Kulis.az “Naməlum kino” layihəsində Eldar Quliyevin 1989-cu ildə çəkdiyi “Təxribat” filmini təqdim edir.
Süjet: 1980-ci illərin sonu. Zaur (Elxan Cəfərov) Əfqanıstandan qayıdır. Anası (Səfurə İbrahimova) ona atasının (Həsən Məmmədov) həbs olunduğunu və məhkəmənin 4 il iş kəsdiyini deyir. Çünki neftayırma zavodunda işləyən atası qurğulardan birini bilərəkdən partladır. Dövlətə külli miqdarda ziyan vurduğu üçün o, həbs edilir. Amma nə istintaq, nə məhkəmə hadisənin baş vermə səbəblərini obyektiv araşdırmır, atasının peşəkarlığını, vicdanlı mütəxəssis olduğunu nəzərə almır.
Zaur həbsxanaya atasının yanına gedir və ondan həqiqəti öyrənir. Məlum olur ki, atasının hakimiyyət orqanlarına dəfələrlə xəbərdarlığına baxmayaraq zavoddakı köhnə qurğunu dəyişmirlər. Bu səbəbdən də zavodda bir neçə fəhlə həlak olur. Atası çıxış yolunu qurğunu partlatmaqda görür.
Zaurun anasının ərinə hökm oxuyan hakim Rəhimovla (Yaşar Nuri) mübahisəsi düşür, hakimin kobud davranışından qadının ürəyində problem yaranır və o xəstəxanaya yerləşdirilir.
Zaur Rəhimovla haqq hesab-çürütmək üçün Rəhimovun yanına gedir. Amma hakim onunla da kobud davranır, atası ilə bağlı verdiyi qərarda haqlı olduğunu iddia eləyir. Sonra Zaurdan ona fiziki zorakılıq göstərdiyinə görə hüquq mühafizə orqanlarına şikayət edir. Zaur həbs olunur. Amma polis rəisi (Vidadi Həsənov) Zaurun Əfqanıstanda hərbi xidmət göstərdiyini biləndən sonra, onu həbsdən buraxır, şikayət ərizəsini isə cırır. Bunun üçün onun öz səbəbləri var. Çünki onun oğlu Əfqanıstanda həlak olub.
Zaur təsadüfən yolda gənc qadın Rəna (Rita Əmirbəyova) ilə tanış olur. Onların arasında sevgi bağı yaranır.
Günlərin birində Zaur Əfqanıstanda birgə vuruşduğu dostu Səmədlə (Arzu Ocaqverdiyev) bərabər hakimdən qisas almaq qərara gəlir. Amma onların qisası baş tutmur. Hüquq mühafizə orqanları onları təqib eləyir.
Finalda Zaur dostuyla könüllü milisə təslim olur...
“Təxriabat”ın bədii keyfiyyətini, dramaturji qüsurlarını nəzərə almasaq, mahiyyətcə demokratik, günümüzün aktuallığına cavab verən filmdir. Bu da təbiidir. Həmin dövrdə SSRİ silkələnirdi, sovet insanının inandığı ideallar əhəmiyyətini itirirdi, siyasi rəhbərlik, idarəetmədəki qüsurlar tənqid olunurdu. Baş verənlərin o dövrün filmlərində açıq şəkildə əksini tapması normal idi.
Baxmayaraq ki, filmdə dramaturji əskikliklər var. Məsələn, hadisələrin gedişatında, qəhrəmanın xəstə anası, həbsxanadakı atası unudulur, əvvəldə xüsusi vurğulanan, qəhrəmanın sevdiyi qonşu qız Leyla it-bata düşür, sonradan tanış olduğu qadın Rəna obrazı yarımçıq qalır, iki dəfə ekrana gələn əkiz qardaşların funksiyası bilinmir v s.
Çünki rejissor əsas fokusunu qəhrəmanın üzləşdiyi ədalətsizliyə, o illərdə sovetlərin dağılması ərəfəsində ümidlərini itirmiş, boşluğa yuvarlanmış insanların psixoloji durumuna, yaşamına yönəldib. Hərçənd, bu niyyət maraqlı təsvir həllini tapmır, sonucda sadəcə, müxtəlif obrazlar haqda informativ bilgi verilir, səhnələrin yozumu klişe təqdimata əsaslanır.
Rəna balaca qızı ilə kasıb evdə yaşayır, o dolanmaq üçün başqalarının camaşırlarını yuyur. Zaurun Əfqanıstanda birgə vuruşan dostu müharibədə təsadüfən uşağı vurduğu üçün ağlını itirib. Digər dostunun səhhətində müharibənin törətdiyi problemlər var. Həbsxanadakı məhkum burda günahsız yatdığını deyir, onu daim qorxu təqib edir. Vəkili (Ayaz Salayev) hər şeydən əvvəl öz karyerası düşündürür. Hakim Rəhimov özünü vicdanlı insan sayır, onun hakim kimi vicdanının təmiz olmamasında sovet sistemini günahlandırır. Və finalda qəhrəmana qarşı şikayətini geri götürür.
Əfqanıstan müharibəsinin fəsadları xüsusi qabardılır. Psixoloji travma alan dostlar, yoldan ötən yaşıdlarına belə aqressiv davranırlar. Film boyu müharibədən sənədli kadrlar, fotolar göstərilir. Qəhrəman normal həyata dönsə də, o, müharibənin acı xatirələri ilə yaşamağa məcburdur.
Filmin ssenari müəllifləri Eldar Quliyev, Ramiz Fətəliyev, operatoru Bağır Rəfiyev, bəstəkar Müslüm Maqomayevdir.