Bir müddət əvvəl Rusiyada teatr rejissoru Konstantin Boqomolovun “Avropanın oğurlanması. 2.0” manifesti ölkədə qızğın müzakirələrə yol açdı. Boqomolov iddia edir ki, müasir Qərbin formalaşdırdığı “yeni etik” ideologiya alternativ düşüncəyə dözümsüzdür, bütün toplumu eyni yanaşmaya dəvət edir, fikirləri qəlibə salır, linçləmə, qısnama mövcud liberal düşüncənin tərkib hissəsidir. Nəticədə hər kəs politkorrekt danışmağa məcburdur, düşündüyünü deməkdən çəkinir və insanın mürəkkəb mahiyyəti-təbiətindəki qaranlıq yanları, qüsurları göz ardı edilir, söz azadlığı bir tərəfə, onun duyğu azadlığı məhdudlaşdırılır, fərqliliyi, ziddiyyətləri olmayan ruhsuz insan yaradılır.
Boqomolovun toxunduğu problemlər bizim cəmiyyətə də sızmaqdadır. Sosial şəbəkələrdə liberallar əks mövqe göstərənləri linçləyir, hər yerdə, absurda çatan seksizm əlamətləri axtarır, transgenderlərin, transeksualların xətrinə dəyməsin deyə, kişi və qadın cinsi anlayışını yer üzündən silmək istəyir, homoseksualizm, gender bərabərliyi ilə bağlı deyilən hansısa təndiq və ya fərqli siyasi fikir bir əmr işarəsi ilə hücuma, qısnamaya məruz qalır.
Ona görə ötən ilin iyulunda müxtəlif ölkələrdən müxtəlif siyasi mövqelərə malik 150 intellektual “Ədalət və azad diskussiya haqda” məktubunu imzalamışdı. Məktubu imzalayanlar cəmiyyətdə dominant fikrə əks fikirlər səsləndirənlərin total şəkildə ictimai ittihama, boykota məruz qalmasını doğru saymır, irqi, sosial ədalətsizliyə qarşı mübarizə aparanlarla həmrəyliklərini bildirsələr də, onların mübarizəsində təzahür edən ideoloji dözümsüzlükdən narahatlığını bildirirdilər:
“Biz ədalətlə azadlıq arasında istənilən saxta seçimdən imtina edirik, çünki bunlardan biri digəri olmadan mövcud ola bilməz. Bizə eksperimentlərə, risk və səhvlərə imkan tanıyan mədəniyyət lazımdır”.
Məhz buna görə bir neçə il əvvəl seksual zorakılığa görə ittiham olunan, amerikalı kinoprodüser Harvi Vaynşteynə qarşı hücumlar ümumən, kişilərə qarşı terror səviyyəsində təzahür edəndə bir qrup fransız qadın (onların arasında feminstlər, aktrisalar, alimlər vardı) yaydıqları məktubunda Qərbdə formalaşmaqda olan yeni puritanlıq haqda xəbərdarlıq edirdilər:
“Təcavüz cinayətdir, amma kimisə istər israrla, istərsə də yöndəmsiz şəkildə cəzb etməyə çalışmaq cinayət deyil. Və kişilərin centlmencəsinə davranması şovinist addım sayıla bilməz. Qadın olaraq biz özümüzü bu feminizmin tərkibi saymırıq. Bu, təkcə gücdən sui-istifadəyə yox, kişilərə və seksuallığa qarşı nifrəti də təbliğ edir”.
Qərbin sırımağa çalışdığı politkorrektliyə sənət adamlarından artıq başqa səviyyədə etirazlar gəlir.
