Onu “Qəzəbli gənclər” xilas elədi

Onu “Qəzəbli gənclər” xilas elədi
28 oktyabr 2013
# 12:25

Uşaq olanda “Retro”da ara-sıra verilən bir film yaddaşımda xüsusi iz qoymuşdu. Ağ qara filmdən yadımda qalan ancaq bu idi: divarda hörümçək peyda olan kimi gənc xəstə qadın ölür. Bu kadra görə film yaddaşımda mistik, sirli qalmışdı.

Yaxınlarda təsadüfən həmin filmi tapdım.

Böyük Britaniyanın “Qəzəbli gənclər” (“Angry young men” – “Qəzəbli gənc adamlar”) cərəyanına daxil olan ekran əsərlərini izləyəndə.

Söhbət Karel Reiszin “Bu idman həyatı” dramından gedir.

Cərəyanın yaranma səbəbləri və şəraiti, qaldırdığı problemlər, ailəyə yanaşma, ictimai fikirdəki klişelər müasir cəmiyyətimizə o qədər adekvatdır ki, bu haqda yazmaya bilməzdim.

“Qəzəbli gənclər”ın sadə, naturalist sosial dramları hansısa ilahi mövzulardan, tarixdən uğursuz ekran əsərləri çəkən rejissorlarımız üçün təcrübədir.

...1950-ci illərin ortalarında Böyük Britaniya kinosu böhran yaşayırdı. Əvvəla insanların marağını televiziya işğal eləmişdi. Həm teatr daha populyar idi, həm də bazarı Hollivud filmləri tutmuşdu.

Çəkilən filmlər əsasən mühafizəkar, didaktik, süst idi.

Bir neçə gənc tənqidçi az tirajlı sol yönümlü «Sequence» jurnalında kinoya yeni metodların, formaların, temaların, estetikaların gətirilməsinin vacibliyindən yazır və qəlibləri dağıdan filmlər çəkirdilər.

“Azad kino” tərəfdarları ingilis kinosunun etinasız yanaşdığı sadə insanları qəhrəmana çevirir, əl kamerası ilə küçələrə çıxırdılar.

Onlar Amerika modelini yamsılayan, yalnız kommersiya uğurunu düşünən studiyaları tənqid edirdilər. Jurnalın müəlliflərdən biri Penelopa Hyuston yazırdı: “Bizim kino dünyasının başında müsahiblər dayanır”.

Jurnalın müəllifləri, rejissorlar Lindsey Anderson, Karel Reisz, Toni Riçardson sübut etməyə çalışırdılar ki, kino əyləncə yox, ciddi sənət növüdür.

Hətta o zaman Fransa “Yeni dalğa”sının önəmli rejissorlarından biri Fransua Trüffo deyirdi: “Məgər kino və Britaniya anlayışlarında hansısa uyğunsuzluq yoxdurmu?”

Kütləvi informasiya vasitələrini, tamaşaçıların diqqətini çəkmək üçün onlar manifest yaydılar: “Biz bu filmləri birlikdə çəkməmişik, həmçinin onları göstərmək fikrimiz də yox idi. Amma hiss elədik ki, onlarda ümumi mövqe ifadə olunub. Bu mövqe azadlığa inamı, insanın əhəmiyyətini, vacibliyini nəzərdə tutur. Təsvir danışır. Səs gücləndirir və şərh edir. Kamillik məqsəd deyil. Münasibət üslubu müəyyənləşdirir. Üslub münasibəti ifadə edir”.

Manifest təsirsiz ötüşmədi. Bütün aparıcı qəzetlər, jurnallar “Azad kino”nun nümayəndələrindən yazdı və filmlərin baxışı anşlaqla keçdi.

Bu dövrdə kinoda başqa bir tendensiya da inkişaf eləməyə başladı: “Qəzəbli gənclər”.

“Qəzəbli gənclər” terminini ilk dəfə Con Obsorn “Qəzəbli olduqda arxaya bax” pyesinə yazılmış resenziyada istifadə edib.

İkinci Dünya müharibəsindən sonra müsbət dəyişikliklərin baş verməməsi, iqtisadi çətinliklər, ümidsizlik, monotonluq səbəbindən “Qəzəbli gənclər”in filmlərində əsəbilik, narahatlıq, nifrət, sarkazm hakim idi.

Bu filmlər hər şeydən əvvəl sosial motivi önə çəkir, köhnəlmiş dəyərləri, burjua həyat tərzini ittiham edən emosional gücü ilə seçilirdi.

Qiyamçı, kompromisə getməyən, idealları, dəyərləri olmayan, protest edən antiqəhrəmanlar, sənaye şəhərlərinin monoton, cansız təsvirləri, nisbətən açıq –saçıq səhnələr, kobud leksikon “Qəzəbli gənclər”in kino dilinin əsas ifadə vasitələri idi.

“Bal dadı”ı (rejissor Toni Riçardson ) filmi tabu olan temalara toxunur, əsərin qəhrəmanı-yaraşıqlı olmayan qız qaradərilidən hamilə qalır, daha sonra homoseksual dostu ilə yaşayır.

“Yuxarıya yol” (Cek Kleyton) melodramında Co varlı qızla evlənib sosial pillələri qalxmağa iddialı olacaq qədər sinikdir.

“Qəzəbli olduqda arxaya bax” sosial dramında ali təhsilli Cimmi satıcı işləməyə məcburdur, snobizmi hədəfə alan sərt, aqressiv monoloqları var.

“Bu idman həyatı”nın qəhrəmanı, şöhrətin zirvəsinə çatan Frenk varlı təbəqəyə qarşı üsyankardır, daim bilərəkdən yüksək dairələrdəki normaları pozur.

Bu sadə sosial dramlarda diqqətimi daha çox cəlb edən insanların məişətinin, gündəlik həyatının detallarına qədər təsvir olunması idi. Təsadüfi deyil ki, sadə britaniyalının daxili problemlərinə, məişətinə dərindən işıq salan bu əsərlərə “mətbəx dramı” və ya “mətbəx realizmi” (kitchen sink drama, kitchen sink realism) termini də aid idi.

«Kitchen sink» terminini ilk dəfə 1954-cü ildə sənət tənqidçisi Devid Silvester rəssam Con Bretbinin əsərləri haqda yazdığı məqaləsində istifadə edib. O əsərlərində mətbəx interyerləri, gündəlik həyatın predmetlərinə müraciət edirdi.

Amma tezliklə bu cərəyan, ümumən isə Britaniya “yeni dalğası” tükəndi. Həm onun metodlarından böyük studiyalar istifadə etməyə başladı, həm də tamaşaçı əsəbi sosial filmlərdən usandı. Yenidən əyləncəli filmlərə tələbat artdı.

Hər şeyə rəğmən bu cərəyanın bazisində müasir Britaniya sosial kinosunun Ken Loach, Stiv Frirz, Mayk Li kimi güclü müəllifləri yetişdi.

# 2513 dəfə oxunub

Müəllifin son yazıları

# # #