Səkkiz sevən qadın

Səkkiz sevən qadın
8 mart 2014
# 09:00

“Baxılası 50 film” 8 marta təsadüf etdiyindən, bu gün layihədən kənar “8 qadın” filmini təqdim edəcəyəm.

Fransua Ozonun qadın təbiətini qara yumorla, sevgiylə incələyən bu ekran işi son illərin maraqlı ekran əsərlərindən biridir.

Əvvəla filmin müəllifi Fransua Ozon haqda qısa bilgi verim. 47 yaşlı Ozon yeni fransız kinosunun əhəmiyyətli simalarındandır. Müxtəlif janrlarda işləyən rejissor cinsi azlıq məsələsinə (qeyd edək ki, Ozon özü də homoseksualdır) toxunur, insan təbiətinin gizlinlərini araşdırır, ölümün dərkindən tutmuş ailə dəyərlərinin böhranına kimi ən müxtəlif problemləri ekrana gətirir (“Kriminal sevgililər”, “Qızmar daşda yağış damcısı”, “5x2”, “Bağışlamaq zamanı”, “Hovuz”, “Riki”) .

Onun filmləri dünya ədəbiyyatından və kinosundan pastişlərlə boldur.

Dünyada isə o, daha çox “8 qadın” (2002) filmi ilə tanındı.

Bu filmin özəlliklərindən biri Fransa kinosunun dünyaca məşhur aktrisalarının-Katrin Denövin, İzabel Yupperin, Fanni Ardantın, Emmanuel Bearın burda rol alması idi.

“8 qadın” bir neçə janrın - müziklin, detektivin, komediyanın qarışığıdır. Amma müzikli sevməyənlər buna “eh” deyib keçməsin. Çünki filmdəki musiqi nömrələri zövqlə hazırlanıb, hər biri personajının xarakterinə uyğun seçilib.

Film fransız yazıçısı Rober Tomanın “8 sevən qadın” pyesinin sərbəst yozumudur.

Süjet: 50-ci illər Fransası. Şəhərdən kənar yerləşən imarətdə yeni il ərəfəsində ailə bir yerə yığılır. Amma ev sahibinin qəfil ölümü hər şeyi alt-üst edir. Telefon xətti qırıldığından polisə zəng eləmək mümkün olmur. Maşın xarab olub, yolu isə qar bağlayıb. Əli heç yerə çatmayan, ev sahibinə yaxın olan 8 qadın (həyat yoldaşı, iki qızı, baldızı, bacısı, qaynanası və iki qulluqçu) müəmmalı qətl hadisəsində bir-birindən şübhələnir və təhqiqta başlayırlar...

Ozon əla, zövqlü kamera filmi çəkib. Bütün hadisə bir evdə baş versə də yorucu deyil, vəziyyət tez-tez dəyişir, dinamikliyini itirmir. Qadınlar bir-birini ittiham etdikcə onların illər boyu gizlətdikləri dəhşətli sirlərin də üstü açılır. Hadisələr axarını gözlənilmədən dəyişir və aydın olur ki, 8 qadının hamısı kişinin ölümündə günahkardır.

Müəllif əhvalatı eyni zamanda həm detektivə, həm də balaqana çevirir, maraqlı avantüraya əl atır. Məsələn, ən yaddaqalan səhnələrdən biri, Katrin Denövlə Fanni Ardantın personajlarının saçyolduya çıxmasıdır. Məsələ ondadır ki, bu iki cazibədar xanım həyatda da rəqib idilər. Hər ikisi vaxtilə rejissor Fransua Trüffonun sevgilisi olub. Ozonun sözlərinə görə, əgər Trüffo bu təhlükəli səhnəni görsə, qəbrində çevrilərdi.

Rejissor bu filmində də dünya kinosuna göndərişlər edib: “Gündüz gözəlçəsi”, “Gilda”, “Vertiqo”, “Sabrina”. Eyni zamanda filmdə rol alan aktrisaların əvvəlki obrazlarına da açıq işarələr var.

Məsələn, Pyeretta (Fanni Ardant) Ogyüstinaya (İzabel Yupper) deyir ki, o, “Kameliyalı qadın” romanındakı qəhrəmanı xatırladır. Yupper vaxtilə roman əsasında çəkilmiş filmdə oynayıb.

Luiza (Emmanuel Bear) ev sahibəsinə Romi Şnayderin (alman-fransız aktrisası) şəklini göstərərək onun keçmiş sahibəsi olduğunu deyir. R.Şnayder fransız rejissoru Klod Sotenin sevimli aktrisası olub. Onun ölümündən sonra rejissor Bearls işləyib.

Əhvalatın baş verdiyi məkandakı interyer, dekorasyialar o illərin burjua mühitini xatırladır.

Filmdə yalnız bir kişi obrazı var.

“8 qadın” Berlin kinofestivalında Gümüş Ayı mükafatına layiq görülüb.

Fransuo Ozonun fikirlərindən:

“Mən cavab vermək üçün yox, sual vermək üçün çəkirəm. Filmlərim yozumlara açıqdır”.

***

“Riki” filmində alınmayan ailədən danışmışam, o ailədən ki, qadın uşağı tək tərbiyə edir. Belə qadınlar Fransada çoxdur. Bu, böhrandan çox klassik ailə anlayışının transformasiyasıdır. Birinci növbədə bu, ailədə ata fiqurunun dəyişməsi ilə bağlıdır. Əsrlər boyu ailə ata fiqurunun ətrafında formalaşıb, indi isə onun rolu azalır”.

***

“Fransada qeyri-adi filmlərə pul tapmaq çətindir. Böhran vaxtı insanlar komediyaya baxmaq istəyirlər. Əsas odur ki, Fransada insanlar ciddi şəkildə kinematoqrafla maraqlanırlar. Məni kinoda Amerika yolunu təkrar etmək maraqlandırmır. Mənim üçün fransız kinosu çəkmək maraqlıdır. Lük Besson (fransız rejissoru və prodüseri) üçün kino sənayedir, mənim üçün isə incəsənət”.

***

“Hollivud mənə “Hovuz” filminin remeykini çəkməyi təklif elədi. Mən isə zaman itirmək istəmirəm. Fransda mənə lazım olan hər şey var. Həm də Amerikada kino rejissorlara yox, prodüserlərə məxsusdur. Fransada isə əksinə rejissor diqqət mərkəzindədir.

Rusca

http://tfilm.tv/5187-8-zhenschin.html


Türkcə

http://www.tekparthd.com/8-kadin-8-femmes-izle.html

# 3027 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #