Toy gecəsi özünü güllələyən bakirə gəlin  

Toy gecəsi özünü güllələyən bakirə gəlin   
19 dekabr 2019
# 08:59

Kulis.az “Yeni filmlərimiz” layihəsində “İkinci güllə” qısametrajlı bədii filmini təqdim edir.

Süjet: Film bir kənddə xalqımızın vacib, müqəddəs adəti saylan toy səhnəsi ilə başlayır. Toy başa çatır və bəy (Elmin Bədəlov) öz kişilik vəzifəsini yerinə yetirmək üçün gəlinin yanına tələsir. Bəyin dostu (Manaf Dadaşov), gəlinin yengəsi (Nəsibə Eldarova) səbirsizliklə bəyi gözləyirlər. Bəy onlara gəlinin bakirə olub-olmadığı haqda məlumat verməlidir. Ancaq gəlinin bakirə çıxıb-çıxmaması xəbərini gözləyən təkcə onlar yox, bütün kənddir.

Adətə görə kəndi toy gecəsinin nəticəsindən xəbərdar etmək üçün güllə açılmalıdır. Bir güllə gəlinin bakirə olmadığına, iki güllə isə bakirəliyinə işarədir.

Gəlin bakirə çıxsa da, dostunun tüfəngindən bir güllə açılır. Patron zay çıxdığından ikinci güllə açılmır. Təşvişə düşən dostu ikinci gülləni tapmaq üçün kənddə qapı-qapı gəzir. Lakin heç kəsdə patron tapılmır. Bütün kənd ikinci gülləni gözləyir.

Gallery

Bəyin dostları isə patronun zay olmasına inanmırlar. Qızın atası (Vidadi Həsənov) rüsvayçılığa son qoymaq, onu cəzalandırmaq üçün balta ilə bəyin evinə gəlir. Bəy və dostu onu qızın bakirə olduğuna inandıra bilirlər. Ata ikinci güllənin açılması üçün onlara yarım saat vaxt verir.

Hər yerdən ümidi kəsilən dost kömək üçün kənddə seks xidməti göstərən qadına (Hüsniyyə Mürvətova) üz tutur. Əvvəlcə qadın onda patron olmadığını deyir. Dostu qadını dilə tutandan sonra bir neçə patron alır. Ancaq onlar evə qayıdıb tüfəngi tapmırlar. Bu zaman gəlinin olduğu otaqdan güllə səsi eşidilir. Gəlin intihar edir və ata rahat nəfəs alır…

“İkinci güllə” filminin rejissoru və ssenari müəllif Natiq Rəsuldur. Natiq Rəsulun bu ssenarisi 2013-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən “Yeni nəfəs - 1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olub. “Narimanfilm” kinostudiyasında istehsal olunan filmin premyerası 2017-ci ilin əvvəlində baş tutub.

Əhvalat bizim cəmiyyət üçün indiyədək aktuallığını saxlayan önəmli məsələyə - bəkarətə həsr olunub. İndi də, özəlliklə əyalətlərdə gəlinin bakirə çıxmaması faciəli nəticələrə yol açır. Rejissorun hadisəni baş vermə məkanı kimi məhz əyaləti seçməsi təsadüfi deyil. Çünki şəhərdə tədricən yengəlik institutu aktuallığını itirir, münasibətlərdə bəkarət faktoru önəmsənilmir. Bununla belə ümumilikdə, bakirəlik hələ də ailə institutunun vacib simvollarından biridir.

Gallery

Bakirəlik mövzusu milli kinomuzda ilk dəfədir ki, işlənir. Gənc rejissor bu mövzuya absurd elementləri qataraq onu tragikomediyaya çevirir.

