Qarabağ müharibəsində itkin düşən atanın zəngi

Qarabağ müharibəsində itkin düşən atanın zəngi
28 noyabr 2019
# 09:00

Kulis.az ”Yeni filmlərimiz“ layihəsində Sevda Sultanovanın “Koramal” və “Soraq” filmlərini təqdim edir.

“Koramal” filminin süjeti: Əhvalatın mərkəzində iki kor dayanır. Onların hər ikisi yol kənarında dilənir. Birinci kora (İlqar Cahangirov) yoldan keçənlər, sürücülər etinasız yanaşır, hətta təhqiramiz münasibət göstərirlər. Digər kora (İdris Rüstəmov) isə ehtiramla yanaşır, nəzir verirlər. Əhvalatın gedişatında ikinci kor gözlərinə neft sürtür və onun gözləri açılır. Birinci kor isə bir sürücüylə (Kazım Abdullayev) anlaşmaya gedir, ona pul verərək ikinci koru maşınıyla vurmasını tapşırır.

Gallery

“Koramal” filminin rejissorları Xəyyam Abdullayev və Elməddin Əliyevdir. Film Mədəniyyət nazirliyinin 2009-cu ildə baş tutan “Bu meydan, bu ekran” layihəsi çərçivəsində çəkilib.

Ümumiyyətlə, “Koramal”ı pritça adlandırmaq daha doğru olardı. Filmin adı iki məna daşıyır. Yəni onu həm kor amal, həm də koramal kimi oxumaq mümkündür. Ki, hər iki ad əhvalatın mahiyyətinə uyğundur. Və filmin annotasiyasında yazıldığına görə, “Koramal sözünü iki hissəyə bölmək olar: kor və amal. Bu birləşmədən koramal sözü əmələ gəlir ki, bu da sürünən heyvandır. Heç bir yerə getməyən, sonu olmayan ideyasını ifadə edir”.

Təsadüfi deyil ki, İlqar Cahangirovun oynadığı kor obrazı vaxtaşırı, yerdə sürünən heyvan formasında göstərilir. Birinci kor şəri, nəfsi, paxıllığı təmsil eləyir. Və zahiri görünüşü mənəvi dəyərlərinə uyğun olaraq eybəcər, miskin və qorxuludur. O, daha çox dəhşət filmlərinə xas soyuq rənglər fonunda verilir.

Gallery

İdris Rüstəmovun ifa etdiyi koru isə müəlliflər günəşin fonunda, isti rənglərdə, müdrik və xeyirxah insan kimi təqdim edirlər. Onun obrazı dərin poetik mətnlərlə müşayət olunur. Rejissorlar ikinci koru poetik təsvir və mətnlərlə birinci kordan yuxarıda qoyur, onu tanrıya yaxınlaşdırırlar, sonda onun gözlərini açırlar. Hərçənd, sonucda o, şərin qurbanına çevrilir.

“Koramal” filmində neft əsas obrazlardan biri kimi çıxış edir və final səhnəsində neftə birinci korun yiyələnməsini günümüzün gerçəkliklərinə metafor kimi də qəbul etmək olar.

Xəyyam Abdullayev və Elməddin Əliyev eyni zamanda filmin ssenaristidirlər, operator isə Rövşən Quliyevdir. “Koramal” 2009-cu ildə Latviyanın paytaxtı Riqada keçirilən “2ANNAS” beynəlxalq film festivalında “Special Mention” mükafatına layiq görülüb. Serbiyanın 8-ci “Dokufest” film festivalında və Ukraynanın “Stupeni” beynəlxalq kino festivalında da mükafat qazanıb.

“Soraq” filminin süjeti: Əhvalat Bakıda baş verir. Gənc ailə başçısı (Rövşən Ağayev) atasını 25 ildir ki, Qarabağ müharibəsində itirib. Qohumlarından biri (Amid Qasımov) təklif edir ki, onun yoxluğunu qəbul eləsinlər və qəbir düzəltdirsinlər. O, isə atasından dəqiq xəbər olmadığından təklifi qəbil eləmir. Ailənin oğlu (Ülvi Hüseynzadə) bir gün şəhərdə taksofondan zəng edəndə babasının səsini eşidir. Uşaq babasının sağ olduğuna ümidlənir. Və valideynlərindən babasının yenidən axtarmağı təklif edir. Valideynlər isə onun fikrinə ciddi yanaşmırlar. Tez tez babası ilə telefonla əlaqə quran uşaq, zəng elədiyi nömrənin ünvanını tapır. Və həmin ünvana gedir...

“Soraq” filminin rejissoru Pərviz Həsənovdur və film yaxınlarda Bakı Beynəlxalq Qısa Filmlər Festivalının “ən yaxşı bədii film” nominasiyasında qalib olub.

Öncə deyim ki, “Soraq” film deyil. Onu daha çox film formatına salınmağa cəhd olunmuş düşüncə adlandırmaq doğrudur. Çünki əhvalatda dramaturgiyanın qanunları gözlənilmir. Əvvəla hekayənin motivi əsaslandırılmır. Yəni itkin düşmüş babanın qəbrinin düzəltdirmək zərurətini “Mənim uşağa yazığım gəlir. Bugün-sabah əsgər gedəcək” fikri ilə “əsaslandırmaqda” məntiq tapmaq çətindir. Belə bir cəfəng əsaslandırma əhvalatın hərəkətverici qüvvəsinə çevrilmir. Əgər əsas qəhrəmanı uşaqdırsa və uşaq itkin düşən babanın xiffətini çəkirsə ilk səhnələrdə buna xüsusi vurğu olmalıydı. Ancaq uşağın öz uşaqlıq qayğıları olduğu və bu itkinin onun üçün elə bir əhəmiyyət kəsb etmədiyi görünür. Daha sonra uşaq dostuna mobil telefonunda “zaryadka” bitdiyindən, taksofondan arayır, güman ki, nömrəni yanlış yığır və babasının səsini eşidir.

Anladığım qədərilə müəllif əhvalatı magik realizm kimi işləmək istəyib. Magik realizmdə bir qayda olaraq, qeyri-adi nəsnə adi həyat həqiqəti, normallıq kimi qəbul edilir. Filmdə isə uşağın babasına ilk reaksiyası normallıq kimi yox, autik təsir bağışlayır. Ülvi Hüseynzadə ümumən rolunu yaxşı ifa etsə də, detallarda öhdəsindən gəlməyib. Bu isə onun yox, rejissorun problemidir.

Gallery

Bundan başqa, magik realizmə xas - real dünya ilə xəyali dünyanın birləşməsindən törəyən atmosfer, anturaj yoxdur. O yerdə ki, atmosfer başlaya bilərdi (yəni finalda uşaq babasının yaşadığını güman etdiyi ünvana gedir, hətta müəmmanı, sirri ifadə edən qapı cırıltısı eşidilir) o yerdə film kəsilir. Müəllifin sonadək getməyə nəfəsi, potensialı çatmayıb və asan yola qaçaraq “daim diri qalacaq ümidlərə...” titrləri ilə kifayətlənir.

Başqa bir məqam. Ata səhər yeməyində televizorun pultunu Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə dəyişir. Dramaturgiya tələb edir ki, verilişə xüsusi vurğu olunursa, o zaman əhvalatla arasında bir bağlantı qrurulmalıydı. O bağlantı qurulmur, bu səhnə hadisədə qeyri funksional qalır. Üstəlik, uşağın valideynlərinə yenidən babasını axtarmaq təklifi də bu verilişlə bir əlaqə qurulmasını zəruri edirdi.

Daha pisi odur ki, filmdə konflikt, gözlənilməz döngələr yoxdur. Hansı janrda, texnikada, üslubda işlənməsindən asılı olmayaraq, dramaturgiyanın qaydaları gözlənilməlidir. Ssenari haqda məşhur kitabların müəllfi, amerikalı Sid Fild yazır: “İstənilən dram konfliktdir. Konfliktsiz fəaliyyət, fəaliyyətsiz qəhrəman, qəhrəmansız hekayə, hekayəsiz isə ssenari yoxdur”.

Bu səbəblərdən də “Soraq” mexanikidir, başqa cür desək, onun emosiyası, ruhu yoxdur.

# 4698 dəfə oxunub

Müəllifin son yazıları

# # #