Elzanın cəfəng şeirinin uğuru və kinoya dəxli olmayan Natəvan Həbibi

Elzanın cəfəng şeirinin uğuru və <span style="color:red;">kinoya dəxli olmayan Natəvan Həbibi
4 aprel 2019
# 09:01

Sevda Sultanova

Kulis.az “Yeni filmlərimiz” layihəsində İlham Yaşaroğlunun “Hozu” komediyası haqqında yazını təqdim edirik.

Süjet: Kənddə yaşayan ailənin ən böyük arzusu oğlu Hətəmi (Məcid Hüseynov) evləndirməkdir. Amma Hozu ləqəbli Hətəm evlənmək istəmir. Səbəb isə özünün dediyi kimi iş-güc yiyəsi olmamasıdır. Onun atası (Teymur Məmmədov) şəhərdə yaşayan qardaşı oğlu Ramizə (Ramiz Hüseynzadə) zəng edərək Hozunu işə düzəltməyi xahiş edir. Hozu Bakıya əmisioğlunun yanına işləməyə gəlir. Şirkət müdiri olan Ramiz onu evində qonaq saxlayır. Onun sivil həyata adekvat olmaması Ramizin həyat yoldaşı Səbinənin (Səbinə Əliyeva) səbrini daşdırır.

Səbinə Hozunu kəndə geri göndərmək üçün plan qurur. Bunun üçün o, yaxın rəfiqəsi Həlimədən (Natəvan Həbibi) xahiş edir ki, Hozuyla tanış olsun. Və Hozu ona vurulsun, atası isə buna görə oğlunu geri çağırsın. Çünki atası Hozunu kənddən olan bir qızla evləndirmək istəyir. Amma iş elə gətirir ki, Həlimə Hozuya vurulur...

Azad Azərbaycan Teleradio və Yayım Şirkəti və Arı Productionilm birgə istehsalı olan film 2017-ci ildə ekranalara çıxıb.

Bir sıra bölgələrimizdə Hozu özünü apara bilməyən, gec başa düşən, qanmaz adamlara deyilir.

Ancaq belə başa düşdüm ki, yaradıcı heyətin bu əhvalatla ötürmək istədiyi əsas mesaj odur ki, kənd adamları səmimiyyəti, olduğu kimi görünməsi, saflığı ilə zahirən mədəni görünən, toplumda maskalanan, əslində qeyri-səmimi olan təkəbbürlü şəhərlilərdən üstündür. Urbanist və əyalət mədəniyyətlərinin, dünyagörüşlərinin toqquşması, bir insanın səmimiyyətinin, olduğu kimi görünməsinin sosial maskalanmaya etiraz kimi önə çəkilməsi – sevdiyim mövzulardandır və onun kinematoqrafiyada da, ədəbiyyatda da maraqlı nümunələri var.

Ancaq “Hozu”da əhvalatın yozumu onu göstərdi ki, istər ssenaristlər (Məcid Hüseynov, Ramiz Hüseynzadə, Tural Ağayev, Vüsal Hacıqədir, Elsevər Mehdizadə), istər rejissor Mövlananın “Ya göründüyün kimi ol, ya olduğun kimi görün” fikri haqda yanlış təsəvvürlərə malikdirlər.

Image result for Hozu filmi

Əvvəla filmdə Hozu səmimi insan yox, geri zəkalı, debil kimi təsvir olunur. Niyəsə bizim kinoda gülüş doğurmaq üçün debil kimi təqdim olunan obraz tendensiyası yayılmaqdadır. Məlumat üçün deyim ki, debillizm latıncada zəiflik deməkdir və əqli inkişafdan qalmanın zəif dərəcəsi hesab olunur. Qüsurun özünü gülüş hədəfinə çevirmək ən azı mədəniyyətsizlikdir. Və belə münasibətin özü ssenarist və rejissorların özünün yaradıcı potensialının zəifliyindən, istedadsızlığından xəbər verir.

Hozunun şirə olan stəkanı əlinə götümədən, ağzını uzadaraq masadan içməsi, onunla görüşmək üçün qarşısına qaçan uşağa şillə vurması, təbii ehtiyacını həyətdə ödəməsi, gecənin bir aləmi hovuzdan ağaclara su verməsi, süni meyvəni təbii meyvədən ayırmaması, səbəbsiz qışqırıb bağırması və başqa bu kimi vəziyyətləri son dərəcə bayağı, primitiv, bisavad qroteskdir. Hətta ömründə insan görməyən Tarzan belə bu qədər qeyri-sivil, vəhşi kimi təqdim olunmayıb filmlərdə.

Belə təqdimatla filmin müəllifləri nə demək istəyirlər? Mesaj, məqsəd nədir? Bunu kənd adamlarının ümumiləşdirilmiş obrazı kimi görürlər? Bəlkə, səmimiyyəti, olduğu kimi görünməyi, məsələn, fərdin təbii ehtiyacını həyətdə ödəməsini göstərmək kimi başa düşürlər?

Üstəlik, mahiyyətində heç bir məna daşımayan, infantil Hozudan simpatik personaj yaratmağa cəhd göstərilir. Halbuki, heç bir xarizması, müsbət, xoşagələn cəhəti olmayan Hozunun düşük davranışı qıcıq oyadır.

Adriano Çelentanonun və Ornella Mutinin baş rol aldığı “İnadkarın ram edilməsi” adlı məşhur komediya var. Kənddə yaşayan, zahirən yaraşıqlı olmayan Elia qaba, köntöy olsa da xarizmatikdir, xarakterlidir, onun təyinatı var. Burjua mühitinə, snobizmə, Luizanın meşşan ədasına qarşı Elianın köntöylüyü, qabalığı, iti yumoru qoyulur.

...Rejissorun əsas məqsədi bu olmasa belə, diqqət istər-istəməz Hozunun düşüklüyünə, kütbeyinliyinə yönəlir. Hozu rolunun ifaçısı Məcid Hüseynovun isə aktyor sənəti ilə əlaqəsi yoxdur. Həmçinin, onunla tərəf-müqabili olan Natəvan Həbibinin də. Bu, obrazların dərnək səviyyəsində təqdimatıdır.

Ata rolunun ifaçısı Teymur Məmmədovun demaqoq xarakteri maraqlı olsa da, o, personajını gərəksiz dərəcədə bayağılaşdırır.

Bundan başqa, tamaşaçıya öncədən Səbinə ilə Həlimənin plan qurması haqda məlumat verilir. Normalda bu xətt sonradan açılmalıydı.

Filmdə bir-iki maraqlı epizod var idisə, onlardan biri Səbinənin anasını oynayan Elza Seyidcahanın hər vəziyyətinə uyğun cəfəng şeirlər deməsiydi.

# 4557 dəfə oxunub

Müəllifin son yazıları

# # #