Müəllif “bəkarət” anlayışını əxlaqi dəyər kontekstindən çıxararaq ona ironiya edir. Və bakirəliyi əxlaq ölçüsü sayan adamların özlərinin əxlaqının qüsurlu olduğunu göstərir, mənəviyyatsızlığını, riyakarlığını üzə çıxarır. Bəyin dostları gəlinin bakirə çıxmadığını zənn edərək, istehzayla artıq onunla necə intim əlaqəyə girmək planlarını qurur. Halbuki, bu səhnəyədək dostları bəyin sağılığına badə qaldırıb, ona guya səmimiyyətlə xoşbəxtlik arzulayırdılar.

Çünki tipik azərbaycanlı kişisinin təsəvvüründə bu doqma kök salıb ki, bakirəliyini nikahsız itirmiş qadın artıq öz yatağını istənilən biri ilə rahatlıqla paylaşa bilər. Çünki qadına münasibət fiziki dəyərlə bakirəlik pərdəsi ilə ölçülür. Rejissor milli mentallığımızda mövcud olan bir paradoksu da ortaya çıxarır: qadının öz intim həyatını nikahsız qurmasına normal yanaşmayanlar, onun özəl həyatına kütləvi müdaxilədə-bakirəliyini ictimai müzakirəyə çıxarmaqda özlərini haqlı bilir və bunu normallıq kimi qəbul edirlər.

Gallery

Misal üçün, toy gecəsi gəlinin yanına gedən bəyə dostları qeyri etik, intim atmacalar atırlar. Və ya bir kişi ilə qadının ilk gecəsindən kəndin xəbərdar olmasının vacibliyi, ataya zəng edərək qızının bakirə çıxıb-çıxmamasının soruşulması ədəb qaydalarının pozulması, tərbiyəsizlik kimi qəbul olunmur. Qızını qətlə yetirmək istəyən ata üçün də bakirəlik fiziki akt yox, mütləq mənəvi (yəqin ki, həm də milli) dəyərdir. İkinci güllənin açılması ləngidikcə paralel xətdə həyəcanlanan ata görünür. Onun həyəcanı qəzəbə çevrilir, gözləri qan çanağına dönür.

Təkcə qadınların yox, kişilərin özlərinin də mental basqıya məruz qalması gerçəkdir. Filmdə bu motiv də var. Bəyi dostu məcbur edir ki, o, nə olursa olsun ilk toy gecəsi öz kişiliyini sübut etməlidir.

Toy mağarasında “xoşbəxt olun” sözünün yazıldığı xalça və onun fonunda oturmuş bəyin məyusluğu gerçəkliyin absurdluğunu ifadə edir.

Gallery

Heç bir dost ikinci güllənin açılması üçün patron vermir. Sanki bütün kənd bir ailənin rəzil duruma düşəcəyini göstərən tamaşaya susayıb. Sonda məlum olur ki, kənddə gerçək mənəvi dəyəri olan elə fahişədir. Rejissor sətiraltı eyham vurur ki, kənddə əxlaqsızlığı ilə tanınan qadın da nə vaxtsa bu ənənənin qurbanı olub.

Film boyu, ənənənin qurbanı olan gəlinin göstərilməməsi səbəbsiz deyil. Çünki gəlin faktiki olaraq söz sahibi deyil, fərd, şəxsiyyət kimi bu cəmiyyətdə mövcud ola bilmir, onun fikirlərini önəmsəmirlər…

İkinci güllə açılanda ata rahat nəfəs alır və “Vağzalı” səslənir. Toylarımızın atributu olan “Vağzalı” bu hadisədə istehza kimi səslənir.

Qeyd edim ki, doğrudan da bəzi bölgələrdə toy gecəsi gəlinin bakirə olub-olmadığı tüfəngdən atılan atəşlə bildirilir.

“İkinci güllə” Natiq Rəsulun rejissor debütüdür. Fil LET'S CEE Film Festivalında, Busan International Short Film Festivalında nümayiş olunub.

Filmin prodüseri Nəriman Məmmədov, quruluşçu operatoru Kirill Gerradır.

# 23123 dəfə oxunub

Müəllifin son yazıları

# # #