Kulis.az Şərif Ağayarın "Ədəbiyyatın tarixdən ayrıldığı məqam” essesini təqdim edir.
Bu gün - 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Təqvimimiz onsuz da qara rənglərlə doludur, 31 Mart isə bu rəqəmlərin ümumiləşmiş obrazıdır.
Tarix unudulmamalıdır. Gələcəyi dürüst yaşamaq üçün keçmişi doğru bilməliyik. Bu aydın. Bəs başımıza gətirilən və gətirilməkdə olan tarixi faciələr ədəbiyyata necə yansımalıdır?
İlk baxışdan sualın cavabı asan görünə bilər; necə yəni necə yansımalıdır? Əlinə qələmi alırsan və yazırsan! Əslində, bir yana baxanda elə məsələ bu qədər sadədir. Amma həm də mürəkkəbdir.
Çağdaş dünyada tarixi romanlara münasibət fərqlidir. İndi realist tarixi romanlar yazılmır. Daha dəqiqini desək, dünyanın böyük yazıçıları tarixi romanları realistcəsinə, bir xalqın faciəsini anladaraq və burda başqa bir xalqı, toplumu günahkar çıxararaq yazmırlar.
Bu gün dünyada tarixə dəhşətli dərəcədə ironik münasibət var. Lakin məlumdur ki, biz öz tariximizə bu cür ironik yanaşa bilmərik və bu, heç lazım da deyil. Çünki dünyanın azı yüz il əvvəl aralandığı problemlərlə biz hələ də qol-boyunuq.
Bu gün yenə öldürülürük, qətlə yetirilirik, əsir alınırıq. Bir xalq, bir toplum olaraq qanımıza susayanlar, bizi yer üzündən silmək istəyənlər var.
Xocalı soyqırımına şahid olan körpələrin 30 yaşı tamam olmayıb.
Belə bir məqamda bu mövzular yazıçıdan xüsusi həssaslıq tələb edir.
Biz bu tip hadisələr haqda realistcə, vətənpərvərcə yazanda çağdaş ədəbi kriteriyalara, ironik, mücərrəd yazanda gördüyümüz reallığın ağırlığına uduzuruq. Bu mənada günün yazıçısı faciələri qələmə almaqda acizdir. Hətta çıxılmaz vəziyyətdədir. Məhz bu səbəbdən yüzlərlə, minlərlə əsər yazılsa da, dünya səviyyəli ciddi uğur əldə olunmayıb.
Mənə elə gəlir ki, belə vəziyyətlərdə predmet və hadisələr yazıçıdan fərdi yanaşma tələb edir. Yazıçı xalqa, vətənə yaltaqlanmadan öz içinin səsinə qulaq asmalı, ədəbi həqiqəti hər şeydən uca tutmalıdır.
Biz təkcə faciələri konu alan nəsr əsərlərinə deyil, ümumən tarixə dekonstruktiv yanaşa bilmirik. Çünki dağıtmağa, baş-ayaq etməyə konstruksiyanın özü yoxdur. Qısa desək, proses gecikib. Həm də on yox, yüz illərlə. Necə ki, tarixin özünü yaşamaqda gecikmişik. Bir fransız yüz ilə yaxındır ki, öz ərazisində müharibə və işğal görmür. Ona görə bu mövzularda soyuqqanlıdır. Ancaq bir suriyalı bu gün odun içindədir və onlar tarixin eyni dönəmlərində yaşamırlar.
Biz postmodern zamanda feodalizmə xas gerçəkliklərin əlində girinc qalmışıq. Fikir verin, dünyanın bu cür ölkələrindən çıxan yazıçıların bircə uğur qazanmaq şansı var: hansısa inkişaf etmiş ölkəyə gedirlər və oranın ədəbi prosesinə qoşulurlar.
Günün başqa bir reallığı da diqqət çəkməkdədir - əgər bir zamanlar ədəbiyyat daha çox xalqların, millətlərin, insanların dərd-ağrısının ifadəsi idisə, bu gün xüsusi və spesifik sənət sahəsidir, qurmaca və fentezi işidir.
Hər şey söz sənətini yaratmaq üçün vasitə, hətta nə qədər ağır səslənsə də bəhanədir.
Milli tarixi faciələrin günümüzdə öyrənilməsi və ondan nəticə çıxarılması üçün isə daha çox jurnalistika və müvafiq qeyri-hökumət təşkilatları məşğuldur.
Yadınızdadırsa, zaman-zaman bir çox elmlərin fəlsəfədən ayrıldığı məqam olub. Psixologiya, etika, estetika, pedaqogika və s. Bu günsə ədəbiyyat tarixdən ayrılır, onu bəlli realist boyalarla əks etdirməyi istisna edir.
Günün ədəbiyyatı tarixi şübhə altına salır, ona inanmır. Biz tarixin yanında olanda biz də ədəbi baxımdan şübhəli görünürük. Gördüyümüz, yaşadığımız faciələr isə bizi tarixdən uzaqlaşmağa qoymur.
Yuxarı bığ, aşağı saqqal misalı...