O uşaqları bic sayanlar

O uşaqları bic sayanlar
26 yanvar 2015
# 14:38

Hələ də bir qisim azərbaycanlının milli-mənəvi dəyər deyəndə nəyi nəzərdə tutduğunu bilmirəm.

Tərifi və konkret təyinatı olmayan “milli-mənəvi dəyər” mənim üçün çox mücərrəd anlayışdır, nəinki obyektiv.

Məsələn, həmin azərbaycanlılar milli-mənəvi dəyər nəyə deyirlər?

Günümüzün xəbər trendlərinə nəzər salaq. Onlardan biri budur ki, Bakıda - parkda, bağda və ya zibillikdə yeni doğulmuş körpə tapılır.

Heç şübhəsiz ki, informasiyanı eşitdiyimiz andan dərhal neqativ reaksiya veririk.

Ananın ünvanına qınaqlar, təhqirlər yağdırırıq.

Maraqlıdır ki, bu halda ata yada düşmür, qınanılmır. Çünki çoxunun beynində uşaq ancaq ana ilə assosiasiya olunur.

Və milli-mənəvi dəyərlərin gözətçiləri dərhal hücuma keçir: “zəmanə korlanıb, ana da uşağını atar, yəqin bic doğub və” s.

Valideynin uşaqdan imtina etməsinin milli, dini, mentallıq problemi ilə heç bir əlaqəsi yoxdur. Bu, bəşəri, insani problemdir.

Amma Azərbaycan üçün hansısa mənada həm də milli problemdir.

Hadisənin tərs üzünü düşünək. Əgər qadın körpəni, dəm-dəsgahla toy etmədən, nikah bağlamadan dünyaya gətiribsə, qohum-əqrəbanın tənəsini təsəvvür edin.

Yaxud başqa versiya – qadın dul qalıb, amma uşaq doğur və qonum-qonşunun, tanış-bilişlərin qeybət hədəfinə çevrilir.

Bu, artıq doğrudan da milli problemdir. Çünki cəmiyyət körpəni dünyaya gəlməsini ənənəvi ailədən kənarda qəbul etmir.

Ona görə “haradansa tapılmış körpə” kimi xəbərdə məni daha çox, bu iki-üç cümləlik informasiyanın arxasında gizlənən, bilmədiyimiz, qaranlıq məqamlar, onların həyatı maraqlandırır.

Görəsən, qadın və ya kişi hansı şəraitdə körpəsini atıb, onları buna nə kimi səbəblər gətirib, necə yaşayıblar, vəziyyət necə çıxılmazlığa dirənib ki, onlar bunu yeganə çıxış yolu kimi görüblər və s...

... Kventin Tarantino deyir ki, filmimdə üç dəqiqə görünən personajımın belə bütün bioqrafiyasını yazıram. Yalnız bu halda müəllif obrazı, ekranda az da görünsə də, yaşantılarını, mahiyyətini çatdıra bilər.

Biz deyək ki, iki-üç cümləlik informasiyanı eşidib, körpəsini atan adamı qınaya bilərik. Amma ona gələn yolları, səbəbləri romanda oxusaq və ya filmdə görsək fərqli münasibət göstəririk.

Əminəm ki, insan körpəsini belə asanlıqla, rahat ata bilməz. Onu buna gətirən səbəbləri öyrənmək daha vacibdir. Çünki bu səbəblərin çözülməsi ilə atılmış uşaqların sayını azaltmaq olar ən azı.

# 1216 dəfə oxunub

Müəllifin son yazıları

# # #