Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub
3 fevral 2026
# 14:25

Kulis.az yazıçı Nadir Yalçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Saleh Məmmədova açıq məktubunu təqdim edir.

Hörmətli Saleh müəllim, müraciətlərin nümayişkaranə şəkildə mətbuata açıq formada edildikdə bəzən qıcıq yaratdığı mənə məlumdur və bəzən bu üsul həllə gedən yola maneələr çıxarır. Elə hesab etməyin ki, bu açıq məktubun niyyəti rəhbərlik etdiyiniz qurumun nüfuzuna zərər gətirib kimisə zərbə altında qoymaqdır. Sadəcə haqqında söhbət açacağım problemdəki bəzi punktların AAYDA-nın rəhbərliyinin səlahiyyətləri çərçivəsində olmadığından ehtiyat edib məktubumun bir sıra ali qurumların diqqətinə çatmasını arzulayıram.

Ricətlərə yol vermədən, birbaşa mətləbə keçim: Sabirabad rayonunun on iki kəndinin yolu tamamilə sıradan çıxıb. Kürün sol qolunda yerləşən bu kəndləri birləşdirən “Kürqırağı” magistral yolu sonuncu dəfə Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrdə – 1976-cı ildə çəkilib, 1982-ci ildə isə qismən təmir olunub. O vaxtdan bəri həmin yol barədə heç bir tədbir görülməyib. “Yol həyatdır” prizması ilə yanaşsaq, Qaratoğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı, Ətcələr, Bulduq, Ulacalı, Mürsəlli, digər tərəfdən bərə vasitəsilə Ulacalı kəndinə birləşən Quruzma, Qaraqaşlı, Yeni kənd, Qəzli kəndlərində həyat dayanıb.

Yollarda hər addım başı çalalar, çökəklər var. Yolda asfalt deyilən şeyin heç bir əsintisi qalmayıb. Bir neçə dəfə yolun bəzi hissələri yamansa da, çox qısa zamanda sıradan çıxıb. Payız-qış aylarında isə vəziyyət daha da acınacaqlı olur. Yağış bəzən hərəkətin tam məhdudlaşmasına gətirib çıxarır.

Təcili-tibbi yardım maşını xəstənin sağlığında özünü yetirə bilmir. Qınamaq mümkün deyil. Yolların sıradan çıxdığı bu vəziyyətdə o sürücünün vaxtında yetişməsi mümkünsüzdür. Yanğınsöndürən maşın ünvana güclə özünü çatdırır. Məntiqlə fikirləşəndə o vəziyyətə düşmüş yolda harasa vaxtında çatmaq çox müşküldür. Rayon mərkəzinə, bazara, dərsə, qonaq evinə, xeyir-şərə tələsən əhali yola çıxmaq istəmir, yol yoxdur. Məhsulu satmağa aparan kəndli babanın sovetdənqalma maşınının hərəkət etməyə gücü çatmır. Məktəbə, hazırlığa yollanan şagirdlər mənzilbaşına çətinliklə özlərini yetirirlər.

Prezident İlham Əliyev 2011-ci ildə Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayırıb. Elə həmin il Dadaşbəyli–Çöl Ağaməmmədli–Xankeçən–Salmanlı avtomobil yolunun tikintisinə 15,1 milyon vəsait ayrılıb. Dövlət başçısı 2014-cü ildə Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmçinin 2015-ci ildə Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinə 1,5 milyon, 2017-ci ildə Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisinə 14,4 milyon, ötən il Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmirinə ilkin olaraq 2,1 milyon ayrılıb.

Bu Sərəncamların hər biri Sabirabadda yol infrsturktutunun yaxşılaşdırılması üçün nəzərdə tutulub. Sabirabad sakinləri də daim dövlətin bu və bunun kimi neçə-neçə alqışlanası diqqətindən yararlanıblar, minnətdarlıq hisslərini dilə gətiriblər.

Maraqlıdır, Qaratoğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı, Ətcələr, Bulduq, Ulacalı, Mürsəlli, digər tərəfdən bərə vasitəsilə Ulacalı kəndinə birləşən Quruzma, Qaraqaşlı, Yeni kənd, Qəzli kəndlərinin yolu Sərəncamlarda adı çəkilən magistral yollarının heç birinə daxil deyil?

Məsələnin mənəvi tərəfləri var. Bu 12 kənddən təkcə İkinci Qarabağ müharibəsində 7 nəfər qəhrəmancasına şəhid olub. Belə bir məktub hazırlayıb həmin şəhidlərin valideynlərinin imzası ilə müraciət etmək olardı. Amma bu məsələ ilə onların dərdini təzələmək yerinə düşməz.

O 7 şəhid hər şeydən əvvəl kəndləri, yolları uğrunda döyüşə yollanmışdılar. Onların vətəni bu kələ-kötür yollardan başlayırdı. Bu yollara qurban gedən oğlanların dəfninə, yas mərasiminə ölkənin dörd yanından insanlar axışan vaxt hər kəsin pıçıltısında yolların bərbad vəziyyəti dolaşırdı. O 7 şəhidin birinin ildönümündə kənd ağsaqqallarından biri dedi ki, indiyə qədər dözmüşük, bir az da dözərik, Qarabağda yol çəkilir, yəqin bizim də yolumuzu çəkərlər. Bunu başa düşüb dərk edən camaatı yolsuz qoymaq yaxşı deyil.

6 ay əvvəl atam vəfat edib, kənddə dəfn etmişik. Bakıda yaşayıram. Maşınım da yoxdur. Hər ürəyim istəyəndə gedə bilmirəm. Məzarını ziyarət etmək üçün rayon taksiləri dayanan yerə yollanıram. Hansı sürücüyə yaxınlaşıram, deyir “Kürqırağı” yola girə bilmərik. Bəziləri isə yol yararsızdır deyə, üç qat, dörd qat ödəniş tələb edir. Yaşayış şərtlərim isə bəzən buna imkan vermir.

Hörmətli Saleh müəllim! Məsələnin Milli Məclisdə müzakirəyə çıxarılıb həll olunmasına gümanım azdır. Sizdən yazıb xahiş edirəm ki, sözügedən problemi aidiyyəti üzrə gündəmə gətirib məsələnin həllinə kömək edəsiniz.

Xoş günlər arzulayıram!

# 1500 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər