq....