Xəstə atasına görə sevgilisini atan azərbaycanlı qız

Xəstə atasına görə sevgilisini atan azərbaycanlı qız
1 aprel 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Hüseyn Mehdiyevin 1996-cı ildə çəkdiyi “Özgə vaxt” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) skripkaçıdır. Gənc qızın atası (Ələddin Abbasov) damdan yıxılaraq şikəst olur. Atanı əməliyyat edən həkim (Həsən Məmmədov) onun sağalmayacağını deyir və ona qulluq etməyin çətin olacağını, buna görə də əlillər evinə qoymağı məsləhət görür. Amma Leyla həkimi dinləmir. O, atasını əlillər evinə qoymağı mənəvi cəhətdən düzgün saymır.

Leylanın nişanlısı Orxan (Elşən Rüstəmov) işi ilə bağlı başqa şəhərə ezam olunur. O, Leylaya seçim təklif eləyir, ya atasını əlillər evinə qoysun, onunla evlənsin, ya da onlar ayrılmalıdır. Leyla razılaşmır, atasına görə nişanlısından da ayrılır.

Ata əlil arabasında bütün günü göyərçinlərlə vaxt keçirir. Vəziyyəti pisləşən ata göyərçinlərə qarşı amansızlaşır. Onları ac saxlayır, göyərçinlər dən istəyəndə ovcunu yumur və bundan həzz alır. Leyla atasına irad tutanda kişi daha da azğınlaşır, üstəlik, ona qulluq eləyən tibb bacılarına kobudluq eləyir. Leyla məcbur olub işdən də çıxır, atasının yanından ayrılmır. Getdikcə o, dəyişir, həm fiziki, həm psixoloji, həm mənəvi. O, artıq özünün yox, atasının vaxtı ilə yaşamağa başlayır...

Dünya incəsənətində, ədəbiyyatında valideyn-övlad qarşıdurması daha çox ata-oğul müstəvisində araşdırılıb. Az filmlər var ki, ana-qız, ata-qız, ana-oğul münasibətlərinə fokuslansın. Yadıma düşən belə filmlərdən biri, son illərdə çəkilən italyan rejissoru Aliçe Rorvaxerin “Möcüzə” filmidir. Despot ata qızlarını həyat ritminə, ideyalarına tabe etdirməyə çalışır.

H.Mehdiyevin filmini ilk baxışda ata-qız qarşıdurması kimi oxumaq olar. Amma yalnız ilk baxışda. Çünki filmin əsas qayəsi valideyn-övlad dünyagörüşlərindəki ziddiyyətlər yox, Leylanın özünün özü ilə konflikti, mübarizəsidir. Leyla bəzən tərəddüd eləyir, seçim qarşısında qalır, atasını əllilər evinə verib öz həyatını yaşasın bəlkə? Amma son anda imtina edir, mənəvi prinsipləri atasını tək qoymağa mane olur. Atasının sağalmayacağını bilsə də, övladlıq borcunu sonadək yerinə yetirir.

Müəllif mühüm problem qaldırır. Mənəvi prinsiplərini əsas tutaraq atasının taleyi ilə yaşamağı seçən qız şəxsiyyət böhranı yaşayır. Özgələşir, həqiqi kimliyindən uzaqlaşır, vaxtından əvvəl qocalır, musiqini unudur, assosiallaşır, aktiv fəaliyyətdən qopur, özünə qapanır. Yəni bu fədakarlıq, qurbanvermə onu da atası kimi şikəst edir.

Rejissor suallar qoyur: Belə bir seçim doğrudurmu? İnsanın təbiiliyinə qarşı gedən, harmoniyasını pozan qurbanvermə özlüyündə mənəvidirmi? Bu da fərdin özünəxəyanətinin, intiharının başqa bir forması deyilmi?

Ara-sıra Leyla ilə rastlaşan qonşu kişi (Rafiq Əliyev) onu şəhvətlə süzür. Leyla onun baxışlarının təsiri altında bir anlıq qadın olduğunu xatırlayır. Saçlarını açır, güzgüdə özünə nəzər yetirir. Artıq mənəvi gücü qalmayan, özünü itirən qız qonşu kişinin ehtirasına təslim olur. Və bu təslimetmə ilə o özünəxəyanətin son akkordunu vurur.

Film maraqlı epizolda başlayır. İlk kadrlarda yuxuda olan ağ paltarlı xoşbəxt qız görünür, ardınca da üzü təhrif olunmuş, şikəst ata. Həmin epizod gözəl qızla onu əsir alan, qurbanına çevirən divin əhvalatı ilə assosiasiya olunur.

Hələ sağlam ikən ata ilə qızın münasibəti sevgi, qarşılıqlı anlaşma üzərində qurulur. Atanın despotizmi o, əlil olandan sonra üzə çıxır. Xəstəlik, zəiflik onu mərhəmətli adamdan qəddara çevirir. Onun despotizmi göyərçinləri ac saxlamaqla, bundan həzz alması ilə üzə çıxır. Əzab verdiyi ac göyərçinlər onun həyatı ilə yaşayaraq özgələşən qızına metafordur.

Müəllif despot təbiətini də araşdırır, yəni gücsüzlük, zəiflik, tərkedilmək qorxusu kimdəsə yaxşı hissləri öldürə bilər. Sonda ac göyərçinlər ataya üsyan edərək onu öldürür.

Atasının ölümündən sonra dayanmış saat işləyir, evə gün işığı düşür. Uzun müddətdir ki, musiqidən ayrı düşən Leyla skripkada ifa edir.

“Özgə vaxt” janr etibarilə psixoloji dramdır, kamera filmdir. Əhvalatın çox hissəsi qapalı məkanda, daha çox iki personajın - atayla qızın üzərində qurulub. Bu, həm də bir nuar filmidir. Yəni pessimist ovqatı, daimi gərginlik, zamansızlıq var, tez-tez yağış yağır, hava tutqundur, otaqlar daim alaqaranlıqdır və qəhrəmanların hərəkətsizliyi interyerin cansıxıcı atmosferi ilə uzlaşır.

H.Mehdiyev 1997-ci ildə Madriddə I Beynəlxalq kinofestivalında “ən yaxşı rejissor işi”nə görə "Qızıl Sevilya" mükafatına layiq görülüb. A.Mirqasımova isə “ən yaxşı gənc aktrisa” nominasiyasında "Gümüş Sevilya" mükafatı alıb. Müəllif kinosunun maraqlı filmlərindən olan “Özgə vaxt”ın ssenari müəllifləri Ramiz Rövşən, Hüseyn Mehdiyev, operatorları Amin Novruzov, Nadir Mehdiyevdir.

Film “Azərbaycanfilm” istehsal olunub.

# 1769 dəfə oxunub

Müəllifin son yazıları

# # #