Lap yaxınlarda “Yeni Riqa teatr”ının bədii rəhbəri, Avropanın ən yüksək teatr mükafatlarına layiq görülmüş Alvis Hermanis söz azadlığını boğan politkorretkliyə etiraz olaraq, teatrında yeni qaydalar tətbiq edib. Bundan əvvəl isə o, “Facebook” səhifəsində belə bir status paylaşıb:
“Mənim şəxsi təcrübəm göstərir ki, Almaniyada artıq söz azadlığının qatarı gedib. Latviyada ola bilsin ki, bunu hələ qorumaq ümidi var, amma çətin ki, bunu etmək mümkün olsun. Sosial şəbəkələr və həmçinin, dövlətlər məğlub olub və eyni oyunu oynayırlar. Öz növbəsində Latviyada incəsənət sahəsində açıq danışmaq qorxusu hökm sürür. Yaranmış şərait və atmosfer eynilə sovet zamanında olduğu kimidir, bunu mən yaxşı xatırlayıram”.
Hermanisin tətbiq elədiyi qaydalar isə aşağıdakılardır:
- Bizim teatrda azad sözə məhdudiyyətsiz icazə var.
- Bizim teatr və politkorrektlik bir araya sığmır. Çünki teatrın əsas araşdırma obyektində insanı bütün tərəfləri, təzahürləri ilə öyrənmək dayanır. Əgər biz insan təbiətinin ancaq gözəl və nəcib tərəflərinə meydana çıxmasına şərait yaratsaq, onda heç vaxt insan sirləri, dərinliyi haqda bilməyəcəyik- işimizdə və həyatda isə bizi məhz bu maraqlandırır. Qalan hər şey sadəcə, maraqsız, cansıxıcı və həqiqət deyil. Əgər teatra politkorrektlik təşrif buyuracaqsa, onu bağlayıb evlərimizə gedək.
- Bizim teatrda hər şey haqda məhdudiyyətsiz zarafata icazə var. Təhqiramiz lətifələri qadağa qoymadan danışmaq olar. Əgər kimsə teatrda işləyirsə və ya teatra tamaşaçı kimi gəlirsə o, özü kiminsə ona sözlə sataşdığı və ya hisslərini təhqir elədiyi situasiyanı idarə etməyi öyrənməlidir. Çünki bu, yalnız onun şəxsi qavrama problemidir və əksi ola bilməz. Sənin kimi olmayan adamlar arasında yaşamaq həyatın bir parçası və normasıdır. Əgər kimsə vəziyyətin öhdəsindən gəlmirsə və ya həddən arıq incəqəlblidirsə — ona teatrdan uzaq qalmağı məsləhət görürük.
- Bizim teatrda eşqbazlığa - aktyorlarla olduğu kimi tamaşaçılarla da eşq macərasına bütün kombinasiyalarda icazə var.
- Bizim teatrda ən müxtəlif siyasi baxışlara malik insanlara işləmək icazəsi verilir. Çünki biz nə qədər bir birimizdən fərqlənsək, bu, bir o qədər maraqlı və yaxşıdır.
- Bizim teatrda siyasi əqidəsini nəinki gizləməmək, yaxud ondan utanmamaq, həm də bu haqda danışmağa qorxmamaq və açıq mübahisəyə icazə verilir.
- Bizim teatrda hər kəsə öz baxışlarının ən doğru olduğuna inanmasına izn verilir.
Bu qaydalara “Teatr na Maloy Bronnoy”un bədii rəhbəri Kosntantin Boqomolov da qoşulub.
Və yazımı britaniyalı yazıçı, musiqiçi Ceyms Yanqın vacib sözləri ilə bitirirəm.
“Qərbin sol liberal intellektualları son yarım əsrdə, bəlkə daha çox, Qərb mədəniyyətinin əsasını müntəzəm surətdə parçaladı...
Mən sol demokratam, amma fərqliliyi, ziddiyyətləri və polemikanı dəyərləndirirəm. Xoşuma gəlir ki, mənim vərdiş etdiyim və mötəbər saydığım ideyalar çək-çevirə salınır. Bilmək istəyirəm ki, ideyalarım haqda ağıllı konservator nə düşünür, onların haqlı olub-olmamasına özüm qərar vermək istəyirəm. Məhz bunu tələbələrə və istənilən düşünən adama təklif etmək lazımdır”.