Qayınata ilə kürəkəni homoseksual edən Azərbaycan filmi

Qayınata ilə kürəkəni homoseksual edən Azərbaycan filmi
22 aprel 2015
# 08:00

Ötən həftə kinoteatrlarda nümayişinə başlanılan Həsən Əliyevin “Toy 2” komediyası haqda yazmaq çətin oldu.

Çünki film maraqsızdır və yaddaqalan deyil. Amma yenə də cəhd edim.

Bu, həmin filmdir ki, rejissor homoseksualları tənqid etdiyini demişdi və seksual azlıqlar da etiraz bəyanatı yaymışdılar.

Eyni evdə yaşayan qayınata və kürəkəni kənd əhalisi anlaşılmazlıq ucbatından homoseksual kimi qəbul edir. Əhvalat da bu anlaşılmazlığın ətrafında cərəyan edir.

Əslində qəhrəmanların düşdüyü vəziyyət, üstəlik, bunun mühafizəkar kənddə baş verməsi film üçün ələgələn material ola bilərdi.

Fəqət rejissor materialla işləyə bilməyib, əhvalatı çatdırmaq üçün uyğun kino dili, üslub təklif etməyib, fikirlərini əsaslandırmayıb.

Filmdə diqqətə layiq yeganə şey real kəndlilərin portretləri idi. Təəssüf ki, real portretlər süjetdən kənar vəziyyətdə, sadəcə, portret olaraq qalır, əhvalatın bir hissəsinə, tempinə uyğunlaşmır. Situasiyalar daha çox dialoqlar, üstəlik, yumoru olmayan dialoqlar vasitəsilə verilir. Əhvalatın təsvir həlləri demək olar ki, yox dərəcəsindədir, varsa da komik effekt doğurmur.

Homoseksualların tənqid olunduğu iddia edilsə də, tənqid əsaslandırılmır, onlara yalnız ümumi tənə var: bu, pisdir, əxlaqsızlıqdır, mentallığa ziddir və s.

Əgər filmdə hədəfə alınan problemin mahiyyəti, incələnməsi üçün ifadə vasitələri, onun bədii əsaslandırılması yoxdursa, onda, ortaya çıxarılan məhsul quru publisistikadan fərqlənməyəcək. “Toy 2” flmində olduğu kimi.

Əhvalatın hansı illəri əhatə eləməsi də anlaşılmaz qaldı. Əgər Sovet dövrünü əhatə edirsə, klubda Leninin portreti asılıbsa, kiril əlifbası ilə yazılmış mətn varsa, onda personajın cibindən milli valyuta çıxarması nədir, təsadüfi, səhv yoxsa anaxronizm? ( tarixi dövrün xronoloji uyğunsuzluğu -S.S).

Əgər anaxronizmdirsə, o zaman bu, özünü yalnız təsadüfi xarakter daşıyan xırda detallarda göstərməməliydi, əhvalat boyu mübaliğəli şəkildə keçməliydi.

Filmin əvvəlində anlaşılmazlıqdan dolayı qayınata və kürəkənin homoseksual olduğu qəbul edilir, bu sözün mahiyyətini, nə baş verdiyini doğru dürüst anlamadan həmin gecə kürəkən qadın paltarı geyinib parik taxır, qısa parikdə yatıb uzun pariklə oyanır, üstəlik qayınata da qadın paltarında...

Təsvir olunan vəziyyət və ümumən film absurd elementləri ilə, fars janrının tələblərinə uyğun çəkilsəydi, müəllifi anlamaq olardı. Yaddan çıxarmayaq ki, absurdda da, farsda da ən azı vurğunun, intonasiyanın əsası olmalıdır.

Homoseksualizmi pis göstərmək üçün şit, əsassız mətnlər, qeyri-kinematoqrafik təsvirlər işə yaramır.

Bundan başqa, filmdə Almaniyadan gələn qonaq kənd camaatına Avropa dəyərlərindən, həmçinin homoseksualizmdən danışır. Axı, qərb dəyərləri homoseksualizmdən ibarət deyil. Məgər, saraylarda oğlanbazlıq edən şahlar, əyanlar olmayıb?

Heç olmasa, “Molla Nəsrəddin” jurnalını açıb karikaturalara diqqətlə baxsaydınız.

“Toy 2” filmi homoseksualizm üzərində yox, mədəniyyətlərin toqquşması üzərində qurulsaydı, eynicinslilik də süjetin bir xətti olsaydı, yəqin uğurlu məhsula təminat vermək olardı.

Mədəniyyətlərin toqquşması demişkən, Mirmehdi Ağaoğlunun bu haqda “Alman malı” adlı dəyərli bir hekayəsi var. Barı, arada bir müasir ədəbiyyatımızla maraqlanın ki, ssenariləriniz urvatlı olsun.

# 3071 dəfə oxunub

Müəllifin son yazıları

# # #