Fərdanı, Elməddini, Müşfiqi bəyənməyən Əməkdar artist: O, haqlıdırmı?  

Fərdanı, Elməddini, Müşfiqi bəyənməyən Əməkdar artist: O, haqlıdırmı?  
10 iyul 2021
# 09:00

nc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyevin Elməddin Cəfərov, Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev ilə bağlı Lent.az-a açıqlaması tərəflər arasında qalmaqala rəvac verdi.

Bir qayda olaraq, sənət aləmində kiminsə arqument göstərmədən, mövcud vəziyyəti analiz etmədən səsləndirdiyi ittihamlar haqda yazmıram. Çünki epataj açıqlamalardır və şou qoxusu gəlir.

Lakin Vahid Əliyevin sözügedən aktyorlara ünvanladığı iradlarla bağlı bəzi fikirləri bölüşməyi vacib sayıram. Ona görə ki, səslənən iradların kökündə, əslində, çox ciddi mətləblər dayanır və aktyor hansısa səbəblərdən problemin mahiyyətinə varmayıb, ya da ola bilsin, problem haqda təsəvvürləri məhduddur.

Öncə Vahd Əliyevin aktyorluğu haqda bir-iki kəlmə. Bir tamaşaçı olaraq Vahid Əliyevin oynadığı tamaşalara getməmişəm. Hətta deyim ki, Gənc Tamaşaçılar Teatrının çox az tamaşasında olmuşam. Bu, mənim bir tamaşaçı seçimimdir.

Amma Vahid Əliyevin sovet dönəmində epizodik yer aldığı müxtəlif filmlərə baxmışam. Çingiz Rəsulzadənin “Kuklalar” filmində oynadığı erməni fotoqraf Jora obrazı aktyorun kinoda ən yaxşı, tutumlu rollarından biridir. Yadımda qalan digər rolu “Yaşa qızıl balıq, yaşa” (rejissor Nicat Feyzullayev) qısametrajlı filmdə sərnişin obrazıdır. Epizodik rolu oynamaq baş rolu ifa etməkdən daha çətindir. Çünki baş rolda aktyorun potensialını açmaq üçün yetərincə materialı və zamanı olur. Çox qısa səhnə isə aktyordan daha artıq bacarıq, istedad tələb edir: bir jestlə, mimiklə, davranışla obrazı yarada bilmək...

Əməkdar artist Vahid Əliyev: "Bu ölkədə aktyoru sürüyürlər" » Reyting.az

Milli kinomuzun bu mənada Fazil Salayev, Kamil Məhərrəmov, Tələt Rəhmanov kimi peşəkar, unudulmaz aktyorları olub. Son dövrdə Şamil Süleymanov maraqlı epizodik rollar yaradıb. Vahid Əliyev onlar kimi çox yadda qalmasa da, təcrübəli aktyordur.

Gələk məlum açıqlamaya. Vahid Əliyev açıqlamasında özünü təkzib edir. O, Fərda Xudaverdiyevi, Müşfiq Şahverdiyevi, Elməddin Cəfərovu aktyor savadı almamaqda qınayır, amma niyəsə özü qeyri-peşəkar, aktyorluq təhsili olmayan şəxslərlə eyni filmdə çəkilir. Söhbət ötən il premyerası baş tutan, amma pandemiya səbəbindən kinoteatrlarda yayımlanmayan “Sevgi romanı” filmindən gedir. Baş rolları oynayan Oksana Rəsulova da, Şəhriyar Əbilov da İncəsənət Universitetini nəinki bitirməyiblər, bu sahə üzrə heç kurs da keçməyiblər.

O zaman Vahid Əliyev niyə özünə onlarla eyni çəkiliş meydanını bölüşməyi rəva görür?

Yoxsa Oksana Rəsulova, Şəhriyar Əbilov onun qınadığı aktyorlardan daha istedadlıdır, peşəkardır?

İkinci məsələ, məgər İncəsənət Universitetinin məzunu olmaq keyfiyyət, peşəkarlıq meyarıdır?

Yoxsa, universiteti bitirənlər arasında zəif aktyorlar, rejissorlar, operatorlar yoxdur?

Söhbət sövet dönəminin İncəsənət İnstitutundan yox, məhz müasir İncəsənət Universitetindən gedir. Azərbaycan Kinematoqrafçılar İttifaqında kinonun müxtəlif sahələri ilə bağlı keçirilən vaxtaşırı müzakirələrdə moderator qismində qatılıram. Müzakirələrin çoxunda kino adamları universitetdə verilən təhsilin səviyyəsindən, keyfiyyətsizliyindən gileylənir.

Problemin həll yollarından biri təhsildə islahatlardan başlamaqdır, təhsil sistemi, tədris olunan proqramlar, hətta yararsız müəllimlər dəyişilməlidir, incəsənət sahəsində təhsil çağdaş dünyaya uyğunlaşdırılmalıdır. İncəsənət Universiteti elə yüksək plankada olmalıdır ki, nəinki Fərda, Müşfiq, Elməddin, lap Vahid Əliyevin özü belə ordakı təhsildən yararlanmağa, yenilənməyə can atsın. Yoxsa, tarixi bitirən Elməddin, İqtisadiyyat Universitetinin məzunu Fərda müasir komediya filmlərinin üzüdürsə, demək, İncəsənət Universiteti verdiyi təhsilə yeni yanaşma tapmalıdır.

No description available.

Digər məsələ, Fərdanın, Müşfiqin, Elməddinin kommersiya kinosunda, komediya janrında tələb olunan aktyor olmaları, çəkildikləri səhnələrə, filmlərə baxılması kimisə məyus etməməlidir. Əksinə, bu, rəqabəti gücləndirmək, alternativ yaratmaq üçün təkan olmalıydı.

Rəqabət prosesi baş verməyibsə, Vahid Əliyevin istinad elədiyi İncəsənət Universiteti komediya janrında onlara rəqib olacaq aktyor yetişdirə, alternativ ortaya qoya bilməyib.

İncəsənət də digər sahələr kimi rəqabət şəraitində inkişaf edir. Əlbəttə, Müşfiqin, Fərdanın, Elməddinin də zəif rolları var. Amma əgər rəqabətli şərait, azad yaradıcı mühit, sənət bazarının inkişafı üçün zəruri şərtlər olarsa, güclü rəqiblər, alternativ formatlar meydana çıxacaq. Və onda onların güclü rəqabətə dayanmaq üçün özlərini inkişaf etdirmək, öyrənmək stimulu olacaq.

İndiki halda alternativsizlik, zəruri şərtlərin olmaması müxtəlif problemlərdən qaynaqlanır. Buna görə isə onlar məsuliyyət daşımırlar.

Vahid Əliyev açıqlamasında “Bu gün onlarda o savad olmadığına görə tamaşaçının zövqünü korlayırlar” deməklə də ziddiyyətli davranır. Çünki özü zövqsüz sosial verilişlərə çıxaraq “Kişi 80 yaşında da kişidir. Qadın isə 50-dən sonra qadın deyil. Kişinin ürəyi istəsə, ondan sonra da evlənər, halaldır" kimi qeyri-etik açıqlamalar verir.

Və müqayisədə, o özü daha çox zövq korlayıcı rolunda çıxış eləyir.

# 3897 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #