Kulis.Az “Baxılası 50 film” layihəsində Pol Tomas Andersonun “Maqnoliya” filmini təqdim edir.
Amerikalı rejissor, 43 yaşlı Pol Tomas Andersonun kino təhsili yoxdur. Nyu-York universitetini yarımçıq qoyan Anderson kinonu yüzlərlə film izləyərək öyrənib.
Rejissorluq sənətinə yiyələnmək üçün kino məktəblərini önəmsəməyən rejissorun fikrincə, bu sənəti öyrənməkdən ötrü informasiya, ədəbiyyat oxumaq, film izləmək yetərlidir.
Mütəxəssislər Andersonu son 20 ilin ən istedadlı, parlaq müəlliflərindən biri sayır.
Hətta bəzən onu kinonun “vunderkindi” də adlandırılar.
Andersonun yaradıcılığına Orson Uellesin, Maks Ophülsun, Stenli Kubrikin, Robert Oltmenin, Martin Skorsezenin, Conatan Demminin təsiri olub.
Onun hekayətləri çoxqatlı, mürəkkəbdir, personajların sayı adətən çox olur. Filmlərinə dinamizm, xüsusi vizual stil, tabuları qırmaq, gözlənilməz həllər xasdır.
Bu gün Andersonun 1999-cu ildə ekranlaşdırdığı, Berlin kinofestivalında “Qızıl ayı” və müxtəlif mükafatlar alan “Maqnoliya” dramını təqdim edirik.
Məzmunu: Film müxtəlif hekayətlər toplusudur.
İstənilən sualı asanlıqla cavablandıran Stenli “Uşaqlar nə bilir” şousunun qəhrəmanıdır. Atası Stenlinin istedadından istifadə edərək şöhrətlənmək, varlanmaq istəyir. Valideyn sevgisinə ehtiyac duyan balaca oğlan sonda atasına üsyan edir.
Şoumen Cimmi xərçəng xəstəliyindən əziyyət çəkir. Nümunəvi ailə başçısı kimi tanınan Cimminin qızına qarşı seksual təcavüzə cəhd etdiyi ortaya çıxır.
Onun qızı Klaudiya kokainə qurşanıb və atasına nifrət edir.
1960- cı illərdə teleşoulardan birində vunderkind kimi tanınan və sevilən Donni indi uğursuz həyat yaşayır və heç kimə lazım deyil.
Linda həmişə varlı və qoca ərini aldadıb, ona xəyanət edib. Əri ölüm yatağında olanda vicdanı oyanır və onu sevdiyini anlayır. O, vəkilinə ərinin mirasına sahib olmaq istəmədiyini deyir.
Qoca Erl ölüm yatağında tövbə edir. O, vaxtilə ölümlə çarpışan arvadını və oğlunu tərk etdiyi üçün peşmandır.
Onun oğlu, seks-quru olan Frenk kişilərə qadınları tovlama dərsləri keçir.
“Maqnoliya” müxtəlif insan talelərinin parçalarından ibarət, əla montaj həlli ilə bütövləşən çoxqatlı filmdir.
Bəzi personajların həyatı kəsişir, bəziləri isə sadəcə assosiativ xarakter daşıyır.
Fərdlərin gizlinlərindən danışan bu kiçik hekayətlərin hər birinin ayrı-ayrılıqda geniş konteksti var.
Atalar və övladlar, övladların onları bağışlama gücü, ər-arvad münasibəti, insanın toplumda öz yerini tapa bilməməsi, sevgisizlik, katarsis anı, səhvlər, ümidsizlik, əsəb partlayışı, peşmançılıq, qəfildən gələn sevinc, tövbə... Anderson üç saatlıq filmində dünyanın təsvirini cızır.
Tamaşaçıya-sanki hansısa gözəgörünməz, fövqəladə qüvvənin oyununa bənzəyən hekayətlərin dönüş nöqtəsi göstərilir.
Və bu dönüş nöqtəsi Apokalipsis anınını xatırladır. Məhz bu anda insanların vicdanı oyanır. Rejissor kulüminasiyanın unikal həllini taparaq onu realist hisslər aşılayan “qurbağa yağışı” ilə verib.
“Qurbağa yağışı” metaforu Bibliya mətnlərinə istinad edir. Musa peyğəmbər Tanrının adından Misir fironundan yəhudi xalqını azad etməyəcəyi təqdirdə cəzalandırılacağını deyir. Hər dəfə fironun imtinasından sonra on fəlakət baş verir ki, bunlardan biri də “qurbağa yağışı”dır.
Filmdə ən yadda qalan, nüfuzedici oyunlardan biri Tom Kruzun Frenk obrazıdır.
Bu kiçik rolu ilə aktyor sözün gerçək anlamında öz gücünün, istedadının sərhədlərini keçir.
Xüsusən də, filmin bir yerində özünün soyuq, sinik baxışları ilə ört-basdır etdiyi ağrını ustalıqla ifa edir.
Anderson bizə konkret final təklif eləmir. O, təhkiyədə ustaca iti tempdən ləng tempə (və ya əksinə) keçir, orijinal kamera hərəkətlərindən, eyni zamanda reportaj, animasiya manerasından istifadə edir.
Maraqlı faktlar
“Maqnoliya” Lars von Trierin son illərdə bəyəndiyi filmlərdən biridir: “Mənim həm də bu filmdə Andersonun aktyorlardan aldığı nəticə xoşuma gəldi”
Süjetin əsasında Ronald Opusun intiharı haqda mistifikasiya dayanır. Opus əhvalatını 1987-ci ildə kriminalist Don Mills uydurub.
Əhvalatın məğzi belədir: Maliyyə problemləri olan Ronald yaşadığı binanın damından atılaraq intihar edir. Bu vaxt anası ilə mübahisə edən atası tüfəngdən atəş açır və güllə anaya yox, açıq pəncərədən aşağı yuvarlanan oğluna dəyərək onu öldürür. Amma Ronald binanın 7-ci mərtəbəsinə kimi qaldırılmış geniş tor qurğuya düşərək sağ qala bilərdi.
İstintaq müəyyənləşdirir ki, arvadını dəqiq nişan almayan ər səhvən pəncərəyə vurur və bu zaman güllə intihar edən oğluna dəyir. Daha sonra məlum olur ki, ər hər dəfə mübahisə zamanı arvadını hədələsə də, onu öldürmək niyyətində olmayıb. Və tüfəng heç vaxt dolu, işlək vəziyyətə gətirilməyib.
İstintaq zamanı müəyyənləşir ki, Ronald tüfəngi bilərəkdən doldurub ki, atası anasını öldürüb həbsə düşsün. Sonucda istintaq Ronaldın ölümünü intihar kimi qəbul edir.
Mills bu əhvalatı, istintaq zamanı nə qədər fərqli nəticələrin ortaya çıxa biləcəyini göstərmək üçün düşünüb.
Filmin proloqunda da rejissor bu və buna bənzər bir neçə əhvalat danışır.
Baş verənlər təsadüfdürmü, yoxsa daxili qanunauyğunluq?
Yoxsa təsadüflər absurd həddinə çatanda qanunauyğunluq qənaəti yaranır?
Ssenaridən təsirlənən Tom Kruz rolu az qonorarla oynamağa razılıq verib. Bu, aktyorun ən güclü obrazlarından biri sayılır.
Filmdə göstərilən hər otaqda maqnoliya təsviri var. Müxtəlif rəng çalarlarına malik maqnoliya insan təbiətinin tərəflərinə işarə edir.
Maqnloiya eyni zamanda filmdə personajların yaşadığı kvartalın adıdır.
Filmə burdan baxa bilərsiz.
Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.
Vim Vendersin “Berlin üzərində səma ” filmi.
Con Fordun "Dilican" filmi.
İnqmar Berqmanın "Persona" filmi.
Jan Renuarın “Oyun qaydaları” filmi.